Nüfuzlu sərgilərə
layiq əsərlər
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin foyesində
açılmış təsviri
sənət əsərlərinin
sərgisinə gələnlər
həm də burada fərqli bir mənzərənin şahidi olurdular. Ustalıqla
düşünülmüş qrimin köməkliyi ilə Azərbaycan Rəssamlıq sənətinin
fəxri Səttar Bəhlulzadəyə oxşadılmış
tələbə-rəssam əlində
fırça qarşısında
molbert sərgiyə gələnləri qarşılayır.
Bu məqam onsuz da öz
parlaq rəngləri ilə üzə gülən sərgiyə
daha oynaq, şux ovqat bağışlayırdı.
ADMİU – nun rektoru, professor Timuçin
Əfəndiyev giriş
sözu ilə çıxış edərək
söylədi ki, tamaşaçılara təqdim
edilən ekspazisiya dahi fırça ustasının anadan olmasının 100 illiyinə
bir tələbə töhfəsidir. Rəssam, dizayner ixtisasları üzrə universitetdə
təhsil alan
gənclərimiz Səttar
Bəhlulzadənin əlamətdar
yubileyinə əliboş
gəlmək istəməyiblər.
Sərginin tamaşaçıları arasında
təkcə tələbə
və müəllimlər
deyil, görkəmli sənət xadimləri, rəssamlar, nəzəriyyəçilər
də iştirak edirdilər. Açılışda iştirak edən
xalq rəssamı Ağali İbrahimov, rəssamlıq fakültəsinin
dekanı Sevda Sadıxbəyova bu sərginin dövlət başçımız cənab
İlham Əliyevin dahi rəssamın yubileyinin ölkə miqyasında keçirilməsi
barədə verdiyi tapşırıqlara layiqli
cavab kimi qiymətləndirdilər,
mərhum sənətkar
haqqında xatirələr,
fikirlər söylədilər.
Sərgidə nümayiş olunan
100 yaxın rəsm və dekorativ sənət nümunələrinin
demək olar ki, hamısı Səttar sənətkarlığının
işığından bəhrələnmiş,
onun ənənələrindən
su içmiş sənət nümunələri
idi.
Əksər tamaşaçıların da
qeyd etdiyi kimi əgər rəsm əsərlərinin
altında müəlliflərinin
adları yazılmasaydı,
baxanlar onları adlı-sanlı rəssamların
fırçasının məhsulu
kimi dəyərləndirərdi. Əslində isə bütün rəng qammaları, kompazisiya quruluşları
ilə Səttar sənətkarlığının qan qardaşları olan həmin əsərlərin müəllifləri
ADMİU-nun rəssamlıq fakültəsinin tələbələri
idi.
Günay Abdulsalamovanın
“Düşüncələrim”, Aydan Tağıyevanın
“Sakitlik”, Fidan Seyidovanın “Dağlar”, Gülzar İmanlının
“Oyanış”, Lalə
Hüseynovanın “Laləzar”,
Aytən Kazımovanın
“Fırtına”, Nicat İbadovun “Bahar”, Əfruz Məmmədovanın
“Dənizin səsi” əsərlərinin isə
hər hansı nüfuzlu sərgi salonlarının bəzəyi
ola biləcəyi qənaətinə gəldilər.
Açılış mərasimi
ən yaxşı əsər müəlliflərinin
mükafatlandırılması ilə tamamlandı. Tələbə – rəssamlardan
Ayşən Nadirova, Rəna Allahverdiyeva, Nigar Muxtarova, Lalə Hüseynova ADMİU-nun həmkarlar komitəsinin təsis etdiyi mükafatlara layiq görüldülər.
Mükafatları təqdim
edən professor Timuçin Əfəndiyev
tələbələrə daha böyük sənət uğurları
arzuladı.
Gündüz
525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.