Təki yol gedən kəsin qəlbində
çıraq olsun!
Şair-publisist Umud Rəhimoğlunun 65 yaşına
Ötən əsr, yetmişinci illərin
qurtara-qurtarı, səksəninci illərin lap əvvəli
idi...
Füzuli rayonunun Böyük Bəhmənli kəndində
anadan olan, qara saçlarına təzə-təzə dən
düşməyə başlayan 25 yaşlı bir gənc o
zamanın "Sovet kəndi" adlanan qəzetin mədəniyyət
şöbəsində əyləşib redaksiyaların pərdə
arxası dili ilə desək, məktublar üzərində
işləyirdi. O, mən idim. Hava istiydi. Bayaqdan açıq
olan qapıda gur qara saçlarına dən düşməyən
18-19 yaşlarında bir gənc göründü və hədsiz
bir utancaqlıqla otağa girdi. Bu, indi saçında dərman
üçün bircə dənə qara tel olmayan Umud Mirzəyev
idi - Umud Rəhimoğlu. Tanışlığımızdan bəlli
oldu ki, o da Füzuli rayonundandı, Aşağı
Əbdürrəhmanlı kəndindən. Dedi ki, şeir
yazır. Üzərində işlədiyim məktubları
qırağa qoyub Umudun şeirlərini oxudum. Ona nə dedim, nə
demədim, şeirlərin bir oxucu kimi məndə
oyatdığı təəssürat necə idi, yadımda
qalmayıb. Yadımda qalan odur ki, bu qapıdan girən əksər
müəlliflərdən fərqli olaraq, o, şeirlərinin
qəzetdə dərc olunmasından yana bir kəlmə də
söyləmədi. Bu təmənnasızlıq xoşuma gəldi.
Deyəsən, elə belə də demişdi:
"İstədim bu cızma-qaralar haqqında fikrini bilim,
qardaş".
O qardaş, bu qardaş, otuz bir ildir ki, biz
qardaşıq. Və mən fəxr eləyirəm ki, Umud Rəhimoğlu
adında qardaşım var. Umud müəllimlə fəxr eləyən
təkcə mənəmmi? Onun ömür yolunun yarıdan da
çox hissəsi gözlərimin qarşısından
ötüb. Əslində bizim, yəni dostların
gözündən yayınan irəliki illər elə
hamımızınkı kimidi; filan ildə doğulub, filan kənd
orta məktəbini bitirib, ordu sıralarında xidmət eləyib,
fəhlə işləyib...
Əlbəttə, Umudun addımlarının bərkiməsində
tərbiyə aldığı halal ailə mühiti, yenə
də o zamanın dili ilə desək, nümunəvi
şagirdlik dövrü təsirsiz deyil. Onun dünyaya göz
açdığı evin bünövrəsi də, divarı
da, çardağı da zəhmətdir. Zəhmətkeşlik
Rəhim dayının içi Umud qarışıq
bütün övladlarına ata qanı, ana südüylə
keçib. Heç kəsin şübhəsi olmasın, mən
bunu tam qətiyyətlə deyirəm: ağlı, mərifəti,
ləyaqəti, vicdanı, nəhayət, xeyirxahlıq və mərhəməti
də zəhmət formalaşdırır. Mən Umud Rəhimoğlunun
mənsub olduğu nəsli bunun ən bariz nümunələrindən
biri hesab eləyirəm.
Sonra... Sonra təpədən dırnağa şairlər
yurdu olan bir məmləkətdə bədii sözün sehrinə
düşən Umud çoxlarının
arzuladığı, amma əli yetmədiyi bir şans
qazandı. O, Azərbaycan Yazıçılar
İttifaqının tövsiyəsi və
qatıldığı müsabiqənin nəticələrinə
görə 1982-87-ci illərdə Moskvada, M.Qorki adına
Ədəbiyyat İnstitutunda təhsil aldı.
Ustad şairlər, yazıçılar, ədəbiyyatşünaslar,
jurnalistlər çevrəsində, yaradıcı mühitdə,
kitablar arasında, yazı masası arxasında keçən
beş il Umudun peşəkar bir qələm sahibi və yetkin
ziyalı kimi yetişməyində müstəsna rol
oynadı. Umudun hər gün yeniləşən, necə deyərlər,
dinamik uğurlarında aldığı təhsil indi də hərəkətverici
qüvvə, intellektual mənbədir.
Sonra... Sonra o, təyinatla sevilən ustad şairimiz Nəriman
Həsənzadənin redaktorluğu ilə çıxan
"Ədəbiyyat və incəsənət" qəzetinə
göndərildi, orada elm, publisistika və məktublar
şöbəsinə rəhbərlik etdi.
Nəhayət... Nəhayət, 1992-ci ildə müstəqil
dövlətin Qeyri-hökumət təşkilatlarının
qaranquşlarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu
yaratdı. O vaxta qədər bu dünyaya gəlməyinin və
nə üçün yaşadığının məğzini
kövrək, isti, zərif və bəzən kədərli
misralarda deyən Umud Rəhimoğlu vətəndaş
mövqeyini ortaya qoydu. Məncə, insan
varlığının ən ali dəyəri, bəlkə
sözdən də irəli olan dəyəri vətəndaşlıqdır.
Umud Rəhimoğlu vətəndaş olmağı bacardı.
Şair ürəyi ilə, duyğusallığını
hifz edərək...
Aşağı-yuxarı, 40 il bundan öncə
"Sovet kəndi" qəzetində mədəniyyət
şöbəsinin taybatay açıq qapısından
utana-utana keçən Umud Rəhimoğlu 33 il ara vermədən
çoxlarının döyməyə ürək eləmədiyi
qapıları cəsarətlə açdı. Bu qapılar
beynəlxalq statuslu qapılardır. İki gün sonra,
fevralın 1-də xəbər-ətər eləmədən,
xarakterinə uyğun bir sakitliklə 65 yaşa yetişən,
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Umud Rəhimoğlu təvazökar
yubileyinə əliboş gəlməyib, əksinə, silsilə
uğurlarla gəlib. Cenevrə Konfransının (MDB üzrə)
konfliktlərin idarə olunması və
qarşısının alınması isçi qrupunun, habelə
"Marşal" Mərkəzinin Cənubi Qafqazda konfliktlərin
idarə olunması və aradan qaldırılması üzrə
tədqiqat qrupunun, bununla bərabər, Mətbuat
Şurası İdarə Heyətinin, Milli QHT Forumu İdarə
Heyətinin üzvü kimi gəlib.
Umud Rəhimoğlunun prezidenti olduğu Beynəlxalq
Avrasiya Mətbuat Fondu dünyanın ən nüfuzlu beynəlxalq
təşkilatları ilə - BMT, ABŞ Dövlət
Departamenti, Avropa Komissiyası, Amerikanın Tədqiqat Əməliyyat
Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq
Jurnalistlət Federesiyası, Sərhədsiz Reportyorlar,
Jurnalistləri Müdafiə Komitəsi, Dünya Mətbuat
Azadlığı Komitəsi, Beynəlxalq Azad Fikir mübadiləsi
İnstitutu və s. əməkdaşlıq edir, bu təşkilatlardan
bir çoxunun Qafqaz və Azərbaycan üzrə təmsilçisidir.
Ola bilsin ki, sadalananlar kiməsə təşkilat
adı kimi görünsün. Lakin bu əməkdaşlığın
qurulması təşkilatçı insandan davamlı fəaliyyət,
dözüm, qətiyyət, intellekt tələb edir.
Mən bir dəfə xırda bir yazıda onun Azərbaycan
amalı ilə ortaya qoyduğu aramsız cəfakeşliyə
işarə edərək söyləmişdim: "Onu
tanıdığım 40 il ərzində Umud Rəhimoğlu
öz yazılarını, ədəbi fəaliyyətini pərdə
arxasında saxlayır, vətəndaş mövqeyini önə
çəkərək öz xalqına məhz ikinci yolla xidmət
göstərmək istəyir. Xalqa xidmət müqəddəsdir,
istəyir sözlə, qələmlə olsun, istəyir
işlə, əməllə!
Umud Rəhimoğlu əməl adamıdır.
Şairlərin şeirdə vəsf elədiyi
yaxşılıqları, o, əməli ilə həyatda
insanlara bağışlayır. O, qurur, yaradır, əl
tutur, xalqın, dövlətin ali maraqlarının müdafiəsində
tərəddüdsüz, sabit dayanır. Umud şair olaraq
yaxşılıqlar haqqında yazmaqdansa,
yaxşılıqları yaratmaq yolunu tutub, vətəndaşlığı
önə çəkib. Əlbəttə, haqq eləyib,
çünki yeni mərhələdə xalqımızın
intellektual, istedadlı, qurub-yaratmağı bacaran xeyirxah
insanlara təbii sərvətlər qədər, bəlkə
bundan da artıq ehtiyac var".
Müəyyən yaşa dolan, təcrübəli
şəxsiyyət haqqında təməl fikirlərin
üst-üstə düşməsi təbiidir. Umud
haqqında yuxarıda oxuduqlarınız yalnız bir şəxsə
aid deyil əslində. Mən ondan yazarkən fövqəladə
bir gözlənilməzliklə bu dünyadan gedən və bu
dünyada yaşayan yaxın, dost insanların simaları
gözün önündə sıralanır. Sabir Əhmədov,
Cabir Novruz, Musa Yaqub, Fikrət Qoca, Aydın Səlimzadə,
Vidadi Məmmədov, Aydın Məmmədov, Vaqif İbrahim,
Saiq Vəli, Əlisəmid Kür... daha neçə-neçə
itirdiklərimiz...
Umudla bu gün də çörək və fikir
bölüşənlər: Nəriman Həsənzadə, Zakir Fəxri, Rəşad Məcid,
Cahangir Məmmədli, Azay Quliyev, Əflatun Amaşov, Azər
Həsrət, Qulu Ağsəs, bu sətirlərin müəllifi
- daha neçələri...
Bir zaman, səhv etmirəmsə, Umud bəyin 50
yaşının tamamında şair Rəşad Məcidin
redaktorluğu ilə "Xüsusi buraxılış"
hazırlamışdım. Orada ölkəmizin
tanınmış ziyalıları Rəhimoğlu barədə
fikirlərini bölüşmüşdülər. Məncə,
bəzilərini xatırlatmaq yerinə düşər.
Fikrət Qoca, Xalq şairi:
- Umudu mən həmişə sözünün sahibi
olan bir insan kimi tanıyıram. O, əxlaq sahibidir. Adamlar həm
savadlı olur, həm də əxlaqlı. Bunların ikisi də
bir yerdə olanda güclü olur. Bütün vəziyyətlərdə
Umud öz mövqeyini qoruyub, bu günə qədər əsən
küləklərin heç biri onu yolundan döndərməyib,
öz tərəfinə çəkə bilməyib. O,
bütün vəziyyətlərin içərisindən
özü olduğu kimi keçib. Bu, kişi sifətidir.
Hacı Sabir Həsənli, dinşünas alim:
- Umud Rəhimoğlu adında Rəhimliliyin, Rəhmanlığın,
insanlara köməkdarlığın əlamətləri
olduğu qədər, onun əməllərində də
xarakterik cizgilər öz əksini tapıb. Umud Rəhimoğlu
böyük ürək sahibi olaraq Azərbaycan jurnalistlərinin
ictimai müəllimi, təşkilatçı lideridir. O,
ictimai fikrimizə ləyaqət, fədakarlıq, məsuliyyət
gətirib. Haqlarımızın, insan hüquqlarının
dünya arenasında yorulmaz müdafiəçisi,
qaçqın-köçkün dərdinin yükünü
öz dərdi qədər daşıyan şəxsiyyətdir.
Hətəm Quliyev, "Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi
üzvü:
- Umud Rəhimoğlu Azərbaycan müstəqilliyinin
bərpa olunduğu ilk illərdə Respublika ətrafında
düşmənlərimiz tərəfindən
yaradılmış informasiya blokadasının aradan
qaldırılması üçün ciddi əməli
işlər görən, xalqını, vətənini sevən,
bacarıqlı bir insandır. Ölkədə qeyri-hökumət
təşkilatlatlarının formalaşmasında, Azərbaycanda
dayanıqlı inkişaf edən vətəndaş cəmiyyətinin
qurulmasında, təcavüzə məruz qalmış ərazilərimizin
hərbi sursatlardan təmizlənməsində və bir
sıra digər sahələrdə onun görkəmli xidmətləri
var. Umud Rəhimoğlu insanlara qarşı qeyri-adi dərəcədə
diqqətlidir, çoxlu dostları var. Mən də onun
dostlarından biriyəm. O, təvazökar, işgüzar, səmimi,
ailəsini və uşaqlarını sevən bir azərbaycanlıdır.
Belə insanlar ətrafa nur saçır, xeyirxah işlər
görürlər, xeyirdə-şərdə imkansız
adamların harayına çatırlar.
Nazim İsmayılov, Ərazilərin Minalardan Təmizlənməsi
üzrə Azərbaycan Milli Agentliyinin sabiq direktoru:
- O, adi rəhbər deyil, yüksək təşkilatçılıq
bacarığına və istedadına, çevik idarəetmə
və nəticə çıxarmaq qabiliyyətinə malik bir
liderdir. Sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu
öz faydalı fəaliyyəti ilə başqalarına
nümunə ola biləcək ən aparıcı
qeyri-hökumət təşkilatlarından biridir. O
özünün çoxşaxəli fəaliyyəti ilə
ölkənin ictimai həyatında fəal iştirak edir. Azərbaycan
həqiqətlərinin, Dağlıq Qarabağ problemi barədə
obyektiv informasiyaların dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında, ölkədə
üçüncü sektorun formalaşmasında və
inkişafında, media və vətəndaş cəmiyyəti
quruculuğunda onun böyük xidmətləri vardır. Umud
müəllim əsl vətəndaş mövqeyinə malik
olan, məmləkətini, xalqını bütün
varlığı ilə sevən, onun
ağrı-acılarına şərik olaraq yaşayan və
bu ağrı-acıları aradan qaldırmaq yollarında
yorulmadan mübarizə aparam yetkin bir ziyalıdır.
Azay Quliyev, Milli Məclisin deputatı:
- Umud Rəhimoğlu mənim tanıdığım
çox az adamlardandır ki, öz fəaliyyətində ləyaqət
və əxlaqını qoruyub saxlamağı bacarsın. O,
çox dürüst adamdır, obyektivdir, həmişə
sözünün sahibi olub, haqqı-ədaləti sevən
adamdır. O, ictimai fəaliyyətində, təşkilati
işlərindəki addımlarında, dövlətçilik
hisslərində ədalət prinsipinlərini qoruyan,
haqsızlığa rəvac verməyən şəxsiyyətdir.
Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın
informasiya blokadasında qaldığı vaxtlardan başlayaraq
Umud Rəhimoğlu Vətənin harayını dünya
ictimaiyyətinə çatdırmaqla məşğuldur,
dünyanın ayrı-ayrı ölkələrindən dəvət
etdiyi jurnalistlər vasitəsi ilə Azərbaycan
torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğal olunmasının, Xocalı
soyqırımının, qaçqın, köçkün
problemlərinin beynəlxalq arenaya çıxarılmasına
çalışıb və bu gün də həmin işləri
davam etdirir.
Cahangir Məmmədli, BDU-nun professoru:
- Umud Rəhimoğlu Azərbaycan ictimai fikrində
tanınmış simadır. O, mətbuata, ədəbiyyata,
ictimai fikrə qorxmadan-çəkinmədən birbaşa gəlib.
O, jurnalistikada və bədii söz dünyasında, siyasətdə
heç vaxt gözləmə mövqeyində durmayıb,
sübut edib ki, söz sahibidir. Onu ictimaiyyət tez
tanıdı, çünki Umud Rəhimoğlu mövqeyində
səmimidir. Umud müəllim təşkilatçı
adamdır, ideyalarını praktik işlə birləşdirən,
həyata keçirməyi bacarandır. Onun rəhbərlik
etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu əsl azərbaycançılıq
ocağıdır. Mətbuata, jurnalistikaya, ictimai fikrin
inkişafına qayğı mərkəzidir. O, gənc
jurnalistlərimizin maddi-mənəvi qayğıkeşidir.
Umud Rəhimoğlu ədəbi söz sənətinə bələd
adamdır, onun bütün cərəyanlara dəqiq, qərəzsiz,
obyektiv münasibəti var. O, müstəqil adamdır,
obyektivliyi dostuna da bağışlamaz. O, yaxşı azərbaycanlıdır,
Azərbaycan üçün dünya miqyasında işlər
görmək, məmləkəti bütün dünyaya
tanıtmaq onun həyat amalıdır. Umud Rəhimoğlu həyatda
ideyalar generatoru, müsbət enerji
daşıyıcısıdır, əsl insandır.
Musa Yaqub, şair:
- Mən ilk növbədə Umudu gözəl,
qısa, amma məzmunlu, işıqlı, lirik şeirlər
müəllifi kimi tanıyıram. Əsl söz sənətinə
yiyələnmiş qələm dostum öz poetik
yazıları ilə oxucuları ətrafına
yığmaqla bərabər, qələm adamlarının da
fikirlərini cəlb edib rəğbət qazandı. Mətbuat,
ədəbiyyat və müxtəlif sənət sahələrində
onun qələmi eyni şirinliklə işləməyə
başladı. Elə bil Umudun bütövlükdə
özü də şirinlik və səmimiyyət
tamamlayıcısıdır.
Arif Əmrahoğlu, ədəbiyyatşünas alim:
- Umud Rəhimoğlunu həmişə
dostlarının, qohumlarının, eloğlularının,
ümumiyyətlə, ehtiyacı olanların ümid yeri kimi
tanımışam. Qarabağ dərdi onun axan qanı kəsilmək
bilməyən yarasıdı. Əsas fəaliyyətini,
bacarığını, istedadını, bütün potensial
imkanlarını bu dərdin-yaranın sağalmasına həsr
edən Umud Rəhimoğlunun Pribaltika, MDB məkanında
Qarabağ problemi ilə bağlı böyük-böyük
qurumların öhdəsindən gələ bilmədiyi
işlər gördüyünün dəfələrlə
şahidi olmuşam. Şahidi olmuşam və məndə əminlik
yaranıb ki, Umud şəxsiyyət kimi də miqyaslı,
masştablı işlər görmək, Qarabağ həqiqətlərini
- axan qanı kəsilmək bilməyən yaramızla
bağlı həqiqətləri, bunları görüb bilən,
amma görməməzliyə, bilməməzliyə vuranlara
çatdırmaq iqtidarındadı".
Rəşad Məcid, şair-publisist, "525-ci qəzet"in
baş redaktoru:
- Mən Umud Rəhimoğlunu lap çoxdan - hələ
o, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda
oxuduğu illərdən tanıyıram və
yaradıcılığına da yaxından bələdəm.
Umud Rəhimoğlu istedadlı publisist, jurnalist və şair
kimi oxucuların diqqətini hələ 1980-ci illərin əvvəllərində
cəlb etmişdi. Həmin vaxtlarda o, ictimai işlərdə
də fəal idi. Moskva mühiti onun həm
yaradıcılığına, həm də gələcək
ictimai işlərdəki təcrübəsinə
böyük kömək göstərdi.
Umud Rəhimoğlunun Moskvada, Ədəbiyyat
İnstitutunda birgə oxuduğu dostlarının və
özünün qurduğu əlaqələr vasitəsilə
yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin
ilk illəri indi də yadımdadır.
Umud Rəhimoğlu özünün
işgüzarlığı, təşkilatçılığı,
qabiliyyəti sayəsində, çətin rəqabət
şəraitində həmin təşkilatı Azərbaycanda
tanınan, beynəlxaq təşkilatların da
hesablaşdığı və birgə işlədiyi bir
quruma çevirə bildi.
Zakir Fəxri, şair:
- Umudu çoxdan tanıyıram. Moskvada təhsilini
başa vurub, "Ədəbiyyat və incəsənət"
qəzetində işə baslayan gündən. Qısa bir
zamanda bizim ədəbi mühitin, ədəbi dairənin
içində özünə yer tuta bildi. O zamanlar bizim
çevrəyə düşmək, qəbul olunmaq çox
çətin bir məsələydi. Zaman keçdikcə Umud
Rəhimoğlu hamının sevimlisi, dostuna çevrildi. Umud
bizlərə o qədər doğmalaşdı ki, onu görməyəndə
darıxırdıq.
Tale elə gətirdi ki, bir binada qonşu olduq, 1989-cu
ildə... 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən sonra
onun iç dünyasına da bələd oldum,
torpağını, millətini özü qədər sevən
Umudu. Umud Qarabağ yükünü çiynində
daşıyan, ailəlikcə, nəsillikcə bu ağır
faciəni - torpaq itkisini, didərginlik ağrısını
bu günəcən yaşamaqdadır.
Qonşu olduğumuz bu illər
qonşularımızı, çox dəyərli qələm
adamlarını itirdik - Aydın Məmmədovu, Eldar Baxışı,
Aydın Səlimzadəni, İsa İsmayılzadəni, Nadir
Cabbarovu, Səyavuş Sərxanlını... Həmin
ağır günlərdə Umudun gözəl qonşu, qiymətli
dost, dəyərli adam olduğunu hamılıqca hiss etdik,
gördük...
Umud ruhən torpağına, suyuna bağlı
adamdır. Hamıya yarıyan adam...
Qulu Ağsəs, şair, "Ulduz"
jurnalının baş redaktoru:
- Umud Rəhimoğlu yaşından çox
yaşlı görünür, sonralar görmüşəm
ki, o, xalqın başına gələn faciələri
içindən keçirən, öz şəxsi dərdi
hesab edən ziyalı olduğu üçün tez
yaşlaşıb. Amma saçını əbəs yerə
ağartmayıb, çox iş görüb. Rəhbərlik
etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun bütün fəaliyyəti
bir kitaba sığmaz.
O, M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, zəngin
şeir və publisistik yaradıcılığa malikdir.
"Ədəbiyyat və incəsənət" qəzetində
şöbə müdiri kimi öz sözünü deyib. O,
gecəsi ilə gündüzünü qarışıq
salan, vaxtı istismar edən, zamanın altını
üstünə çevirən adamdır.
Umud Rəhimoğlu yetkin publisist və istedadlı
şairdir. Əlimin altında onun bir neçə şeiri
var. Umud Rəhimoğlunun "Dünya" və
"Hamımız bir adamıq" şeirlərini bu
yazıya daxil edirəm ki, təəssüratımız bir az
da tamamlansın.
Hamımız bir adamıq
Dünyanın yaşı-yaşımız,
Ən qədim daş başdaşımız.
Ölən - bacı, qardaşımız...
Bir kökük, min bir budağıq.
Tanrının vaxtsız ölümü
Hamıya olan zülümü!
Öləndə, qardaş, külümü,
Ocağının başına yığ!
Bir yazıbdı tale yazan,
Yarı-canlı köçər insan.
Dərin qazma, qəbir qazan,
Elə qaz ki, qəbirdən çıx!
Dərdim oldu özgə dərdi,
Mən unutdum, o göyərdi.
Ömür birdi, ölüm birdi,
Biz hamımız bir adamıq!
Dünya
Min ildi bu yol tanışdı,
Əvvəlim daş, sonum daşdı,
Dərdim dərdlərə qardaşdı,
Məndən olmaz yetim, dünya!
Qarğışım çox, baxtım yoxdu,
Kasıb komam, taxtım yoxdu,
Ölməyə də vaxtım yoxdu
Yoxdu ölüm-itim, dünya!
Yarı haqqam, yarı nahaqq,
Qocalmışam mən haq-nahaq,
Çəkir məni qara torpaq,
Qayıdaram, - gedim, dünya!
Bu yazını hazırlamağımdan xeyli müddət
keçəndən sonra əziz dostuma mən də bir
şeir həsr edib "Azərbaycan" jurnalında xoş
duyğularımı bölüşdüm. Məncə, o
şeirin də bu yazıda yeri görünür. Şeir belədir...
Yaxşıların yaxşısı
Qardaşım Umud Rəhimoğluya
Həyat - əyrini yonan
mahir əldə rəndədi,
Həyat - xalis rəng alan tutumlu yaxşı xına.
Bu dünyada nə qədər yaxşı var,
çevrəndədi,
Çünki yaxşı seçirsən hər
şeyin yaxşısını.
Hərdən qorxuzur bizi nəhayətsiz dərinlik,
Zirvənə də qalxırıq, heç demirik ərindik!
Qalın kölgənin nuru verir qəlbə sərinlik,
Qoymursan ki, çətrində ən xırda
naxşı sına!
Hamıyla bir candadır, necə deyim gendədi? -
Üstümdə Allahım var, Umud yaxşı bəndədi!
Geri çəkiləndə də baxırsan ki,
öndədi -
Yaxşılığı var axı Allahın
naxşı sanı!
Halalın olsun, qardaş, sonu uğurlu hədəf,
Təmiz qandan su içir köksündəki saf sədəf.
Yoldaşı Allah seçir, düzür
böyrünə səf-səf
Sənə artıqdı demək; dostları
yaxşı sına!
Əzizindi halallar, yaxın, ya uzaq olsun;
Təki yol gedən kəsin qəlbində
çıraq olsun!
Yükü çəkən mərddirsə,
düşünmə, iraq olsun,
Kotanın ağzı çönə, çətin
ki, ya xış sına!
Aləm nahaqdan demir Umuddan bir dənədi,
Sadiq günəbaxandı, hər dəm üzü
günədi!
Uşaq deyil ki, Allah;
baxır, görür nə nədi,
Umudu tən eyləyir hər şeyin
yaxşısına!
Belə, Umud Rəhimoğlu haqqında ən dəyərli
sözü o özü deyir. Hər gün deyir, sadəliyi, səmimiyyəti,
alicənablığı, insanların yaddaşında silinməz
izlər buraxan əməlləri ilə. Bizə qalan budur ki,
deyək, 65-in mübarək, qardaş, yüz yaşına
salam olsun!
Vaqif BƏHMƏNLİ
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.14-15.