"Heydər Əliyev insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib

 

Dünən Azərbaycan Respublikasının Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 və siyasi hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş "Heydər Əliyev və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ombudsman E.Süleymanova "Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi mexanizminin təkmilləşdirilməsində Heydər Əliyevin rolu" mövzusunda geniş məruzə ilə çıxış edərək, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki əvəzolunmaz fəaliyyətindən danışıb. O, xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolunun böyük olduğunu diqqətə çatdıraraq deyib ki, həqiqi liderlər kimi ulu öndərimiz də öz xalqını ən çətin vəziyyətlərdən çıxararaq düzgün yola istiqamətləndirib, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi kimi çıxış edib. Ombudsman bildirib ki, ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları təmin olunaraq vətəndaş cəmiyyəti yaradılması istiqamətində mühüm addımlar atılıb: "Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız son onilliklərdə insan və vətəndaş hüquqlarının qorunması sahəsində ulu öndərimizin özülünü qoyduğu qətiyyətli siyasətdən bəhrələnib. Məhz Heydər Əliyevin mühüm xidməti sayəsində ölkəmizdə ölüm cəzası ləğv olunub. Onun humanist siyasəti nəticəsində bir çox amnistiya aktları tətbiq edilib, əfv fərmanları imzalanıb. Hazırda isə bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüququ-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş mütərəqqi qanunlardan, həyata keçirilən təşkilati tədbirlərdən danışıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi və hüquqi islahatlar ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını yaradıb ki, bunun da nəticəsində Respublikamızın hüquq sistemi, eləcə də insan hüquq və azadlıqlarının müdafiə vəziyyəti Avropa standartlarına uyğunlaşdırılıb.

Dəyirmi masada Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanovanın "Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın "Heydər Əliyev və Azərbaycanda qadın hüquqlarının təmini sahəsində dövlət siyasəti", Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanovun "Heydər Əliyev və Azərbaycan ədliyyəsinin inkişafı", Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Mustafa İsgəndərzadənin "Milli qürur və fəxarət hissini xalqa qaytaran düha" mövzularında məruzələri dinlənilib. Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər iştirakçılar isə ümummilli lider Heydər Əliyevin nəcib əməllərindən danışıblar. Qeyd edək ki, tədbirdə ulu öndərin həyatı və zəngin fəaliyyəti barədə kitablardan və fotolardan ibarət sərgi də təşkil olunub.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2009.- 5 may.- S.3.