"Sənətin Firuzəsi" işıq üzü görüb

 

Dəyərli qələm sahibi şair, nasir və alim Firuzə Məmmədlinin həyat və yaradıcılığı haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələrdən ibarət "Sənətin Firuzəsi" adlı toplu nəşr edilib. Bəhram Cəfəroğlunun tərtib etdiyi kitabın məsləhətçisi Əzizxan Tanrıverdidir. Tərtibçi "Sənətin Firuzəsi" adlı məqaləsində F.Məmmədlinin yaradıcılığına şair, nasir, dilçi-alim və tərcüməçi aspektindən yanaşaraq, onun şairlik istedadını ön plana çəkib.

Kitabda Afat Qurbanovun "Firuzə Məmmədlinin elmi yaradıcılığına bir baxış", Buludxan Xəlilovun "Şairə və alim taleyi yaşayan insan", Vaqif Yusiflinin "Ağrılı şeirlər", "Şairin nəsr kitabı", Əzizxan Tanrıverdinin "Tanımadığımız Firuzə Məmmədli", Ələkbər Salahzadənin "Gümüşü damla"nın Firuzəyi misra ləpələri" və Fərqanə Mehdiyevanın "Lirika və poetik axar" məqalələri yer alıb. Bu məqalələrdə Firuzə Məmmədlinin ömür və yaradıcılıq yolu müxtəlif istiqamətdən araşdırılıb, əsərlərinin bədii məziyyətləri, özünün şəxsi-insani keyfiyyətləri vurğulanıb.

Kitaba F.Məmmədlinin kitablarının siyahısı və fotoları da daxil edilib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 mart .- S.7.