Foto S.Rasimindir...

 

TANINMIŞ FOTOQRAF RASİM SADIQOV: "BU GÜN ƏSAS MƏQSƏDİM ƏCNƏBİ FOTOQRAFLARIN AZƏRBAYCANA AXINININ QARŞISINI ALMAQ ÜÇÜN MÜMKÜN QƏDƏR ÇOX CAVAN PEŞƏKARLAR YETİŞDİRMƏKDİR"

 

"Ad insanı yox, insan adı məhşurlaşdırır", deyirlər. "Rasim" adı da Azərbaycanda adi adlardan biri olsa da, foto sənətində bu ad artıq peşəkarlıq standartı kimi qəbul olunur. "Foto S.Rasimindir" imzası həm də bir növ onun hüquqi adına çevrilib.

"Azərbaycan" nəşriyyatında yerləşən studiyasında hər bir qarış onun peşəkarlığının təqdimatıdır. Özü zarafatla "bura nəşriyyatda yeganə otaqdır ki, təmirə ehtiyacı yoxdur",- deyir. Həqiqətən də nəşriyyatda yerləşən digər otaqlardan fərqli olaraq onun otağının divarlarını müasir dizayn elementləri yox, müxtəlif illərə və dövrlərə aid yüzlərlə şəkil bəzəyir.

Həmişə qaçhaqaç rejimdə çalışan Rasim müsahibəni də elə bu şəraitdə verdi.

"Yaxşı sənətkar müştərisiz və sifarişsiz qalmır. Çatışmayan yeganə məfhum - əlahəzrət vaxtdır. Əgər haradasa vaxt satıldığını bilsəydim, məmnuniyyətlə alardım", - deyir S.Rasim.

 

"FOTO SƏNƏTİMİZƏ ƏCNƏBİLƏR YİYƏLƏNƏ BİLƏR"

 

- Hər bir şəxsə Allah müəyyən vaxt bəxş edib, insan bundan yararlanmalıdır. Bəzən parklarda domino oynayan adamları görəndə öz-özümə düşünürəm ki, gör, onlar Allahın verdiyi vaxtı nəyə sərf edirlər. Mən belələrini başa düşə bilmirəm. Oqtay ("AzərTAc"ın fotoxronikasının baş redaktoru Oqtay Aydınoğlu. Bu ilin yanvarında iş başında ürək tutmasından vəfat edib - İ.Q.) işlərinin çoxluğundan ürəyinin müalicəsinə vaxt tapa bilmədi. Mən də o gündəyəm. Səhhətimdəki müəyyən problemlərin müalicəsi üçün vaxt tapa bilmirəm. Həm peşəkar fəaliyyətimlə məşğul oluram, həm tələbələrimi hazırlaşdırıram, həm www.azpress.az saytını idarə edirəm, həm də fotomüsabiqələr təşkil edirəm. Mənim heç fəxri adım da yoxdur və hər hansı titul uğrunda mübarizə aparmamışam, maraqlanmamışam. Sənətkarın adı sənəti ilə çıxmalıdır. Bəlkə də, "ad" gələcəkdə maddi cəhətdən müəyyən problemlərin həllində rol oynaya bilər, amma ən yüksək status da istedadsız adamların köməyinə çata bilməz. Onlar lazımsız "varlığa" çevrilirlər.

- Tələbələrinizdən kimlərin adlarını çəkə bilərsiniz?

- Dilavər, Elçin Quliyev və digərləri. Bunlar ən mötəbər vəzifələrdə işləyənlərdir. Məsələn, Dilavər Gənclər və İdman Nazirliyində işləyir, "Ədalət" qəzetinin müxbiridir. Dilavər foto sənətində özünü doğruldub və artıq özünün şagirdləri var. Prezident ona ev də hədiyyə etdi. Hərdən mənə deyirlər ki, niyə sənətini başqalarına öyrədirsən? Mən bunu millətimiz naminə edirəm.

Bu sənətə 80-ci illərin əvvəllərində gəlmişəm. 1981-ci ildə AzTV-yə, 1983-cü ildə isə "Ədəbiyyat və incəsənət" qəzetinə fotomüxbir kimi işə qəbul olunmuşam. O zaman əsasən ermənilər və yəhudilər fotomüxbirliyi zəbt etmişdilər. Bu sahələrdə azərbaycanlıların ortalığa çıxması çox çətin idi, ümumiyyətlə, mümkün deyildi. Həmin dönəmdə televiziyada lent vasitəsilə işləyirdilər və lent çatmadığından bəzən fotolardan ibarət slayd-şoular gedirdi, kadrarxası mətn oxunurdu. Azərbaycanda isə slayd çəkən çox az idi.

1983-cü ildə mən Nəriman Həsənzadənin yanına, "Ədəbiyyat və incəsənət" qəzetinə gəldim. 8 il orada işlədim. 90-cı ildə 20 Yanvar hadisəsindən sonra "Azərbaycan" qəzeti açıldı və mən dövlət qəzetinin ilk fotomüxbirlərindən oldum.

- Dediniz, bu sahəni ermənilər və yəhudilər zəbt etmişdilər. Nəyə görə? Azərbaycanlılar bacarmırdılar, yoxsa onları qoymurdular?

- Şərait yaratmırdılar. Fotoqraflıq olduqca cəlbedici və gəlirli idi. Və bu sənətin bütün gəlirli nöqtələri hamısı onların əlində idi. Azərbaycanlı fotomüxbir kimi fəaliyyətə başlayırdısa, gəlirsiz və əziyyətli nöqtələrə göndərilirdi.

1980-ci illərin ortalarında Heydər Əliyevin göstərişilə "Azərinform"un o vaxtkı baş direktoru Qurviçə azərbaycanlılardan ibarət fotomüxbir heyəti yaratmaq tapşırıldı. H.Əliyev soruşanda ki, neçə azərbaycanlı var, demişdilər ki, bir azərbaycanlı var - Yaşar Xəlilov. 12 müxbirdən cəmisi biri azərbaycanlı idi. Təsəvvür edirsiniz, bütün aparıcı mövqelərin hamısı ermənilərin əlində idi. Bax, onda məni oraya işləməyə dəvət elədilər. Təklifi qəbul edəndə Nəriman Həsənzadə dedi ki, Rasim, səni orada "yeyəcəklər" və qoymayacaqlar işləməyə. Eksperiment xatirinə getdim. Nəticəsi nə oldu? Məni ən ağır nöqtələrə göndərirdilər, şərait yaratmırdılar, öyrətmirdilər.

- Ağır nöqtə dedikdə, nəyi nəzərdə tutursunuz?

- Məsələn, uzaq bir zavodda, tozlu-torpaqlı bir yerdə çəkiliş etmək lazım gəlirdisə, mən gedirdim. Amma yüksək səviyyəli təqdimatlara, görüşlərə, əlavə qazanc mənbəyi olan yerlərə məni göndərmirdilər. Həmin "nöqtələr" onların əllərində idi. Tutaq ki, müəyyən bir iş adamı və yaxud da vəzifəli şəxslərin yanına göndərmirdilər ki, bacarığımla onların çörəklərini əllərindən almış olaram.

Onlar həqiqətən də ehtiyat edirdilər, qorxurdular. Bəlkə də fotomüxbir kimi püxtələşməyib, həvəskar kimi işləyəcəkdim. 88-ci illərdə başlayan proseslər zamanı erməni fotoqraflar qaçdı və çox böyük bir boşluq yarandı. Yalnız bundan sonra azərbaycanlılar həmin sahələri tutdular. Amma indi başqa tendensiya görürəm. İndi də xarici fotomüxbirlər ortalığa çıxıb. Bizimkilərdə də belə mentalitet var ki, xaricilər daha yaxşı çəkir, halbuki bizim özümüzün çox gözəl sənətkarlarımız var. Azərbaycanda Rafiq Nağıyev, Rafiq Qəmbərov, Ağali Məmmədov, Sənan Ələsgərov kimi professional sənətkarlar var. Bu cür sənətkarlarımız ola-ola, niyə görə başqalarına üstünlük verməliyik? Mən digər millətlərə qarşı deyiləm. Sadəcə, bu nüansı qəbul edə bilmirəm. Çünki ağır yolları keçmişəm və bilirəm ki, əgər biz bir balaca boşluq yaratsaq, bunun sonu nə ilə nəticələnə bilər.

- Nə ilə nəticələnə bilər?

- Onunla nəticələnə bilər ki, bu sənətə başqaları yiyələnə bilər. Çünki onların şansı bizimkindən çoxdur. Bizdə elə bir mentalitet formalaşıb - düşünürlər ki, türk və yaxud iranlı repartyor bizimkilərdən daha yaxşı sənət nümayiş elətdirər. Bu, belə deyil.

- Bəlkə, bu, texnika üstünlüyündən irəli gəlir?

- Xeyr. Sənətkara aparatura təsir eləmir. Əgər sənətkarsansa, sənin görmə qabiliyyətin, bacarığın, nəzəri hazırlığın olmalıdır. Təxminən 15-20 il bundan əvvəl Sumqayıtda fotoqraflar dərnəyinə rəhbərlik edirdim. Biz uşaqlarla Sumqayıtı piyada gəzirdik və mən onlara tapşırmışdım ki, ətrafa baxıb süjetlər fikirləşsinlər. Bir kilometrlik yolda biri 10, digəri 3 süjet fikirləşirdi, başqası, ümumiyyətlə, heç nə fikirləşə bilmirdi, eləsi də vardı addımbaşı nələrsə deyirdi. Hamısı əlindəki çərçivə vasitəsilə görmə qabiliyyətini artırır, inkişaf etdirirdi. İdmançı məşq eləməsə, professional idmançı ola bilməz, fotomüxbir də elədir. Biz məşq eləməsək, məhv olarıq. Bax, bu dəqiqə mən bir sənətkar kimi demək olar ki, özümdən çox narazıyam. Ona görə ki, sənətdən müəyyən qədər uzaqlaşıb, başqa işlərə qurşanmışam - təşkilati işlərə, müsabiqələrə və s. Və paralel olaraq mən şagirdlər qrupu yaratdım. Məqsədim odur ki, əcnəbi fotomüxbirlərin axınının qarşısını almaq üçün, heç olmasa il ərzində 10-a yaxın güclü sənətkar yetişdirim. Düzdür, əzab-əziyyətlə, söyə-söyə, döyə-döyə olsa da onlara nəsə öyrətməyə çalışıram. Yetişdirdiyim bu fotomüxbirlərdən heç olmasa 4-5-i fəaliyyətini davam etdirsə, gəlmələrə yer qalmayacaq. Ölkəmizə gələn bilməlidir ki, burada ondan peşəkar sənətkar var və onun qabağına çıxa bilməz.

 

"YENİ BAKIDAN KÖHNƏ BAKIYA NƏZƏR"

 

- Son 20 ildə müxtəlif sahələrdə diqqətinizi daha çox nə çəkib? Azərbaycanı dünyaya təqdim eləmək üçün sizdən bir foto işi istəsəydilər, nə çəkərdiniz?

- Bu dəqiqə Azərbaycanda çox güclü inkişaf gedir. Hətta bü sürətli inkişafdan özüm qorxuram. Şəhərimizə elə bir dizayn veriblər ki, adama ləzzət eləyir. Digər tərəfdən də məni başqa bir şey ağrıdır. Elə bil ki, köhnə Bakıda məndə nostalji var. Yaxşı olardı ki, haradasa Bakının kənarında yeni Bakı yaranaydı. Köhnə Bakı olduğu kimi, toxunulmaz qalaydı. Mən o dövrdə yaşadığıma görə köhnə Bakı üçün darıxıram. Məsəlçün, "Azneft" tərəfdən köhnə evlər sökülüb. Mən həmin o evlərin həsrətini çəkirəm. Göydələnlər ucaldılsa da, tarix qalmayıb, yoxdur. Bax, bunu qəbul edə bilmirəm. Bu günlərdə "Köhnə Bakı və yeni Bakı" proyekti üzərində reportaj hazırlamaq istəyirəm. Ötən əsrin 70-80-ci illərində çəkilişlər apardığım nöqtələri tapıb yenidən çəkiliş aparım və iki fotonu yanaşı qoyaraq aralarındakı fərqi görüm. Vaxt tapıb mütləq bu proyekti həyata keçirəcəyəm. Mənim uzağı 10 il aktiv ömrüm qalıb. On ildən sonra bilmək olmaz başıma nələr gələcək. Və çox güman ki, mən bundan sonra qeyri-adi bir şey edə bilməyəcəyəm. Hətta inanmıram ki, bundan sonra mənə fəxri ad və yaxud da vəzifə versinlər. Hazırda bir nömrəli işim odur ki, bu sənətdə başqa ölkələrdən gələnlərin qarşısını alım. Çünki bu sənətə 8 il əziyyət çəkə-çəkə, cırmaqlaşa-cırmaqlaşa yiyələnmişəm. Mən müxbirlərimə hərdən deyirəm ki, öyrənin, özünüzü göstərməyi bacarın, əgər sənətkarsınızsa, sizin həmişə çörəyiniz olacaq, yox əgər sənətkar deyilsinizsə, onda gedin özünüzə başqa sənət tapın. Məqsədim də odur ki, bacardıqca professional müxbirlər yetişdirim. O zaman savadsız və gəlmə fotomüxbirlərə yer qalmayacaq.

- Nə vaxtdan fotojurnalistikadasınız?

- Mən 1970-ci illərin əvvəllərindən bu sahədə çalışıram. Hətta 1969-cu ildə, 8-ci sinifdə oxuyanda "Pionerskiy pravda"nın mükafatına layiq görülmüşəm. O vaxt mənə "Artek"də dincəlmək üçün pulsuz putyovka vermişdilər.

- Arxivinizdə yüz minlərlə şəkil var. Arxivinizi almaq təşəbbüsləri olubmu?

- Bəli, belə cəhdlər olub. Birinci cəhd təxminən 90-cı ilin sonlarında baş verib. Dedilər ki, mən arxivi dövlətə təhvil verməliyəm. Bu yaxınlarda da belə bir şeylə rastlaşmışam, amma bu dəfə pul təklif ediblər. Amma elə qiymət deyiblər ki... Məsələ burasındadır ki, o arxivin taleyi necə qurtaracaq bilinmir, nə qədər pul verəcəkləri də məlum deyil və eyni zamanda bu arxivin müəlliflik hüququnun qalıb-qalmaması da sual altındadır. Məndən o arxivi elə istəyirlər ki, elə bil sənətkar deyiləm, sadəcə, hansısa bir icraçıyam. Bu mənim sənətimdir, mən bu sənətlə yaşamışam. Bu yaxınlarda eşitmişəm ki, guya kimsə mənim fotolarım əsasında "Azadlıq hərəkatının foto salnaməsi" adı altında elmi iş yazıb. Mənim bundan xəbərim yox idi, sonradan maraqlanmağa da vaxtım olmadı. Hərdən bəzi üzdəniraq adamlar mənə deyirlər ki, özünü nə hesab edirsən, adi bir jurnalistsən. Mən də cavabında deyirəm ki, mən nə eləmişəmsə də, artıq tarixdəyəm, istəsəm də özümü tarixdən silə bilmərəm. Tarixdə olan Azadlıq hərəkatıdır, 20 yanvardır, parlament dövrüdür, bütün bunların altında mənim adım gedirdi. O vaxtlar mən müəlliflik hüququmu gözləyirdim. Həmin fotoları görənlər istər-istəməz maraqlanırdılar ki, bunu kim çəkib, aydın məsələdir ki, mənim adım çəkilirdi. Mən özümdən asılı olmayaraq artıq tarixdəyəm. Müəlliflik hüququmu gözləmədən çəkdiyim şəkilləri məndən istəmək bir zənbil ərzaq istəməyə oxşayır. Bu, hörmətsizlikdir.

- Şəxsi arxiviniz üzərində müəllif hüquqlarını qeydiyyatdan keçirmisinizmi?

- İnanın ki, buna vaxt yoxdur. Sabah mənim Qarabağ döyüşləriylə, Azadlıq hərəkatıyla bağlı fotolarımı kimsə götürüb mənimsəsə, avtomatik olaraq adına keçirtmək istəsə, heç bir problem olmayacaq. Səttar Bəhlulzadə ilə bağlı fotossessiyamın əsasında mükafat alanlar olub, hətta həmin şəxs mənim tanıdığım adamlardan biri olub, nəşriyyatda işləyir. Sonradan o özü gəlib məni tapdı.

- Vaxtı ilə çəkdiyiniz şəkillərin neqativlərinin taleyi necə oldu?

- Qoruyuram. Qoruyuram ki, lentlərə bir şey olmasın. Mən bu dəqiqə çalışıram ki, o neqativləri rəqəmləşdirim.

- Arxivinizdə nə qədər şəkil var?

- Rəqəmsal texnologiya ilə çəkdiklərimlə birlikdə 6-7 milyona gəlib çatır. Amma rəqəmsal texnologiyaya qədər lentlə 2-3 milyon kadr çəkmişdim. Təəssüflənirəm ki, o vaxt rəqəmsal fotoaparatlar olmayıb. Onda Allah bilir nələr edərdim.

- Amma bəzi peşəkarlar deyirlər ki, rəqəmsal aparatlar neqativin yerini vermir.

- Xeyr. Azərbaycanda rəqəmsal fototexnologiyaya keçənlərdən birincisi bəlkə də mən olmuşam. Mənim ilk fotoaparatımın Mqp-i 0,8 olub. Bu çox aşağı bir səviyyə deməkdir. İndiki fotoaparatım 24 Mqp-dir. 24 hara, 0,8 hara. İndiki zəmanədə mobil telefonlar 8 Mqp-lə çəkir. O vaxt mənə gülürdülər ki, bundan bir şey çıxmaz. Mən deyirdim ki, gələcək rəqəmsal texnologiyanındır. Yenə də deyirəm, fərqi yoxdur, sən rəqəmsal fotoaparatla çəkirsən və yaxud da lentlə, əsas odur ki, sənətkar olmalısan, sənin görmə qabiliyyətin olmalıdır.

 

"LENTLƏ İŞLƏYƏNDƏ KADRLARIN SEÇİMİNƏ QƏNAƏT EDİRDİM Kİ, LENT TEZ    QURTARMASIN"

 

- Heç olubmu ki, fotoaparatınızın enerjisi və ya fotolentin qurtardığından unikal kadrı çəkə bilməyəsən?

- Lentlə işlədiyim dövrdə çox olurdu. Elə indi də olur. Bir də görürsən ki, rəqəmsal kart dolub, unikal kadr var, amma çəkə bilmirsən - əvvəl çkdiklərindən də silməyə bir şey tapa bilmirsən. Mən indi çox təəssüflənirəm ki, nə üçün o vaxt bizdə rəqəmsal fotokamera olmayıb. 20 yanvar faciəsini də, Qarabağ müharibəsini də qənaət eləmədən fotokameranın yaddaşına köçürərdim. Lentlə işləyəndə kadrları çəkəndə seçim aparırdım, qənaət edirdim ki, lent tez qurtarmasın.

- Fotolarınızdan ibarət kitab buraxmaq fikrin varmı?

- İndi mən bütün diqqətimi saytıma yönəltmişəm.

- Heç saytdan şəkillərin götürülməsi ehtimalı olmurmu?

- Bilirəm ki, var. Şəkillərimi öz adına çıxaranlar olur. Amma mənim özümü başqa cür göstərməyə vaxtım yoxdur. Heç sərgilərdə də iştirak eləmirəm. Çünki Azərbaycanda sərgi keçirmək mədəniyyəti yoxdur. Bir yerdə ki, hər şey tanışlıqla olur, artıq sərgiyə gələndə kimin hansı yer tutacağı əvvəldən məlum olur, buna sərgi demək olmaz. Ona görə də belə sərgilərə vaxtımı sərf etməyi mənasız hesab edirəm. Fərdi sərgimi keçirməyə dəyər, amma ona da vaxt lazımdır. Vaxtım isə yoxdur. Sutkada 3-4 saat yatıram. Bilirəm ki, bu, çox təhlükəlidir. Mən özüm həmişə tələbələrimə deyirəm ki, gecəni yaxşı yatın, səhər də yaxşı yeyin ki, yaxşı işləyə biləsiniz. Hətta tələbələrimdən biri az yediyi üçün zəif idi deyə onu qovdum. İnsan ilk növbədə orqanizmini fikiləşməlidir. Amma özüm bu tələbə riayət eləmirəm. Halbuki bilirəm ki, istirahətimə baxsam, işlərim daha yaxşı gedər. Mən tələbələrimlə işə başlayanda fikirləşirdim ki, bəlkə işim azalar, amma gördüm ki, əksinə, işim daha da artdı. İşi istədiyim səviyyədə edə bilmirlər. Bir də görürsən ki, onları sifariş üçün göndərirəm, işi bacarmırlar. Əgər mənə sifariş ediləndə "Rasim, şagirdlərindən birini göndər" demirlərsə, deməli, hələ o səviyyəyə çatmamışam, şagirdləri o səviyyədə yetişdirə bilməmişəm. Bu isə mənim üçün qəbahətdir.

 

 

İlhamə QASIMLI

 

525-ci qəzet.- 2009.- 24 iyun.- S.4.