Aysellə Araşın Moskvada ilk məşqi sabah olacaq

 

"Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə Araş hazırda Norveçdə səfərdədirlər. Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında onların bu gün Moskvaya gedəcəklərini deyib. O bildirib ki, Aysel Araşın Rusiya paytaxtındakı ilk məşqi mayın 6-da olacaq. Həmin gün Azərbaycan təmsilçiləri rəqs qrupu ilə birlikdə Moskvanın "Olimpiyskiy" idman-konsert kompleksində çıxış edəcəklər.

Xatırladaq ki, "Eurovision-2009" müsabiqəsinin rəsmi açılış mərasimi mayın 10-da keçiriləcək. Müsabiqədə ümumilikdə 42 ölkə təmsilçisi yarışacaq. Aysel və Araş "Eurovision-2009" müsabiqəsinin mayın 14-də keçiriləcək II yarımfinalında çıxış edəcəklər. İlk yarımfinal mayın 12-də, final isə mayın 16-da olacaq.
   

 

525-ci qəzet.- 2009.- 5 may.- S.7.