"Molla Nəsrəddin" - Azərbaycan-2009" qaliblərinin sərgisi açılıb

 

V.Səmədova adına sərgi salonunda "Molla Nəsrəddin" məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş "Molla Nəsrəddin"- Azərbaycan-2009" Beynəlxalq karikatura müsabiqəsi qaliblərinin və mükafatçılarının əsərlərindən ibarət sərgi keçirilib.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin (AKRB) sədri, əməkdar incəsənət xadimi Bayram Hacızadə sərginin açılış mərasimində çıxış edərək. tədbirin Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Rəssamlar İttifaqının dəstəyi və rəhbəri olduğu qurumun təşkilatçılığı ilə keçirildiyini vurğulayıb.

Müsabiqədə 70 ölkədən 500-ə yaxın rəssam iştirak edib. İlk dəfə açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görülüblər. Azərbaycanlı karikaturaçılar isə müsabiqənin xüsusi mükafatını qazanıblar. "Molla Nəsrəddin" - Azərbaycan-2009"un mükafatlandırma mərasimində Azərbaycan sənətçilərindən Bəhram Bağırzadəyə həvəsləndirici, Seyran Cəfərliyə isə AKRB-nin xüsusi mükafatı verilib. Sərgidə tamaşaçılara 150-yə yaxın əsər təqdim olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 9 aprel.- S.7.