Milli mədəni irslə bağlı foto müsabiqəsi keçirilir

 

Gənclər və İdman Nazirliyi "Avropa Mədəni İrs Günləri" kampaniyası çərçivəsində gənclər arasında Avropa Şurasının "Avropa: Ümumi İrs" və "Mənim doğma vətənim" mövzusunda foto müsabiqəsi elan edib. Əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin, təbii irs yerlərinin Avropa mədəniyyətinin tərkib hissəsi kimi təbliği, yeniyetmə və gənclərdə vətənə məhəbbətin gücləndirilməsi olan müsabiqəyə mayın 1-dən start verilib. Müsabiqədə yaşı 14-21 arasında olan gənclər iştirak edə bilərlər. İştirak arzusunda olanlar mayın 11-nə kimi Təşkilat Komitəsinə Azərbaycanın mədəni irsi, tarixi abidələri, milli mənəvi dəyərlərilə bağlı rəngli və ya ağ-qara fotoşəkillər təqdim etməlidirlər. Müsabiqənin ən mühüm nəticələrindən biri qalib gələn fotoşəkillərin İspaniyanın Barselona şəhərinə göndərilməsi olacaq. Məlumata görə, bu şəkillər Avropa Şurası tərəfindən nəşr edilən xüsusi kataloqda yer alacaq. Müsabiqə qalibləri Avropa Şurasının xüsusi şəhadətnamələrilə təltif olunacaq.

Müsabiqə barədə əlavə məlumat almaq istəyənlər Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektoruna müraciət etməlidirlər.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 6 may.- S.2.