Musiqili Komediya TeatrıArşın mal alanı rus dilində təqdim edib

 

Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəyli 1913-cü ildə Peterburqda oxuyarkən Arşın mal alan adlı operetta yazır. Əvvəlcə əsəri təhsil aldığı müəssisənin rektoru Aleksandr Qlazunova göstərir. A.Qlazunov əsərin gənc bəstəkara böyük şöhrət gətirəcəyini əminliklə bildirir. Sonra isə bəstəkar əsəri Bakıya, görkəmli aktyor Hüseynqulu Sarabskiyə göndərir. İlk dəfə bu operetta Bakıda 25 oktyabr 1913-cü ildə Tağıyev teatrının binasında oynanılır. M.Maqomayevin dirijorluq etdiyi tamaşanın premyerasında rolları o dövrün ən məşhur səhnə ustaları ifa edirlər. Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Xəlil Hüseynov (Vəli), Şura Olenskaya (Telli), Yeva Olenskaya (Asya), Məmmədhənifə Terequlov (Süleyman) digərlərinin ifası tamaşanın uğurlu alınmasına əlavə təkan verir...

İllər ötdü, Azərbaycanda musiqi teatr sənəti həm ayrılıqda, həm birgə - musiqili komediya formasında önəmli inkişaf yolu keçdi. Bu yaxınlarda özünün 100-cü mövsümünün açılışını böyük təntənə ilə qeyd edən Musiqili Komediya Teatrının səhnəsində dahi bəstəkarın Arşın mal alan əsəri ana dilimizdə oynanıldı. Oktyabrın 11-də isə Ü.Hacıbəylinin Arşın mal alan operettası rus dilində premyerası sənətsevərlərin ixtiyarına verilib. Yeni tərtibatda tamaşaçılara təqdim olunan komediyanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. Tamaşanın quruluşçu dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədova, baletmeysterləri Zakir Yelena Ağayeva, geyim üzrə rəssamı Gülnarə Xəlilova, dirijoru əməkdar artist Ziya Bağırovdur. Rolları Svetlana Bulax (Cahan xala), Boris Qrafkin (Soltan bəy), Anar Şuşalı (Əsgər), Yuliya Sidorova (Gülçöhrə), Marina Litvinenko (Telli), Əliməmməd Novruzov (Vəli), Ülkər Əliyeva (Asya), Firuz Məmmədov (Süleyman) ifa ediblər.

Gənc rejissor E.Mirzəyev quruluşda bəzi maraqlı yeniliklər edib. Arabada yatan Soltan bəyin qızların gülüşməsinə ayılıb qışqırması, Əsgər Gülçöhrənin arşın axtararkən söhbətləri alma yemələri, eləcə digər epizodlar tamaşanın daha da baxımlı alınmasına yol açıb. Səhnədə aktyorların ifasındakı sərbəstlik, hərəkətlərindəki çeviklik, rola peşəkar yanaşma tərzi tamaşaçılar tərəfindən bəyənilərək, alqışlarla qarşılanıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.