Musiqi ilə yaşanan ömür

 

Sona İrzaquliyeva 1927-ci ildə Dərbənd şəhərində ziyalı ailəsində anadan olub. Sona xanımın hələ kiçik yaşlarından Dərbənddə öz nənəsindən eşitdiyi musiqi sədaları ilə ömrünün musiqili səhifəsi açılıb. Qarmon alətinin sirlərini elə nənəsindən öyrənib. Musiqiyə olan böyük sevgi onu Dərbənd pioner məktəblilər sarayına gətirib. Burada o, tar dərnəyində təhsil alıb. S.İrzaquliyeva ilk əmək fəaliyyətinə 1957-ci ildən Dərbənd mədəni-maarif texnikumundan başlayıb. Texnikumda qarmon alətinin sirlərini tələbələrə öyrədib. Sonra Dərbənd mədəni-maarif şöbəsinin müdiri təyin edilib. 1964-cü ildən Bakıya köçən S.İrzaquliyeva elə həmin ildən 161 saylı orta ümumtəhsil məktəbində nəğmə müəllimi işləyib. Elə bu məktəbdə ilk qarmonçalanlar ansamblını yaradıb. Bu ansambl ilk dəfə Dövlət Dram Teatrında bədii özfəaliyyət kollektivlərinin baxışında çıxış edib. S.İrzaquliyeva 1965-ci ildən bu günədək T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında qarmon dərnəyinin rəhbəridir. Minlərlə uşağa qarmon sənətinin incəliyini öyrədən Sona xanım həmçinin 1970-ci ildən C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində çalışır. 1972-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla, Böyük Vətən müharibəsinin 40 illik yubileyilə əlaqədar diplom medalla, 1982-ci ildə Zaqafqaziya musiqi festivalında iştirakına görə medalla, əmək fəaliyyətinə görə, Əmək veteranı medalı ilə təltif olunub. 1998-ci ildə Təhsil Nazirliyi tərəfindən ilin ən yaxşı dərnək rəhbəri adına layiq görülüb. 2002-ci ildə Bakı şəhər Mədəniyyət İdarəsinin 2003-cü ildə Dərbənd Azərbaycanlılarının Xeyriyyə cəmiyyətinin fəxri fərmanını alıb. Musiqi təhsili sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Mədəniyyət Turizm Nazirliyi tərəfindən fəxri fərmanla, 2007-ci ildə Azərbaycan musiqi incəsənətinin təbliğində yüksək xidmətlərinə görə Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisidöş nişanı ilə təltif olunub. Bu ilin sentyabr ayının 18- isə prezident İlham Əliyevin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncama əsasən S.İrzaquliyeva Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb.

S.İrzaquliyeva deyir ki, ailəsi onu tarzən görmək istəsə də, marağı qarmona olub: Uşaqlığım qədim Dərbənd şəhərində keçib. 1945-1950-ci illər idi. O vaxtlar Dərbənddə musiqi məktəbi yox idi. Nənəm musiqi vurğunu idi. Çox istəyirdi ki, mən musiqiçi olum və tar çalım. beləliklə, nənəmin arzusu ilə Dərbənddəki pionerlər evində fəaliyyət göstərən tar dərnəyinə yazıldım. Tar çalmağı öyrənsəm meylim qarmona idi. Hiss edirdim ki, qarmonda çaldığım havalar daha parlaq təsirli alınır. Evdə diatonik bir cərgə dilli qarmonumuz var idi. Hərdən nənəm həmin qarmonu dilləndirərdi, xəyalında isə öz dünyasına qapılardı. Özü çalsa da, məni qarmona yaxın buraxmırdı. Onun istəyilə tar çalmağı öyrənirdim, ancaq qarmona olan sevgim aşıb-daşırdı. Nənəm işə gedəndə qarmonu öz otağına qoyub, qapını bağlayırdı. Mən isə axşamdan otağın pəncərəsinin cəftəsini açıq saxlar, nənəm səhər işə gedən kimi pəncərədən içəri keçər gizli-gizli qarmon çalardım. Bir gün nənəm mənim qarmona böyük həvəs göstərdiyimdən onu mükəmməl ifa etdiyimdən xəbər tutdu. Bundan sonra isə o mənə hədiyyə olaraq Tula şəhərindən sifarişlə mənə 15 , 12 qara dillərdən ibarət olan qarmon gətizdirdi. O vaxtdan da qarmon ifaçılığını özümə sənət seçdim, tarı isə hərdən nənəm üçün çalırdım. İllər keçdikcə musiqi ilə sənətin möcüzəsində öz həyat yolunu müəyyənləşdirən S.İrzaquliyeva oxumaq, mükəmməl təhsil almaq arzusu ilə yaşayırdı. O dövrləri özü belə xatırlayır: 1957-ci ildə məni Dərbənd Mədəni Maarif texnikumuna dəvət etdilər. Musiqi savadım olmadığından çətinlik çəkirdim. Bəstəkar Baba Quliyev mənə I oktavanın notlarını yazdırıb, vəznləri başa saldı. Sonralar Moskva Xalq yaradıcılıq evinə kursa yazıldım. İki ildən sonra musiqi savadı aldım. 1960- ildə isə işlədiyim Dərbənd mədəni-maarif texnikumunun göndərişi ilə Moskva İncəsənət İnstitutuna imtahan verib qəbul olundum, qiyabi şöbəyə. Təhsilimi başa çatdırandan sonra 1962-ci ildə Dərbənd mədəni-maarif şöbəsinin müdiri vəzifəsinə təyin olundum. 1964-cü ildən isə ailəmlə birlikdə Bakıya köçdük. 1964-cü ildən etibarən S.İrzaquliyeva paytaxtdakı 161 saylı orta ümumtəhsil məktəbində nəğmə müəllimi işləməyə başlayır. Elə bu məktəbdə ilk qarmonçalanlar ansamblını yaradır. Bu ansambl ilk dəfə Dövlət Dram Teatrında Bədii özfəaliyyət kollektivlərinin baxışında çıxış edir.

Ansamblın solisti isə həmin ildə 6-cı sinifdə təhsil alan Nisə Qasımova olub. S.İrzaquliyeva 1965-ci ildən bu günədək T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında qarmon dərnəyinin rəhbəridir. Minlərlə uşağa qarmon sənətinin incəliyini öyrədən Sona xanım həmçinin 1970-ci ildən C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində çalışır. Musiqi məktəbində işlədiyi gündən qarmon alətini artıq professional səviyyəyə qaldırmaq məqsədilə Sona xanım qarmon ixtisasının məhz notla tədrisinə geniş yer verir. 1972-ci ildə S.İrzaquliyevaya Bakı şəhər Mədəniyyət Şöbəsi tərəfindən Bakının uşaq musiqi məktəblərinin qarmon siniflərində tədrisin vəziyyətinin yoxlanılması üçün vəsiqə verilir. Bu yoxlamalardan Sona xanım belə nəticəyə gəlir ki, uşaq musiqi və incəsənət məktəblərində qarmon alətinin tədrisi üçün konkret proqram və dərslik hazırlanmalıdır. Nəhayət S.İrzaquliyeva 1976-cı ildə qarmon ixtisasının tədrisi üçün proqram hazırlayıb Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzinə təqdim edir. 1999-cu ildə isə Qarmon məktəbi adlı dərslik nəşr etdirir ki, bu dərslik də qarmon ixtisasının gələcək inkişafına böyük təkan verir: Mənim tərəfimdən tərtib olunan bu tədris vəsaiti uşaq musiqi məktəbləri və qarmonda sərbəst çalmağı öyrənənlər üçün nəzərdə tutulub. Vəsaitdə müxtəlif -sadə və eyni zamanda mürəkkəb bədii materiallar var. Onlar şagirdin bədii düşüncəsi, musiqi qabiliyyəti, hafizəsi, vəznlə ifa etmə bacarığı nəzərə alınmaqla ardıcıl olaraq yerləşdirilib. Bu kitabdakı materialları mənimsəyən hər kəs qarmon üçün yazılan əsərlərin öhdəsindən də gələ bilər. Musiqini şagirdlərə daha yaxşı mənimsətmək üçün onun xalq yaradıcılığı ilə əlaqələndirilməsi başlıcı şərtdir. Odur ki, tərtib etdiyim bu tədris vəsaitində Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı digər xalq mahnıları və rəqsləri mühüm yer tutur. Qeyd edim ki, hər bir musiqi müəllimi şagirddə musiqiyə elə həvəs oyatmalıdır ki, onlar öz hiss və həyəcanlarını, fikir və düşüncələrini müəyyən bədii vasitələrlə, həqiqətən incəsənətdə olduğu kimi təbii verə bilsinlər. Musiqi müəllimi şagirdlərlə məşğul olarkən üzərində iş aparılan əsərin dürüst çalınmasına, bəstəkarın fikrinin aydın başa düşülməsinə fikir verməlidir. Çünki bəstəkar tərəfindən göstərilən frazirofkalara, artikulyasiya işarələrinə, sezurlara riayət edilməməsi, ritmik və texniki dəqiqsizlik məqsədə uyğun olmayan applikatura və sair bəstəkarın fikrinin təhrif olunmasına, sonradan şagird üçün tərgidilməsi çətin olan zərərli adətlərə səbəb olur. Məhz buna görə musiqi müəlliminin başlıca vəzifəsi şagirdlərin eşitmə, yadda saxlama qavrayışını müntəzəm və ardıcıl sürətdə inkişaf etdirməkdən ibarət olmalıdır. Şagirdlərin musiqi yaddaşını inkişaf etdirmək üçün tədrisin ilk günlərindən etibarən onları materialı ayrı-ayrı xanələrlə deyil, musiqicə tamamlanmış parçalarla yadda saxlamağa alışdırmaq lazımdır.

Azərbaycan xalq musiqisinin inkişafı üçün yorulmadan çalışan S.İrzaquliyevanın yetirmələrinə bu gün Bakının bütün musiqi məktəblərində, litseylərdə, peşəkar ansambllarda, televiziya və radionun xalq çalğı alətləri orkestrində rast gəlmək olar. Sona xanım bu günə qədər yüzlərlə qarmon sənətinin istər ifaçısı kimi, istərsə də müəllim kimi peşəkarlarını yetişdirib. Hal-hazırda yetirmələri müxtəlif uşaq musiqi və incəsənət məktəblərində onun yolunu davam etdirir. Onlardan Nizami Əskərov, Reyhan Pənahova, Sədaqət Behbudova, İlqar Talıbov, Nadir Vahabzadə, Elxan Həşimov və Nəzakət Kamilovanın adını çəkmək olar. Bu illər ərzində musiqi məktəblərində fəal iştirak edən S.İrzaquliyeva gənc müəllimlərə də metodiki köməyini əsirgəmir. Gənc müəllimlərə sənətin bütün incəliklərini dəqiqliklə öyrədir: Mən hazırda pedaqoji fəaliyyətimi böyük həvəslə davam etdirirəm. Yeddi tələbəm var. Onlara qarmon alətində mükəmməl ifa etməyin bütün sirlərini öyrədirəm. Şagirdlərin texniki vərdişlər qazanması üçün hərəkət sürətinə xüsusilə diqqət yetirirəm. Hərəkətin sürəti elə olmalıdır ki, şagird üçün rəvan, düşünülmüş ifa mümkün olsun. Mən tədris prosesi zamanı bu məqamlara xüsusi diqqət edirəm.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 16 oktyabr.- S.7.