Birinci qurultayın
ilk tarixçisi - Birinci Türkoloji qurultay
iştirakçılarının izi ilə
ƏLİ BƏY HÜSEYNZADƏ BİRİNCİ
TÜRKOLOJİ QURULTAYDA
Birinci Türkoloji qurultayın istər ölkə
daxilindən, istərsə də xaricdən gəlmiş
iştirakçıları arasında ünlü isimlər
az deyildi. Amma bir nəfərin - artıq 16 ildən bəri
qonşu Türkiyədə yaşayan Əli bəy
Hüseynzadənin sovet rəsmi dairələri tərəfindən
tədbirə dəvət olunması özlüyündə
diqqətçəkici bir hadisə idi.
Doğrudur, 1937-ci ilin böyük terroruna hələ
xeyli qalırdı. Amma siyasi mövcudluğa və dövlətçilik
fəaliyyətinə qırmızı terrorla qədəm
qoyan bolşeviklər, necə deyərlər, hansı
yuvanın quşu olduqlarını ilk gündən göstərməyə
başlamışdılar. Sərt, hətta düşməncəsinə
yanaşma tərzi türk xalqlarının nümayəndələrinə
münasibətdə özünü daha kəskin şəkildə
büruzə verirdi. İlk qurbanların çoxu da onların
arasından seçilmişdi. Hələ 1920-ci illərdə
N.Nərimanov, M.Sultan-Qaliev kimi türk əsilli milli liderlərə
qarşı ləkələmə və qarayaxma
kampaniyasına start verilmişdi. Belə şəraitdə
turançılıq və türk birliyi düşüncəsinin
ideya atalarından birinin ideoloji mahiyyətli türkoloji
qurultaya dəvət alması, üstəlik, əvvəldən
sona qədər xüsusi diqqət və ehtiram görməsi
yeni quruluşun elmə və alimə hörmətindən,
sima dəyişimindən daha çox xoş istisna, yaxud da arxasında
müəyyən təmənna dayanan bir təşəbbüs
kimi dəyərləndirilə bilərdi.
Qurultaydan bir neçə ay əvvəl, 1925-ci ilin
sentyabr ayında Bakıdakı Türkiyə səfirliyinin (həmin
dövrdə hələ Bakı Konsolosluğu
adlanırdı) Ankaraya göndərdiyi bir məktubda deyilirdi:
"Başlanğıcda ruslar Kongrenin (Birinci Türkoloji
qurultay nəzərdə tutulur - V.Q.) Moskovada toplanmasında
israr etmiş, aparılan müzakirələr nəticəsində
Bakıya razı olmuşdular. Ancaq Kongre işlərinin milliyətçilərin
öhdəsinə buraxılmaması və Kommunist Partiyasının
direktivləri əsasında keçirilməsi şərt
olaraq irəli sürülmüşdü. Türk və
tatarların yaşadığı Şura Cümhuriyyət və
əyalətlərindəki müvafiq qurumlar problemlərin ətraflı
müzakirəsi üçün əvvəldən material
hazırlamalı, elmi əsərlər və arayışlar
düzənləyib nəşr etməli idilər. Kitab sərgiləri
açılacaqdır. Kongreye 120 şəxs qatılacaq, əksəriyyət
türk və tatar üzvlərdən ibarət olacaq.
Ayrıca Elmlər Akademiyası, Şərqiyyat İnstitutu,
universitet və pedaqoji institutlardan nümayəndələr
qatılacaq, xarici ölkələrdən, özəlliklə
Türkiyə və İrandan türkoloqlar dəvət
olunacaqdır".
Şübhəsiz, xaricdən dəvət olunan
qonaqlarla bağlı tələblər daha sərt idi. Onlardan
ilk növbədə ideoloji qarşıdurmadan uzaq dayanmaq,
loyal münasibət tələb edilirdi. Türkoloji
qurultayı ən böyük və son vaxtlara qədər
yeganə müstəqil türk dövləti olan Türkiyənin
iştirakı olmadan keçirmək onun elmi və siyasi
sanbalına, nüfuzuna ciddi zərər vura bilərdi. Ona
görə də ilkin mərhələdə Türkiyədən
7-10 nəfərlik bir heyətin dəvət edilməsi nəzərdə
tutulurdu. Lakin sonda yaradıcılıq və şəxsiyyətlərində
çağdaş TC-nin elmi-ictimai tutumunu əks etdirən iki
görkəmli ədəbi simanın - Mehmet Fuad
Köprülüzadə və Əli bəy Hüseynzadənin
üzərində dayanıldı. Mehmet Fuad bir il əvvəl
də sovet Rusiyasında olmuş, əsası 1725-ci ildə
qoyulan Rusiya EA-nın 200 illik yubiley təntənələrində
iştirak etmişdi. Hətta elmi uğurları yüksək
qiymətləndirilmiş, türk alimləri sırasından
birinci (yanılmıramsa, həm də sonuncu!) elm adamı kimi
SSRİ EA-nın xarici müxbir üzvü seçilmişdi.
Amma bu, heç bir halda hökumətdə təmsil
olunduğu dövrdə Türkiyənin NATO
üzvlüyünə səs verən gələcək xarici
işlər nazirini və görkəmli ədəbiyyatşünas
alimin sovetlərin təsiri altına düşməsi
anlamına gələ bilməz.
Əli bəy Hüseynzadə
Təşkilatçıların türk birliyi
ideyasının ideoloqu Əli bəy Hüseynzadənin
qurultayda iştirakını mümkün və məqbul
saymalarının səbəbləri sırasında isə
onun dövrün türk fikir tarixində nüfuz sahibi kimi
tanınması ilə bir sırada əqidə dostları və
həmkarlarının bir çoxu ilə müqayisədə
siyasi proseslərə yaxından təmas etməməsi, bütünlükdə sovet rejiminə
loyal münasibət bəsləməsi idi. Yəqin ki, həm
bu amilin təsiri, həm də mühacirlər arasına
ayrı-seçkilik salmaq niyyəti ilə üstünlük
Əli bəyə verilmiş, Əhməd Ağaoğlu, yaxud
Zəki Vəlidi Toğan ümumtürk miqyaslı
ziyalılar türkoloji qurultaya dəvət ala bilməmişdilər.
Səkkiz illik ayrılıqdan sonra qonaq qismində də
olsa vətənə dönmək Əli bəy
üçün həyatının unudulmaz hadisəsi idi. Hər
halda bu görüşün ardınca gələn
ayrılığın həyatının sonuna qədər
davam edəcəyinin fərqinə varmamış deyildi. Ona
görə də Bakıdakı günlərini maksimum səmərəli
keçirməyə, həm yaxın və doğmaları, həm
də fikir və əqidə dostları ilə daha çox
ünsiyyətdə olmağa
çalışmışdı. Hətta ata-baba yurdu
Salyanı da ziyarət etməyə imkan tapmışdı.
Əksər ailə üzvlərinin bir araya
toplandığı məşhur foto-şəkil də həmin
günlərin yadigarıdır.
Vətənində Əli bəyi gözlədiyindən
daha böyük minnətdarlıq və ehtiram hissi ilə
qarşılamışdılar. Türk dünyasına
çoxillik xidmətlərinə ehtiram əlaməti, Türkiyə
və Azərbaycan elminin təmsilçisi kimi ilk iclasda onu
görkəmli alman türkoloqu V.Y.Banq, Danimarka alimi,
Orhun-Yenisey abidələrinin deşifrə edilməsi
işinin pioneri V.Tomsen, həmin dövrdə dəbdə olan
məşhur sovet dilçisi, akademik N.Y.Marr, SSRİ Xalq Maarif
komissarı A.V.Lunaçarski və Azərbaycan SSR Xalq Maarif
komissarı M.Z.Quliyevlə birlikdə qurultayın fəxri rəyasət
heyətinə seçmişdilər. Bakıda olduğu
günlərdə bəlli fikir ayrılıqlarına
baxmayaraq, yalnız ziyalılarla
deyil, Azərbaycan hökumətinin bir sıra üzvləri ilə
görüşmüş, təkcə elmi deyil,
ictimai-maarifçi xarakterli tədbirlərə də
qatılmışdı.
Birinci Türkoloji qurultay haqqında dəyərli
araşdırmanın müəllifi Elçin İbrahimovun
doğru müşahidə etdiyi kimi "...Əli bəyin
uzun fasilədən sonra Bakıya gəlişi Azərbaycan cəmiyyətində
böyük təəssürat yaratmışdı. Onun şərəfinə
müsamirələr və ziyafətlər təşkil
olunmuş, qəzetlərdə tez-tez onun haqqında yazılar
dərc edilmiş və Azərbaycan Yazıçılar Cəmiyyəti
tərəfindən fəxri üzv seçilmişdi. Bu hadisələr
onun intellektual və mədəni nüfuzunu əyani şəkildə
nümayiş etdirirdi. Əli bəy Hüseynzadə
Türkoloji Qurultayda yalnız sonuncu iclasda
çıxış etmişdi, lakin bu çıxış
onun akademik fəaliyyətinin və türkoloji elmin Azərbaycan
ədəbi mühitində yayılmasının mühüm
məqamını təşkil edirdi".
Bütün həyatı boyu təvazökarlığı
ilə seçilən, Səməd Ağaoğlunun çox dəqiq
şəkildə "pərdə arxasındakı adam"
kimi təqdim etdiyi Əli bəy qurultayın son iclasında
qısa bir çıxışla kifayətlənmişdi.
Əvəzində məxsusi olaraq türkoloqların beynəlxalq
forumu üçün hazırladığı "Qərbin
iki dastanında türk" adlı tarixi-fəlsəfi
traktatı 1926-cı ildə Bakıda kitab şəklində
nəşr edilmişdi. Görkəmli ədəbiyyatşünas-alim
Əziz Mirəhmədovun "Əli bəyin bütün
dünyagörüşü, ədəbi, elmi fəaliyyəti
üçün dönüş nöqtələrindən
biri" adlandırdığı əsər həqiqətən
də bir qurultay məruzəsindən çox bəlkə də
ayrıca bir elmi toplantı üçün material təşkil
edəcək dərinliyə və genişliyə malik idi.
"Qərbin iki dastanı" deyərkən italyan
İntibah şairi Torkvato Tassonun (1544-1595) "Azad olunmuş
Yerusəlim" və Portuqaliya İntibahını görkəmli
nümayəndəsi Luis de Kamoensin (1524-1580) "Luziada"
milli epik poemasını nəzərdə tutan
Ə.Hüseynzadə bu klassik əsərlərə istinadən
yalnız tarixi aspektdə Qərbin türklərə
münasibəti mövzusunu
deyil, daha geniş perspektivdə Qərb-Şərq münasibətlərini
diqqət mərkəzinə gətirmişdi.
Əli bəy tarixi vətənində
ilk türkoloji qurultayın hazırlanmasına da müəyyən
töhfə vermişdi. 1920-ci illərin ortalarında
Türkiyəyə gəlib burada Etnoqrafiya Muzeyi qurmaq və
universitetdə macarşünaslıq kafedrası yaratmaqla məşğul
olan məşhur macar türkoloqu Dyula Mesaroşun Bakıya gəlməsində
Əli bəyin təlqinlərinin də mühüm təsiri
olmuşdu. Başqa sözlə desək, onun nüfuz və əlaqələri
tədbirin daha yüksək səviyyəli təşkilinə
müəyyən fayda gətirmişdi.
Nəhayət, mühüm məqamlardan biri də
Əli bəy Hüseynzadənin Türkoloji qurultayda
iştirak naminə hər hansı prinsip, yaxud mövqeyindən
geri çəkilməməsi sayıla bilər. Səfər
yoldaşı Mehmet Fuad Bakıya türk xalqları
üçün ərəb əlifbasının vacibliyi qənaəti
ilə gəlmişdi. Qurultayı isə inanclı
"latınçı" kimi tərk etmiş, hətta bu
mövqe dəyişkənliyinə görə Qazi Mustafa
Kamalın tərifinə layiq görülmüşdü.
Əli bəy Hüseynzadə hələ "Həyat"
qəzetində çalışdığı dövrdə
türklərin min ildən bəri istifadə etdikləri ərəb
əlifbasının maarifin və ictimai tərəqqinin
yolunda əsla əngəl olmadığı qənaətində
idi. Bir məqaləsində Çin və yapon ieoroqliflərinin
ərəb hürufatından qat-qat çətin və
mürəkkəb olduğunu göstərərək bunun
müqabilində çinli, yaxud yaponların asan əlifba
sevdasına düşmədiklərini, milli yazı ənənələrinə
sadiq qalaraq tədricən dünyanın savadlı xalqları
sırasına çıxdıqlarını yazırdı.
İstək, zəhmət və iradə olduğu təqdirdə
eyni uğuru ərəb əlifbası ilə də
qazanmağın mümkünlüyünü isbat edirdi. Təbii
ki, Birinci Türkoloji qurultayın latın əlifbasına
keçidlə bağlı verdiyi qərar onu çox da məmnun
etməmişdi. Əlifba dəyişimini əməli nəticəsi
ilk növbədə mətbuat və
nəşriyyat sahəsində görünməkdə
olan türk birliyi ideyasına və ortaq türkcəyə zərbə
kimi qiymətləndirmişdi.
lll
Qurultayın bir sıra tanınmış
iştirakçıları tədbir başa çatandan sonra
fikirlərini geniş ictimaiyyətlə
bölüşmüş, mətbuata müsahibələr
vermiş, məqalə və qeydlərini çap
etdirmişdilər. Bu baxımdan Əli bəy Hüseynzadə
də istisna deyildi. Elmi icmal və ümumi təəssürat
və məlumat xarakteri daşıyan qeydləri onu həm də
qurultayın ilk tarixçilərindən biri adlandırmağa
imkan verir.
Qeydlər uzun müddət əlyazması şəklində
Əli bəyin arxivində mühafizə olunmuşdur. Ondan
sadəcə türk fikir tarixi haqqında əsər üzərində
işləyən Hilmi Ziya Ülkənin (1901-1974) qismən
istifadə etmişdi.
Birinci Türkoloji qurultayın açılış
günü
İlk dəfə Türkiyədə yaşayan Azərbaycan
əsilli tədqiqatçı Əli Heydər Bayat tərəfindən
Atatürk Kültür Mərkəz
Başkanlığının "Fikir və sənət
adamları" seriyasından "Hüseynzade Ali Bey"
kitabında (Ankara, 1998) "Hüseynzade Ali Bey`in 26 Şubat
1926`da Bakü I Türkoloji Konqresinde tuttuğu notların özeti" adı
altında (səh. 63-69) çap olunub. Mətndən də
göründüyü kimi, Əli Heydər Bayat bir
çoxunu ilə ilk dəfə eşitdiyi şəxs
adlarının düzgün transkripsiyasında ciddi çətinliklə
üzləşib. Ona görə də bəzi adların dəqiq,
düzgün oxunuşunu verə bilməyib. Məsələn,
onun Koçlu Odabaşı şəklində təqdim etdiyi
ad heç şübhəsiz, Kerçli Odabaşı şəklində
oxunmalıdır və söhbət qurultaya Krımdan
qatılan krım-tatar alimi Həbibulla Odabaşdan gedir. Yaxud
"Komik Eyyubov" heç şübhəsiz, qurultayda
Dağıstan heyətinin tərkibində iştirak edən
qumuq alimi Alimcan Eyyubovdur. Əksərən rus-slavyan mənşəli
digər ad və soyadların da bəlli bir təhrifə
uğradığını görmək mümkündür.
Qeydlər çapa hazırlanarkən onlar hamısı islah
edilib.
Birinci Türkoloji qurultayın 100 illiyinin ölkəmizdə
və türk dünyasında geniş şəkildə qeyd
edildiyini nəzərə alaraq Əli bəy Hüseynzadənin
100 il bundan qabaq mühüm elmi forumun gedişi zamanı qələmə
alınmış qeydlərini tam şəkildə müasir
oxucuya çatdırmaqda fayda görürəm.
Əli bəy Hüseynzadənin Türkoloji qurultaydan
qeydləri
1926-cı il fevralın 16-da İstanbuldan yola
çıxdıq. Fuad Köprülü, Etnoqrafiya muzeyinin
direktoru Mesaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan
professor Menzel ilə birlikdə idik. 26 fevral 1926-cı ildə
Səməd Ağam oğlu Malıyev (əslində Səmədağa
Ağamalıoğlu olmalıdır, Əli bəyin bilərəkdən,
yaxud yanlışlıq üzündən Azərbaycanın
bolşevik liderlərindən birinin soyadını təhrif edərək
gülməli şəklə salmasının səbəbi məlum
deyil - V.Q.) Qurultayı açdı. Bir neçə nitq
söyləndi. Məclisdən sonra Əli Heydər Qarayevlə
görüşdüm.
27 fevral 1927-ci il, cümə günü səhər
saat 10-da Bartold (V.V.Bartold, akademik, məşhur rus və sovet
şərqşünası. Qurultayın ilk iclasında
"Türk xalqları tarixinin öyrənilməsinin
müasir vəziyyəti və ən yaxın vəzifələri"
mövzusunda məruzəsi dinlənilmişdi. Bundan sonra
mötərizə içində verilən bütün
aydınlaşdırıcı qeydlər mənimdir -V.Q.) ərəb
və fars qaynaqları əsasında Teymur tarixindən bəhs
etdi. VII yüzillikdə Orhun yazıları ilə özlərini
Türk adlandıran bir xalq tarix səhnəsinə
çıxır. Yeni araşdırmalara görə, Çin
ədəbiyyatında indiyə qədər məlum olmayan bir
sıra vəsiqələr aşkar edilib ki, onlar Türk
tarixinin ilk dövrlərinə işıq salmağa imkan
verir. Bundan sonra o, "Gırğız" istilahının
filoloji kökündən söz açdı. Bartoldun qənaətinə
görəs türklər islamiyyəti öz istəkləri
ilə, heç bir təzyiq olmadan qəbul etmişdilər.
Çin, Yava, Sumatra və Afrikada islamiyyətin
yayılması da eyni şəkildə baş tutmuşdu.
İslamı hər bir xalq qəbul edə bilər. Bartold
burada türkmən kəlməsinin etimologiyası üzərində
də dayandı. İkincisi, Borodinin referatı (əslində
İ.N.Borozdin olmalıdır. Mövzu: "Tatar mədəniyyəti
sahəsində ən yeni tapıntılar" idi. Mövzusu
Qazan və Volqa tarixi və abidələri ilə bağlı
idi. Məsələ ilə əlaqəli şəkildə
Qazan tarixi haqqındakı ən son araşdırmalardan bəhs
etdi. 1924-1925-ci illərdə Volqaboyunda yeni qazıntılar
aparılmışdır. Altın Ordaya dair rus və ərəb
tarixlərindəki aşağılayıcı fikir və
mülahizələrin əksinə olaraq bölgədə
yüksək bir mədəniyyətin mövcudluğu diqqəti
çəkməkdədir. Bu araşdırmalardan sonra
artıq Altın Orda mədəniyyətindən və gözəl
sənətlərindən bəhs etmək imkanı
yaranmışdır. Bundan sonra natiq 1925-ci ildə
Bağçasarayda aparılan qazıntılar üzərində
dayanaraq aşağıdakıları qeyd etdi:
1. Bu araşdırmalar indiyə qədər məlum
olanlardan başqa tamamilə yeni mətləblər üzə
çıxarır;
2. Abidələr, yazılı daşlar və
başqa yüksək sənət əsərləri bölgəyə
Səlcuqların və Məmlüklərin təsirini
göstərməkdədir. Qazıntılar nəticəsində
bir də karvansara aşkara
çıxarılmışdır. Orada bir çox əşyalar,
keramika nümunələri, habelə emalatxana
tapılmışdır. İndiyə qədər Bizans
keramikası kimi təqdim edilən bəzi əşyalar həmin
emalatxanada düzəldilmişdir. Bu dövrdən qalma ipək
parçalar, XIV əsrə aid bir türbədə isə digər
əsərlər əldə
olunmuşdur. Araşdırmalar davam etdirilməkdədir.
Əziz Abdullinin (əslində Q.A.Qubaydullin,
tarixçi və türkoloq. Həmin dövrdə Bakı
Universitetinin dosenti. Qurultayın ikinci iclasındakı əhatəli
məruzəsinin adı: "Türk-tatar xalqlarında tarixi ədəbiyyatın
inkişafı") referatı türkcə idi. Əksəriyyət
ruscadan türkcəyə və türkcədən ruscaya tərcüməyə
ehtiyac olmadığına qərar verdi. Rudenkonun referatı
(S.İ.Rudenko, Leninqrad şərqşünaslıq məktəbini
təmsil edən tarixçi və etnoqraf. Məruzə
mövzusu: "Türk tayfalarının etnoqrafik baxımdan
öyrənilməsinin müasir vəziyyəti və ən
yaxın vəzifələri") türkcə yeni xalq ləhcəsinə
aid olduğundan anlaşılması da daha asan idi. Türk
xalqlarının etnoqrafik xəritəsi rənglərlə
göstərilir. Şimal-Cənub, Şərq-Qərb,
Çadırların (Kudumku - mətndə mötərizə
arasında verilən bu sözün mənasını
aydınlaşdırmaq mümkün olmadı. Kudum adlı əski
türk musiqi aləti ilə bağlılığı
mümkündür - V.Q.), türklər və monqollarda geyimlərin
müxtəlif növləri - başlıqlar, ayaqqabılar,
köynəklər, qadınların baş örtüləri,
mətbəx və yeməklər, adət-ənənələr,
qadınların yaşayış tərzi və qiyafələri
ləhcə tədqiqi vasitəsi ilə gözdən
keçirildi. On dəqiqəlik tənəffüsdən sonra
söz Mesaroşa (D.Mesaroş, macar türkoloqu, etnoqraf. Məruzə
mövzusu: "Anadolu və Balkan türklərinin
etnoqrafiyasının öyrənilməsi ilə bağlı
müasir vəziyyət və qarşıda duran vəzifələr")
verildi. O, Ankaradakı Türk Muzeyinin son illərdəki
araşdırmalarından bəhs etdi, Anadolunun ən qədim
xalqlarının, elamların əski Qafqaz qövmləri ilə
mədəni münasibətləri məsələsinə
toxundu. Şorşin (əslində Q.F.Çursin,
etnoqraf-qafqazşünas, qurultaydakı məruzəsinin
mövzusu "Qafqaz türklərinin etnoqrafik baxımdan
öyrənilməsinin ən ümdə vəzifələri"
idi) öz çıxışında Qafqaz dilləri
haqqında danışdı. Qafqazda əlliyə qədər
dil olduğunu dedi. Bunlardan on ləhcəni Qafqaz türkləri
danışır və bütünlükdə ümumi əhalinin
25 faizini təşkil edirlər. Miller (A.A.Miller, alman əsilli
rus türkoloqu, məruzə mövzusu: "Türk
xalqlarının təsviri sənəti haqda") nitqini rusca oxudu.
Dilentantlığın zərərlərindən
danışdı. "Xoşa gələndir, yaxud gəlməyəndir"
- mövqeyindən çıxış etsək, elm irəli
getməz" - dedi.
Alimcan Şofof (mətndə bu şəkildə
getmişdir. Əslində qurultayda Tatarıstanı təmsil
edən Qazan Ali Pedaqoji İnstitutunun müəllimi,
yazıçı və türkoloq Alimcan Şərəf nəzərdə
tutulur) ayrı-ayrılıqda hər türk xalqının
iqtisadi vəziyyətindən (mətndə belədir,
çox güman ki, müəllif iqtisadi inkişafın, yeni
təsərrüfat sahələrinin yaranmasının dilin zənginləşməsinə
təsiri məsələsini diqqətə çatdırmaq
istəmişdi) və sosial təbəqələrindən bəhs
etdi. Nimet Hakim (söhbət qurultaya Daşkənddən gəlmiş
Qazan tatarı, jurnalist Nemət Hakimov haqqındadır) tatarca
kimi tanınan türk ləhcəsində danışdı.
Milli həyat şərtləri daxilində buddizm, marksizm təsirlərini
və onların təcəssümlərini
araşdırdı. Daha sonra Osmanlıca yazılmış
kitabdan bir neçə sətir, ardınca isə Qazan ləhcəsində
yazılmış digər kitabdan bir neçə sətir
oxuyur. Sonra ikisi arasındakı tələffüz və
anlaşıqlılıq fərqinin
böyüklüyünü göstərir.
Günortadan sonra Savaşkin (əslində
A.M.Sabaşkin - qurultaya Ulan-Udedən qatılmışdı)
danışdı. Özü Oyrot xalqının (qərbi
monqolların, habelə kalmık və cunqarların ümumiləşmiş
adı) təmsilçisidir. Diqqət çəkən
sözləri arasında başlıca bunları söylədi:
"Hansı millətə mənsub olduğumu bilmirəm.
Başqaları ilə təmasa girəndən sonra anladım
ki, nə kalmık, nə də monqolam. Dopdoğru bir türkəm!"
1.Türk olduğumun tarixi dəlilləri; 2. Adət və
ənənələr halında olan dəlillər - deyə
iki istiqamətdə məsələyə aydınlıq gətirdi.
Bu müqəddimədən sonra Oyrot məmləkətinə
gerçəkləşdirilən üç elmi səyahət
(expedition) haqda məlumat verdi. Ardınca isə qurultay
iştirakçılarının xahişinə əsasən
nitqini Oyrot dilində təkrar etdi. Ondan sonra söz alan Yakovlev
(N.F.Yakovlev - qafqazşünas və linqvist, nəzəri və
tətbiqi linqvisitika üzrə mütəxəssis, Moskva təmsilçisi.
Qurultayın doqquzuncu iclasında "Türk qövmlərinin
sosial-mədəni mövcudluq şərtləri və
yazı sisteminin bərqərar olması ilə əlaqəli
şəkildə əlifba məsələsi"
mövzusunda məruzə etmişdi) də dil məsələsinə
toxundu. Alim Yunusov (Qazi Alim Yunusov, özbək
folklorşünası və tarixçi) doğma ləhcəsi
olan özbəkcə danışdı. Özbəkcənin
Sart şivəsi ilə bağlı məsələyə
aydınlıq gətirməyə çalışdı.
Sayları otuz ikiyə çatan özbək uruqları (soy, nəsil
- V.Q.) arasında özlərinə macar deyənlər də
var.
Koçlu Odabaşı (əslində adın birinci
hissəsi düzgün oxunmayıb, Koçlu yox, Kerçli
Odabaşı olmalıdır. Söhbət qurultaya Simferopoldan
(Ağməscid) qatılan Krım Dövlət Universitetinin
müəllimi, dilçi və ədəbiyyatşünas Həbibulla
Odabaşdan gedir. Qurultayın səkkizinci iclasında
"Türk dillərində terminologiya" mövzusunda məruzə
etmişdi) Krımda etnoqrafik materiallar toplamaq işi üzərində
dayandı. Orada bütünlüklə özünü bu vəzifəyə
həsr etmiş cəmiyyətin olduğunu söylədi.
Keçən il Poroştinin (yanlışdır, əslində
İ.N.Borozdin olmalıdır) də xatırlatdığı
kimi, Krım içərisində bir elmi heyətə bələdçilik
etdiklərini bir daha yada saldı.
Sağdan Salman Mümtaz, Əli bəy Hüseynzadə,
Mehmet Fuad Köprülüzadə
Daha sonra Komik Eyyubov (Əli Heydər Bayatın təqdim
etdiyi mətndə belə getmişdir. Əslində söhbət
Qafqaz türklərinin təmsilçisindən - qumuq nümayəndəsi
Alimcan Əyyubovdan getdiyi üçün ad da Qumuq Eyyubov
şəklində oxunmalıdır) danışdı.
Özündən əvvəlki natiqlərin tədqiqat
azlığından şikayətlənmələri fikrini tənqid
etdi. "Qurultayın tarixi dəyəri bundan sonra müxtəlif
sahələrdə aparılmalı olan tədqiqatların
proqramını hazırlamaqdır" - deyə bildirdi.
Başqırd Şakirov (Zakir Şakirov - Ufa elmi-tədqiqat
institutunun əməkdaşı) başqırdca
çıxış etdi. Nitqində Başqırd dilində
digər türk ləhcələrində olmayan səslərin
və hərflərin mövcudluğuna toxundu. Petrof
Tovariç (soyad yanlış oxunub. Söhbət
Çuvaş Milli Muzeyinin yaradıcısı, etnoqraf və
pedaqoq M.P.Petrov-Tinexlidən gedir - V.Q.) rusca danışdı.
Əsli Çuvaşdır. Çuvaşların ölkəsi
ruslarla tatarlar arasında uzun müddətli savaşlara səhnə
olmuşdur. Nəticədə aydınlar məhv edilmiş,
orta təbəqə sürgünə göndərilmiş,
yalnız sadə insanlar qalmışlar. Aşmarin
(N.İ.Aşmarin - dilçi, türkoloq və dialektoloq. Azərbaycan
türkcəsinin Nuxa-Şəki dialektinin ilk tədqiqatçısı.
Həmin dövrdə Bakı universitetinin professoru idi.
Qurultayın beşinci iclasında "Türkologiyanın
keçmişi və müasir vəziyyəti haqqında bəzi
fikirlər" adlı məruzə ilə
çıxış etmişdi) Çuvaş dilinin
qrammatikasını hazırlamışdır. Biz də dəvət
ediləcəyimizə ümid edirdik. Həqiqətən də
dəvət edildik. Təşəkkür edirik (Çox
ehtimal ki, söhbət məruzə ətrafındakı
müzakirələrə dəvətdən gedir - V.Q.)
Marrın araşdırmalarına görə, Çuvaşlar
çox qədim bir xalqdır.
İştirakçıların xahişi ilə nitqini
Çuvaş dilində bitirdi və çoxlu alqış
qazandı.
Rodenko (əslində S.İ.Rudenko, tarixçi və
etnoqraf) Leninqrad Etnoqrafiya Muzeyinin direktorudur. Məruzəsi
Oyrotlar haqqında idi. "Altay dağları
Türklüyün qaynağıdır" - dedi. Tarix
baxımından sayları az olan qövm və qəbilələrin
də əhəmiyyəti vardır. Yakut Cümhuriyyətində
Yakutlar haqqındakı çalışmalarda böyük irəliləmə
var. Amma indiki halda ayrıca bir muzey qurulması olduqca çətin
məsələdir. Krımlı Çobanzadə
(B.V.Çobanzadə, Bakı universitetinin professoru,
türkoloq, şair və ədəbiyyat tarixçisi.
Üçüncü iclasda "Türk ləhcələrinin
yaxın qohumluğu haqqında", səkkizinci iclasda isə
"Elmi terminologiya sistemi haqqında" adlı məruzələrlə
çıxış etmişdi) türkcə
danışdı: "Birinci qurultay dil və ədəbiyyat
məsələləri üzərində toplanmış bir
qurultaydır. Orhun kitabələrindən Osmanlı şivəsinə
qədər bir çox laçunələr (qaranlıq məqamlar
- V.Q.) var. Bunlar meydana çıxmayana qədər ehtimallar
dairəsindən qurtara bilməyəcəyik. Mahmud Kaşqaridən
zamanımıza qədər keçən səkkiz yüz il ərzində
elmi baxımdan şivələrin təsnifi, praktik baxımdan
dilin istifadə vasitələrinin hazırlanması
(sözlük, qrammatika və s.) lazımdır. Dil və ədəbiyyat
araşdırmalarında əsas mərkəzlər
İstanbul, Qazan, Bakı, Daşkənd və başqa yerlərdir".
28 fevral 1926-cı il. Bazar günü. Poupe (əslində
N.N.Poppe - linqvist, etnoqraf, Ural-Altay ailəsi, türkologiya və
monqolşünaslıq üzrə mütəxəssis. Məruzəsinin
mövzusu: "Altay dillərinin qarşılıqlı
qohumluq məsələsinin tarixi və müasir vəziyyəti")
danışdı. Altay dillərinin müqayisəli öyrənilməsindən
bəhs etdi. Bu məsələdə hələlik kəskin qərarlar
vermək zamanının gəlib
çatmadığını və həllini tələb edən
bir çox məqamların olduğunu diqqətə
çatdıraraq sözlərini bitirdi. Genko (A.N.Qenko, linqvist,
etnoqraf və qafqazşünas, qurultayda onun "Türk dillərinin
yafəti dilləri münasibəti haqqında" adlı məruzəsi
dinlənilmişdi) Türk dili ilə monqol dili və başqa
qonşu dillər arasındakı fərqlər və
münasibətlərdən bəhs etdi. Çobanzadə
Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik
teleqramını oxudu. Zifeld (A.R.Zifeld-Simumyaqi, eston əsilli
altayşünas, türkoloq. Məruzə mövzusu:
"Türk dillərində elmi terminologiyanın yaranması
prinsipləri haqqında") Şuraların İran təmsilçisinin
təbrikini oxudu. Bu arada daha bir çox teleqraflar və
Marrın teleqrafı oxundu.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.8-9.