Təzə SƏSlər, NƏFƏSlər

 

Cavidanın şeirləri

 

Mən onu tanımıram, heç üzünü də görməmişəm. Açığını deyim ki, onun şeirləri ilə tanışlıqdan sonra şəxsən onu görmək arzusunu da düşmədim. Çünki oxuduğum şeirlər bu xanımın mənəvi aləmi, həyat, ölüm, sevgi, Tanrı haqqında özünəməxsus düşüncələrini ortaya qoydu. Cavidanın şeirlərini çağdaş modern poeziyanın nümunələri kimi təqdim etmək fikrində deyiləm. Doğrudan da Cavidanın şeirləri təzəliyi, ifadə tərzinin məxsusiliyi ilə seçilir. Bu şeirlərdə təzə fikirlərlə, müəllifin hiss və duyğularının özünəməxsus ifadəsi ilə qarşılaşırsan. Yəni doğrudan da real olan bir şeyin reallığını sübut etmək gülüncdür. Lakin istər modern olsun, istər qeyri-modern, şeir yazılırsa, o artıq təkcə müəllifin duyğu və düşüncələrini deyil, bizim ürəyimizi də tərpətməli, düşüncəmizi hərəkətə gətirməlidir. Dünyanın ən modernist şairləri də bu yolla getmişlər. Nədənsə, modern şairlərdən danışanda əsas vurğunu ona yönəldirlər ki, yazılan şeir hansı forma qəribəlikləri ilə seçilir, bu çağacan deyilmiş fikirləri necə ustalıqla inkar edir, şeirin ənənəvi, min illərin sınağından keçmiş ifadə vasitələrini necə sındırır, dağıdır, hansı “yenini” ortaya qoyurlar... Halbuki, ŞEİR ədəbiyyatın bütün bədii formaları içərisində öz estetik mahiyyəti, emosional təsir gücü ilə daha çox seçilməli, fərqlənməlidir.

 

Cavidanın bir şeiri belə başlayır:

Həmin gün

bu balaca şəhərin

kibrit-kibrit daxmalarında

işıqlar daha gur yansın

istəyirəm,

insanlar daha gümrah oyansınlar

Pəncərələr daha geniş açılsın

ümidlərə

Həmin gün

kimsə olmasın buralarda

mən də gizlədim

hələ də səni Tanrı bildiyimi.

 

Dahi tənqidçi Belinski yazırdı ki: “Bədii əsər birdən-birə yox, tədriclə açılır; oxunduqca aydınlaşır və daha çox bədii zövq verir.. Əsl bədii əsər öz həqiqəti, təbiiliyi, düzgünlüyü, doğruluğu ilə həmişə oxucunu o qədər heyrətləndirir ki, onu oxuyanda siz qeyri-şüuru, amma dərindən inanırsınız ki, onda nağıl olunan yaxud göstərilən əhvalatların hamısı elə məhz o cür olub və başqa cür də ola bilməzdi... Sadəlik bədii əsərin vacib şərtidir... Sadəlik həqiqətin gözəlliyidir, bədii əsərlərin gücü də bu sadəlikdədir...

”Əlbəttə, dahi tənqidçinin bu klassik tərifini, ölçü və meyarını heç də bütün şeirlərə tətbiq etmək mümkün deyil. Xüsusilə, heyrət məsələsi bir az mütəqəlqəldir. İstənilən gözəl bir şeiri kimsə oxuyub heyrətlənə bilər, kimsə də heyrətlənməz. Əgər belə demək mümkünsə, şeirin “heyrət” dövrü sanki arxada qalıb. İndi heyrətdən daha çox həmin şeirin səndə oyatdığı emosional ovqat yadda qalır. Argentina şairi Armando Texado Qomes müxbirlərə müsahibə zamanı “Siz poeziyaya hansı tələblərlə yanaşırsınız?” sualına belə cavab vermişdi: “Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmirəm, düz sözümdür: şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir. Şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, o -poeziyadır. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır”. Gəlin, Cavidandan misal gətirdiyimiz “Həmin gün” şeirini sona çatdıraq:

 

Səhərin alatoranında

Azan səsinə açım əllərimi,

ovuclarımın içi yansın,

 gözlərindən

Günəş boylansınÜmidlərə açılmış pəncərələrə

 

Həmin gün

kimsə bilməsin buralarda,

mən də gizlədim

hələ də sənin üçün öldüyümü

 

Qayıdacağın gündən danışıram,

Qayıdacağım gündən.

 

Şeir bitdi. Novellavari bir sonluqla. İki insanın-sevən qəlblərin qovuşacağı gün hər ikisinin qayıdacağı gün imiş. Yaddaqalan sözlər və misralar da oldu. Amma ən başlıcası o oldu ki, Cavidan fikrini bəzi yaşıdlarının şeirlərində olduğu kimi heç də qəliz ifadə etmədi, “sadəlik həqiqətin gözəlliyidir” formuluna sadiq qaldı.Cavidanın şeirlərinin mövzusu geniş deyil, sən burada böyük dünyamızın qlobal hadisələri, olayları əks olunan mövzularla qarşılaşmayacaqsan. Məncə, buna heç lüzum da yoxdur. Ən ümdəsi odur ki, həyat, ölüm, sevgi, Tanrı, duyduğun həqiqətlər haqqında söz aça biləsən. Hamının müraciət etdiyi bir mövzuya tamam fərqli bir tərzə, ayrı bir pozada yanaşasan. Məsələn, ölümün doğulması, onun bioloji yaxud mənəvi bir faciə, yaxud da bir səadət olduğunu son əlli ilin şeirlərində azmı izləmişik? Cavidanın “Ölüm doğulanda” şeirində isə:

 

Çətiri olmayan uşaqlar

buludlarla dil taparlar,

yağışlara qarışacaq

göz yaşları

 

Sevmədən ərə gedən qızlar

qandan başqa

bir şey verəmməzlər ərlərinə

o qan

bir ömür boyu

laxtalanıb qalar ürəklərində

İstəmədən hamilə olanlar

Ölüm gəzdirər bətnindəhər ölüm doğulanda

ağlayacaq Tanrıgöz yaşları

süzüləcək buludlardan

çətiri olmayan

uşaqların başına.

 

Məncə, bu şeiri izah eləməyə, orada bir kimsəyə qaranlıq qalan nəyisə açıqlamağa heç bir lüzum yox. Bu şeir ölüm haqqında, bir şairin - Cavidanın poetik qənaəti kimi yadda qalacaq.Cavidanın şeirlərində əşyalara, hadisələrə, insan münasibətlərinə yanaşma, onları mənalandırma, mahiyyətinə varma duyğusu güclüdür. Tutaq ki, o, bir anlayışa müxtəlif rakurslardan yanaşa bilir. Deyir ki, “Ay işığı - günahkar qadındı”, çünki “Üzünün qarasından qopar Pəncərəni qırıb tökər Gecələr”. Amma sonra: “Bakirədir Ay işığı”. Çünki “Ruhunda bir saflıq var. Pərdələri çəksən, hürkər Heç olar”. Təbii ki, bir nəsnəyə iki fərqli münasibət ovqat dəyişikliyilə bağlıdır.

Cavidanın sevgi şeirləri də təzəliyi, orijinallığı ilə seçilir. Əslində, bu şeirlər ənənəvi hicran motivlərinə sığmır. Bu şeirlərdə sevginin vüsaldan sonrakı mənzərələri rəsm olunur. Əslində, sevginin bu mərhələsi daha kamildir; hicran əzabları arxada qalmış, bir ocaq səadəti şölələnməkdədir. O ocağı isə qorumaq, saxlamaq, daha gur şölələndirmək gərəkdir. Amma bu, göründüyü qədər də asan deyil. Və bunun asan olmadığı ondan bilinir ki, insan öz sevgisinə doğru ömrü boyu yol gedir və bu yolda tərəddüdlər, şübhələr, inam və inamsızlıq də yol yoldaşın olur.

 

Sənə

inamdan başladı hər şey..

İnandım.

daşa döndüm.

Ovcuna yerləşəcək qədərəm

Ürəyin boyda yəni.

Çaşıb

sinənə sıxma məni,

axıdaşa dönəndən nə gözləyirsən,

 birdənəm?

 

Mən Cavidanı hər hansı konkret bir “izm”lə əlaqələndirmək, şeirlərinin mənbə və mənşəyini hansı bir cərəyanasa bağlamaq fikrində deyiləm. Amma bu şeirlərdə bizim modernist şeirin 60-cı illərdən üzü bəri yol alan, hər yeni ədəbi nəslin yaradıcılığında bəlirlənən cizgilərini görürəm. Təbii ki, təqlid kimi yox, yaxşı mənada təsir kimi. Və bu, unudulmamalıdır ki, müasir Azərbaycan şeiri nə qədər milli, özünəməxsus bir şeir olsa da, onu dünya ədəbiyyatında yaranan yeni meyl və tendensiyalardan təcrid etmək olmaz. Bu mənada Cavidanın şeirlərində də həmin meyllərin olduğunu dana bilmərik. Onun şeirlərində sürrealist ünsürlər (bir-birilə heç bir əlaqəsi olmayan əşyaların, anlayışların, məfhumların kommunikasiyası və bütün bunların müəyyən bir obrazın yaradılması üçün açar rolunu oynadığı diqqətdən yayınmır.

 

Gecə uçan kəpənəklər

Ağca-ağcaBalışlara qonarlar

Uzun-uzun

Saçların arasında gizlənərlər.

Qarasında itərlər.

Qanadları nişastalı, ütülü...

Divarlarda

Kölgələr sevişəcək,

TV ekranında

Fransız aktyorları.

 Kəpənək öpüşü

Fransız öpüşündən

Daha isti,

Daha dadlı.

Gecə uçan kəpənəklər

Günəşi gətirər qanadlarında.

Yat.Şirincə yat,

canım.

MənGedirəmKəpənək tutmağa.

 

Bu şeirdə bizim milli şeirin atributları ilə sürrealist poeziyanın elementləri qovuşub. Ancaq bu “calaq” uğursuz deyil. Nəticədə, Gecə uçan kəpənək obrazı ilə yaranan romantik, bədii təxəyyülün şirin xəyallarla süslənmiş bir mənzərəsi canlanır.

Cavidanın internet vasitəsilə mənə təqdim etdiyi şeirlər onun istedadlı bir şair olacağına inam yaradır və bu məqamda mən yazını sona da çatdıra bilərdim. Mənə göndərdiyi şeirlərin içində, təbii ki, uğursuzları da var. Neçə il öncə bu xanımın hansı qəzetdəsə bəzi “postmodernist” qiyafəli şeirlərini oxumuşdum və o zaman həyata, dünyaya Xaosun pəncərəsindən baxan, şeirlərində mənasız səs oyununa meyl edən Cavidanı ürəyimdə qınamışdım. Məsələn: “Çıq-çıq, çıq-çıq, barmaqlarını qısqanıram klaviaturaya, pıq-pıq, pıq-pıq qaynayıb daşır çaynikdə su, sıx-sıx, sıx-sıx qucaqlayıb çəkirəm səni “çıx, çıx, çıx-çıx internetdən” deyə... dığ-dığ, dığ-dığ deyinirsən, sevişərək” Deyə bilmərəm, Cavidan xanım yenə belə “şeirlər” yazacaq, amma onun yolu bu deyildi. Çünki onun poetik təfəkkürü “oyun” üzərində deyil, obrazlar üzərində məkan tutur.

Cavidanın şeirləri mürəkkəb bir temperament qoyur ortaya, bu temperamentin mayasında yuvalanan istək, arzu, şövqün... yolu bəzən ədəbiyyat məkanından kənara çıxır, özü-özü ilə döyüşür, öz işində qəfildən azır və bu qədər coşqun, əlvan, min çeşidli duyğular bir qəlibin içinə pərçimlənir. Bu məqamda yol haçalanır, bircə çıxış yolu qalır: misraların içindən axan böyük ehtiras, aşıb-daşan potensial imkanlar “mövzu xırdalamağa” deyil, daha optimal ifadə üsulları axtarmağa yönəldilməlidir. Elə bilirəm, cavan bir şairənin şeirləri barədə sizdə, azca da olsa, təsəvvür yaratdım.

 

 

Vaqif YUSİFLİ

 

525 qəzet.- 2009.- 10 oktyabr.- S.19.