Ankarada azərbaycanlı şairənin kitabının təqdimatı olub

 

Avrasiya Yazarlar Birliyi və Türkiyənin Milli Kitabxanasının birgə təşkilatçılığı ilə şairə Xəzangül Hüseynovanın "Bitməyən xəzan" adlı kitabının Ankarada təqdimat mərasimi keçirilib. Ankaranın Bengü nəşriyyatında nəfis şəkildə nəşr edilmiş kitabın redaktoru Cihan Özdəmirdir. "Bitməyən xəzan"ın təqdimat mərasimində Türkiyənin tanınmış yazıçıları, ədəbi tənqidçilər, xarici ölkələrin diplomatik missiya nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, yerli ədəbiyyatsevərlər iştirak ediblər.

Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimovun şairəyə ünvanlanan təbrik məktubu oxunub. Xəzangülün yaradıcılığını ətraflı təhlil edən türkiyəli ədəbiyyatşünas Cihan Özdəmir bildirib ki, kitabda və ümumiyyətlə, şairənin yaradıcılığında məhəbbət, hicran, həsrət mövzularına həsr edilən çoxsaylı şeirlərlə yanaşı vətən, erməni zülmü, türk dünyası və digər mövzular da öz əksini tapıb. C.Özdəmirin fikrincə, "Bitməyən xəzan" kitabı türkiyəli oxucularda dərin təəssürat oyadacaq. Yazıçı İmdat Avşar da Xəzangülün yaradıcılığında ictimai hadisələrə həssas yanaşıldığını, onun şeirlərində milli və ümumbəşəri çağırışların poetik dillə səsləndiyini qeyd edib.

Bütün bunlar şairənin yaradıcılığının Türkiyədə də maraqla qarşılanmasını şərtləndirən amillər kimi dəyərləndirilib.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu Xəzangülün quruma üzv qəbul edildiyini və bunu önəmli bir hadisə saydığını vurğulayıb.

Şairə kitabının Türkiyədə nəşr edilməsini iki qardaş ölkənin ədəbi-mədəni əlaqələrinin daha da genişlənməsinin növbəti təzahürü kimi qiymətləndirib. Mərasimdə "Bitməyən xəzan" kitabından şeirlər səslənib.

Xatırladaq ki, Türkiyə oxucusu Xəzangülün şeirlərilə 1989-cu ildən tanışdır. Onun şeirləri Ankarada "24 saat", "Kiçik çəkməçi", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda, İraqda çıxan "Yurd" qəzetində dərc olunub. "Bitməyən xəzan" müəllifin ümumən yeddinci, amma xaricdə nəşr edilən ikinci kitabıdır. Bundan öncə şairənin Gürcüstanda "Şübhələr" adlı kitabı çap edilib.

 

 

ARİFƏ

 

525-ci qəzet.- 2009.- 31 mart.- S.7.