Gənc bəstəkar Türkər Qasımzadə Amerikada Azərbaycan musiqisini uğurla təmsil edir

 

Son zamanlar gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin ABŞ-dakı yaradıcılıq uğurları ilə əlaqədar xəbərlər mətbuatda müntəzəm dərc edilir. Bu xəbərlər sırasında onun Nyu Yorkda bəstələdiyi əsərlərin peşəkarlar tərəfindən ifa olunması barədə məlumatlar da yer alır.

T.Qasımzadə hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyilə Nyu York Manhetten konservatoriyasının bəstəkarlıq üzrə magistratura kursunda təhsil alır. Bugünlərdə gənc istedadla bağlı daha bir sevindirici xəbər yayılıb. Söhbət Türkərin Nyu York Manhetten konservatoriyasının “Greenfield” zalında şəhər ictimaiyyəti üçün keçirilmiş konsertdəki uğurundan gedir. Konsertdə sözügedən konservatoriyanın, dirijor Elliot Moorenin rəhbərliyi altında fəaliyyət göstərən kamera ansamblının ifasında Türkərin “Bir saylı əsər”i səslənib. Türkərin yaradıcılıq uğurlarından məlumatlı təşkilatçılar bu əsərin ifasını konsertin son nömrəsi kimi proqramlaşdırıblar konsert sürəkli alqışlar altında, azərbaycanlı bəstəkarın əsərinin ifası ilə yekunlaşıb. Əsəri dinləyən peşəkar musiqiçilər onu yüksək qiymətləndiriblər. Türkərə ünvanlanan təbriklərdən birinin müəllifi, tanınmış bəstəkar R.Fuetinq yazır: “Salam, Türkər! Əsərinin Amerikada bu ifasına görə təbriklər! Sən yazdığın musiqiyə görə böyük bir fəxarət duymalısan. Bu, olduqca yüksək bir səviyyənin nümayişi idi sən buna gərgin zəhmətin, sənətə heyrətamiz bağlılığınla nail oldun. Əsərin olduqca aydın bir forması, yüksək peşəkar ifası konsert axşamını gözəl bir sonluqla yekunlaşdırdı...”

Amerikadakı yaradıcılıq fəaliyyəti haqqında məlumat verən Türkər Nyu Yorkda təhsilə başladığı vaxtdan bəri yeni əsərlər yazıb tamamladığını bildirir: “Onların bir qismi bu ilin oktyabr-noyabr aylarında Nyu York Manhetten konservatoriyasının səhnəsində – “Ades and Performance” “Greenfield” zallarında səslənib. “(Mİ)niatür”, “Kiçik sevinclər” əsərləri Daniel Graboisin dirijorluğu ilə “Tactus” ansamblı, “Yaşıl rəngin kölgəsi” adlandırdığım digər əsər konservatoriyanın tələbə ifaçıları, “Bir saylı əsər” isə Elliot Moorenin dirijorluğu ilə kamera ansamblı tərəfindən səsləndirilib. Sentyabrda bitirdiyim “Turş gilənar dadlı fikirlər” Bakıda festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının zalında ifa olunub. Gələn ilin mart ayında isə Nyu Yorkun möhtəşəm zallarından biri olan “Borden Auditorium”da böyük simfonik orkestr üçün yazdığım əsərin premyera ifası planlaşdırılır. Bütün bunlar mənim yaradıcılığımın çox uğurlu məqamlarıdır bu uğurların qazanılması heç təsadüfi deyil. Ona görə dünya musiqisi ənənələrindən bəhrələnməkdə, əsası dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbini Amerikada təmsil etməkdə, musiqi bilik bacarığımın inkişafında mənə yaxından dəstək verən Heydər Əliyev Fonduna, xüsusən Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

 

 

AYTƏN

 

525-ci qəzet.- 2009.- 27 noyabr.- S.23.