"Molla Nəsrəddin XXI əsrdə" ictimaiyyətə tanıdılıb

 

Yazıçılar Birliyində (AYB) "Molla Nəsrəddin XXI əsrdə" jurnalının təqdimat mərasimi olub. Mərasimdə çıxış edən jurnalın baş redaktoru Mehman Göytəpəli dərginin yaradılması zərurətindən söz açıb: " Bu dərgini ərsəyə gətirməkdə yaradıcı kollektivin məqsədi görkəmli yazıçı Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının ənənələrini davam etdirmək, həyatın bütün sahələrində sürətli inkişafa mane olanları, mənəvi dəyərlərimizə zərbə vuranları oxucuların mühakiməsinə verməkdir".

Təqdimat mərasimində çıxış edən yazıçı Natiq Rəsulzadə, tanınmış qələm sahibləri Eldəniz Quliyev, Firuz Həşimov, Miraslan Bəkirli və digərləri jurnalın yaradıcı kollektivini təbrik edərək, dərginin işıq üzü görmüş nömrələrinin müsbət və çatışmayan cəhətləri barədə fikir mübadiləsi aparıblar. Keçən il nəşrə başlayan jurnalın indiyədək 6 sayı çap olunub. Tədbirin sonunda jurnalın ayrı-ayrı saylarının nüsxələri iştirakçılara paylanıb.

  

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 4 iyul.- S.22.