Türkün əlifba günü – 15 dekabr

 

1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi “tenqri” sözündən başladı və məlum oldu ki, bu qəribə yazılar qədim türk dilindədir. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı. Bu hadisə, onlarla imperiya yaratmış və yüzlərlə meydan savaşında qalib gəlmiş türk etnosunun tarixində əlamətdar bir hadisə oldu. Mədəniyyətsiz köçərilər və birdən-birə əlifba. İlkin tədqiqatçılar onların VIII əsrdən öncə yaradıldığını söyləyirdilər. Əlbəttə, V.Tomsen başda olmaqla, bütün Avropa alimlərini bircə şey maraqlandırırdı – görəsən bu “vəhşilər” yaratdıqları əlifbanı kimdən çırpışdırıb. Orxon və Yenisey abidələrindəki mətnləri yazan və onların yazıldığı əlifbanı yaradan Göytürklərin yaşadığı arealda yalnız çinlilərin və soqdiyalıların əlifbaları vardı. Çinlilər yazıda heroqliflərdən istifadə ediblər. Elə ilkin ehtimal da yazıları deşifrələmiş V.Tomsendən gəldi. O türk runlarının arami əlifbasının əsasında yaradıldığı barədə fərziyə irəli sürdü. Çünki, Assuriya dövrü arami əlifbasındakı “het”, “lamed” “phe”, “rseh”, “tav” və “şin” hərfləri ilə türk runlarındakı eyni səslərin yazılışı, demək olar ki, identik idi. Amma, böyük alimi, ondan sonrakılar kimi, bir şey qorxudurdu – məsafə (Orhun sahilləri və Ön Asiya) və zaman (yeni eranın V-VIII əsri və e.ə VII əsr). Finikiya əlifbası əsasında, e.ə IX-VIII əsrlərdə formalaşan arami əlifbası dünyada mövcud olan əlifbalar içində ən qədimlərindən biridir. Ön Asiyanın qədim xalqları-yahudilər, assuriyalılar, babillilər, bu əlifbadan istifadə edib. Uzun illər dünyanın böyük bir hissəsində dominantlıq etmiş Əhəməni və Parfiya imperiyaları da, bu əlifbadan istifadə ediblər. Sonrakı İran əlifbaları da, o cümlədən Avesta əlifbası arami əlifbasından törəyib. Ərəb əlifbası da həmçinin. Buna görə ilkin olaraq, türk runlarının arami əlifbasından törədiyini söyləyən V.Tomsen sonradan onun Parfiya əlifbası əsasında yarandığını iddia etdi. Amma çox əsrlik zaman məsafəsi, bu fərziyyəni də şübhə altına alırdı. Buna görə böyük poleoqraf yeni fərziyə irəli sürdü- türk runaları, zaman və məsafə baxımından yaxın olan soqdi əlifbasından yaranıb.Baxmayaraq ki, soqdi əlifbasının bircə işarəsinin belə türk hərflərinə bənzəyişi yoxdur. Beləliklə, türk runik əlifbasını dünya və türklər üçün deşifrələyən Vilhelm Tomsen onun pəhləvi-soqdi əlifbasının əsasında yaranması nəzəriyyəsinin banisi oldu. Demək olar ki, bir əsrə yaxın bir müddətdə, dünyanın heç bir aparıcı türkoloqu (V.Radlov, P.Melioranski, S.Malov, V.İstrin, C.Kloson, V.Lifşis və s.) bu nəzəriyyənin əleyhinə getmədi, yaxud getmək istəmədi. Elə bu gün də vəziyyət dəyişməyib.

Mənim bu yazıda məqsədim, runik əlifbanın tədqiqat tarixini incələmək deyil. Mən daha çox onun əhəmiyyətini qeyd etmək istəyirəm. Çünki bu əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucağı dəyişdi. Birdən məlum oldu ki, Avropanın Paris, London, Berlin və s. kimi sivilizasiya mərkəzləri hesab olunan şəhərləri hələ mövcud olmayanda, onların sivilizasiyadan uzaq adlandırdıqları türklərin babalarının intellektual imkanları heç yanda analoqu olmayan əlifba ortaya qoyub. Bu əlifbanın yaranmasını şərtləndirən mədəni və mənəvi mühit olub. Birdən birə heç bir xalq qəfildən əlifba icad edib qayalar üstündə gözəl, təkmil və poetik bir dildə mətnlər yaza bilməz. Belə bir əlifbanın və onunla ifadə olunan dilin formalaşıb ərsəyə gəlməsi üçün yüz illər lazımdır. Bu əlifbanın nə üçün unudulması isə tamam ayrı bir mövzudur. Bəziləri bu əlifbanın unudulmasını islam amili ilə bağlayırlar. Amma islamı qəbul etməyən və göytürklərin olduğu arealda yaşayan tuvalılar və altaylılarda da bu əlifbaya təsadüf olunmur. Məsələ heç də islamda deyil. İslam dinini tanrıçılığa yaxınlığını görən və onun böyük ideoloji gücünü hiss edən türk boylarının əksəriyyəti bu dini qəbul etdi və böyük islam mədəniyyətinə öz töhfələrini verdilər. Hətta İslam xilafətini kökündən laxladan tanrıçı Çingizxan orduları da yekunda İslamı qəbul etdi. Əsrlər boyu, ərəb əlifbası və İslam, böyük ərazilərə səpələnmiş türk xalqlarının mənəvi yaxınlaşmasında aparıcı amil oldu. Amma gün gəldi və maraqlı bir olay baş verdi. Böyük Tanrı özü qədim əlifbalarını türklərin yadına saldı. Qəhrəman danların soyundan olan görkəmli türkoloq Vilhelm Tomsenin oxuya bildiyi ilk kəlimə “tenqri” sözü oldu və bu kəlimə qalan mətnlərə açar yolunu oynadı. Çünki bütün kilidlərin açarı Tanrı özüdür. Bu açar, türklər üçün, gələcəyin və keçmişin qapılarının açılmasında mühüm rol oynadı. Uzun illər yabançı təbliğatın ağırlığı altında əskiklik kompleksi ilə yaşayan türk etnosunda, mənsub olduğu etnosun intellektual imkanlarına inam yarandı. Bu baxımdan V.Tomsenin runik əlifbanı, türk əlifbasını deşifrələdiyi günü – dekabrın 15-ni mən bütün türk xalqlarının əlifba bayramı hesab edirəm. Bugünkü türklərin ortaq bayramları çox azdır. Olan bayramlar da dini bayramlardır. Ona görə də əlifba bayramı bütün türk xalqları tərəfindən qəbul edilə biləcək bir törəndir. Çünki, bu əlifba bütün türk xalqlarına məxsusdur. Özünü türk mədəniyyətindən sayan hər bir kəs, bu yazıları yaradanların varisidir, onu ruhən və fikrən qəbul etməyə hazırdır. Əsas məsələ ortaq məqamların önə çəkilməsidir. Bu məqamlar daha çox ortaq dil və ortaq dövlətlərin, ortaq mədəniyyətlərin olduğu dövrlərdir. Belə dövrlər daha çox keçmişdə olub. Bizim hamımızı birləşdirən bir tarixi əzəmət var. Bizim bütün ortaq ənənələrimiz keçmişin bətnində mayalanıb. Böyük qazax şairi Oljas Süleymenov “keçmişi olmayan xalqın gələcəyi də yoxdur” – deyir. Amma Azərbaycan filosofu Səlahəddin Xəlilov “bu günü olmayan xalqın keçmişi yoxdur” – deyir. Prinsipcə, onların hər ikisi eyni anlayışı ifadə edir. Nə keçmişi olmayan xalqın böyük gələcəyi ola bilər, nə də bu günü olmayan xalqın böyük keçmişi. Bir çoxları keçmişi olmadan böyük dövlət yaratmış ABŞ cəmiyyətini misal göstərir. Doğrudanmı, ABŞ-ın keçmişi yoxdur? Amerika Ştatları, o cümlədən Kanada və Avstraliya Avropa mühacirlərinin yaratdığı dövlətlərdir. Özü də, bu dövlətləri Avropa passionariləri yaradıb. Onlar keçmişlərinin, yəni babalarının nailiyyətlərini yeni dövrə tətbiq ediblər. Onlar babalarının dividentlərini xərcləyirlər. Onların irəli getmişliyinin sirri bundadır. O cümlədən, bu günü olan Qərb, öz əzəmətli keçmişini də yaradır. Bugünkü Qərb ədəbiyyatı, kinosu, əzəmətli Avropa mədəniyyətinin böyüklüyünün və qədimliyinin tərənnümüdür. Əlbəttə, bu yeni bir şey deyil, Çin və İran kimi çoxəsrlik mənəvi imperiyalar yaratmış dövlətlər, bu tipli təbliğatdan geniş istifadə etmişlər və bu təbliğat əsrlər boyu öz effektini verib. İndi mənəviyyat ekspansiyası Qərbin əlindədir və bu ekspansiya onların mənəvi vassallarını yaratmaq yolunda ciddi bir vasitədir.

Tale elə gətirib ki, əsrlər boyu Avrasiya subkontinentində dominantlıq etmiş türklər, Şərq və Qərb arasında körpü rolunu oynayıb və onların mədəniyyətində hər iki sivilizasiyanın izləri var. Onlar Şərq ruhaniyyatını və Qərb praqmatizmini daim, elə bu gün də özlərində birləşdirməyə çalışıblar. Bu amil Avropa və Asiyada geniş ərazilərə malik olan Osmanlı imperatorluğunda özünü aydın göstərirdi. Lakin Osmanlı ideoloqlarının heç bir istinad nöqtəsi olmayan “osmanlı milləti” yaratmaq ideyası sonda iflasa uğradı. XX əsrin əvvəllərində türk millətçiliyinin ideoloqları Əli bəy Hüseynzadə, Ziya Göy Alp və başqaları osmanlıları iflasa gətirən səbəblərin nəticələrini görərək, türk millətləri üçün “türkləşmək, islamlaşmaq, avropalaşmaq” doktrinasını irəli sürdülər. Bu doktrina mövcud şəraitdə bütün türklərin manafeyini ifadə edən bir ideyadır və düşünmək olar ki, bütün müsəlman türklər tərəfindən qəbul edilib. Türk kökləri üzərində, İslam mənəviyyatında və Avropa yaşam tərzində bir cəmiyyət qurmaq. Faktiki olaraq bütün türk dövlətləri öz dövlət quruculuğunda bu ideyanı prioritet istiqamət elan edib. Amma Azərbaycanda bu doktrinanın birinci bəndi – türkləşmək ideyası daha çox şüarçılıq xarakteri daşıyır. Türkləşmək, kökə qayıdışdır, təhtəlşüurda yatan genetik özəllikləri oyandırmaqdır, “ imzalar içinə” öz imzanı qoymaqdır. Bax bizdə, hələ ki, bu yoxdur. Biz imzamızı unutmuşuq və yabançı imzaların imitasiyasına çalışırıq.

Xalq yazıçısı Anar “Ağ qoç, Qara qoç” əsərində gözəl bir ideya irəli sürüb. İdeyanın məğzi ondan ibarətdir ki, Bakıda “Türkan” adlı şəhərcik salınır. Bu şəhərcik türk dünyasının kiçik maketidir. Burada Ötükən ormanı var, Orxon-Yenisey abidələri var, Tanrıdağ var, Altay var, böyük türk şəxsiyyətlərinin heykəlləri var, binalar türk xalqlarının arxitekturasında tikilib, gəlib-keçmiş bütün türk dövlətləri burada simvolizə olunur. Burada türklərin qəbul etdiyi dinlərin məbədləri-məscid, kilsə, sinaqoq, buddist məbədi, şaman məbədi var. Bu şəhərcik türk dünyasının mənəvi mərkəzidir. Belə bir şəhərciyin salınması çox maraqlı olar, xarici turistlər də buna böyük maraq göstərər. Azərbaycan dövlətinin bunu etmək üçün hər cür imkanı var. Azərbaycan Türkiyə və Türküstan arasında körpüdür, birləşdiricilik onun missiyasıdır. Mən inanıram ki, V.Tomsenin “Tenqri” kəlməsini oxuduğu gün – dekabrın 15-də, Türklərin əlifba bayramında bir vaxtlar rus şairi Yeseninin “Türk gözəli” adlandırdığı Bakıda yeni bir dönəm başlayacaq. 

 

 

Elxan ZAL 

 

525-ci qəzet.- 2009.- 11 dekabr.- S.7.