"Cəbrayıl alimləri" kitabı ictimaiyyətə təqdim olunub

 

Yazıçılar Birliyində filologiya elmləri namizədi, "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin redaktoru Tariyel Abbaslının "Cəbrayıl alimləri" ensiklopedik toplusunun təqdimatı olub. Tədbirdə akademik Budaq Budaqov T.Abbaslının yeni kitabının düşmən tapdağı altında olan Cəbrayılın tarixini əks etdirməklə yanaşı, həm bu yurdda yaşayan ziyalıların gələcək nəsillərə tanıdılması baxımından faydalı olduğunu bildirib. Şair-publisist, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli ensiklopedik məlumat kitabının böyük zəhmətin inadlı axtarışların məhsulu olduğunu, kitabda Cəbrayıl rayonunda doğulub boya-başa çatan görkəmli elm xadimləri haqqında zəruri məlumatların yer aldığını deyib. Şair Ədalət Əsgəroğlu Cəbrayıl rayonunda dünyaya göz açan akademiklər Əşrəf Hüseynov, Mehdi Mehdizadə, professor Tofiq Hacıyev, Arif Həsənov başqalarının Azərbaycan elminin inkişafındakı xidmətlərini önə çəkib onların təkcə Cəbrayılın yox, bütün Azərbaycanın fəxri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən yazıçı Oruc Qüdrətov və başqaları kitabın tarixi əhəmiyyətindən söz açaraq, yeni nəşrdə 230-dan çox alim haqqında məlumat verilməsini təqdirəlayiq hal kimi vurğulayıblar.

Sonda çıxış edən müəllif "Cəbrayıl alimləri" kitabını hazırlayarkən yüzlərlə sənəd və mənbə ilə tanış olduğunu, çox sayda insanla görüşüb söhbətləşdiyini önə çəkib. T.Abbaslı bir vətənpərvər kimi Cəbrayıl rayonu haqqında, onun tarixi keçmişi, ölməz şəxsiyyətləri barədə bundan sonra da yeni əsərlər qələmə alacağını, böyük simaların gələcək nəsillərə tanıdılması istiqamətində işini davam etdirəcəyini bildirib.
   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.23.