Cənab səfir, 26-larla ədavətini bitmiş hesab et!

 

Prezident İlham Əliyev daha bir tarixi ədaləti bərpa etdi. Sahil bağı 26-lardan təmizləndi. Qəzetlərdən biri "26-lar gorbagor edildi" kimi çox məntiqli manşet atmışdı. Xəbəri oxuyub bu tarixi ədalətin bərpasını gözlərimlə görmək üçün Sahil bağına getdim. Münasib yer seçdim. Səbayel rayon icra hakimiyyətinin qarşısında dayanıb ağır texnikanın necə çətinliklə abidənin qol-qanadını sındırdığına tamaşa etməyə başladım. Diqqətimi mərmər üzlüklərin arasından çıxan çox yoğun armaturlar çəkdi. Ağır texnika hər dəfə "26-ları vurduqca" sanki həmin armaturlar qalxan rolunu oynamağa çalışırdılar. Lakin güclər qeyri-bərabər olduğundan hər dəfə ağır texnika "26-lardan" nəsə qoparır, asanlıqla təslim olmaq istəməyən bolşevik abidəsi yavaş-yavaş çökdürülürdü. Ətrafa xeyli adam toplaşmışdı. Yanımda dayanan əli qəzetli, başı şlyapalı adam mənə:

- " yaman maraqla baxırsınız, guya ki, düz edirlər?" - deyə narazılığını bildirdi.

- Niyə düz etmirlər, milləti qıran, qanımıza susayan, daşnak Şaumyanın heykəli gərək Bakının göbəyində dayansın?- deyə mən suala sualla cavab verdim.

- Yox, elə demirəm, yəni deyirəm ki, onlar da öz dövrlərinin adamları olublar, hökumət qurublar, müəyyən işlər görüblər...

- A kişi, hökumət qurublar, xidmətləri olub? Azərbaycanı qıran, ölkə boyu soyqırım törədən canilərə yəni sənin canın bu qədər yanır? Elə belə düşünmüşük ki, zamanında Şaumyanın babalarına ocağımızın başında yer vermiş, qohum-əqrəbalarını da sonradan başa çəkmişik. İndi Qarabağ boyda dərdimiz var,- cavabımı sərt formada onun üzünə çırpdım. Adam uzaqlaşdı.

Mən bir xeyli dayanıb söküntü işlərinin gedişinə tamaşa etdim. Xəyal məni çəkib 1990-cı ilin sentyabrına aparmışdı. O vaxt hazırda Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə Səbayel rayon soveti icraiyyə komitəsinin sədri vəzifəsində çalışırdı. Biz tələbə yoldaşları olduğumuzdan tez-tez görüşürdük.

1990-cı il sentyabrın ortaları olardı. Azərbaycan radiosunun əməkdaşlarından birinin mənzil probleminin həllinə kömək göstərmək üçün İsfəndiyar Vahabzadənin yanına getməli oldum. İspalkomun binasının qarşısına çatanda icraiyyə komitəsi sədrini bir neçə nəfərlə 26-ların heykəlinin yanında gördüm. Sədr 26-ların güllələnməsi səhnəsinin həkk olunduğu barelyefi "Belorus" markalı traktorla sökdürürdü. Az qala gözlərimə inanmadım. Abidəyə tərəf getdim və İsfəndiyar məni görüb:

- Səyyad, gözlə bu işi bitirim, gəlirəm,- deyə traktorçuya göstəriş verməkdə davam etdi.

Toplaşanlar məsələnin təkcə barelyeflik olmadığını anlamışdılar. Traktorçunun təlaş hissi keçirdiyini görən sədr:

-Ə, niyə əl-ayağın belə əsir, sökdürən mən deyiləm, sən nədən qorxursan? - deyə amiranə bir səslə əlavə etdi, - irəli gəl, heykələ bax, görürsən "təmirə necə ehiyacı var", mərmərlər xarab olub, onları sökmək lazımdır.

-Elə bu vaxt bir nəfər hövlanak özünü İsfəndiyar Vahabzadəyə çatdıraraq dedi:

- Yoldaş sədr, sizirkəzi Komitədən telefona çağırırlar.

-İsfəndiyarın sifəti bir anlığa qaraldı. Ani tərəddüddən sonra sədr kabinetinə döndü. Mən də otaqda idim. Telefon zəng çaldı. Dəstəyi qaldıran sədr:

- Eşidirəm, Rüfət müəllim (Rüfət Ağayev o vaxt Bakı şəhər partiya komitəsinin birinci katibi vəzifəsində çalışırdı- S.A). Yanınıza gəlim? İndi gəlirəm, - cavabını verərək dəstəyi hirslə çırpdı.Sonra isə başlandı, Səyyad, gör indi Şaumyanın, bolşeviklərin qohumları nə oyundan çıxacaqlar? Bunlarda nə kişilik, nə də milli qeyrət var!

... Aradan bir müddət keçdi. Sökülən barelyef daha yaxşısı ilə əvəzlənib əvvəlki yerinə qoyuldu. Abidənin ətrafı da xeyli abadlaşdırıldı. Ancaq İsfəndiyar Vahabzadə daha Səbayel rayon soveti icraiyyə komitəsinin sədri deyildi. Onu tutduğu vəzifədən azad etmişdilər.

... Altı-yeddi ayın söhbətidir. Səfir Bakıya gəlmişdi. Zəng vurdu. Elə Sahil bağında da görüşdük. Dərdləşdik. Yenə də o, söhbəti çəkib 26-ların abidəsi üzərinə gətirdi. Mən:

-Isfəndiyar, hələ də bu heykəllə ədavətin qalır, nə kinli adamsan? - deyib 18 il sonra 1990-cı ildə başladığı "heykəllə mübarizə" əhvalatını soruşdum.

O dedi:

- Ə, bu abidə ilə təhər davam qurtarsın ki, onlar mənim millətimi qırıb, milli hökumətimi yıxıblar. Bu heykəl 1990-cı ildə mənim axırıma çıxdı. Daha başıma nə oyun açmadılar. Məni daha nədə suçlamadılar. Az qala xalq düşməni kimi həbs edəcəkdilər.

Səfir məndən bir siqaret alıb yandırdı. Diqqətlə ona baxdım. Çünki onu heç vaxt siqaret çəkən görməmişdim. İsfəndiyar isə:

- İnşallah, bir gün Bakıya gələndə bu heykəli burda görmərəm, - deyib 18 il əvvəl başına gələnləri danışdı: "Deməli, Səyyad, getdim Rüfət Ağayevin yanına. Kabinetə girən kimi başladı bağırıb-çığırmağa ki, sən kimsən, sənə kim icazə verib 26-ların heykəlini sökürsən? Bilirsən bunun üçün hansı məsuliyyəti daşıyırsan? Səni əlli-ayaqlı itirərlər, mən də heç "of!" demərəm. Gördüm Rüfət Ağayev çox baş aparır, cavab verdim ki, Rüfət müəllim, siz bu 26-ların vəkilisiniz? Adamı od götürdü. Və ikicə cümlə dedi:

- Qozbeli qəbir düzəldər, get Polyaniçkonun yanına, səni gözləyir.

Getdim Polyaniçkonun qəbuluna. Qırmızı sifəti bir az da qızarmışdı. Biz biri-birimizi Əfqanıstandan tanıyırdıq. İlk sualı belə oldu:

- Partbiletin yanındadır?

- Yox, mən partbileti üstümdə gəzdirmirəm, - deyə cavab verdim.

- Gəzdirməzsən, axı, yoldaş Vahabzadə, sən bolşeviklərin , sovet hökumətinin düşmənisən. Sənin atan da antisovet adamdır. Mən səhv etdim ki, sənin o vəzifəyə təyin olunmağına razılıq verdim. Sən hökumət əleyhinə olan mitinqlərin təşkilində də iştirak etmisən, indi də çox əlləm-qəlləm işlərlə məşğulsan. Guya bilmirik? De görüm 26-ların abidəsini niyə sökürsən? Bəlkə bu respublikanın sahibi sənsən, xəbərimiz yoxdur?

Onun sözləri məni tamamilə tabdən çıxardı:

- Yox, Viktor Petroviç, respublikanın sahibi sizsiniz. - Mən "sizsiniz" sözünü elə vurğuladım ki, Polyaniçko daşın hara atıldığını dərhal tutdu. Və qeyzlə:

- Bəli, mənəm, respublikanın sahibi Moskvadır, Kremldir! Başa düşdün?! İndi get, sökdürdüyün barelyefi yerinə qurdur. Abidənin də ətrafını abadlaşdır və mənə məruzə et, - dedi.

Biz biri-birmizi nifrətlə süzdük. Kabinetimə təzəcə çatmışdım ki, Bakı şəhər soveti icraiyyə komitəsinin sədri Sənan Əlizadə çağırdı. Getdim. İnsafən o mənimlə sərt danışmadı. Dedi ki, gördüyün iş alqışlana bilərdi, amma onun hələ vaxtı deyil. Özünə macəra axtarma. Sənə torba tikilib, çalış xilas ol. Get deyilənləri yerinə yetir.

Sonra rayon partiya komitəsinin birinci katibi rəhmətlik Vəli Məmmədovla söhbətimiz oldu. Vəli müəllim yalnız onu dedi ki, bu iş onluq deyil. Amma hiss etdim ki, katib də mənimlə həmrəydir.

Vəziyyət dalana dirənmişdi. Müavinlərimdən birinə göstəriş verdim ki, sökülən barelyefi yerinə vurdursun. Eyni zamanda abidənin yaxın ətrafına göy, qırmızı və yaşıl rəngli oturacaqlar düzdürsün. O da tapşırığa əməl etdi. Bir gündən sonra yenə də mənə dedilər ki, Rüfət Ağayev abidənin yanındadır və çağırır. Görüşdük. Soruşdu ki, nə üçün abidənin yaxınlığına oturacaqlar düzdürmüşəm. Cavab verdim ki, qoy camaat oturub yaxından bunlara tamaşa etsin. Yenə də birinci katibi od götürdü. Hirslə:

- Bəs nə üçün oturacaqları göy, qırmızı və yaşıl rənglətmisən? - soruşdu.

- Bunda nə var ki, Rüfət müəllim?

- Nə olacaq, Müsavatın bayrağını tikibsən 26-ların böyrünə, - deyə səsini ucaltdı. - Sən bilmirsən ki, 26-ların yanında oturmazlar. Onlara ancaq ayaqüstü baxarlar.

- Bax, bunu bilmirdim, - deyib rişxəndlə gülümsündüm.

Söhbətimiz bununla da bitdi. Bir neçə gün sonra mənə şiddətli partiya cəzası verib tutduğum vəzifədən azad etdilər. Sonrasını da bilirsən".

... Hə, cənab səfir, indi 26-larla ədavətini bitmiş hesab etmək olar. Bakıya gələndə zəng vur, keçmiş iş yerinin qarşısında görüşək. Daha həmin abidəni Sahil bağında görməyəcəksən. Amma bilirəm ki, Şaumyanın nəvələri ilə, Azərbaycanda soyqırım törədənlərin abidəsinin xiffətini çəkənlərlə hələ uzun illər, ömrünün sonunadək vuruşacaqsan. Vuruş, qardaş, vuruş, vuruşmayanların əvəzindən də vuruş! Sən o yolda vuruşmasan yaşaya bilməzsən, cənab səfir! Bu, sənin taleyindir. Taledən isə qaçmaq olmaz!

26-ların abidəsinin sökülməsinin qanlı 20 Yanvara təsadüf etməsi lap yerinə düşdü. İnşallah, bir gün də əli Azərbaycan xalqının qanına batanlar öz layiqli cəzalarını, qiymətlərini alarlar, istər ölü olsunlar, istərsə də diri. Bu il Azərbaycan xalqı 20 Yanvar şəhidlərini daha layiqli formada andı. Bunun özü də çox şeydən xəbər verir.

Yazının qəhrəmanı İsfəndiyar Vahabzadə olduğundan, sonu da şəhidlərlə yekunlaşdığından səfirin bir arzusunu da xatırladım. Bir gün biz Şəhidlər Xiyabanında olanda İsfəndiyar dedi:

-"Yaxşı olar ki, Şəhidlər Xiyabanının girişinə Mehmet Akifin "Sənə dar gəlməyəcək məqbəri kimlər kazsın, Göməlim gəl səni tarixə, demə sığmazsın" misrası, qurtaracağına isə Namiq Kamalın "Şəhidlik son rütbəsidir əsgərin" sözləri yazılsa əla olar.

Bəlkə də haçansa bu və ya buna bənzər sözləri Şəhidlər Xiyabanında oxuyacağıq...

 

 

Səyyad Ağbabali,

"Arena" qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2009.- 3 fevral.- S. 4.