Naxçıvan Dövlət Universitetinin elazığlılara Novruz ərməğanı

 

Əsrlərin o tayından süzülüb gələn Novruz bayramı milli varlığımızın təcəssümü, təbiətə və yaranışa vurğunluq, həyatsevərlik, oyanış, dirçəliş, birlik və bərabərlik rəmzidir. Qədimliyi qədər də gözəl olan Novruz adət-ənənələrini sevə-sevə yaşadan Naxçıvan Dövlət Universiteti (NDU) bu bayramda qardaş Türkiyənin Elazığ şəhərindəki Fırat Universitetinin görüşünə getdi.

Elazığ şəhərindən keçən Fərat çayının adı ilə adlandırılan, Türkiyənin 77 universiteti arasında 8-ci yerdə duran Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 11 fakültəsi, 3 elmi tədqiqat institutu, Bingöl, Tunceli, Keban, Muş və digər yerlərdə 11 Yüksək Məslək Okulu, bir Dövlət Konservatoriyası, 3 minə yaxın akademik idarə personalı olan bu universitetdə 18 minə qədər tələbə təhsil alır.

 Naxçıvan Dövlət Universitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli ilə Fırat Universitetinin rektoru, professor-doktor Feyzi Bingölün səkkiz illik dayanıqlı dostluğu və qardaşlığı sayəsində bu universitetlər arasında yaranan qırılmaz əlaqələr ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" ideyasının ən parlaq təzahürlərindəndir.

Səfər zamanı universitetlərarası əməkdaşlıq məsələləri də müzakirə olundu. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrinin Fırat Universitetinin xəstəxanasında, "Baytarlıq" ixtisası tələbələrinin Veteriner fakültəsində, Memarlıq və mühəndislik fakültəsinin "Energetika sistemləri və şəbəkələri" ixtisası tələbələrinin isə Keban Baracda - su elektrik stansiyasında elmi-istehsalat təcrübəsi keçmələri razılaşdırıldı. Türkiyənin növbəti Cümhuriyyət bayramında isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin elazığlılara sovqatı böyük Üzeyir bəyin "Arşın mal alan" operettası olacaq.

Fırat Universitetinin rektoru professor-doktor Feyzi Bingölün iştirakı ilə Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli və Ardahan Universitetinin rektoru professor-doktor Ramazan Korkmaz arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, Ardahan Universitetində açılan Azərbaycan ədəbiyyatı ixtisası tələbələri birinci ili Naxçıvan Dövlət Universitetində təhsil alacaq. Tələbələrin sonrakı kurslarda Ardahan Universitetində təhsillərini mükəmməl şəkildə davam etdirmələri üçün Naxçıvan Dövlət Universiteti elmi ədəbiyyatlar, dərslik və dərs vəsaitləri, audovizual materiallarla köməklik göstərəcək.

Fırat Universitetinin rektorluğu tərəfindən düzənlənən izdihamlı Novruz şənliyi Universitet Evi önündə Elazığ valisi Muammer Erolun və hər iki rektorun birgə qaladığı bayram tonqalı ilə başladı. Türk gənclərinin və NDU-nun "Yallı" qrupu çiyin-çiyinə halay çəkib yallı getdi, tələbə Zeynəb Yusifovanın ifa etdiyi saz havası ürəkləri fəth etdi. Vali və rektorlar Novruz adətlərini yerinə yetirdilər. Universitetin Atatürk Kültür Mərkəzində keçirilən möhtəşəm bayram konsertində də Elazığ valisi Muammer Erol və yerli rəsmilər, rektorlar, Fırat Universitetinin rektor yardımçıları professor-doktorlar Orhan Kılıç və Erdal Yılmaz, NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev və hər iki universitetin təmsilçiləri, çoxsaylı tələbələr iştirak etdi.

Fırat Universitetinin rektoru Feyzi Bingöl türk xalqlarının nicatının birlikdə olduğunu, bunun üçün ortaq tarixə və mədəniyyətə sahib çıxaraq ehtiramla yanaşmağı, türklüyün soy-kökünün gənclər arasında birgə təbliğini tövsiyə etdi. Rektor Novruzun 200 milyon türkün birgə qeyd etdiyi çox qiymətli bayram olduğunu söylədi. Feyzi Bingöl sevgi, birlik və bərabərlik rəmzi olan türk dünyasının bu böyük bayramını akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi qardaş universitetin nümayəndələri ilə birgə keçirməyin böyük dəyər daşıdığını vurğuladı.

Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli elazığlılara hərarətli bayram təbriklərini çatdıraraq, iki universitet arasındakı əlaqələrdən bəhs etdi, bu dostluğa böyük əhəmiyyət verdiyini söylədi. Rektor Novruz bayramını birgə keçirmək, eyni zamanda dostu Feyzi Bingölü yenidən rektor seçilməsi münasibətilə təbrik etmək üçün gəldiklərini bildirdi. Universitet rektorları bir-birlərinə hədiyyələr bağışladılar.

Söz sənətə, musiqiyə verildi. İlk öncə Fırat Universitetinin musiqi kollektivi çıxış etdi, universitet konservatoriyasının müəllimi Mustafa Öztürkün bir-birindən gözəl ifalarından sonra "Azərbaycan diyarından sizə salam gətirmişəm!" deyə səhnəyə çıxan sənətçilərimiz, universitetin Tələbə Teatr Studiyasının rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın başçılıq etdiyi "Yallı" qrupunun ifası alqışlarla qarşılandı. Universitetin müəllimi, respublikanın əməkdar artist Zeynalabdın Babayevin rəhbərlik etdiyi tələbələrdən ibarət instrumental ansamblın müşayiətilə universitetin müəllimləri, Naxçıvan MR əməkdar artistləri Gülyanaq Fərzəliyevanın Mübariz Əsgərovun ifasında xalq bəstəkar mahnıları professionallıqla səsləndi. Tələbələrdən Zeynəb Yusifovanın, Əli Bədiyevin, universitetin vokal kvartetinin rəngarəng ifaları əsl bayram ovqatı yaratdı.

 

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat şöbəsinin müdiri

 

525-ci qəzet.- 2009.- 30 mart.- S.7.