Azərbaycan
xalçaları Bəhreyndə
Bəhreyn Krallığında, ərəb və
İslam incəsənəti ilə yanaşı, dünya
miqyaslı müasir sənət nümunələrinin də
nümayiş olunacağı yeni mədəni məkan “RAK Art
Collection”nun rəsmi açılış mərasimi olub. Gələcəkdə
müasir incəsənət muzeyi kimi fəaliyyət göstərəcək
bu məkan Şeyx Rəşid bin Xəlifə Al Xəlifənin
təşəbbüsü ilə yaradılıb.
Açılış mərasimində “Azərxalça”
ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət
xadimi Emin Məmmədov da iştirak edib.
Bildirilib ki, tədbir çərçivəsində
Emin Məmmədov Bəhreyn Krallığının vəliəhdi
və Baş naziri Salman bin Hamad Al Khalifa ilə
görüşərək Azərbaycan
xalçaçılıq sənətinin tarixi, istehsal prosesi
və müasir dövrdə inkişaf istiqamətləri barədə
ətraflı məlumat verib. O, Azərbaycan xalçaçılıq
sənətinə olan marağını xüsusi
vurğulayıb.
Sevindirici haldır ki, muzeyin daimi kolleksiyasına rəssam
Aydan Salahova ilə “Azərxalça” ASC-nin birgə əməkdaşlığı
nəticəsində ərsəyə gəlmiş “Qadın”
xalça triptixi də daxil edilib. Bu sənət əsəri
klassik Azərbaycan xalçaçılıq ənənələrinin
müasir bədii yanaşma ilə sintezini əks etdirir.
Açılış zamanı Emin Məmmədov
“Qadın” xalçası ilə yanaşı, Şeyx Rəşid
bin Xəlifəyə onun əsəri əsasında Azərbaycanda
toxunmuş xüsusi xalça nümunəsini də təqdim
edib.
Mərasimdə dünyanın müxtəlif ölkələrindən
tanınmış incəsənət xadimləri,
kolleksiyaçılar və kuratorlar iştirak ediblər.
Qonaqlar arasında Jeff Koons, Joachim Pissarro, Simon de Pury və digər
nüfuzlu sənət nümayəndələri yer alıb.
Yeni açılan “RAK Art Collection” Bəhreynin incəsənət
və mədəniyyət səhnəsini daha da zənginləşdirərək,
regional və beynəlxalq müasir sənət
üçün mühüm dialoq platformasına çevrilməyi
hədəfləyir. Azərbaycan xalçaçılıq sənətinin
bu cür nüfuzlu beynəlxalq məkanda daimi kolleksiyada təmsil
olunması milli mədəni irsimizin dünya miqyasında
tanıdılması baxımından mühüm nailiyyətdir.
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.16.