Azərbaycan dilinin qorunması istiqamətində yeni layihəyə start verilib

 

Dünən Azadlıq Hərəkatçıları İctimai Birliyi "Natiqlərin I ümumrespublika müsabiqəsi" adlı yeni layihənin təqdimat mərasimini keçirib. Birliyin İdarə Heyətinin sədri Təhmasib Novruzov bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Onun sözlərinə görə, müsabiqənin məqsədi Azərbaycan dilinin qorunmasına, saflaşmasına və zənginləşməsinə yönəlib: "Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin dilimizə hörmətlə yanaşmadığı açıq-aydın görünür. Çünki onlar işə qəbul zamanı öz dilimizi deyil, xarici dili əsas şərt kimi irəli sürürlər. Bu mənada, biz belə bir layihəni həyata keçirməklə ana dilimizin qoruyur və təbliğ etmiş oluruq".

Akademik Afad Qurbanov müsabiqədə həqiqi natiqlərin üzə çıxacağına əmin olduğunu vurğulayıb: "Çox təəssüflər ki, indiyədək bu məsələyə diqqət ayrılmayıb. Kənar sözlər dilimizə daxil olub, televiziya və radio aparıcıları efirdə başqa dillərə məxsus sözləri işlətməklə yanaşı, şivə və dialektlərdən istifadə edirlər. Bütün bunlar yolverilməzdir. Hesab edirəm ki, orta və ali məktəblərdə bu istiqamətdə ciddi tədbirlər görülməlidir".

Yazıçı Qadınlar Cəmiyyətinin sədri Nüşabə Məmmədli bildirib ki, bəzi gənclərimiz süni surətdə dilimizə yabançı sözlər gətirir: "Bunun qarşısını almaq üçün belə müsabiqənin keçirilməsi təqdirəlayiqdir". O, bu layihənin davamlı olacağına əminliyini qeyd edib.

Qeyd edək ki, "Natiqlər müsabiqəsi"nin münsiflər heyətinə akademik Afad Qurbanov, filologiya elmləri doktoru Firidun Cəlilov, xalq şairi Zəlimxan Yaqub, xalq artisti Ofeliya Sənani, Yazıçı Qadınlar Cəmiyyətinin sədri Nüşabə Məmmədli, diktor Əli Məmmədov və şair-pedaqoq Kəmalə Abıyeva daxildir.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2009.- 7 may.- S.2.