Qəm yükü

Qarşıdan yeni il gəlir. Üzümüzə gələn il bizə nə verəcək, bizdən nə alacaq bunu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, hər gələn il tarixin hüznlü günlərindən və əlamətdar hadisələrindən bizi rəqəmlə uzaqlaşdırsa da, 20 yanvar, Xocalı dəhşətləri, torpaqlarımızın müvəqqəti işğalı və onun fəsadları bizim qəm yaddaşımızı poza bilmir və bilməyəcək. Eləcə mənim atam Mikayıl Mirzə ilə bağlı xoş anlarımı, dəqiqələrimi, xatirələrimi qəm yaddaşımdan silə bilmədiyi kimi. Atam bu qəm yaddaşının adına qəm yükü deyərdi. Bir gün qayğısız atalı günlərimin birində atamdan soruşdum:

– Qəm yükü nə boydadır ay ata?

– Qəm yükün çəkən bilər-deyə cavab verdi.

– Bəs sənin qəm yükün varmı?

– Niyə yoxdur ay bala, var – dedi və baxışlarını uzaq üfüqlərə yönəldərək əlavə etdi: –

Zaman-zaman torpağımız bölünüb bugünkü halına salınıb, əmim Cümşüdü kənddə erməni qapı qonşusu arxadan kürəyinə bıçaq sancıb öldürüb, zaman-zaman ziyalılarımız, düşünən beyinlərimiz 37-ci il repressiyasının qurbanı olub, atamı, anamı, üç qardaşımı itirmişəm, başımıza 20 yanvar müsibəti gətirilib, Xocalıda qız-gəlinlərin namusu tapdanıb, torpaqlarımız yad tapdağı altındadır, dövrümüzün qələm sahibləri, alimləri, ictimai xadimləri, bu sıradan dostlarım, qohumlar bir ucdan dünyadan köçüb, cəmiyyətdə ləyaqətlə yaşamaq üçün, haqqa meydan oxuyanlarla, dövlətçiliyimizə çamur atmaq istəyənlərlə fikir meydanında mübarizə aparıram, parlamentdə təmsil etdiyim seçicilərin yükünü bölüşürəm, milli teatrımızın ənənəsinə sadiqliyini qoruyub saxlamaq, onun ucuz dramaturgiyanın girovuna çevrilməməsi üçün çoxları ilə üz-göz olmuşam və oluram, hansı birini sayım bunların... Məgər bunlar insana ağrı-əzab, dərd verən qəm yükü deyilmi?

Yeni ilin ilk günü qəm yükündən azad dünyaya gəlmiş Mikayıl Mirzə fikirlərində, düşüncəsində başdan-ayağa yenilik idi. Mikayıl hər zaman sözün yenisinə, insanların beyninə təsir göstərəninə can atırdı. Onun üçün söz ağızdan çıxan boş hava deyil, şüurlara fərəqət işarəsi verən, auditoriyanı, tamaşaçını hansısa ideologiyaya yönəldən, əfəli qəhrəman əməllərə sövq edən psixoloji məqam idi. Mikayıl Mirzə sözündən, çıxışından sonra yerində sakit otura bilmirdin, hansısa qəhrəman bir əməl üçün ruhlanırdın, sim kimi ruhani üstündə köklənirdin, Koroğlu, Dəli Domrul kimi dəli-dolu olurdun, xəyanətin başında şimşək kimi çaxmaq istəyirdin, günəş kimi yandırmaq, ocaq kimi çatılmaq istəyirdin.

Ulu Öndərimiz Heydər Əliyev, Allah ona rəhmət eləsin, beca yerə Mikayılı kritik məqamlar sənətkarı adlandırmamışdı. Mikayıl Mirzə sözün əsl mənasında inqilab ruhlu sənətkar idi. Lakin onun inqilabı, olanı dağıtmaq, yerində heç nə qurmamaq kimi kor-koranə inqilabdan fərqli olaraq, köhnənin əvəzinə yenisini qurmaq, inqilabın təkcə meydanda deyil, yazı masası, dəzgah arxasında, məişətdə, cəmiyyətin müxtəlif sahələrində, şüurlarda, elmdə, sənətdə, dünyaya baxışda edilməsinə çağırışdan ibarət idi. Haqqa söykənirdi, ədalətə güvənirdi, ayıq olmağa çağırırdı, milli birliyə-həmrəyliyə səsləyir, hər cür rəzalətin, riyakarlığın gözünə dik baxmağa dəvət edirdi. Vətənə uzanan əlləri, xəyanəti Mikayıl poeziya ilə qırmanclayır, teatr səhnəsində yaratdığı obrazlarla özündə boğur, ona qarşı çıxırdı. Böyük Sədi Şirazinin “Gülüstan” əsərindən bir fikrə söykənirəm: “Nə olsun ki, yağmurlu buluddurlar, yağmırlar; nurlu Günəş mənbəyidirlər, işıq saçmırlar; nemət atına miniblər, lakin çapmırlar.” Bu fikirlərin əksi olaraq Mikayıl içində olduğu ictimai-siyasi prosesləri diqqətlə izləyir, saf-çürük edir, onu öz dərdinə qatıb dolub-boşalırdı, qaranlıq məqamlara, pərdəarxası oyunlara işıq saçırdı, tanrının ona verdiyi fitri istedad atını sağa-sola çapırdı. Mikayıl elə əslində bədii qiraətimizin, şerimizin çaparı idi. Həqiqi sözə ehtiyac duyulan hər bir yerə Mikayıl özünü çapar kimi çatdırar və nərə çəkərdi.

 

Səngəri gen, ürəyi dar

Gör nə qədər düşmənin var.

Mini gizli, beşi aşkar

Dişi qanlı canavarlar

Əl çəkəcək səndən haçan?

Qalx ayağa, Azərbaycan!

 

Mikayıl Mirzə istənilən anda qeyri-adi mühitə və bu mühitdə hökm sürən ab-havaya özünü hazırlamışdı. Onun üçün salonun böyüyü-kiçiyi, rahatı-narahatı yox idi. Bərəkətli zəmilər, yaşıl çöllər, şoran torpaq, dəniz yaxası, qarlı zirvələr, yamaclar, döyüş səngəri belə Mikayılın səhnəsi idi. Mən bu yazını yazarkən çox-çox illər bundan öncəki xatirəni xatırlayıram. Bir gün atam məni yaxın dostlarının əhatəsində Bazardüzünə, Şahdağa apardı. Gecəni səhərə qədər işdə növbətçi qalan mən, səhər yuxulu-yuxulu bir qədər istirahət etmək sevdası ilə həvəslə dəstəyə qoşuldum. Əslində mən əvvəllər heç, nə Şahdağı görmüşdüm, nə də Bazardüzünü. Sadəcə haqqında kitablardan oxumuşdum. Düşündüm yəqin oralarda mehmanxana, otel olar dincələrəm. O zaman oraların və Xınalığın yolu, demək olar ki yox idi. (Prezident İlham Əliyevin regionlara qayğısı sayəsində Quba-Əsrik-Xınalıq yolu artıq tikilib istifadəyə verilib) Min bir əziyyətlə dərədən-təpədən aşaraq, çaydan keçərək, palçıqda bataraq nəhayət qaranlıqda Bazardüzünə, Şahdağın ətəyinə çatdıq. Gördüklərim məni heyrətə gətirdi. Burada yatmaq üçün üstü tentli Ural maşınından və bortundakı doqquz nəfərlik nəm çəkmiş yorğan-döşəkdən başqa şərait yox idi. O gecə yuxusuzluqdan və əsəbimdən yorğanı başıma çəkib birtəhər yatmağa çalışdım. Arabir yuxumu atamın ocaq başında oxuduğu “Gizir oğlu Mustafa bəy” şərqisi və bir də buğlamanın Şahdağın havasını tamsındıran ətri qaçırırdı. Səhər yuxudan oyananda Günəş dağın arxasından yenicə boylanırdı. Maşının bortundan yerə enəndə yaşıl çəməndə səhər süfrəsi salınmışdı. Dağda isə qaltanlı bir səs əks-səda verirdi. Atamı görməyib soruşdum:

– Dədəm hanı, Bahadur əmi?

– Mikayıl müəllim odur ey çıxıb Şahdağa nərə vurur. Sən öl bu dəqiqə Dağıstan camaatı səsə tökülüşüb gələcək – dedi və hamımız gülüşdük.

Heyif ki həmin anda əlimizin altında kamera yox idi. Nəriltisi dağda-daşda əks-səda verən Mikayıl, sən demə YAP-ın bir neçə gündən sonrakı qurultayına hazırlaşırdı. (başında çalma, özü də Şahdağın sinəsində lap Bisutunu yaran Fərhada oxşayırdı)

 

İndi gecəbəgündüz dolaşıb ayağına,

Təpə ağıl öyrədir siyasətin dağına.

Siyasət dədəsinə durub ağıl öyrədir,

Siyasət uşaqları.

Budur insan haqları?

 

Mikayılın üstün cəhətlərindən biri də onun mövzu seçimindəki zövqündə idi. Onun yaddaşında istənilən mövzuda şeir var idi. Lakin bu şeirlər əksərən onun öz redaktəsindən və əlavələrindən ibarət olurdu. Onun fenomenal, zəngin yaddaşı zamanın istənilən problemlərinə, aktual məsələlərinə yönələn işıq, istənilən suala sənətkar cavabı idi.

 

Tutaq ki, var istedadın, biliyin də

Rədd ol, itil gözlərimdən

Əgər yoxsa vətən eşqi, sümüyündə, iliyində.

 

1991-93-cü illər arasında hökm sürən xaos, hakimiyyət davası, Azərbaycanın içərisində müxtəlif qruplar arasındakı çəkişmə, Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişinin qaraguruhlar tərəfindən əngəllənməsinə cəhd, Mikayılın proseslərə münasibətini ortaya qoydu:

 

Biri deyir gətirək, biri deyir gəlməsin,

Biri deyir götürək,  heç səsi yüksəlməsin.

Acı bağırsaq kimi uzandıqca uzanır

Xalqın dərdə tuş günü.

Heç kim, heç kəs bilmir ki,

Sərkərdəsi yoxdursa,

Yoxdur xalqın, millətin,

yoxdur qurtuluş günü.

 

Mikayılın son dövrlərdə arzularından biri də, milli teatrımızı, dramaturgiyamızı cəmiyyətin mövcud problemlərinə, bəşəriyyətin qlobal hadisələrinə uyğunlaşdırmaqdan ibarət idi. Atam deyirdi ki, əgər tamaşaçı teatrdan onu düşündürən suala cavab ala bilmirsə, o teatr deyil, dərnəkdir. O adi məişət məsələlərini teatra sırımaq, dramaturgiyamıza calaq etmək istəyənlərə, onlara bu işdə havadarlıq edən rejissorlara qarşı hər zaman mübarizə apardı və dahi Cabbarlının “Aydın“ əsərini teatrımızda yeni baxışda səhnəyə qoyaraq mənliyini bir daha sübuta yetirdi. Ömür vəfa eləsəydi, hələ çox işlər görərdi. Onun “Oqtay Eloğlunu”, “Otello”nu yenidən öz üslubunda milli səhnəmizə gətirmək, Milli Məclisdə milli mədəniyyətimiz, Teatr fəaliyyəti haqqında qanunların qəbul edilməsinə, milli dövlətçiliyimizə töhfə vermək, “Oğul borcu” adlı roman yazmaq arzuları və daha nələr yarımçıq qaldı.

Qarşıdan yeni il, həm də Ocaq ayının 1-i atam – Mikayıl Mirzənin doğum günü gəlir. Hamı kimi mən də üzümüzə gələn yeni ili sevimli həyat yoldaşım Şəhran, oğlum – balaca Mikayıl və Azərbaycanın İndoneziyadakı səfirliyinin əməkdaşları ilə qarşılayacam. Lakin atamın mənə qoyub getdiyi “Oğul borcu” adlı qəm yükü ilə birgə.

 

 

Mətin MİRZƏ

 

525-ci qəzet.- 2009.- 31 dekabr.- S.14.