"İstəyirik ki, Avropa Şurası ilə hərtərəfli, obyektiv, normal əməkdaşlıq edək"

 

AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ SƏMƏD SEYİDOV: "AZƏRBAYCAN HƏMİŞƏ ÖZ MARAQLARINI QORUYUB, QORUYUR VƏ QORUYACAQ"

 

- Səməd müəllim, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu günlərdə qurumun yay sessiyasından qayıdıb. İlk öncə istərdik ki, nümayəndə heyətinin rəhbəri olaraq səfər barədə məlumat verəydiniz...

- Avropa Şurasının yay sessiyasında Azərbaycanla bağlı xüsusi müzakirələr aparılmayıb. Komitələr səviyyəsində müzakirələr oldu və xüsusilə bizim də fəal iştirak etdiyimiz Monitorinq Komitəsində Azərbaycanla əlaqədar məsələlər müzakirə edildi. Bu, heç də o demək deyil ki, Azərbaycan nümayəndə heyəti Parlament Assambleyasının iclaslarında edilən məruzələrə öz münasibətini bildirməyib. Əksinə, sessiyanın gündəliyindəki bütün məsələlərdə nümayəndə heyətimiz mövqeyini ortaya qoydu. Harada ki, faktlar obyektiv idi, Avropa Şurasının nümayəndələri real və obyektiv məsələlərə yanaşmışdılar, biz, o məsələləri dəstəkləmişik. Amma qeyri-obyektiv yanaşmalara da etirazımızı bildirmişik.

Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının sessiyasında insan hüquqları ilə bağlı monitorinq proseduru və Avropa ölkələrində insan hüquqları ilə əlaqədar məruzə dinlənildi. Məruzə Monitorinq Komitəsinin sədrinin hazırladığı sənəd idi. Bu sənəddə Avropa ölkələrində insan haqları ilə bağlı bu və ya digər problemlər gündəmə gətirildi. Biz, bu məsələyə öz münasibətimizi bildirdik. Söhbət ondan gedir ki, Avropa Şurasının monitorinq prosedurası təəssüf ki, ölkələrə qarşı o qədər də obyektiv deyil. Hətta, deyərdim ki, bu monitorinq bütövlükdə obyektiv şəkildə aparılmır. Avropa Şurasına üzv olan bütün ölkələrdə insan haqları ilə bağlı problemlər mövcuddur. Ümumiyyətlə, dünyada belə bir problem var və bu olmasaydı, bəlkə də insan haqlarını müdafiə edən təşkilatlar, bu istiqamətdə xüsusi fəaliyyət göstərən qurumlar olmazdı. Ancaq biri var insan haqları ilə məşğul olmaq, biri də var insan haqlarından istifadə edərək ölkələrə təzyiq etmək. Və ölkələrin imicinə zərbə vurmaq.

Bu nöqteyi-nəzərdən təəssüflər olsun ki, təqdim olunan məruzədə Avropa Şurasının ümumi problemi olan məsələ əks edilmişdi.

- Qeyd etdiyiniz problemlər hansılardır? Bu problemdən çıxış yolunu nədə görürsünüz?

- Məruzədə müxtəlif ölkələrdə təxminən eyni problemlərə müxtəlif yanaşmalar mövcuddur. Misal olaraq, Azərbaycana və başqa ölkələrə olan münasibəti qeyd etmək istəyirəm. Azərbaycanda insan haqları ilə bağlı müəyyən problemlərin olduğunu heç kim inkar etmir. Qeyd etdiyimiz kimi bu problem bütün dünyada mövcuddur. Azərbaycan da inkişaf edən cəmiyyətdir və belə bir cəmiyyətdə müxtəlif problemlər ola bilər. Ancaq bundan sui-istifadə edib Azərbaycana qarşı xüsusi addımlar atmaq üçün siyasət aparmaq qəbulolunmazdır. Bir müddət öncə Azərbaycana qarşı çox kəskin və qeyri-obyektiv, ədalətsiz qərar qəbul olundu. Bu da siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması idi. Biz dəfələrlə bəyan etmişik ki, bu, qeyri-obyektiv addımdır və bu addım Azərbaycanın Avropa Şurası münasibətlərinə xeyir yox, xələl gətirəcək. Konstruktiv danışıqlar, bir-birimizi başa düşmək istiqamətində fəaliyyət göstərmək, həssaslıqla münasibət formalaşdırmaq daha yaxşıdır, nəinki konfrantasiyaya getmək və Azərbaycanın haqq sözünü eşitməmək.

Bununla yanaşı Azərbaycanda olan problemləri böyüdüb onu dünyaya qəbul olunmayan tərzdə təqdim edərək, başqa ölkələrdə təxminən oxşar problemlərin üstünü malalamaqla xüsusi siyasət aparmaq Avropa Şurasına zərər gətirən siyasətdir.

- Yeri gəlmişkən, sessiyada Ermənistanla bağlı müzakirələr hansı səviyyədə keçdi? Yenə də, bu ölkəyə qarşı isti münasibət göstərildi?

- Müzakirələrdə yenə də, Ermənistana dəstək verildi. Təsəvvür edin, Ermənistanda son prezident seçkilərindən sonra xeyli adam həbs olundu və tamamilə qeyri-obyektiv, qərəzli ittihamlarla onları mühakimə etdilər. Hətta parlament üzvləri də həbs olundu. Seçkilər siyasi hadisədir. Məhbus o adamdır ki, azadlıqdan məhrum edilib. Amma Avropa Şurası bu hadisəni öz adı ilə çağırmır. Qurumun sənədlərində qeyd olunur ki, "Martın əvvəlində baş vermiş hadisələr nəticəsində azadlıqdan məhrum olunan şəxslərlə bağlı iş aparmaq lazımdır". Bunu belə demək olmazdımı ki, siyasi hadisəyə görə məhbusluqda olan şəxslər?

Siz nə Ermənistanın, nə də başqa ölkələrə aid olan məruzədə "siyasi məhbus" sözünü tapa bilməzsiniz. Bu sözdən istifadə etməmək üçün hadisənin adını yazırlar və məhbus sözünü qeyd etmirlər, "siyasi məhbus" sözünü dilə gətirmirlər. Yaxşı, mən həmin quruma müraciətlə deyirəm ki, 46 dövlətdə bu sözü dilə gətirmirsinizsə, nə üçün Azərbaycan üçün asanlıqla deyirsiniz?

Bu, ikili standart, qeyri-obyektiv yanaşma deyilmi? Biz belə məsələləri Ermənistanla bağlı məruzədə faktlarla göstərəndə, deyirlər ki, bunu edə bilmirik. Ermənilərin arxasında güc olduğu üçün bunu edə bilmirsiniz? Azərbaycanın da kifayət qədər gücü var. Bu gün Azərbaycan çox güclü, müstəqil dövlətdir. Siz Azərbaycana heç edə bilməzsiniz. edirsinizsə, özünüzə, öz imicinizə edirsiniz bu imici dağıdırsınız.

- Siz Avropa Şurasının daxilində də ciddi problemlərin olduğunu qeyd etmisiniz. Nədir bu problemlər?

- Avropa Şurası demokratik təşkilatdır və demokratik təşkilatlarda bir vəzifə tapmaq olmaz ki, həmin vəzifə ömürlük olsun. Yadınızdadırsa, Azərbaycanda referendum keçiriləndə prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılanda onlara izah edə bilmirdik ki, burada "ömürlük prezident" məsələsi yoxdur. Sadəcə, insanların seçim hüququ təmin olundu. Yəni, insanlar prezident görmək istədiyi şəxsi hər beş ildən bir seçə bilər. Amma Avropa Şurasında ömürlük vəzifə var: bu məruzəçilərdir. Belə ki, məruzəçilər dəyişmir, onlar bir dəfə seçiləndən sonra bunun müddəti yoxdur. Nəticədə isə dövlətlər həmin məruzəçilərin girovuna çevrilirlər. Ermənistanda vəziyyət pis olsa da, məruzəçilər deyir ki, orada hər şey yaxşıdır. Azərbaycanda vəziyyət normal olsa da, məruzəçi iddia edir ki, hər şey pisdir. Hər iki hal pisdir və bu vəziyyətdə təşkilat məhv olub gedir. Çünki, obyektivlik itir, ikili standartlar var.

Hər bir siyasət daxili və xarici vəziyyətin ümumiləşdirilmiş təhlilinin davranışı kimi təqdim oluna bilər. Yəni, Azərbaycanda və regionda olan geosiyasi vəziyyətin təhlili hansısa siyasətin aparılmasına gətirib çıxarır. Azərbaycanda prezident İlham Əliyev tərəfindən həmişə balanslaşdırılmış siyasət həyata keçirilir. Bu siyasət Azərbaycanın maraqlarına uyğundur və geosiyasi mövqeyimizdən irəli gələn məsələdir. Avropa Şurası bir təşkilat kimi regionumuzda olan geosiyasi məsələləri düzgün təhlil edə bilmir. Anlamır ki, hansı təhlükələrlə üzləşmişik, sabitlik Azərbaycanda nə dərəcədə vacib və əhəmiyyətli məsələdir. Şüarların implimintasiyasından çıxış edərək fikirləşmir ki, bəlkə hansısa şüarı implimintasiya edəndən sonra sabitlik pozulacaq, problemlər yaranacaq və s. Bu da təşkilatın zəifləməsinə gətirib çıxarır və onun qəbul etdiyi qərarların icra olunmaması ilə nəticələnir.

Demokratiya, insan haqları, qanunun aliliyi haqqında çox yüksək tribunadan danışmaq hələ həmin o dəyərləri implimintasiya etmək demək deyil. Avropa Şurası il yarımdır ki, bir baş katibi seçə bilmir. Niyə? Çünki qurumun iki qolu arasında çaxnaşma gedir. Nazirlər Komitəsi öz namizədini, Parlament Assambleyası isə öz namizədini irəli sürmək istəyir. Onlar oturub bir məxrəcə gələ bilmirlər. Yaxşı, bu təşkilat ortaq məxrəcə gələ bilmirsə, onda necə gənc ölkələrdə demokratiyanın inkişafı ilə məşğul olacaq? Deməli, onlar dəyərlər haqqında yox, vəzifə haqqında fikirləşirlər. Vəzifələr haqqında fikirləşən təşkilat isə o qədər də düzgün addım ata bilməz. Bunların hamısını qurumun iclasında çıxış edərək bildirmişəm. Hətta çıxışıma digər dövlətlərdən olan deputatlar da dəstək verdilər. Hesab edirəm ki, Avropa Şurasında özünütəhlil prosesi getməlidir. Bu proses getməsə, təşkilatı böyük problemlər gözləyir.

- Azərbaycanın ikili standartlarla qarşılaşması yeni məsələ deyil və ölkəmiz daim belə hallara qarşı mübarizə aparır. Əgər Avropa Şurasının belə mövqeyi davam edərsə, onda münasibətlərimizi gələcəyi haqqında nə düşünürsünüz?

- Azərbaycan müstəqil dövlətdir. Ölkəmiz yüksək səviyyəli siyasət aparmaqla xeyli nailiyyətlər əldə edib. İstəyirik ki, 60 illiyini bu yaxınlarda qeyd edən Avropa Şurası ilə hərtərəfli, obyektiv, normal əməkdaşlıq edək. Belə olmayacaqsa, Azərbaycan həmişə öz maraqlarını qoruyub, qoruyur və qoruyacaq. Azərbaycanın mövqeyi nəzərə alınacaqsa, konstruktiv əməkdaşlığımız davam edəcək. Əgər nəzərə alınmayacaqsa, bu, təşkilat uçun problem olacaq. Amma inanıram ki, gec-tez ölkəmizin mövqeyi nəzərə alınacaq.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 1 iyul.- S.5.