Türkiyənin cənnəti - Rizədən
reportaj
Qara dəniz bölgəsində yerləşən Rizə
Türkiyənin cənnəti adlandırılır.
Qışı hər nə qədər soyuq keçsə də,
yaz-yay aylarında təbiəti, havası, təpə
yamacları, zümrüd-yaşıl yaylaları, qaynayan
çayları və tarixi qalaları ilə göz
oxşayır. Rizəni, onun ən məşhur
yaylalarından olan Ayderi qışda ziyarət etmək
imkanım oldu. Ağappaq qar örpəyinə bürünən
bölgə qış fəslində nağıllar aləmini
xatırladır.
Rizə haqqında ilk təəssüratım elə
hava limanından başlayır. Təyyarə eniş edəndə
böyük armudu stəkan maketi diqqətimi çəkir. Bu
da səbəbsiz deyil. Rizə çayın vətənidir.
2022-ci ildə açılmış Rize-Artvin Hava Limanında
çay muzeyinin olduğunu bilirdim. Ona görə də vaxt
itirmədən muzeyi ziyarət etdim. Çay sevən biri
olaraq muzey mənim üçün daha böyük maraq kəsb
edirdi. Burada müxtəlif ölkələrə məxsus qədim
çayniklər, çay ənənələrini əks
etdirən təsvirlər, Rizədə istehsal olunan çay
növləri, armudu stəkan formasında oturacaqlar və s. sərgilənir.
Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə Prezident İlham
Əliyev Rize-Artvin Hava Limanının
açılışında iştirak edib. Azərbaycan lideri
öz çıxışında Rizəni cənnət adlandırıb:
"Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar
haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən
pəncərədən bu gözəl mənzərəni seyr
edərkən və artıq buradan seyr edərkən əziz
qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir".
***
Rizə adının mənşəyi ilə
bağlı müxtəlif fikirlər irəli
sürülüb. Bəzi mənbələrə görə,
Rizə yunan dilində "dağ ətəyi" mənasını
verir. Anadolunun şimal-şərqində, Kaçkar
dağları ilə Qara dəniz arasında, olduqca sərt ərazidə
yerləşən Rizenin tarixi haqqında kifayət qədər
məlumat mövcud deyil. Rizə bölgəsində
yaşayan ilk xalqlar iltisaqi dildə danışan Asiya qəbilələri
olub. Bölgənin adının ilk yazılı qeydi
eramızdan əvvəl 8-ci əsrə aiddir.
Rizə, xüsusilə təbiətsevərlər və
dağ turizmi ilə maraqlananlar üçün əvəzolunmaz
bir məkandır. Yay aylarında həm Türkiyənin
özündən, həm də digər ölkərdən,
Yaxın Şərqdən, Avropadan, Azərbaycandan,
Gürcüstandan turistlər
bura axın edir. İndi hədəflərdən biri də ərazidə
qış turizminin inkişafıdır. Düzdür,
qış turizmi, xüsusilə xizək turizmi var, amma bu,
kifayət qədər bahalı olduğu üçün
çox turist bölgəyə hələ ki, gəlmir.
***
Rizə yaylaları ilə məşhurdur. Kaçkar
dağlarının ətəklərində sakit atmosferdən,
təbiətin özünəməxsus gözəlliyindən
zövq almaq üçün insanların üz tutduqları
çoxsaylı yaylalar var. Onların sırasında
Handüzü, Çağrankaya, Vaşa, Petran, Demirkapı,
Sivrikaya, Anzer, Ovit, Gölyayla, Sal, Pokut, Hazindağ, Samistal,
Golezana, Palovit, Elevit, Amlakit, Çat, Verçenik,
Hacıvanak, Aşağı Kavron, Yuxarı Kavron, Ambarlı,
Kito və digərlərinin adlarını çəkmək
olar. Yayla həyatı iyunun əvvəlindən sentyabrın
ilk həftəsinə qədər, üç aylıq bir
dövrü əhatə edir. Yaylalar, insanların bolluğu
simvolizə edən bir-birinə gül suyu səpdiyi
üzüm yığımına həsr olunmuş
"Vartavor" festivalı ilə məşhurdur. Ənənəvi
xalq rəqsləri (horon) və dumanlı mənzərələr
yayla həyatının ayrılmaz hissələridir.
Çamlıhemşin rayonunun 19 km cənub-şərqində,
1218 metr yüksəklikdə yerləşən Ayder yaylası
həm də şimaldan Kaçkar dağlarına qalxmaq
üçün başlanğıc nöqtəsidir. Burada
tipik dağ evlərindən ailəvi qonaq evlərinə və
otellərə qədər bir çox qonaqlama təklif edilir.
Zəngin flora və faunası ilə yanaşı, şam
meşələri və Kaçkar dağları arasında
yerləşən isti bulaqları ilə da məşhurdur.
Türkiyə dövlətinin hədəfi Ayderi
dünya miqyasında bir platforma olaraq tanıtmaq, başqa
sözlə, Davosa çevirməkdir. Bu məqsədlə
artıq iki ildir ki, burada dünyanın müxtəlif ölkələrinin
nümayəndələrinin iştirakı ilə forumlar
keçirilir. Bu ay keçirilən İkinci Beynəlxalq Ayder
Forumu barədə danışan Rize valisi İhsan Selim
Baydaş deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan
çıxışlarında məmləkəti Rizənin,
eləcə də bütün Türkiyənin ən əsrarəngiz
təbiəti olan Ayder yaylasını Davos kimi dünya, milli və
beynəlxalq məsələlərin müzakirə mərkəzinə
çevrilməsi çağırışını ifadə
edir: "Bir baxış və məqsəd olaraq
qarşımıza qoyulan bu hədəfə çatmaq
üçün Ayderdə kifayət qədər yaxşı
imkanlar var".
Qeyd edək ki, birinci foruma dünyanın 10 ölkəsindən
ekspertlər, alimlər qatılıb, ikincidə isə rəqəm
40-ı keçib.
Ayderin təbiəti Davosun təbiətindən daha cəlbedicidir,
indi qalır onu bir beynəlxalq platforma olaraq tanıtmaq. Bunun
üçün isə səylər davam edir.
***
Ayderdəki "Kaçkar" otelin sahibi, uzun illər
otelçilik təcrübəsinə malik Dursun Canca bizimlə
söhbət zamanı bildirdi ki, hazırda Ayder yaylası daha
çox qonaqlama mərkəzinə çevrilib. Kaçkar
dağları ilə əhatə olunan ərazidə 100-ə
yaxın yayla var. Hər yaylanın isə ayrıca özəlliyi
var. Məsələn, Huser yaylasına insanlar gün
batımını izləmək üçün gedirlər:
"Huserdəki bu görüntü Qara dənizin ən
romantik mənzərəsidir. Günəş batdıqca
buludlar vadini pambıq kimi bürüyür. Burada səma ilə
göz təması qura bilərsiniz. Pokut isə Qara dənizin
ən fotogenik yaylasıdır. 2050 metr yüksəklikdə
bulud dənizinin üzərində, taxta evlərlə bəzədilmiş
cənnəti xatırladır. Bura insanlar gün
doğuşunu izləmək üçün gəlirlər.
Yaylada təpə və onun boyunca evlər yerləşir,
gözəl bir görüntüsü var.
Çeymaçur yaylası sükutun səsidir. Ayder
yaylasından 8 km yuxarıda yerləşən bura öz
sükutu ilə valeh edir. Çəmənliklərdən
duman keçdikcə, daş evlər arasında yalnız təbiət
danışır. Yaylaları görmək, onların hər
birinin özəlliyi ilə tanış olmaq üçün
insanları bura dəvət edirik. Əminik ki, onlar çox məmnun
qalacaqlar".
Qeyd edək ki, ərazidə qalalar da çoxdur. Həmsöhbətim
deyir ki, qışda yaylalar qapanır, indi oralarda 3-4 metr
hündürlüyündə qar var. Amma yayda bu yerlər
tamamilə fərqli bir məkana çevrilir:
"Qışda adətən burada beynəlxalq tədbirlərdə
iştirak üçün qonaqlar gəlir. Turist aktivliyi
qış fəslində azalır. Amma qış turizmi də
inkişaf edir. Kanat yolu sistemi, xizək yamacları və sair
kimi infrastruktur yenidir. Xizək sürmə çox
bahalıdır. Çünki yaylalara qalxmaq helikoperlərlə
mümkündür. Xizəkçiləri dağ zirvələrinə
helikopterlə endirildiyi və dik yamaclarda, yüksək ərazilərdə
xizək sürdüyü bir idman növü olan
"helikopterli xizəksürmə" idman növü
dünyada yalnız bir neçə mərkəzdə tətbiq
olunur. Sonra helikopterlər insanları yenidən
aşağı salır. Burada dünyada ikinci "helikopter
kayağı"na uyğun qar var, bu qarın özəlliyi
toz kimi olmasıdır və xizək sürmək
üçün çox uyğun bir qardır".
Dursun Canca əlavə edib ki, qışda əraziyə
daha çox Avropa ölkələrindən turistlər gəlir.
Burada yollara da böyük investisiyalar qoyulub. Bunun
üçün 4 illik bir layihə var idi, lakin 2 ilə
tamamlandı. Ərazidə xeyli tunellər inşa olunub ki, bu
da xüsusilə qışda nəqliyyatın hərəkətini
asanlaşdırır.
Ərazidəki termal suları təmizlənmədən
içmək olur və su bir çox xəstəliklər
üçün şəfa mənbəyi hesab olunur. Məlumata
görə, burdakı su qurğusu Səlcuqlu dövrünə
gedib çıxır. Termal bulağın suyunun vaxtilə bir
çox dərdlərin dərmanı olması, yaraları
sağaltması barədə hekayələr var. Söhbət
etdiyimiz oteldə çalışan əməkdaşlardan
biri dediyinə görə, mətbəxdə
çalışarkən barmağını kəsib və
sudan istifadə etdikcə kəsiyin
sağaldığını müşahidə edib.
***
Rizə çaydan əlavə, kivi, mandarin, balıq
növləri ilə də məşhurdur. Mətbəxi də
rəngarəngliyi ilə göz oxşayır. Rizə
qovurması, halva, laz börəyi, sarma, qara üzümdən
hazırlanan şirniyyat, mıhlama, minlərlə göyərti
növləri, bal, hamsi balığı mətbəxin
vazkeçilməzləridir. Laz börəyi yeməkdən
sonra çay ilə təqdim edilir. Diqqət çəkən
daha bir əsas məqam isə mətbəxdə təbii,
sağlam qidalara üstünlük verilməsidir. Bölgə
türk mətbəxinin mövsümə görə bənzərsiz
ləzzətlərini təqdim edir.
Beləliklə, qışı nağılları,
yayı cənnəti xatırladan Rizədə görüləcək-gəziləcək
çox yer var. Qalır görmək, gəzmək və kəşf
etmək.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2026.- 30 yanvar (№4).- S.5.