Kiyevdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

 

18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə Kiyevdə T.Şevçenko adına Milli Akademik Opera Balet Teatrında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. APA-nın məlumatına görə, konsertin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Milli Akademik Opera Balet Teatrı olub, tədbir Heydər Əliyev Fondu tərəfindən dəstəklənib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin mövcudluğunu göstərir: УUkrayna bizim strateji tərəfdaşımızdır, biz regional təşkilatlarda beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirikФ. Səfir bu dostluğa sübut kimi oktyabrın 12- Kiyevdə ARDNŞ-nin nümayəndəliyinin açılmasını göstərib. Konsertə dəvət olunmuş Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna siyasi xadimləri teatr orkestrinin ifasında Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Bədəlbəyli, H.Xanməmmədov, G.Rzayeva, M.Maqomayevin əsərlərini, tarzən Ramiz Quliyevin ifasını dinləyiblər. Əsərlərin bir neçəsinin ifası zamanı orkestri istedadlı gənc dirijor Əyyub Quliyev idarə edib.

 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.