Xumar Qədimova: "Mən ruhumun yaşındayam..."

 

"SEVGİDƏ MƏNİM QANUNLARIM ÇOX AMANSIZDIR"

 

Sənətçi Xumar Qədimovanın APA-ya müsahibəsi

 

- Ad gününüzü kimlərlə və necə keçirdiniz?

- Mən heç zaman ad günümü çox dəbdəbəli keçirirəm. Əslində bunun əleyhinəyəm. Toyda da əlavə kameraları xoşlamıram. Tutaq ki, balamın toyudur, orada kameraların, televiziya çəkilişinin nə işi var?! Ad günümdə əylənə bilmirəm, çünki yaşımın üstünə yaş gəlir. Mənim üçün önəmli olmadığı üçün bu barədə heç danışmaq da istəmirəm. İstəməsəm də, gözləməsəm də, təbriklər olur. Heç zaman hədiyyələrin dəyərinə fikir verməmişəm. Bir ad günümün, bir də Yeni ilin tez gəlib keçməsini istəyirəm. Uşaqlıqda eşitdiyim mahnıları eşidəndə boğuluram.

- Yaşlanmağınız sizi narahat etmir ki?

- Mən ruhumun yaşındayam. İllər keçdikcə bunu daha çox hiss edirəm. 20 yaşımdaykən 40 yaşlı qadının yerində olmaq istəyirdim. Əlbəttə ki, söhbət gözəl qadınlardan gedir. İndi cavanlıq şəklimə baxıb deyirəm ki, bu yaşımda daha gözələm. Bilmirəm bu özünə vurğunluqdur, yoxsa nədir. Gözəllik, xoşbəxtlik məfhumları mənim üçün nisbi anlayışdır. Bir adam özünə qulluq etməklə gözəl olmur, gərək Allah insanı gözəl yaratsın. İnsanlar tanıyıram ki, hər saniyə özlərinə əl gəzdirirlər, ancaq heç gözəl olmurlar.

- İfanızı dinləyənlərin əksəriyyətinin fikrincə, çox sevirsiniz və məhz bunun üçün də mahnıları bu cür ürəkdən oxuyursunuz.

- Mən heç kəsi sevmirəm, sadəcə sevginin özünü sevirəm, sevginin tərifini bilirəm. Ona görə də mahnıları ürəkdən oxuyuram. Kimsə gəlib mənə öz sevgisini etiraf edir. Ətrafdakılara elə gəlir ki, o sevgisindən Məcnun olub. Ancaq mənim üçün belə deyil. Allah eləməsin, əgər ömrümün sonuna kimi heç kimi sevməsəm, yenə mahnıları elə oxuyacağam ki, hamı elə biləcək, Xumar çox dərindən sevir.

- Sevginin tərifi nədir?

- Biz yaşayırıq, nəfəs alırıq, bizi müşayiət edən ancaq sevgidir. Həyatımda sevdiyim şəxs olmasa da, sevgi məni hər zaman müşayiət edir. Ona görə də sevgini sevirəm. Məni sevənlərin sayı hesabı yoxdur, amma mən sevmirəm. İndi mənim ürəyim boşdur. Uzun müddətdir ki, boşdur, sonuncu dəfə 2000-ci ildə sevmişəm... Mənə xoşbəxt deyənlər də az deyil, bilən yoxdur, bağrım başı yaradır.... Mahnını oxuyarkən yaşayıram, bəlkə ona görə də hamıya elə gəlir ki, kimisə sevirəm.

- Sevəcəyiniz insanda hansı xüsusiyyətlər olmalıdır?

- Sadiqlik, səmimiyyət. Sadaladığım bu xüsusiyyətlər məndə var. İllərdən bəri rəfiqələrim deyirdilər ki, sənin üçün həyatda çox çətin olacaq. Səbəbini belə izah edirdilər ki, sən çox ağıllısan, gözəl xüsusiyyətlərin çoxdur, sevgidə istedadlısan, hər zaman qarşındakından üstün olacaqsan. Bəlkə də qarşımdakı insanda da çox gözəl xüsusiyyətlər var, ancaq o dəyərlər ki, sevgiyə lazımdır, onda yoxdur. Doğrudan da indi mənim üçün çox çətindir.

- Maraqlıdır, sevmək də istedad tələb edir?

- Əlbəttə, sevmək elə özü böyük bir istedaddır. Bir də görürsən, kimsə çox sevdiyini iddia edir, ancaq heç bilmir ki, sevmək nədir. Bu mənim bürcümlə də bağlıdır. Buğa bürcləri adətən belə olur. Ancaq elə Buğalar tanıyıram ki, kifayət qədər də sünidir.

- Bəs, bu ad günündə özünüzə nə arzu etdiniz?

- Mənəvi rahatlıq...

- Bir oğlunuz var. Bəs həyat yoldaşınızla hansı xüsusiyyətlərə görə ailə qurmusunuz?

- Əslində bu barədə danışmağı xoşlamıram. Çünki mən ruhumda, beynimdə qəbul elədiyim, ürəyimdə olan bir şeydən danışmaq istəyirəm. O yoxdur artıq, bitib. İnanın ki, heç nəyini xoşlamamışam. Sadəcə ənənəyə görə ailə qurmaq istəmişəm, özümü adət-ənənələrimizə qurban vermişəm. Valideynlərim: "Mütləq ailə qurmaq lazımdır" - deyiblər, mən də dinləmişəm.

- Ülvi Qılınc Sizə evlənmə təklifi etsə, razılaşarsınız?

- Heç zaman razılaşmaram. Hüseyn Cavidin bir misrası var: "Xəyal, evet, yaşadan əhli-halı yalnız odur". Mən də belə insanlardanam, ona da xəyal etməyi məsləhət görmüşəm. Qoy Ülvi məni sevməyi, mənimlə bir yerdə olmağı xəyal etsin.

- Sənət aləmində Xumar Qədimovanın dostu yoxdur?

- Özümə yaxın bildiyim kimsə yoxdur. Rəfiqəm bacımdır. Bir də görürsən, heç onunla da yola getmirəm. Xarakterimiz uyğun gəlmir. Hər zaman doğmalarıma deyirəm ki, mən ancaq sizin qarşınızda zəifəm. Yadlarla bacara bilərəm. İstəmirəm, qəbul etmirəm. Müğənnilər arasında dəb düşüb, çoxları deyir ki, anam səni yaman xoşlayır. Özü ölür ey mənim üçün, gizlicə mahnılarıma qulaq asır, özü yanındakına deyir ki, bir az səsi azalt, kənardan eşitməsinlər ki, Xumara qulaq asıram. Hətta mənim ifamdan bəhrələnənlər yox deyil...

- Atanızın hüquq-mühafizə orqanlarında çalışdığı barədə məlumatlar var.

Atam - İttifaq Qədimov çox vəzifələrdə işləyib. Həbsxana rəisi olub, cinayət axtarışı sistemində işləyib. Azərbaycanın çox rayonlarında önəmli vəzifələrdə çalışıb. Onun adını hər zaman, elə indi də çox böyük fəxrlə çəkirəm. Mən xaraktercə atama oxşayıram. Həyat yoldaşını, balalarını çox sevib. Çox mərd bir kişi olub. Mən belə bir kişinin qızıyam. Çoxları elə bilir ki, biz qazaxlıyıq, ancaq belə deyil. Biz irəvanlıyıq. Atam da, anam da çox məşhur, köklü bir nəsildəndirlər. Hər iki valideynim İrəvandandır. Sadəcə, 1948-ci ildəki hadisələri zamanı Qazaxa köçüblər və mən orada anadan olmuşam. Atamın iki ali təhsili var idi. Biz hər şeyi ailəmizdən görmüşük, sonradan görənlərdən deyilik.

- Toylara, el şənliklərinə gedirsiniz? Toy qiymətlərini özünüz müəyyənləşdirirsiniz?

- Bəli, gedirəm. Ancaq getdiyim el şənlikləri ilə maraqlanıram. Bir görürsən, elə bir adam olur ki, çox güzəştə gedirəm, ancaq elələri var, bir qəpik güzəşt etmirəm, heç etmərəm . Güzəşti o insanların sevgisinə sənətimə verdiyi dəyərə görə edirəm. Təmənnasız getdiyim toylar da olur. Ancaq bütün günü toylara gedənlərdən deyiləm.

- Bəs, nə qədər vergi ödəyirsiniz?

- Qazancımdan asılıdır. Az qazananda az, çox qazancım olanda çox vergi ödəyirəm. Vergidən yayınanlardan deyiləm.

- Türkiyəli sənətçi Sərdar Ortac çıxışlarının birində Sizin səsinizi çox bəyəndiyini bildirmişdi. Hətta birgə duet oxuyacağınıza da söz vermişdi. Bu əməkdaşlığın sonu necə oldu?

- Mən bir dəfə televiziyalardan birində dedim ki, Sərdar Ortacın bəstələri çox gözəldir, ancaq səs tembri baxımından bizim duetimizin alınacağına inanmıram. Mən bir az coşqun müğənniyəm. Bu sözümü ona başqa cür çatdırmışdılar, o da incimişdi ki, Xumara neyləmişəm, mənə belə deyir. Ancaq mən onun haqqında pis heç nə deməmişdim. Sərdar Ortacla aramızı elə özümüzünkülər vurdu.

- Mahnılarınızın birində "gələcəyəm, gələcəyəm, "gəl" desən" deyilirdi. Bu mahnını kimə həsr etmişdiniz?

- O mahnının konkret ünvanı vardı. Şəxsən bir nəfər üçün oxumuşam o mahnını. Həmin vaxt sevdiyim insan üçün çox darıxırdım. Sonuncu dəfə 2000-ci ildə sevmişdim, o mahnını da elə həmin şəxs üçün oxumuşdum. Bir az uzaqda idi, kitabı vərəqləyirdim, baxdım ki, fikrim bütünlüklə onun yanındadır və bu şeiri gördüm, oxudum, haldan getdim. Elə bil mənim halıma həsr olunmuşdu və gecə səhərə kimi oturub yeni mahnı bəstələdim.

- Həmin şəxsi artıq unutmusunuz?

- Elə bil heç olmayıb. Mən beləyəm. Sevəndə sevirəm və sadiq oluram, ancaq o adamdan ayrılan gündən unuduram. Təbii ki, qarşı tərəfdə istəmədiyim, bəyənmədiyim nəsə görəndən sonra ayrılıram. Sevgidə mənim qanunlarım çox amansızdır.

- Sizə hədiyyə kimi verilən 150 min dollarlıq evin əlinizdən alındığı haqda məlumatlar yayılıb...

- Sabah bir başqa şey də yaza bilərlər mənim haqqımda. Vaxt vardı ki, belə populyar deyildim. "Ayrılıq" mahnım yeni çıxanda maşın hədiyyə etmişdilər mənə. Həmin insan heç Bakıda yaşamırdı, xaricdəki azərbaycanlılardan idi. Ola bilər ki, kimsə mənə nəsə bağışlayır, ancaq hər şeyin mediada yazılması, deyilməsi düzgün deyil. Hansısa bir işdə şahid qismində bir ifadə verilibsə, "burada Xumar Qədimovanın adı var" deyə şişirtməyin mənası? Bax, bu oturduğumuz həmin o evdir. Ancaq yazılmışdı ki, guya bu evi , maşınımı da əlimdən alıblar daha nələr...

- Yəni bütün bunlar həqiqət deyil?

- Əlbəttə ki, yox.

- İkinci dəfə ailə qurmağı düşünürsünüz?

- Sənəddə nikah boş şeydir, əsas odur, qəlblər bir olsun. Amma ola bilər ki, ailə quraram, bu, mümkün işdir. Bir gördün, yoldan çıxdım...

- Yəni özünüzə əməlli-başlı toy çaldıracaqsınız?

- Niyə olmasın, ola bilər. Axı indi dəbdir. Ancaq bəy mütləq yanımda oturacaq. Qoy hamı görsün, niyə gizlədirəm ki...

- Plastik əməliyyat keçirdiyiniz söylənilir...

- Tamamilə yanlışdır. Ancaq plastik əməliyyata pis baxmıram, etdirə bilərəm. vaxt ehtiyac olsa, edəcəyəm. Məncə, indi ehtiyac yoxdur. Hələ ki etirazlar gəlmir, etirazlar gələn kimi əməliyyata gedəcəyəm.

 

 

525-ci qəzet.-2009.- 5 may.- S. 7.