Müasir İncəsənət Muzeyində gənc fotoqrafların əsərləri sərgilənir

 

Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə Müasir İncəsənət Muzeyində 7 fotoqrafın əsərlərindən ibarət sərgi açılıb. Muzeydən verilən məlumata görə, sərginin açılış mərasimində tanınmış sənət adamları ilə yanaşı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da iştirak edib.

Tədbirdə layihənin kuratoru Sənan Ələsgərov gənc fotoqraflar Elnur Babayev, Fəxriyyə Məmmədova, İlkin Hüseynov, Rəna Əfəndi, Sergey Xrustalyov, Sitarə İbrahimova Təhminə Əhmədovanın 60-a yaxın əsərinin burada nümayiş olunduğunu bildirib.

Layihənin direktoru Asiyat Fətullayeva müəlliflərin sərgiyə çıxardıqları əsərlərdə onların müşahidələrini, düşüncələrini vizual şəkildə lentə almaq bacarığının öz əksini tapdığını vurğulayıb.

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov çıxışında gənc fotoqrafların yaradıcılığı barədə fikirlərini bölüşüb onlara uğurlar arzulayıb: Gənclərin əsərlərindəki obrazlar həmişəki kimi xeyir şərdən, sevgi nifrətdən, tənhalıqdan, əməkdən, yaxşılıqdan, xoşbəxtliyə can atmaqdan yaşamaq arzusundan qaynaqlanır. Burada sərgilənən əsərlər ilk dəfə nümayiş etdirilir, bu da gənc istedadların üzə çıxmasına şərait yaradır.

Açılış mərasimindən sonra tədbir iştirakçıları gənc fotoqrafların əsərləri ilə yaxından tanış olublar.

Sərgi iki həftə davam edəcək.

 

SARA

 

525-ci qəzet.- 2009.- 19 dekabr.- S.23.