Yazıçı alim Elmira Zamanovanın yubileyi qeyd olunub

 

Ötən gün Yazıçılar Birliyində (AYB) fantast yazıçı, fizika-riyaziyyat elmləri doktoru Elmira Zamanovanın 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi Çingiz Abdullayev E.Zamanovanın yaradıcılığından danışıb, onun elmi-fantastik janrda dəyərli əsərlər qələmə aldığını vurğulayıb.

AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu yubilyarı təbrik edərək, onun bədii yaradıcılığa başladığı il dövrdən - hələ 1970-ci illərdə yazdığı fantastik hekayələrlə oxucuların rəğbətini qazandığını dilə gətirib: "Elmira Zamanova az sayda yazıçının müraciət etdiyi fantastika janrında yazıb-yaradır. Onun "Yeraltı dünya", "Ruhlar bizimlədir" və digər kitabları xüsusi maraqla qarşılanıb. "Daş həyat" hekayəsi əsasında televiziya tamaşası çəkilib. Bədii yaradıcılıqla yanaşı, Elmira Zamanova elmi fəaliyyətlə də ardıcıl məşğul olur. İki dərs vəsaitinin, bir monoqrafiyanın, yüzdən artıq elmi işin, on ixtiranın müəllifidir və hazırda Milli Elmlər Akademiyası Fizika İnstitutunda şöbə müdiri vəzifəsində çalışır". Sonra Ə.Əsgəroğlu AYB adından yubilyara diplom və hədiyyə təqdim edib.

Tədbirin aparıcısı, yazıçı-dramaturq Firuz Mustafa yubilyarın vətənpərvərlik mövzusunda da dəyərli əsərlər yazdığını, Qarabağ dərdlərini əks etdirən kitabını xüsusi vurğulayıb.
   Yazıçı Natiq Rəsulzadə E.Zamanovanın yaratdığı ədəbi obrazların canlılığını, fantastika janrında qələmə alınsa da, əsərlərində real insanların təsvir olunmasını önə çəkib.

"Elmira Zamanova yüksək mədəni səviyyəyə malik olmaqla yanaşı, həm də güclü istedad sahibidir. Onun fizika-riyaziyyat sahəsində gördüyü işlər elmimizi zənginləşdirdiyi kimi, bədii yaradıcılığı da ədəbiyyatımıza oxunaqlı əsərlər bəxş edib". Bu fikirləri tədbirdə yazıçı-publisist Xeyrəddin Qoca səsləndirib.

Yubiley mərasimində alim-yazıçının tələbələri də çıxış edərək E.Zamanovanın pedaqoji fəaliyyətindən məmnunluqla söz açıblar.

Sonda çıxış edən E.Zamanova yaradıcılığı haqqında xoş sözlərə və səmimi çıxışlara görə tədbirin təşkilatçılarına, qonaqlara minnətdarlığını bildirib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 20 iyun.- S.22.