Üfüqi monitorinq
Kölgə iqtisadiyyatını azaltmaq
üçün yeni sistem
Məlum olduğu kimi, Vergi Məcəlləsinə
edilən dəyişikliklərə əsasən, bu ildən
Azərbaycanda üfüqi monitorinqin tətbiqinə start
verilib. Vergi sistemində yeni mərhələnin
başlanğıcı kimi qiymətləndirilən bu mexanizm
vergi ödəyiciləri ilə dövlət orqanları
arasında qarşılıqlı nəzarət, məlumat
mübadiləsi və şəffaflıq əsasında əməkdaşlıq
formatı yaradacaq. Bu sistem yoxlamasız nəzarət deməkdir.
Hazırda vergi orqanının əməkdaşları
monitorinq aparmaq üçün müəssisəyə gəlir,
sənədlər toplayırlar. Nəticədə yoxlama
prosesi bəzən bir neçə ayadək uzanır. Dəyişiklikdən
sonra isə hər şey elektron şəkildə, real vaxtda
izlənəcək. Beləcə, vergi orqanı şirkətin
məlumatlarına elektron formada baxacaq, sahibkar isə prosesi
mütəmadi şəkildə izləyə biləcək.
Bu, həm şəffaflıq yaradır, həm də
sahibkarı gözlənilməz yoxlamalardan qoruyur.
Üfüqi monitorinqin əsas məqsədi vergilərin
düzgün hesablanması, vaxtında və tam şəkildə
ödənilməsinə nəzarətin daha müasir və
effektiv formada aparılmasıdır. Eyni zamanda, bu sistem ənənəvi
vergi yoxlamalarından fərqli olaraq, vergi ödəyiciləri
ilə daimi və operativ əlaqə modeli qurmağı nəzərdə
tutur.
Üfüqi monitorinq modeli ilk dəfə Niderlandda
2005-ci ildə tətbiq olunub və sonradan Avstraliya,
İrlandiya, Danimarka, Yaponiya və Norveç kimi ölkələrdə
vergi sistemlərinin əsas komponentlərindən birinə
çevrilib. Bu sistemin məqsədi dövlət orqanları
ilə biznes arasında qarşılıqlı etimadın
qurulması və könüllü vergi intizamının təşviq
edilməsidir. Ənənəvi audit yanaşmalarından fərqli
olaraq, üfüqi monitorinq qarşılıqlı şəffaflıq,
risklərin əvvəlcədən aşkarlanması və
ortaq məsuliyyət prinsipinə əsaslanır. Bu, həm
dövlətin nəzarət yükünü azaldır, həm
də biznes mühitində proqnozlaşdırıla bilənlik
yaradır.
Azərbaycan üçün bu modelin tətbiqi
xüsusilə iri və orta sahibkarlıq subyektləri
üçün mühüm əhəmiyyət
daşıyır. Çünki yeni qaydalara əsasən,
üfüqi monitorinqə yalnız müəyyən texnoloji və
institusional tələbləri qarşılayan şirkətlər
daxil ola biləcəklər. Mühasibat uçotunun
avtomatlaşdırılmış proqram təminatı ilə
aparılması və daxili nəzarət sistemlərinin tətbiqi
bu prosesin əsas şərtlərindəndir. Bu, bir tərəfdən
rəqəmsal transformasiyanın sürətlənməsinə,
digər tərəfdən isə biznesin daxili idarəetmə
standartlarının beynəlxalq tələblərə
uyğunlaşdırılmasına təkan verəcək. Beləliklə,
üfüqi monitorinq həm fiskal intizam, həm də korporativ
mədəniyyət baxımından müsbət təsir
potensialına malikdir.
İqtisadçı millət vəkili Vüqar
Bayramov deyir ki, bu sistem vergi risklərini vergi orqanına əvvəlcədən
açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki,
səyyar vergi yoxlamalarının keçirilməsi yalnız
istisna hallarda mümkün olacaq: "Praktik olaraq, yeni qaydalar səyyar
yoxlamaların sayını daha da minimumlaşdıracaq.
Bütövlükdə, son illər səyyar yoxlamaların
sayının azalması müşahidə olunur. 2024-cü
ildə 800 mindən çox aktiv vergi ödəyicisinə
münasibətdə cəmi 384 səyyar vergi yoxlaması
aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə
müqayisədə 29 faiz, 2018-ci ilə nisbətən isə
5 dəfə azalıb. Yeni monitorinqdə vacib məqamlardan
biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq
olunmamasıdır. Yeni dəyişikliklərə əsasən,
risklər əvvəlcədən vergi orqanına
açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək.
Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən
aşkar edildikdə 25 faiz maliyyə sanksiyası tətbiqi nəzərdə
tutulur. Vergi orqanı "üfüqi monitorinq"in əhatə
etdiyi dövr ərzində təqdim edilən məlumatları
elektron formada izləyəcək. Yeni sistemin əsas
üstünlüyü əvvəlcədən məsləhətləşmə
mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə
intizamının və korporativ idarəetmənin
yaxşılaşmasına xidmət edəcək
"üfüqi monitorinq" iştirakçılarına əsas
vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və
ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi
də nəzərdə tutulur".
Millət vəkili bildirib ki,
avtomatlaşdırılmış uçotu aparan və daxili
nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar
"üfüqi monitorinq"ə qoşula bilərlər.
Bu, həmçinin orta və iri ödəyicilərlə
vergi orqanları arasında şəffaf əməkdaşlıq
mexanizmi kimi xarakterizə olunur.
Azərbaycan iqtisadiyyatında son illərdə rəqəmsallaşma,
vergi inzibatçılığının sadələşdirilməsi
və şəffaflığın artırılması istiqamətində
görülən tədbirlər fonunda üfüqi monitorinq
bu siyasətin növbəti mərhələsi kimi
çıxış edir. Bu, həm də dövlətin vergi
sisteminin beynəlxalq standartlara inteqrasiyası və riskə əsaslanan
idarəetmə mexanizmlərinə keçidini göstərir.
Bu modelin uğurlu tətbiqi nəticəsində vergi sisteminin
çevikliyi və biznesin hesabatlılıq səviyyəsi
yüksələr, eyni zamanda, dövlətin fiskal
dayanıqlığı daha da güclənər.
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə
görə, üfüqi monitorinqə qəbul edilən vergi
ödəyicilərində monitorinqlə əhatə olunan
hesabat dövrləri üzrə səyyar və kameral vergi
yoxlamaları keçirilməyəcək. Üfüqi
monitorinqin predmeti vergilərin düzgün hesablanmasına, tam
və vaxtında ödənilməsinə nəzarətdən
ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici
dövlətlərin səlahiyyətli orqanlarından sorğu
və xaricdən əldə olunan gəlirlər üzrə
müvafiq məlumatların araşdırılması digər
vergi nəzarəti tədbirləri ilə aparılır və
üfüqi monitorinqlə əhatə edilməyəcək.
İlk növbədə bu sistemə qoşulan şirkətlər
vergi yoxlamasından böyük ölçüdə azad
olacaqlar. Belə ki, monitorinqdə olan şirkətlərdə
səyyar və kameral yoxlamalar aparılmayacaq. Yalnız istisna
hallarda - transfer qiymətləri və xaricdən gələn
məlumatlar üzrə yoxlamalar aparıla bilər. Eyni
zamanda, həmin şirkətlər sanksiyalarda azadolma imkanı
da qazanacaq. Yəni riskləri əvvəlcədən
açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq
olunmayacaq: "Üfüqi monitorinq klassik vergi
yoxlamalarından fərqli olaraq, vergi orqanı ilə vergi
ödəyicisi arasında qabaqlayıcı və
qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
modelidir. Burada əsas məqsəd sonradan cərimə və
sanksiyalar tətbiq etmək deyil, riskləri əvvəlcədən
görmək və problemləri vaxtında aradan
qaldırmaqdır. Üfüqi monitorinq zamanı vergi ödəyicisi
öz maliyyə və vergi məlumatlarını daha
açıq və şəffaf şəkildə vergi
orqanı ilə paylaşır. Vergi orqanı isə bu məlumatları
təhlil edir, riskləri qiymətləndirir və
mümkün uyğunsuzluqlar barədə vergi ödəyicisini
əvvəlcədən məlumatlandırır. Bununla da tərəflər
arasında daimi dialoq formalaşır və mübahisəli məsələlər
böyümədən həll edilir. Vergi orqanları
üçün isə üfüqi monitorinq resursların daha
səmərəli istifadəsinə imkan yaradır. Riskli sahələrə
fokuslanmaq, könüllü vergi intizamını gücləndirmək
və kölgə iqtisadiyyatını azaltmaq bu modelin əsas
üstünlüklərindəndir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.7.