"Cəfər
Cabbarlı yaradıcılığında
soyqırım mövzusu"
müzakirə edilib
Ötən gün Cəfər
Cabbarlının ev-muzeyində 31 mart Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı tədbir
keçirilib. "Cəfər Cabbarlı
yaradıcılığında soyqırım mövzusu"
adlı tədbiri ev-muzeyinin baş elmi işçisi Qəmər
Seyfəddinqızı açaraq, tarix boyu azərbaycanlıların
üzləşdiyi erməni vəhşiliyindən
danışıb. O, ermənilərin millətimizin
başına açdığı müsibətlərin,
soyqırımı mövzusunun Cəfər Cabbarlı
yaradıcılığından da yan keçmədiyini, əsərlərində
öz əksini tapdığını deyib.
Filologiya elmləri namizədi,
alim Asif Rüstəmli və ev-muzeyinin direktoru Gülarə
Cabbarlı mövzu ilə bağlı məruzələrlə
çıxış ediblər. Bildirilib ki,
yazıçının "Bakı müharibəsi",
"1905-ci il" və digər əsərlərində erməni-azərbaycanlı
münaqişəsindən, xalqımızın başına
gətirilən faciələrdən bəhs olunur.
Tədbirdə rejissor Ələkbər
Muradovun C.Cabbarlı haqqında çəkdiyi "Etiraf"
sənədli filmi nümayiş olunub. Sonda A.Ələkbərov
adına Respublika İncəsənət Gimnaziyasının
müəllim və şagirdləri çıxış
edib, soyqırım qurbanları və şəhidlər
haqqında şeirlər səsləndiriblər.
ARİFƏ
525-ci qəzet.- 2009.- 1 aprel.- S.7.