Rəfibəylilər
Üzərində müəyyən fasilələrlə
otuz il ərzində işlədiyim "Keçən
keçdi, olan oldu" dastanını axır ki, bitirdim.
Çox-çox illər bundan əvvəl bu
dastanın "Məmmədxanlılar" boyu "525-ci qəzet"in
bir neçə sayında dərc edilmişdi. İndi qəzetin
oxucularına əsərin "Rəfibəylilər"
boyunu təqdim edirəm.
(Əvvəli ötən sayımızda)
Ələkbər bəy isə Gəncədə
(ümumən Azərbaycanda) ilk siyasi partiyalardan birinin -
"Difai"nin qurucularından idi.
"Difai"i Azərbaycanda "Hümmət"dən
sonra yaranmış ikinci siyasi partiya sayılır. Stalinin və
Caparidzenin təşəbbüsü və fəal
iştirakıyla yaranmış "Hümmət" partiyasına Nəriman Nərimanov,
Məşədi bəy Əzizbəyov, sonralar
"Müsavat"ın əsasını qoymuş Məhəmməd
Əmin Rəsulzadə və başqa azərilər daxil
olsalar da, bu partiyanı sırf Azərbaycan firqəsi saymaq
düz olmaz. O, daha çox RSDRP-nin Azərbaycan filialı idi.
Konyukturçu Azərbaycan Sovet tarixçiləri
"Difai" partiyası haqqında belə yazırdılar:
"1905-ci ilin payızında Azərbaycanın
Şuşa, Cavanşir, Karyaqin və başqa qəzalarında
(Gəncənin və Bakının adları çəkilmir
- A.) tacirlərdən (?-A.), qolçomaqlardan (demə, sovetlərdən
əvvəl də qolçomaqlar varmış - A.)
burjua-mülkədar ziyalılardan və qismən də (!-A.)
bəylərdən ibarət mürtəce "Difai"
adlı təşkilat meydana çıxır. Burjua-mülkədar
ziyalıları K.Mehmandarov, Ə.Ağayev, M,Hacınski təşkilata
başçılıq edirdi. Müsəlmanları
daşnakların basqınından müdafiə etmək pərdəsi
altında çıxış edən "Difai" təşkilatı
millətlər arasında toqquşmaları
qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki
əsas metodlardan biri fərdi terror idi. Bəzi halda
"Difai"nin üzvləri daşnaklara kömək etməkdə
təqsirləndirilən məmurlara qarşı terror tətbiq
edirdilər.
"Azərbaycan tarixi", 1964, səh 613.)
Bu biabırçı və yalan sözlər sovet
dövründə yazılmış tarix kitablarımıza
xas olan metodla - avandı tərsə çəvirmək
metoduyla qələmə alınıb. Halbuki adından
göründüyü kimi, "Difai" firqəsinin yeganə
məqsədi millətini silahlı daşnak
basqınlarından qorumaq idi.
Nağı bəy Şeyxzamanlı yazır:
"Vəziyyətin çox qorxulu olduğunu hiss edən
Gəncə şəhərindəki rus idarəçiliyinin
yüksək məmurlar, əsgəri qüvvələri,
komandirləri çaşqın halda, heç bir
çıxış yolu tapmayaraq, hadisələrin
qarşısını necə almağı təsəvvür
belə edə bilməyərək vali general Bauerin yanına
toplanırlar. Nəhayət, hamısı bu qənaətə
gəlir ki, Ələkbər bəydən başqa heç
kim bu hərəkatı dayandıra bilməz".
Şəhərdə nə qədər gürcü əsilzadəsi,
təqaüddə olan zabit və mülkü vəzifələrdə
işləyən varsa,
hamısı yığışıb Ələkbər
bəyin yanına gəlirlər, xahiş edir və deyirlər
ki, ermənilər etdiklərindən peşman olmuşlar. Nəhayat,
Ələkbər bəy hərəkətin
dayandırılmasına əmr verir, sakitlik yaranır, general
qubernator 10 türk və ermənini dəvət edərək
sülh bağladır.
Amma Azərbaycanın, o cümlədən Gəncənin
nüfuzlu adamları
yaxşı başa düşürdülər ki, bu sülh
müvəqqətidir, çar hökumətinin təhrikiylə
ermənilər yenə də fürsət düşən
kimi təxribatlarını davam etdirəcəklər. Ermənilərin silahlı dəstələrindən
başqa yaxşı təşkil olunmuş siyasi
partiyaları da fəaliyyət göstərirdi, odur ki, Azərbaycan
türklərinin də belə bir mütəşəkkil
partiya yaratmasına ehtiyac vardı. Bunun rüşeymləri Gəncədə
yaradılmış gizli təşkilat idi.
Həmin vaxtda məşhur
ictimai-siyasi xadim, publisist Əhməd bəy Ağayev
(Ağaoğlu) Gəncəyə gəlir.
Nağı bəy Şeyxzamanlı yazır:
"O vaxt gizli təşkilatımız
ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən
alırdı. Onların başında Rəfibəyli Ələkbər
bəy, iki qardaş - Xasməmmədli Ələkbər və
Ələsgər, Yusifbəyli Nəsib, doktor Həsən
Ağaoğlu dururdu. Bu böyüklərimiz Ağaoğlu
Əhməd bəyi axşam yeməyinə dəvət edərkən
xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi
qaranlıq olduğu və qarşıda rusların ermənilərin
əli ilə hər bir pisliyi edə biləcəyi
üçün yenidən xalqı birləşdirmək, rus
idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq
ki, asanlıqca məhv olmayacayıq. Bunun üçün
gizli bir təftiş komissiyası yaratmağa, gizli firqəni
"Difai" adlandırmağa qərar verildi".
"Difai" partiyasının kim (ya kimlər) tərəfindən
və harada yaranması haqqında müxtəlif fikirlər
var.
Qiymətli "Difai" kitabının müəllifi,
tarixçi Eldar Əzizov yazır:
Partiyanın harada və kim tərəfindən
yaradılması məsələsində
də mövqelər müxtəlifdir. Məsələn
Sventaxovski yazır: "Müdafiə" adı ilə məşhur
olan bu təşkilat 1905-ci ilin yazında Gəncədə
burada tanınmış və öz siyasi karyerasını
müəyyən etmiş insanlar - Şəfi Rüstəmbəyov,
Ələkbər və Xəlil Xasməmmədov
qardaşları, İsmayıl Ziyadxanov, Nəsib Usubbəyov (Yusifbəyli) və doktor Həsən
Ağazadənin təşəbüsü ilə
yaradılmışdır.
Anamın arxivində ("Babam atam. anam"
qovluğunda) iki sənəd saxlanılıb.
Görünür, bu mövzunu işləyən alimlərimizdən
biri həmin sənədləri Nigar xanıma təqdim edib.
Cənab Yelizavetpol qubernatoruna
Tamamiylə məxfi
Zati-alilərinizə çatdırıram ki, müsəlman "Difai"
partiyasının rəhbərləri Ələkbər bəy
Rəfibəyli və Axund Molla Paşa Namaz zadədir.
Partiyanın məqsədi öz xalqının
maraqlarını müdafiə etməkdir. Ələkbər bəy
Rəfibəyovun evində axtarışlar zamanı rus dilində
çap olunmuş nizamnamə tapılmışdır.
Müsəlmanların Persiyada inqilabçılara
yardımı barədə silahlar gizli yolla Rusiyada əldə
edilir və Persiyaya Səttar xanın dəstələrinə
göndərilir.
ROTMİSTR ASTROYANTS
Raportda adı keçən Axund Molla Paşa Namaz zadə
- tərəqqipərvər gəncəli ruhani, Ələkbər
bəyin yaxın dostu və məsləkdaşı, Şeyxul
islam Pişnamazzadədir.
İKİNCİ SƏNƏD:
D.İ.N.
Yelizavetpol polismeysteri
18 iyul 1907-ci il. Yelizavetpol.
Tam məxfi
30 may 571 nömrəli sirkulyarınıza cavab olaraq
Zati-Alinizə bildirirəm ki, təyin etdiyimə görə,
müsəlmanların
"Difai" və "Müdafiə" partiyaları
quberniyanın müsəlman əhalisindən qanunsuz olaraq
toplanılan vəsait hesabına
maliyyələşdirilir. Birinci partiyanın rəhbəri
yelizavetpollu Ələkbər bəy Rəfibəyov və Axund
Molla Mamed Paşa Namaz zadə, ikincinin isə İsmayıl xan
Ziyadxanov və Cəfər Axundovdur. Sonuncusu ictimai asayiş və
təhlükəsizlik üçün zərərli şəxs
olduğu üçün Yelizavetpol quberniyasının müvəqqəti General
Qubernatorunun sərəncamıyla
quberniyanın ərazisindən kənarlaşdırılmışdır.
"Difai" partiyasının məqsədi öz
xalqının mənafeyini qorumaq, əsas da əhalini maarifləndirməkdir.
"Müdafiə"nin məqsədi kəndlilərin vəziyyətini
yaxşılaşdırmaq, mülkədar torpaqlarını
onların arasında bölmək, əhalinin həyat səviyyəsini
yüksəltmək üçün dövlət
quruluşunu dağıtmaqdır. Bir sözlə, hər iki
partiyanın məqsədi eynidir.
Polismeyster (imza)
Maraqlıdır ki, "Difai" haqqında və onun
rəhbərləri barədə məlumatda məhz Ələkbər
bəyin mənzilində axtarışlar zamanı
tapılmış sənədlərə istinad edilir.
Məhz Rəfibəylilərin ailə nişanı
sonralar "Difai" partiyasının gerbi kimi təsdiq
edilir, Ələkbər bəy isə firqənin fəxri sədri
olur.
"Difai"nin yaradıcıları sırasından
məhz Ələkbər bəyin Fəxri sədr seçilməsinin,
məncə, bir neçə səbəbi var. Biri "Gəncənin
atası" kimi tanınan ağsaqqalın böyük xidmətləri
və şəxsi nüfuzu. İkincisi, "Difai"
yaradıcılarının hamısı Əhməd bəy
Ağaoğlu (1869-1939), Xəlil bəy Xasməmmədov
(1873-1947) İsmayıl Ziyadxanov (1867-1920), Nəsib Bəy Usubəyli
(1881-1920), Həsən bəy Ağayev (1875-1920), Şəfi bəy
Rüstəmbəyov (1893-1960), "Difai"
partiyasının Qarabağ şöbəsinin rəhbəri,
Azərbaycanın ilk ali tibb təhsilli həkimlərindən
Kərim bəy Mehmandarov (1854-1929) - hamısı 66
yaşlı Ələkbər bəydən cavan idilər və
onu şəksiz ağsaqqal kimi qədul edirdilər.
Üçüncü səbəb isə
"Difai"nin məhz Gəncədə və əsasən
gəncəli ziyalıların iştirakıyla yaranması
idi. Təsadüfi deyil ki, böyük mütəfəkkir və
ictimai-siyasi xadim Əhməd bəy Ağayev belə bir təpərli
müdafiə təşkilatı yaratmaq məqsədiylə məsləhətləşmək
üçün məhz Gəncəyə gəlir.
Əhməd bəyin Gəncə səfəri, Ələkbər
bəylə, yerli ziyalılarla görüşləri Xalq
şairi Sabir Rüstəmxanlının "Difai fədailəri"
sənədli romanında yüksək bədii şəkildə əks olunub.
Vaxtilə Şirvanşahların paytaxtı kimi
şöhrətlənən Bakı XIX əsrin sonu - XX əsrin
əvvəllərində neft bumunun nəticəsində
sırf milli şəhər olmaqdan daha artıq beynəlmiləl
və kosmopolit ruhlu bir məkana çevrilmişdi. Gəncə
- (burada da erməni məhəlləsi
olmasına baxmayaraq) - öz milli ruhunu daha çox hifz
etmişdi. Təsadüfi deyil ki, ilk Azərbaycan Cümhuriyyətinin
(1918-1920) qurucuları və xadimləri sırasında gəncəlilərin
özəl və önəmli yeri var. Bolşevik rejiminin Gəncəyə
daima şübhəylə yanaşmasının, ən
çox repressiya qurbanlarının (o cümlədən dəfələrlə
sürgün edilmiş Rəfibəylilərin) acı aqibətinin
səbəbləri bunlarla bağlıdır.
Gəncə tarix boyu həm də əqidədə,
fikirdə asilərin, fəaliyyətdə üsyankarların,
qiyamçıların şəhəridir. Gəncəli
jurnalist Əhməd İsayev
"Gəncə ruhunun cövhəri" adlı məqaləsində
Nizaminin çağdaşları əxilər haqqında
yazır ki, "bu dini-fəlsəfi təlimin əsasında
"qardaşlıq, bərabərlik" ideyası
dururdu" (fransız inqilabından altı əsr əvvəl!
- A.).
Gəncənin bu günə qədər hifz
olunmuş tarixi abidələri sırasında əxi
"Gömərd Qəssab" məqbərəsi də var.
Orta əsrlərdə Bəndər üsyanı da,
XIX əsrdə azğın çar generalı Sisyanova meydan
oxuyan və şəhərin qeyrətini müdafiə edərək
qəhrəmancasına şəhid olan Cavad xan da, əvvəl
çar, sonra bolşevik rejiminə asi olan qaçaqlar da Gəncənin
iftixarıdırlar. 1920-ci il 28 aprelində istilaçı
Qızıl Orduya heç bir ciddi silahlı müqavimət
göstərməməyimizin günahını yuyan Gəncə
üsyanı neçə min şəhidin qanı bahasına
tarixi şərəfimizdən bu ləkəni sildi. Bu fikri
Ceyhun bəy Hacıbəyli çox dəqiq ifadə edib.
Təbiidir ki, "Hümmət"dən də,
"Difai"dən də, "Müsavat"dan da qabaq ilk siyasi təşkilatın
rüşeymi Gəncədə cücərib.
"Qeyrət" adlanan bu təşkilat haqqında
"Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası"nda
deyilir:
"Qeyrət" - Azərbaycanda ilk milli sosial-federalist təşkilatı.
1905-ci ildə Gəncədə yaradılmışdır. Təşkilata
hüquqşünas Ələkbər bəy Rəfibəyli,
Gəncə (Yelizavetpol) dairə məhkəməsinin
üzvü Ələkbər bəy Xasməmmədov, şəhər
polis idarəsinin rəisi A.Quliyev başçılıq
edirdilər".
Beləliklə, Azərbaycanda ilk milli siyasi təşkilatın,
sonralar isə partiyanın yaranmasında da Ələkbər bəyin
silinməz izi və böyük əməyi var. Bir insanın
bu qədər vacib, müxtəlif
və xeyirli işlərlə
uğraşması adamı mat qoyur.
22 il ərzində Gəncə Bələdiyyə
Şurasının - Dumanın üzvü olmuş Ələkbər
bəy yalnız iki-üç dəfə üzrlü səbəblərdən
iclaslarda iştirak etməyib. Ələkbər bəy dövlət
tərəfindən yüksək nişanlarla təltif
olunmuş, amma çar məmurları ona həmişə
şübhəylə yanaşmışlar. Daima nəzarətdə
olan, açıq, ya gizli izlənilən bu unikal şəxsiyyətin
1908-ci ildə sürgün olunması barədə hətta
general-qubernatorun fərmanı da var. Ələkbər bəyin
böyük nüfuzu bu fərmanın icra olunmasına imkan
verməyib. Amma Ələkbər bəy nəslinin - Rəfibəylilərin
sürgün edilməsi planını sovet hakimiyyəti artıqlamasıyla yerinə yetirdi.
Ələkbər bəyin çoxsahəli fəaliyyətinin
az məlum olan bir tərəfi də onun
publisistikasıdır.
Türkiyəli alim Dövlət Nadir İsmayıl bəy
Qasprinskinin "Tərcüman"
qəzetində yazıları basılan müəlliflər
sırasında Yusif Akçura, Fuad Köprülü, Ziya
Göyalp, Firudin bəy Köçərli, Nəriman Nərimanov,
Həsən Səbri Ayvazovla bir sırada Ələkbər Rəfibəylinin
də adını çəkir.
Bu yerdə Məmməd Səid Ordubadinin Ələkbər
bəy haqqında dediyi "Ələkbər bəy
yazıçı deyildi"
sözləri yada düşür (bəyəm
yazıçılıq iddiası olub?). Amma eyni zamanda
M.S.Ordubadi yazırdı:
"1905-ci il noyabr ayının birindən
başlanmış hadisələri Ələkbər bəy Rəfibəyov
cənablarının topladığı rusca bir jurnaldan və
sair məktublardan tərcümə etdim".
M.S.Ordubadi onu da qeyd edir ki, Ələkbər bəyin
topladığı materiallar əsasında "müsəlmanların nə qədər
məzlum, nə qədər iğtişaşdan xəbərsiz
olduqları meydana çıxır".
1919-cu il aprel ayında "Azərbaycan" qəzetində
belə elanlar
çıxır:
Gəncə türk müəllimlər
İttifaqı, məşhur millət xadimi Əliəkbər
bəy Rəfibəyovun aprel ayının 3-də vəfat
etdiyini kəmali hüzn və təhəssür ilə məlum
edir.
Bağır bəy və Qəhrəman bəy öz
sevimli qardaşları, doktor Xudadat bəy Rəfibəyov
öz sevimli atası, Cavad bəy, Eyyub bəy, Qəmbər bəy
Rəfibəylər öz sevimli əmiləri Əliəkbər
bəy Rəfibəyovun aprel ayının 3-də vəfat
etdiyini kəlam-hüzn ilə öz qohum əqrabalarına,
dost aşnalarına məlum edir.
O günlərdə qəzetlərdə çox sayda
başsağlığı teleqramları da dərc edilib.
Doktor Rəfibəyova. Milli itkimizlə əlaqədar
olaraq dərindən sarsıldım. Sənin dərdinə və
ümumi bədbəxtliyimizə səmimi qəlbdən şərik
oluram. Həsən bəy Ağayev
Azərbaycan xalqına, mənim qəlbimə əziz
olan böyük ictimai xadim və Azərbaycanın namuslu vətəndaşı,
istəkli Əliəkbər bəy Rəfibəyovun vəfatı
ilə bağlı dərin kədər hissiylə
başsağlığı verirəm
Nəsib bəy Usubbəyov
Doktor Rəfibəyova, surəti şəhər icra
hakimiyyətinə Gəncənin ən yaxşı vətəndaşı,
Azərbaycanın milli ideallarının təəssübkeşi
Ələkbər bəy Rəfibəyovun vəfatı ilə
əlaqədar səmimi başsağlığımı qəbul
edin.
Məhəmməd Əmin Rəsulzadə
Ələkbər bəyin dəfni barədə
"Azərbaycan" qəzetində (14 aprel 1919) Əhməd
Cavadın yazısı dərc olunub:
Gəncə bu günlərdə böyük bir
müsibət görür. Ələkbər bəyin Gəncəsi
Ələkbər bəyini itirdi...
Bu böyük cənab dünya durduqca
yaşayacaqdır.
Gəncənin 31 mart qurbanlarına və mərhum
Ələkbər bəyə göstərdiyi hörmət təqdir
ediləcək bir hörmət oldu... Mərhumun evi bulunan
küçə saat 11-ə doğru insan ilə doldu. Saat 11-də
möhtərəm cənazə Qurani-Kərim avazı içərisində
omuzlara çıxdı. Ağır-ağır cameyə doğru
yürüşə başlandı... Həqiqətən,
müsəlmanlar mərhumdan xeyirdən başqa bir şey
görmədilər... Bələdiyyə rəisindən sonra
Pişnamazzadə həzrətləri mərhumun son dəqiqələrini
təsvir edib sözlərini millətə yetirdi: Mərhumun
yeganə oğlu Xudadat bəy və əqrabaları tərəfindən
maarif işlərinə və məktəblərə sərf
olunmaq üçün 40000 manat ehsan etdiklərini xəbər
verdi. Bundan sonra cənazə məzarlığa doğru yola çıxdı. Yenə eyni
ehtiram və izdiham içərisində möhtərəm cənazə
məzarlığa yetişdi və Rəfibəyli
ocağına məxsus künbəzin önündə yerə
qoyuldu.
Torpaqlar üçün bu qədər zəhmətlər
çəkən vücud torpağa tapşırıldı.
Cavad
Anam danışırdı ki, Ələkbər bəyin
dəfnində evindən qəbiristanlığa qədər cənazənin
önündə nöhə oxuya-oxuya gənc Bülbül
gedirmiş.
Bir neçə gündən sonra "Azərbaycan" qəzetində
Məmməd Səid Ordubadinin də yazısı
çıxır:
"Ələkbər bəy həzrətləri həqiqi
bir vətənpərvər, sadiq bir millətpərəst,
kimsədən qorxmaz və çəkinməz, gecə və
gündüz istirahət bilməz, heç bir təhlükə
və fəlakəti göz önünə almaz atəşzəban
bir millət müdafiəçisi idi".
Başsağlığı teleqramları içində
birinin üstündə xüsusi dayanmaq istəyirəm. Bu
görkəmli maarifçi, pedaqoq, ədəbi tənqidçi,
ilk mükəmməl ədəbiyyat
tariximizi yaradan Firudin bəy Köçərlinin (1863-1920)
teleqramıdır.
"Qazax müəllimlər seminariyasının
korporasiyası çox hörmətli Ələkbər bəyin
- nadir ictimai xadimin, müsəlmanlar arasında maarifin mətin
müdafiəçisinin vəfatından dərin kədər
duyduğumuzu bildirir".
Ələkbər bəyin vəfatından on ay sonra Gəncəyə
xoş bir xəbər yetir: Azərbaycanın istiqlalı Beynəlxalq
təşkilat Ali Şura tərəfindən təsdiq
olunmuşdur.
1920-ci il yanvarın 14-ü
Gəncədə qeyri-adi bir gün olub. Gəncə
valisi Xudadat bəy Rəfibəyli əvvəlcə rusca, sonra
türkcə Bakıdan hökumət başçısı tərəfindən
göndərilən rəsmi teleqramı oxuyur. Xoş xəbəri
təsdiq edən bu teleqram sürəkli alqışlarla
qarşılanır.
Axundzadə Cavad (Əhməd Cavad), Vəli Xuluflu,
Firudin bəy Köçərli və başqaları
çıxışlarında bu şad xəbər
münasibətiylə xalqı təbrik edirlər.
Düz 90 gün sonra isə ölkəmizi işğal
etmiş bolşevik cəlladlarının ilk qurbanlarından
biri 57 yaşlı alim-müəllim, yazıçı Firudin
bəy Köçərli olur. Bu xəbər ölkənin
formal rəhbəri Nəriman Nərimanova çatanda çox
təəssüflənir. "Heyif ki, Firudin bəyin və
Xudadat bəyin öldürülməsindən gec xəbər
tutduq, onları xilas etməliydik".
Axı Nərimanov özü də həkim və
yazıçı idi, odur ki, Firudin bəyin ədəbiyyat adamı kimi, Xudadat
bəyin cərrah kimi qədir-qiymətini bilirdi. Dediyi sözlər də əsassız
deyildi. Məhz Nərimanov Cümhuriyyət hökumətinin hərbi
naziri və nazir müavini generallar Səməd bəy
Mehmandarovu, Əliağa Şıxlinskini, gənc Üzeyir
Hacıbəylini, hətta Stalinin xilasedici müdaxiləsinə qədər Məhəmməd
Əmin Rəsulzadəni cəllad Pankratovların cəngindən
qurtara bilmişdi.
Heyhat, 20-ci ilin aprel-mayında başlayan amansız təqiblər,
həbslər, sürgünlər, edamlar uzun illər davam etdi
və 37-ci ildə pik nöqtəsinə çatdı. Gəncədə
fərəhli gündə nitq söyləyən Əhməd
Cavadla Vəli Xuluflu da bu məşum
ildə güllələndilər.
Ulu babama aid bu boyu tamamlayaraq düşünürəm.
Axı bir əsər anılar, düşüncələr dastanıdır.
Anamın yadında saxlayıb danışdıqlarına,
başqalarının şifahi, ya yazılı xatirələrinə,
sənədlərə, Rafael Hüseynovun kitablarına əsaslanaraq
yazdığım anılardan, xatirələrdən başqa,
axı öz düşüncələrim
də mətnimdə yer almalıdır.
Anılar, xatirələr əsasında ulu babam
haqqında düşünəndə bu qəti qənaətə
gəlirəm ki, Ələkbər bəy həyatının
bütün məşəqqətlərinə, çətinliklərinə,
min cür əzab-əziyyətlərinə baxmayaraq, hər
halda xoşbəxt adam olub.
Arzuladığı, təşəbbüs göstərdiyi,
uğrunda çarpışdığı niyyətlərinin
çoxunun həyata keçdiyini görüb. - Gəncədə
məktəblər açılıb, teatr yaranıb, xeyli ali
savadlı ziyalılar yetişib.
Xalqı həm çar siyasətinin məkrlərindən,
həm də erməni təxribatlarından qoruya bilib, müstəmləkəçi
çar üsul-idarəsinin dağıldığını
görüb, milli ruhlu partiyaların yaranmasında xidmətləri olub. Nuru
paşanın komandanlığıyla Qafqaz ordusunun Azərbaycana
gəlməsinə çalışıb, buna nail olanda Nuru
paşaya:
"Azərbaycana köməyiniz heç vaxt yaddan
silinməyəcək - deyib -Amma millətimizin tarixində əbədi
qalmaq istəyirsinizsə, burada bir hərbi məktəb
açılmasına yardım edin ki, gələcəkdə
bizim də öz zabitlərimiz olsun".
...və nəhayət, bütün bu işlərin
zirvəsi kimi müstəqil Azərbaycan hökumətinin Gəncəyə
gəlişinin şahidi olub. Hökumətin rəhbərləri və parlamanın üzvləri
sırasında onun cavan məsləkdaşlarının da yer
tutmasına sevinib. Həsən bəy Ağaoğlu Parlaman sədrinin
müavini, iki Baş nazir Fətəli xan Xoyski və Nəsib
bəy Usubbəyli, nazirlər və məsul vəzifə
sahibləri - Ziyadxanovlar, Xasməmmədovlar, Şeyxzamanovlar,
qohumu Musa Rəfiyev - hamısı onun gözləri
qarşısında yetişmiş səriştəli,
savadlı siyasi kadrlardır. Yeganə balası Xudadatın
Cümhuriyyət hökumətinin ilk səhiyyə və himayədarlıq
naziri, sonra da Gəncənin general qubernatoru olmasıyla fəxr
etməyə bilərdimi?
Amma...
Amma xoşbəxtliyin bir paradoksal yönü də
var. Adətən hər ölən haqqında "vaxtsız
öldü" deyirlər. Ələkbər bəy
haqqında, acı da olsa, tam haqla demək olar ki, vaxtında
ölüb. Bütün böyük xidmətlərinə
görə bu da onun taleyinin lütfü, Allah adamı
olmasının təsdiqiymiş. Allah onu xalqının, nəslinin,
ailəsinin və əlbəttə, özünün
başına gələcək
müsibətləri yaşamaqdan xilas edib. 1919-cu il aprelin 3-də vəfat
edib. Bircə il də yaşasaydı, 1920-ci il aprelin 28-də
vətənin qızıl əsgərlərin sapoqları,
bronepoezdin təkərləri altında tar-mar olduğunu
görəcəkdi, sevimli məsləkdaşlarının - Həsən
bəy Ağaoğlunun, Fələti xan Xoyskinin, Nəsib bəy
Usubbəyovun, Məmədbağır Şeyxzamanovun,
İsmayıl Ziyatxanovun onlarla, yüzlərlə
başqalarının müdhiş aqibətindən xəbər
tutacaqdı. Bəlkə də xəbər tuta bilməyəcəkdi.
Sinninə, yaşına baxmayaraq, birinci güllələnənlərin
sırasında olacaqdı. Taleyinin Ələkbər bəyə
mərhəməti - oğul dağını çəkmədi,
yeganə balası Xudadatın Xəzər adasında güllələndiyini
görmədi.
Ələkbər bəyin vəfatından bircə il
sonra baş verən müsibətləri saymaqla qurtarmaq olmaz.
Gəncə üsyanı və on minlərlə
insanın məhvi hesabına
yatırılması, neçə-neçə nəsillərin,
o cümlədən Rəfibəylilərin edamı,
sürgünləri, pərən-pərən
olub dünyaya dağılmaları, daha nələr-nələr...
Adı dönə-dönə dəyişdirilib yenidən
qaytarılan başıbəlalı Gəncəsinin 56 il
Kirovabad adlanmasından xəbər
tutmadı.
Amma yazımın bu yerində nə 1934-cü ildə,
nə də 1920-ci ilin yox,
1919-cu ilin aprelindəyəm.
Mərhum Ələkbər bəy Rəfibəylinin
xatirəsinin əbədiləşdirilməsi
üçün tədbirlər nəzərdə tutulur. Sənədlərə
istinad edərək jurnalist Əhməd İsayev bu barədə
belə məlumat verir:
"Dumanın zalında Ələkbər bəyin
portreti asılsın. Mərhumun əli ilə
salınmış Mixaylov küçəsinə Rəfibəyovun
adı verilsin. Tədris müəssisələrində mərhumun
adına 10 təqaüd təsis edilsin. Rəhmətliyin xatirəsinə
şəhər xəstəxanasında pulsuz müalicə
üçün iki çarpayı ayrılsın. Bir ilə
kimi Rəfibəyovun adına təzə tədris
ocağı açılsın, Şah Abbas məscidinin
önündə unudulmaz millət fədaisi Ələkbər
bəy Rəfibəyovun heykəli ucalsın".
("Azərbaycan" qəzeti, 3 avqust 1919)
Səciyyəvidir ki, Ələkbər bəyin xatirəsinin
əbədiləşdirilməsi üçün yenə də xeyriyyə işləri
nəzərdə tutulur. Oğlu və əqrəbası ehsan
xərclərindən 40000 min manatı maarif və məktəb
işlərinə ayırır. Tədris müəssisələrində
10 təqaüd təsis edilməsi nəzərdə tutulur,
şəhər xəstəxanasında pulsuz müalicə
üçün iki çarpayı ayrılması təklif
olunur.
Vəfatından sonra da Ələkbər bəy
insanlara ancaq xeyir verir. Fəqət...
Əhməd İsayev həmin yazısında 1919-cu ilin aprelində "Azərbaycan"
qəzetində çap olunmuş bir mətni sitat gətirir:
Ələkbər bəy həzrətləri millətə
və Vətənə o qədər xidmət etmiş ki,
onları bilməyən millət və Vətən nankordur,
şübhəsiz".
Ələkbər bəyin xatirəsinin əbədiləşdirilməsi
ilə əlaqədər təkliflərdən indiyəcən
yalnız biri həyata keçib Gəncədə adına
küçə qoyulub. Nə bir məktəb, nə bir
kitabxana, nə təqaüd... Sovet dövründə Kirovun və
Qatır Məmmədin heykəlləri ucalan şəhərdə
Ələkbər bəyin abidəsi
yoxdur.
Doğrudur, müstəqillik illərində Gəncənin ən gözəl
guşəsində - Xan bağında Nigar Rəfibəylinin əzəmətli
heykəli qoyulub. Mərhum heykəltaraş Münəvvər
Rzayevanın yaratdığı bu abidə unudulmaz Ulu Öndər
Heydər Əliyevin təşəbbüsüylə
ucaldılıb.
Abidənin açılışında Ulu Öndər
şəxsən iştirak etdi, lenti kəsdi, sonra da meydanda
geniş çıxış etdi.
Çıxışında deyirdi:
İyirminci illərin repressiyalarında, otuzuncu illərin
repressiyalarında çox dəyərli gəncəlilər -
ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar
xanımın atası Xudadat bəy
Rəfibəyli Azərbaycanın ilk müstəqil
hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsi
tutmuş bir insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix
hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı
olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli
böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin
inkişaf etməsi uğrunda
çalışmışdır. O, öz həyat
yoldaşı - Azərbaycanın böyük şairi Rəsul
Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının
yüksəlməsində xüsusi rol oynamışdır və
məmnunam ki, onların övladı - Azərbaycanın
böyük yazıçısı, Yazıçılar
Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının,
anasının, atasının işini davam etdirir və Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafında öz xidmətlərini göstərir".
Həmişə mənə böyük qayğı
göstərən Ulu Öndərin
Rəfibəylilər nəslinə xüsusi rəğbəti
vardı, 1978-ci il oktyabrın
29-da yazıçılarla görüşdə Rafael "Rəfibəylilər"
kitabını Prezidentə təqdim etdi.
Prezident kitabı qaldırıb: Anarın
qohumlarıdır - dedi və əlavə etdi: o vaxt bu Rəfibəyliləri
həbs etdilər, cəzalandırdılar. Nəyə görə?
Amma indi görün böyük bir kitab yazılıbdır.
Nə qədər dəyərli insanlar idilər.
Heydər Əliyev “Rəfibəylilər” kitabı ilə
Bir daha ulu babamın keşməkeşli ömrü
barədə düşüncələrə dalarkən
aydın dərk edirəm ki, Ələkbər bəy Rəfibəylinin
bizə miras qoyduğu ən böyük amal xalqa təmənnasız
xidmətdir. Təmənnasız sözünün altını
cızıram. Çünki xalqa hər hansı bir xidməti
göstərərkən bunun əvəzini, qiymətləndiriləcəyini
gözləyirsənsə, az-çox etdiklərinin
müqabilində təqdirlər, təriflər, təltiflər
umursansa, deməli, gördüyün işlər təmənnasız
deyilmiş. Əvəzi olacağını, layiqincə dəyərləndiriləcəyini
gözləyirsənmiş. Yaxud sağlığında bir
şey ummadan ümidini gələcək
nəsillərə bağlayırsansa, qədir-qiymətini
sonra gələnlərin biləcəyinə
arxayınsansa, deməli, yenə
də səmimi deyilmişsən, gördüyün işlər
ürək tələbatından doğmayıbmış. Hətta
daha nəcib bir duyğu "Balıq bilməsə də,
Xalıq bilər" hikməti də kəmlikdir. Gərək
etdiklərin xeyirxah işlər üçün nə
Xalıqdan, nə Xalqdan heç nə ummayasan, taleyin, ya
tarixin sənin boynuna qoyduğu missiyanı sonacan ləyaqətlə
yerinə yetirəsən.
Həqiqi vətənsevərliyin qisməti budur.
Ələkbər bəyin qisməti təkin...
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2026.- 30 yanvar (¹4).- S.12-13;16.