Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, ötən məqalədə Milli Kurikulum barədə bir sıra mülahizələrimi Sizinlə bölüşmüşdüm. Bu məqalədə həmin konseptual sənədlə bağlı fikirlərimi davam etdirmək istərdim.

 Milli Kurikulum sənədi məntiqi ardıcıllığa əsaslanan və bir-birini üzvi şəkildə tamamlayan struktura malikdir. Belə ki, Milli Kurikulumda ümumi təhsilin hər bir səviyyəsinin məqsədləri, məqsədlərə uyğun olaraq təlim nəticələri, sonra isə təlim nəticələrinin reallaşdırılmasına xidmət edən fənlər müəyyən olunmuşdur. Bu proses aşağıdakı sxemdə aydın təsəvvür edilir:

Göründüyü kimi, nəticəyönümlülük prinsipi əsas tutulmaqla Milli Kurikulumda təlim nəticələri tədris edilən fənlərdən əvvəl müəyyən edilmişdir. Bunun əsas mənası odur ki, yeni yanaşmaya görə təlim nəticələri fənlərə görə deyil, əksinə, fənlər təlim nəticələrinə görə təyin olunur. Yəni tədris olunan fənlər əvvəlcədən müəyyənləşdirilmiş təlim nəticələrinin reallaşdırılması üçün bir vasitə rolunu oynayır.Milli Kurikulumda eyni zamanda hər bir təhsil səviyyəsində tədris edilən fənlərin vaciblik baxımından əsaslandırılması və həmin təhsil səviyyələri üzrə ümumi təlim nəticələri öz əksini tapmışdır. Fənnə aid ümumi təlim nəticələri bilavasitə təhsil səviyyəsi üzrə müəyyən olunmuş bu və ya digər konkret təlim nəticəsinin həyata keçirilməsinə yönəlmişdir. Məsələn, ibtidai təhsil səviyyəsi üzrə Milli Kurikulumda 10 ümumi təlim nəticəsi müəyyən edilmişdir. Onlardan birinin ayrı-ayrı fənlər üzrə konkret təlim nəticələri ilə əlaqəsinə, reallaşma vəziyyətinə diqqət yetirək:Bu nümunədən də aydın görünür ki, təlim nəticələri işlənib hazırlanarkən “şagirdlər nələri bilməlidir” yox, “nələri bacarmalıdır” tələbi əsas tutulmuşdur. Belə yanaşma heç də təlim prosesinin vacib elementlərindən olan nəzəri biliklərin rolunun azaldılması demək deyildir. Bilik bütün dövrlərdə inkişafın hərəkətverici qüvvəsi olmuşdur. Lakin o biliklər faydalı hesab edilir ki, insan bunlarsız ötüşə bilmir, real həyatda tətbiq edilir, insanda zəruri bacarıqların formalaşmasına xidmət edir.

Milli Kurikulumdan irəli gələn tələblər əsasında hazırlanmış fənn kurikulumları 2007-ci ildə təsdiq edilmiş və məlum olduğu kimi, 2008-2009-cu dərs ilindən etibarən tətbiqinə başlanmışdır.Fənn kurikulumlarında məzmun istiqamətləri, onun mahiyyətinin açıqlanması xüsusi yer tutur.

Əgər Milli Kurikulumda hər fənnə aid təlim nəticələri təhsil səviyyələri çərçivəsində müəyyənləşdirilmişdisə, fənn kurikulumlarında hər bir sinif üzrə ayrıca təsbit edilmişdir. Fənlərin məzmununun vahid bir istiqamətdə deyil, ümumi məqsədə xidmət edən ayrı-ayrı məzmun xətləri üzərində qurulması fənn kurikulumlarının diqqətçəkən cəhətlərindən biridir. Məzmun xətləri hər bir fənn üzrə şagirdlərin əldə edəcəyi təlim nəticələrini, bilik və bacarıqları daha aydın təsəvvür etmək və onları sistemləşdirmək məqsədi daşıyır. Məzmun xətlərinin səciyyəvi xüsusiyyəti həm də onların dəyişkən olmaması, sabit qalmasındadır. Yəni bunlar konkret fənn üzrə təlim kursunu əvvəldən axıra qədər müşayiət edir. Başqa sözlə, onları böyük standartlar da adlandırmaq olar. Məsələn, ana dili təlimi üçün 4 məzmun xətti - dinləyib-anlama və danışma, oxu, yazı, dil qaydaları; riyaziyyat təlimi üçün 5 məzmun xətti - ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmələr, statistika və ehtimal məzmun xətləri təyin olunmuşdur. Kurikulumlarda hər bir məzmun xəttinin müvafiq təhsil səviyyələri daxilində məqsəd və vəzifələri əsaslandırılıb ümumi təlim nəticələri verilmiş, onların əsasında da konkret siniflər üzrə əsas və alt-standartlar formalaşdırılmışdır. Əsas standartlar da ümumi nəticələri əks etdirdiyindən, bir qayda olaraq, dəyişməz qalır. Alt-standartlar isə sinifdən-sinfə doğru inkişafı əks etdirdiyindən dəyişir və məzmun etibarı ilə mürəkkəbləşir. Aşağıdakı nümunədə ana dili fənninə aid “Dinləyib-anlama və danışma” məzmun xətti çərçivəsində nəzərdə tutulan bacarıqların siniflər üzrə inkişafına diqqət yetirək:Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, təlim nəticələrinin standartlar formasında təqdim olunması təhsilimizdə yeni hadisədir. Standartların yaranması ilə ümumi təhsilin məzmunu optimallaşmış, öyrədiləsi və mənimsədiləsi biliklərin, bacarıqların həddi müəyyən olunmuş, təhsilin məzmununa lüzumsuz, zəruri əhəmiyyət kəsb etməyən məsələlərin daxil edilməsinin qarşısı alınmışdır. Məzmun və fəaliyyət istiqamətlərindən ibarət tərtib olunmuş standartlar ölçülən xarakterə malik olduğundan şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə real şərait yaratmış, təhsil pillələri üzrə tələbatları əks etdirən vasitəyə çevrilmişdir.

Təhlil göstərir ki, istər Milli Kurikulumda, eləcə də hər bir fənn kurikulumunda məzmun standartları konkret fənn üzrə bilik dairəsinin müəyyənləşdirilməsi ilə yanaşı, şagirdlərə müasir cəmiyyətdə qəbul edilən yetkin insan üçün lazım olan keyfiyyətlərin formalaşmasına yönəlmişdir. Məsələn, nitq və ünsiyyət mədəniyyətinin, əməkdaşlıq, birgəfəaliyyət, problem həlli, tənqidi düşüncə, tədqiqatçılıq, tətbiqetmə bacarıqlarının aşılanması bütün fənn kurikulumlarında əsas məqsədlərdən biri kimi nəzərdə tutulur. Kurikulumların məntiqinə görə, məsələn, bu gün riyaziyyat təlimi, sadəcə olaraq, riyazi anlayışların, məsələ və misalların, inteqralların həlli yollarının öyrədilməsi ilə məhdudlaşa bilməz, ən azı ona görə ki, təhsil alan şagirdlərin heç də hamısı gələcəkdə riyaziyyat sahəsində fəaliyyət göstərməyəcəkdir. Ancaq riyaziyyat təlimi vasitəsilə formalaşdırılan məntiqi təfəkkür, analiz və sintez, mühakimə, təsnifetmə, çevik nəticəçıxarma, tətbiq bacarıqları hamı üçün eyni dərəcədə vacibdir. Yaxud ana dili, ədəbiyyat fənlərinin vəzifəsinin dilə aid təriflərin, qaydaların əzbərlədilməsindən, yazıçıların həyat və yaradıcılığının, onların bəzi əsərlərinin öyrədilməsindən ibarət olduğunu düşünmək yanlış yanaşmadır. Ana dilini, ilk növbədə, milli təfəkkürün təşəkkülü vasitəsi kimi qiymətləndirmək lazımdır. Firudin bəy Köçərlinin sözləri ilə desək, “Ana dili millətin mənəvi diriliyidir”. Şagirdlərdə doğma dilə məhəbbət oyadılması, onların bu dildə səlis, aydın, obrazlı danışa bilməsi, dilin geniş imkanlarından səmərəli istifadə etmələri, yazı və oxu mədəniyyətinə yiyələnməsi dil təliminin başlıca məqsədidir ki, bütün bunlar müvafiq fənn kurikulumunda nəzərdə alınmışdır. Eləcə də ədəbiyyat fənninin məzmunu şagirdlərdə sözə, söz sənətinə həssas münasibət yaradılmasını, mütaliə vərdişləri və obrazlı təfəkkür formalaşdırılmasını, bədii əsərlərin nümunəsində təhlil, müqayisə, mühakimə vərdişləri aşılanmasını təmin etməlidir. Əslində, indiyədək mövcud olan dərsliklərdə müxtəlif bədii əsərlərin təhlilinin verilməsi ziyanlı bir haldır, çünki belə vəziyyət şagirdlərin müstəqil fikir yürütmək, öz mülahizələrini bildirmək imkanlarını heçə endirir. Güman edirik ki, yeni kurikulumun tələbləri bu cür halların aradan qaldırılmasına səbəb olacaqdır.

Məzmunla bağlı fikirləri ümumiləşdirərkən xüsusi vurğulamaq istərdim ki, kurikulumlarda həyati bacarıqların, milli-mənəvi keyfiyyətlərin aşılanmasının prioritet istiqamət kimi nəzərə alınması bu sənədlərin şəxsiyyətyönümlü xarakterini bir daha təsdiq edir. Fənlərin məzmununun şəxsiyyətyönümlülük prinsipi əsasında hazırlanması şagirdlərdə təhsilə marağı artırır, potensial imkanlarına inam yaradır. Beləliklə də, təhsil inkişafyönümlü proses nəticəsində artıq insanın həyatı üçün vacib olan dəyərə, dəyərlər sisteminə çevrilir.Təhsilin məzmununa müasir baxış və yanaşmalar, heç şübhəsiz, tədris prosesində “müəllim-şagird” münasibətlərini, istifadə olunan təlim strategiyalarını da əsaslı surətdə dəyişir. Bu gün təhsil ictimaiyyəti “müəllim-şagird” münasibətlərini pedaqoji əməkdaşlıq mənasında qəbul edir. Təhsilin məzmununun nəticə, şəxsiyyət və şagirdyönümlülük prinsipləri əsasında qurulması bu əməkdaşlığa daha dönməz xarakter verir, şagird və müəllim fəaliyyətinin bir-birinə olan nisbətini müəyyənləşdirir. Kurikulumlardan irəli gələn tələblərə görə bugünün müəllimi sinifdə daha çox istiqamətverici rol oynamalıdır., şagirdləri düşünməyə, araşdırmalar aparmağa, müstəqilliyə sövq etməlidir. Əgər müəllim uşaqların düşünmək səlahiyyətlərini əllərindən alıb bütün məsələlərə özü aydınlıq gətirərsə, bu halda təhsil yeknəsək və faydasız bir prosesə çevrilər. Belə vəziyyətin baş verməməsi üçün müəllim müasir tələbləri dərindən dərk etməli, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün çevik və mütərəqqi dərs formalarından, təlim strategiyalarından yerli-yerində istifadə etməyi bacarmalıdır.İnkişaf etmiş ölkələrin təhsil müəssisələrində sınaqdan çıxarılıb vətəndaşlıq hüququ qazanmış təlim strategiyaları ölkəmizdə hələ ötən əsrin 90-cı illərindən etibarən tətbiq olunmağa başlanmışdır. Fəal  interaktiv təlim metodları adlanan bu strategiyaların təbliği və tətbiqi sahəsində qabaqcıl təhsil müəssisələrimizdən olan Bakı Avropa Liseyinin rəhbərliyi və pedaqoji kollektivi əhəmiyyətli rol oynamışdır. Onların səyi və təşkilatçılığı sayəsində Bakı şəhərində və bir sıra bölgələrdə müəllimlər üçün treninqlər, öyrədici kurslar təşkil olunmuş, pilot layihələri həyata keçirilmişdir. Son zamanlar UNİSEF-in Azərbaycandakı Nümayəndəliyi də fəal təlimin məktəblərimizdə tətbiqi ilə bağlı xeyli iş görmüş, Təhsil Nazirliyi ilə işgüzar əlaqələr qurmuşdur.Bütün bunların faydası yeni kurikulumlarla fəaliyyətə başlanan dövrdə daha çox hiss edilmişdir. Belə ki, müəllimlərin bir qismi bu prosesə psixoloji cəhətdən hazır olduqlarını nümayiş etdirmişlər.Bununla belə, hesab edirəm ki, yeni kurikulumlarla iş prosesində ən zəruri amillərdən biri kimi bütün müəllimlərin fəal təlim metodlarından istifadə bacarıqlarına yiyiələnməsi indiki vaxtda mühüm vəzifələrdəndir. Çünki kurikulumlarda ifadə olunmuş nəticə standartlarının təlim prosesində reallaşması statik deyil, dinamik fəaliyyət tələb edir. Bu dinamikliyi isə yalnız fəal təlim metodları vasitəsilə təmin etmək olar.Yeri gəmişkən, bir məsələyə də toxunmağı vacib bilirəm. Fəal təlim metodları ilə iş prosesində müəllimlərin bunlara yaradıcı yanaşması çox önəmlidir. Çünki təlim metodları standart xarakteri daşıya bilməz. Təlim zamanı məqsəddən asılı olaraq hər bir müəllim həmin metodları təkmilləşdirə, onlara hansısa əlavələr edə, yaxud tamamilə fərqli metodlar müəyyənləşdirə bilər. Əsas məsələ odur ki, bu metodlar təlimin maraqlı qurulmasına, müvafiq standartların reallaşmasına, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə xidmət etmiş olsun.

 

 

 (ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasınıntəhsil naziri,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 10 oktyabr.- S.10-11.