Tərcümeyi-halım

 

Famil MEHDİ

 

(sənədli roman- xatirə)

 

(İxtisarla)

 

Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik.

Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu adından başqa qələm yoldaşlarım kimi mənə də tərcümeyi-halımı yazmağım, həm də standartçılıqdan uzaq, mühitim, yaradıcılığımla əlaqəli bir tərzdə yazmağım təklif olunub. Nə vaxtdır, fikirləşirəm: nə yazım? Haradan başlayım, harada qurtarım? Həm də həyat və yaradıcılığımda qeyri-adi nə olub ki? Mənim həyatım yaşıdlarımın keçdiyi yoldan elə bir şeylə fərqlənirmi?! Əgər fərqlənmirsə, bunun kimə xeyri ola bilər?

Bu suallar ətrafında düşündükcə müxtəlif illərdə yazdığım şeir və poemadan misralar yadıma düşür.

Bu misralar arasında bütün keçdiyim yol, sevincli-kədərli, iztirablı, sarsıntılı günlərim gəlib göz önümdən keçdi. Bir daha hiss etdim ki, şeirlərim mənim tərcümeyi-halımdır. İnamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyananlığımdır, həm də qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsəsizliyimdir. Elə buna görə də belə qərara gəldim ki, tərcümeyi-halımı yazım. Qoy onlarca müasirim-dostlarım, tanışlarım, qələm yoldaşlarım yazdıqlarımın səmimiliyinə, yaxud qeyri-səmimiliyinə şahid olsunlar, yalanım varsa, açıq desinlər, məni məzəmmət etsinlər, lap sənətin müttəhimlər kürsüsünə çəksinlər. Mən həqiqəti yazacağam. Əgər bəzi sözlərim özünütərif kimi səslənsə, qeyri-təvazökarlıq kimi görünsə, bəri başdan üzr istəyirəm. Ömrüm boyu gəldiyim nəticələrdən biri də budur: qeyri-təvazökarlıq pis sifətdir, ancaq həddən artıq təvazökarlıq da bir şey deyilmiş!... Nə isə, keçək əsl mətləbə.

1934-cü ildə Ağdamın Sarıhacılı kəndində doğulmuşam. Sarıhacılı kəndi Ağdamın yuxarı qapısı hesab olunur. Şuşaya gedən yolun üstündə yerləşir. Artıq şəhərə bitişməkdədir. Bir otaqdan ibarət ata evimizin baş pəncərəsi düz Qarabağ dağlarına baxır. İsti yay gecəsində pəncərəni açanda yorğansız yatmaq olmur. Həm də külək, sərin meh dağların, yamacların, bağların gül-çiçəyinin ətrini evimizə doldurur. Kəndimizi bölüb axan Kötəl çayı da həmin dağlardan başlayıb gəlir. Son vaxtlar bədxah qonşular çayın suyunu nasoslarla göllərə qaldırdığından demək olar ki, quruyub. Bununla da kəndin sanki bütün gözəlliyi itib. Doqulduğum gün kənd kitabında qeyd olunmayıb. Anam da dəqiq bilmir. Hər-halda doğulduğum tarix belə qəbul olunub: 25 dekabr 1934-cü il.

Ailədə 6 nəfər olmuşuq: atam, anam, dörd uşaq. Böyük çətinliklərlə qarşılaşmışıq. Xüsusilə müharibə illərində. Həmin illərdə Karyaginin (Füzulinin) taxılı olmasa, bəlkə bütün Qarabağ camaatı batardı. Həftədə, on gündə bir adamlar atlanıb Karyaginə gedər, olan qızıl-gümüşünü, paltar-palazını, gəbəsini buğdaya, arpaya dəyişib gətirərdi. Bizdə də belə idi. Həm də kasıb qohum-əqrəbaya, kənd adamlarına əl tutmaq lazım gəlirdi. Adamlar pencər yeməkdən şiş gətirmişdilər. Əziz nənəm bizimlə bir yerdə qalırdı. Onun da inəyi, camışı sağılırdı. Səhər-səhər sağıb növbəyə dayanan əlsiz-ayaqsızlara verir, aparıb südə bir az un çalır, yaxud pencər töküb pörtlədir və yeyirdilər. Kənddə bir ailə vardı. Vaxtilə rayonda rəhbər işlərdə işləyirdilər. Obadan aralı gözəl daş ev tikdirmişdilər. Darvazalarının başına qızıl ulduz vurulmuşdu. İşə faytonla gedib-gələrdilər. Camaata o qədər qaynayıb-qarışmazdılar. Müharibə vaxtı kişilər cəbhəyə getdi. Ailə üzvləri hara isə köçdü. Yalnız bir qadın üç uşağı ilə qalmışdı. Evdə nə vardısa satmışdılar, dilənçi kökünə düşmüşdülər. Biz obadan aralı, camaatdan uzaq, həmin evin yanında qoyun-quzu otaranda bəzən uşaqlar çıxıb yanımıza gələrdilər. Cibimizdəki əl boyda çörəyi onlarla bölüb yeyərdik. Bir neçə gün uşaqlar görünmədi. Gedib pəncərədən baxdıq gördük ki, ana da, uşaqlar da yan-yana uzanıblar. Çağırdıq cavab vermədilər. İçəri keçdik. Məlum oldu ki, uşaqların üçü də acından-xəstəlikdən ölüb. Ana isə sağdır. Qaçıb kənd qocalarına xəbər verdik. Üçünü də arabaya qoyub yaxın təpənin döşündə bir yerdə basdırdılar. Belə bir vaxtda atam bəzən öz gödəkçəsini, hətta ayağımıza iri olan çarığını bizə geyindirir, dərsdən qalmağa qoymurdu... Boğazının yeganə isti şərfini açıb mənə vermişdi ki, apar məktəbdə qızıl orduya yardıma yazdır. Mən də aparıb yazdırmışdım.

Elədiklərini heç vaxt üzümüzə vurmazdı. Yalnız bir söz deyərdi: “Ata olarsınız, özünüz bilərsiniz ki, ata nə deməkdir.” Hərdən axşam bizi oturdub öyüd-nəsihət verərdi və məcbur edərdi ki, dəftərə yazıb əzbərləyək. Həmin nəsihətlərdən: “Hər adamla dostluq eləməyin. Eləyəndə axıra kimi eləyin. Əlinizdəki bir tikə çörəyin kəsib çoxunu dostunuza verin, azını özünüz götürün.” “Bir yerə qonaq gedəndə özünüzü qaydaya salın ki, gecə yarı deməyəsiniz: “İtinizin qabağına durun, su başına gedim.” Çox istəyirdi ki, kənddə hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı belə bir misalla dəf etdi: “Külək əsəcək alma ağacından alma yerə düşəcək. Uşaqlarınız bu bir almanın üstündə dalaşacaq. Sonra arvadlarınız dalaşacaq. Sonra özünüzün aranız sərinləyəcək.” Mənə torpaq sahəsi götürdü. Son vaxtlar göz xəstəliyinə tutulmasına, pis görməsinə baxmayaraq gözəl bir bağ saldı. Ölüm ayağında iki şey arzuladı. Birincisi dedi ki, öz suyumuzdan (Kötəl çayının suyunu nəzərdə tuturdu. Axır vaxtlar daha çox mineral su içirdi) içmək istəyirəm. İkincisi dedi ki, mən hələ bağ salacaqdım, ağac əkəcəkdim. Kötəlin suyundan içməsi ilə dünyasını dəyişməsi bir oldu. Mən sonralar onun xatirəsinə və nəvələrinin torpağa bağlanması üçün orada ev tikdirdim. Atamın son sözləri də ürəyimdə şeirə çevrildi:

 

Yorub yollar gəldim qışın qarında,

Öpüb qucaqladım, üzünə baxdım.

Titrədi son sözü dodaqlarında:

“Ağac əkəcəkdim, bağ salacaqdım...”

 

Atamın ömrünün son vaxtları mənim aspirantura illərimə, onun məsləhəti ilə ailə qurduğum və ilk uşağın- Şamilin dünyaya gəldiyi günlərə, ən başlıcası isə müdafiə etdikdən sonra ağır xəstəliyim vaxtına düşür. Ona görə də heç bir köməklik göstərə bilmədim. Yeri gəlmişkən həmin ağır günlər haqqında, namizədlik müdafiəsi ərəfəsində, qışın qarlı-şaxtalı bir günündə xəbər gəldi ki, kişinin vəziyyəti çox ağırdır. Yolları qar basdığından avtobuslar işləmirdi. Birtəhər Şamaxıya gəldim. Raykomun birinci katibi işləyən qohumum Rəşidin maşınını alıb yola düşdüm. Dəfndə iştirak etdim. Bir neçə gün qalıb geri qayıtdım.

Müdafiəyə bir həftə qalmış ürəyimdə şiddətli ağrı başladı. Azərbaycanda hamının “Loğman” deyə çağırdığı yazıçıların həkimi Veyisov gəldi. Baxdı, dərman yazdı və dedi: “Tərpənmək olmaz. Sakit uzanmalısan...” Hər gün də gəlib baş çəkirdi. Vaxt yaxınlaşırdı. Universitetdən zəng edir, gəlir, əhvalımdan xəbər tuturdular. Müdafiəni başqa vaxta keçirmək istəyirdilər, qoymadım. Müdafiə günü dedim, paltarımı verin, geyinirəm. Dedilər, olmaz. Rayondan gəlmiş qohumların, evdə ailə üzvlərinin, heç kimin sözünə baxmadım. Geyindim, məni taksiyə oturdub universitetə gətirdilər. Pilləkənlərı necə çıxdım, Allah bilir. Elmi Şura üzvləri dilxor idilər. Sədr professor Əlövsət Abdullayev (Allah rəhmət eləsin) başqa məsələləri dayandırıb müdafiəyə başladı. Ürək döyüntüsü nəfəs almağa belə aman vermirdi. Elmi Şura üzvlərinin razılığı ilə çıxışımın mətnini şair Xəlil Rza oxudu. Xəstə olduğum günlərdə tez-tez yanıma gəlirdi. Hətta çıxışımın mətninin hazırlanmasına da kömək etmişdi. Müdafiə birtəhər keçdi. Evə qayıtdım. Deyirlər, Veyisov eşidəndə ki, mən ayağa qalxmışam, iki əli ilə başını tutub: “Evə salamat qayıtmayacaq...” Amma Allahın köməkliyi ilə qayıtdım.

Ancaq səhər Veyisovun təkidi ilə məni xərəyə qoyub xəstəxanaya apardılar. Təxminən beş ay xəstəxanada qaldım. Dava-dərmanın heç bir köməyi olmadı. Ürək döyünməsini hətta saymaq belə mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dəfə Mərdəkanda xəstəxanada mənə baxandan sonra dedi: “Köpəkoğlunun cavanlığı gör nə deməkdir ey. Yaşlı adam olsaydı, bu döyüntüynən ürək çoxdan partlayardı...” Bu uzun əhvalatdır. Təfsilata varmaq istəmirəm. Ancaq onu deyirəm ki, beş ay xəstəxana həyatından sonra Veyisov mənə dedi: “Famil, sənin dərdinin dərmanı vətənin havasıdır. Dərman sənə kar eləmir. Gəl sən xəstəxanadan çıx, get əvvəl Ağdama, bir neçə gün qalandan sonra çıx Şuşaya. Hər şey düzələcək. İstəyirsən, dilimdən kağız verim”, Təəccübləndim: necə yəni Şuşa? Ürək xəstəliyi hara, Şuşa yüksəkliyi hara? Ancaq o məni inandırdı. Həqiqətən Şuşada iki ay ərzində hər şey qaydasına düşdü. İndi bu cümlələri yazıram, yenidən ürəyim ağrıyır. Axı bu gün Ağdam da, Şuşa da düşmən əlindədir...

Belə bir vaxtda, açığını deyim ki, uşağa süd almağa belə pulumuz olmadığı bir zamanda mən ata-anaya necə kömək edə bilərdim? Hələ o günlərdə bu, dərdimin üstünə dərd gətirirdi. Bir az babatlaşandan sonra ünvanı yazıb cibimə qoyurdum (hər ehtimala qarşı, bir şey olsa, bilsinlər kiməm) və universitetə gedib-gəlirdim. Burada bir gün üzümə açıq dedilər: “Sənə işləmək olmaz. Təqaüd düzəltmək lazımdır”. Bu söz məni yenidən dərdə saldı. Ancaq özümdə cəsarət tapdım. Özümü sağaltdım. Universitetin rektoru Mehdi əliyev (Allah rəhmət eləsin, ideal insan idi) bütün 1965-ci ili işsiz qaldığımı eşidib məni yanına çağırdı. Jurnalistika kafedrasına baş laborant vəzifəsinə işə götürdü. Az sonra müəllim, baş müəllim... Doktorluq dissertasiyası da yazdım. Şeir kitabları da çap etdirdim...

Mən bu cümlələri atam qarşısında günahımı yumaq üçün yox, keçdiyim yolun bu dəhşətli günlərini xatırlatmağı lazım bildiyim üçün yazdım. Sonradan keçirdiyim iztirablar hamısı ürəyimdə misralara çevrildi. Bir də, demək istəyirəm: iradə yaman şeydir. İnsan prinsipiallıq göstərsə, özündə cəsarət tapsa, hətta ölümə də qalib gələ bilər.

Anam haqqında. Anam Şövkət Həşim qızı Ağdamın Sarıhacılı ilə qonşu Əhmədavar kəndindəndir. Hacı Sadıq oğlu Həşimin qızıdır. Babam dövlətli olub. Su dəyirmanları bu son vaxtlara kimi Kötəl çayı üstündə işləyirdi. Kənddə ən yaxşı ev babamgilin evi olub. İkimərtəbəli. Sütunlar üstündə. Dörd tərəfi açıq eyvan. Binanın iki tərəfindən yuxarı qalxmağa daş pilləkənlar. Hacı Sadıq babam da maarifpərvər adam olub. Oğlu Rüstəm Avropa təhsili alıb. Həşim babam isə təsərrüfatla məşğul olub. Rüstəmbəy çox savadlı imiş. Neçə xarici dil bilirmiş. Hətta deyilənə görə, 20-ci ildə rus qoşunları Ağdama gəlib camaata ultimatum verəndə əhali adından irəli sürülən sərt tələblərlə Rüstəmbəy çıxış edib.

Anam da, atam kimi savadsız olub. Səhhəti imkan verdikcə kolxozda işləyib. Xəstə olanda kolxozda onun əvəzinə biz işləmişik: arx çəkmişik, xəndək qazmışıq, ağac dibi belləmişik, alaq eləmişik və s. Görünür ata yurdunun dağıdılması ona bərk təsir etmişdi. Bunu tez-tez xatırlayır, həyəcanlanır, kövrəlirdi. Üstəlik də Bakıda təhsilli qardaşı çox cavanikən vəfat etdi. Digər qardaşı Məhəmməd müharibə başlanan günü, hələ 18 yaşı tamam olmamış, könüllü, orduya gedib. Yalnız bircə məktubu gəlib...

Anam lap bu son illərə kimi qardaşlarının səliqə ilə təmiz ağa büküb sandıqda saxladığı paltarlarını açıb qarşısına qoyar ağlayar, bayatı çağırar, ağı deyər, özündən gedərdi. Daşlaşmış əllərini, barmaqlarını açıb, üz-gözünə, sinəsinə su səpib güclə ayıldardılar.

Anamla bağlı bu faktlar sonradan “Səni gözləyirəm” poemamın yaranmasına səbəb oldu. Əri cəbhədə həlak olmuş, ömrü boyu yol gözləyən Azərbaycan qadınının sədaqət və məhəbbəti burada əsas yer tutur:

Oxumağımızda anamın haqqı-sayı daha çoxdur. Hər gün ağacı alıb əlinə, başımızın üstünü kəsdirir: “Oxuyun”- deyirdi. Müharibənin ağır günlərində kəndin bütün uşaqları məktəbdən çəkildilər. Ancaq anam bizi qoymadı bir gün də dərsdən qalaq. Hətta tikə-tikə bölünən çörəyin özünə düşənini bəzən yemir, səhər heybəmizə qoyurdu ki, sinifdə çörək yeyənin əlinə baxmayaq. Bu haqda mən “Bəs o gün nə yedin sən?” adlı şeirdə yazmışam. Atamın köhnə paltarlarını söküb xalam Mələklə birlikdə bizə paltar tikirdi. Bizim təhsilimizdə, xüsusən ali təhsilimizdə xalam Mələk Həşim qızının böyük haqqı olub. Allah ona min rəhmət eləsin. Biz qardaşlar, hətta qohumlar tələbə vaxtı onun Mirzə Fətəli döngəsi 7 nömrəli həyətdəki darkeş otağında yaşayıb oxumuşuq. Onun ən ucuz qiymətə aldığı ətdən bişirdiyi supu, küftə-bozbaşı yeyib yaşamışıq, oxumuşuq.

Mən bu cümlələri yaza-yaza qonşu otaqda anamın “ay allah”, “öldüm, allah”, “ah-uf” fəryadını eşidirəm. Bir yandan yaş, bir yandan da xəstəlik. Heç nə ona kömək etmir: nə həkimin məsləhəti, nə gəlini Ofelya Qara qızının, nəvələri Yeganə və Nərimanın yastığının yanında dayanmaları, nə də mənim təskinlikverici sözlərim. Tez-tez Qarabağı xatırlayır.

Nə demək istədiyini başa düşürəm. Ağır dərddir: ana ağır xəstə, vətən, qəbiristanlığımız düşmən əlində.

Əslində yuxarıda yazdıqlarım ata-anamdan çox özümə aiddir. Mənim kimliyim nə karalığım haqqında çox söz deyir. Şerimin mayasının haradan gəldiyini, fikir və duyğularımın, hisslərimin necə yaranıb-formalaşdığını müəyyən dərəcədə açıb göstərir. İndi də özüm və mühitimin tərəfləri haqqında bir qədər ətraflı danışmaq istəyirəm.

Yuxarıda qeyd etdiyim kimi yeddinci sinfi Əhmədavar kənd məktəbində bitirib, Ağdam pedaqoji məktəbinə daxil oldum. Bu məktəbdə aldığım təhsil, savad, bilik, məlumat mənim taleyimdə həlledici rol oynadı. Oradakı polad intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdə görmədim. Kənd məktəbində Müzəffər Kərimovun ciddiliyi, prinsipiallığı, tələbkarlığı çox xoşuma gəlirdi. Yadımdadı, bir dəfə tarix dərsinə hazırlaşa bilməmişdim. Neft olmadığından lampamız yanmadı, işıqsız qalmışdıq. Səhər məktəbə gedəndə evin taxtapüştünə çıxdım. Yekə bir şirin nar götürdüm. Heybəmə qoyub məktəbə apardım. Müzəffər müəllim sinfə girən kimi aparıb stolun üstünə qoydum. Gözlədiyimin tam əksi oldu. Jurnalda adları oxuyan kimi mənə üz tutdu:- gəl dərsi danış,- dedi. Ayağa qalxıb başımı aşağı saldım:- Bilmirəm.- dedim. Qapını açıb narı kolların arasına fırqıtdı... Maraqlı insan idi. İndi də yaşayır.

Pedaqoji məktəbdə isə əsl ziyalı, tələbələrlə səmimi ünsiyyət yaradan alicənab müəllimlərə rast gəldim. Ağsaqqallar İdris Əlimirzəyev, Kərrar Mikayılov, Hacı Hacızadə, Əmir Əmirli, İsmayıl Ağayev, Süleyman Məmmədov, daha sonra Nəriman Qəhrəmanov, Hüseyn Əliyev, Əbdüləhəd müəllim, Alı və Nuriyyə Rəhimovlar, Mahmud Çolakov. Bunlar həqiqətən ziyalı idi. Bütün tələbələrə öz övladları kimi baxırdılar. Onların sırasında Kübra əliyevanı ayrıca qeyd etmək istəyirəm. Kübra müəllimə onlara nisbətən çox cavan idi. Sözün həqiqi mənasında mənə analıq, bacılıq edibdir. Allah, necə də nəcib, həssas, qayğıkeş insan idi... Pedaqoji məktəbdə komsomol-komitəsinin katibi seçildim. Rayonun ictimai həyatında iştirak etdim. Kommunist Partiyası sıralarına qəbul olundum. O vaxt partiyaya çox böyük inamım vardı. Stalinin ölümü bütün dünyanı sarsıtmışdı. Rayon yas tutub ağlayırdı. Qəzetlərdən oxuyurdum ki, bütün dünya Stalinə yas saxlayır. Hətta Yunanıstanlı bir ana öz körpəsinin venasını kəsib qanını köynəyinə boyayıb, Moskvaya göndərmişdi ki, Stalinə sonsuz məhəbbət nümunəsi kimi muzeydə saxlasınlar. Hələ o vaxt pərəstişin-filanın nə olduğunu bilmirdim. Pedaqoji texnikumu fərqlənmə diplomu ilə bitirib, 1953-cü ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldum.

 

 

(Ardı var)

 

Famil MEHDİ

 

525-ci qəzet.- 2009.- 12 dekabr.- S.30.