Məmməd Cəfər: fəlsəfi tənqid poetik fəlsəfə

 

Tarixən Azərbaycanda fəlsəfi fikir bədii ədəbiyyatın bətnindən boy atıb. Bu mənada klassik Azərbaycan ədəbiyyatını poetik fəlsəfə kimi dəyərləndirmək olar. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundzadənin bədii irsi əslində Azərbaycan fəlsəfəsinin ideya məxəzləridir. bu fəlsəfənin əsasında böyük insanpərvərlik - humanizm dayanır. XX əsrdə klassik Azərbaycan ədəbiyyatının fəlsəfi dərki akademik Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. O ilk dəfə poetik fəlsəfədən fəlsəfi tənqid yaratdı.

Filologiya elmləri doktoru (1961), professor (1963) Azərbaycan EA-nın həqiqi üzvü (1976), əməkdar elm xadimi (1982) və heç bir titulun çərçivəsinə sığmayan sabit, sərt və təmkinli insan, bütöv şəxsiyyət Azərbaycanın ədəbi-tarixi taleyində nüfuzlu söz sahibi Məmməd Cəfər Cəfərov otuzdan artıq monoqrafiya, dərslik və kitabın, 300-dən artıq elmi-nəzəri məqalənin, duzlu-məzəli hekayələrin ("Əntiqə adamlar" 1981) müəllifi idi. M.Cəfərin zəngin və çoxcəhətli yaradıcılığını bir neçə istiqamət üzrə təsnif etmək olar.

Birincisi, M.Cəfər rus ədəbiyyatının görkəmli tədqiqatçısı idi. Bunu alimin "Rus ədəbiyyatı tarixi oçerkləri" (1939), "Rus klassikləri" (1969) və üç cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" (1970, 1974) dərslikləri əyani sübut edir.

İkincisi, M.Cəfərin "Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında romantizm" (1963) monoqrafiyaları belə deməyə əsas verir ki, o romantizmşünas alim idi.

Üçüncüsü, M.Cəfər estetika nəzəriyyəçisi və sənətşünas filosof idi. Buna əminlik üçün alimin "Estetik zövq haqqında" (1965), "Mütəfəkirin şəxsiyyəti" (1966), "Estetik tərbiyə, ailə və məktəb" (1967), "Həyatın romantikası" (1968), "Nizaminin fikir dünyası" (1982) kitablarını oxumaq kifayətdir.

Digər tərəfdən, M.Cəfər 1932-ci ildən 1992-ci ilə qədər 60 il gözü qarşısında davam edən cari ədəbi prosesi ədəbiyyata məhəbbət və sərt tənqidçi prinsipiallığı ilə izləmiş professional tənqidçi idi. O 300-dən artıq ədəbi-nəzəri və tənqidi məqalə yazmış, "Ədəbi düşüncələr" (1958), "Sənət yollarında" (1975) və alimin iki cildli "Seçilmiş əsərləri"ndə (1974) bu məqalələrin bir qismi oxuculara çatdırılmışdır.

Nəhayət, Cəfər müəllim imzasını sənətin Füzuli zirvəsinə həkk etmiş görkəmli füzulişünas alim idi.

Onun Füzuli sevdası XX əsrin 40-cı illərindən başlanıb. M.Cəfər 1941-ci ildə "Füzuli sevir" məqaləsini, 1959-cu ildə "Füzuli düşünür" monoqrafiyasını, 1960-cı ildə "Füzuli yaşayır" məqaləsini yazdı. "Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır" - bu füzulişünaslıqda M.Cəfər yoludur. Bu yolun sonucunda isə alimin Füzulinin beş yüz illiyi ilə bağlı həyəcan təbili kimi səslənən "Füzuli 500 illiyini gözləyir" (1986) məqaləsi dayanır.

Akademik Məmməd Cəfərin "Füzuli sevir" məqaləsinin ilk cümləsi M.Füzulinin bədii-fəlsəfi görüşlərini əks etdirən aforizm kimi məşhurlaşdı: "Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzüli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz. Böyük bir ideal kəskin, sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli bir gülüş, amansız, sarsıdıcı bir satira, könül açan və ya ürək parçalayan məhəbbət lirikası ilə də ifadə edilə bilir. Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri, onun həkimanə sözləridir".

Məhz bu gözəl, qanadlı, eyni zamanda, məzmunlu mülahizələrlə böyük alim dahi Füzulinin sevgi və hikmət dünyasına uğurlu açar sala bilir. Elə bu dövrdən də nəzəriyyəçi alimin M.Füzuli sənətinə diqqəti başlanır. Onu qəlb şairinin fəlsəfəsi, dünyagörüşü daha çox maraqlandırırdı. Alim doğru yol seçmişdi, M.Füzulinin fəlsəfi dünyasına məhz şairin sehrli lirikasından keçib getmək olardı. Uzun illərin axtarışları öz səmərəli bəhrəsini verdi, şairin vəfatının 400 illiyi bütün dünyada qeyd olunan vaxt M.Cəfər "Füzuli düşünür" kitabını yazdı.

Görkəmli alim 1958-ci ildə tamamladığı kitabın sonunda təvazökarlıqla yazır: "Bu qeydlərin müəllifi Füzulinin dünyagörüşünü, fəlsəfi fikirlərini hərtərəfli aydınlaşdırmaq məqsədini qarşısına qoymamışdır. Bu olsa-olsa, böyük şairin milyonlarca oxuyucularından birinin qeydləridir". Bu etirafın monoqrafiyanın son abzasında verilməsi təsadüfi deyil. Burada dahi Füzuli sənətinə, Füzuli dünyagörüşü və fəlsəfi-estetik sisteminə baş vurub çıxmış nəzəriyyəçi alimin Füzuli dühasına, onun fikri əzəmətinə pərəstişi ifadə olunub. Həqiqətdə isə M.Cəfərin "Füzuli düşünür" əsəri şair Füzulidə mütəfəkkir Füzulini kəşf edən, açıb aləmə göstərən nəzəri monoqrafiyadır. Monoqrafiyada M.Füzuli "yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtaran... allah problemini "dövran", "gərdiş", təbiət problemi ilə əvəz etməyə təşəbbüs göstərən"... "əql ilə etiqad arasında tərəddüd edən" şair kimi təqdim olunur".

"Azərbaycan şeirini Füzulisiz təsəvvür etmək mümkün deyil" - deyə araşdırmaya, fikir və mühakiməyə yol alan müəllif onu "bəşəriyyəti orta əsrlər dünyasından eşq, səadət dolu işıqlı bir gələcəyə doğru səsləyən məğrur mütəfəkkir", bədii təfəkkürümüzün inkişafına nəcib təsirini göstərən canlı müasirimiz olaraq tədqiqata cəlb edir. M.Cəfər obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən tarixilik prinsipinə istinad edərək M.Füzulinin yaşayıb yaratdığı zəmanədən tarixi mühitdən bir an belə olsun ayırmır, orta əsrlərin şəraitini, zamanın kontekstini diqqətlə nəzərə alaraq yazır: "Füzuli zəmanəsinə son dərəcə həssas münasibət bəsləyən, əsrini bütün mürəkkəbliyi, ziddiyyətləri ilə dərk etməyə çalışan mütəfəkkir şair olmuşdur". Füzulinin böyüklüyünü "insanı, insan mənəviyyatını, şüurları, zövqləri orta əsrlərin hakim, ənənəvi qənaətləri, puç etiqadları çərçivəsindən xilas etməyə can atmasında, feodal münasibətlərini cəsarətlə ittiham etməsində" görən alim, öz meyarlarında sosioloji amilə üstünlük verirdi.

M.Cəfər yazıb: "Feodal dünyasında hökm sürən dini ideologiyaların tutqun, qaranlıq səmasında Füzuli özünü əql-idrak günəşinə doğru çevirmiş, çox yerdə eşq adlandırdığı bu əql-idrak günəşində qızınmış, özünün dönə-dönə qeyd etdiyi kimi, bu eşqin parlaq şüalarından mərifət hasil etmiş, zahirdə eşq-məhəbbət, əslində isə zamanına görə elmi bir dünyagörüşü olan ölməz eşq dastanını yaratmış, bu aşiqanə mərifət dastanı ilə də səadətin və ədalətin yolunu nurlandırmağa, sağır göylərə sığınmış olan məhkum insana bacardığı qədər həqiqəti deməyə çalışmışdır" M.Cəfərin M.Füzuli dünyagörüşündə eşqin rolu haqqında əsas, ümumiləşmiş qənaəti belə idi.

Füzulinin poeziyasında eşq daha çox qəlbin yavrusu, ilahi töhfəsi, tanrı əmanəti, insanı haqqa qovuşduran ilahi qüdrət və əlbəttə, insan kamilliyinin əlaməti kimi mənalandırılır. Qəzəllərinin birində şair yazır:

 

   Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim?

   İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

 

Eşq insanı kamala çatdıran bir qüdrətdir, ona görə də Məcnun orta əsrlərin ən kamil şəxsiyyəti, yeni fikirli ziyalısı idi. Füzulidə eşq məhz elə M.Cəfərin dediyi "yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtarışı" idi.

M.Cəfər bu qiymətli monoqrafiyasında M.Füzulinin dünyagörüşünü, onun fəlsəfi görüşlərini izah etmək üçün bir neçə ciddi və mübahisəli məsələni nəzərdən keçirir. Onları aşağıdakı tərzdə təsnif etmək olar: Füzuli yaradıcılığında eşqin xarakteri; Füzulinin sufi olmadığını sübut etmək; Füzuli poeziyasında ruh və onun mahiyyəti; Füzulidə əql və etiqadın münasibəti; Füzuli dünyagörüşündəki ziddiyyətlərin sufizmdən törənməsini izah etmək.

M.Cəfər təriqətçiliklə bağlı Füzuliyə münasibətdə iki cəhətə - həm onu ifrat zövqpərəst, həm də zahidliyə meyl etdiyini iddia edən fikrə qarşı çıxır və öz konsepsiyasını bu fikirlərlə mübahisə müstəvisində qurur. Alim Füzuli bədbinliyini şairin romantikasından doğan, zəmanədən narazılığından irəli gələn bir xüsusiyyət hesab edir. Beləliklə də, o iddia edir ki, şairi yalnız tərki-dünyalığa qarşı zövqpərəstliyi qoyduğuna görə qiymətləndirmək olmaz. O, həm Füzulinin zahidliyini, həm də zövqpərəstliyini qəbul etmir. O yazıb: "Bunu da nəzərə almaq lazımdır ki, sufizmə vahid fikir cərəyanı kimi baxmaq olmaz. Sufizm daha çox seyrçi və bədbin bir dünyagörüşü olmuşdur, bu onun zəif cəhətidir". Alim bu fikrini əsər boyu israrla davam etdirir. O, Füzulinin sufizmlə çətin mübarizə apardığını iddia etdikdən sonra, bu mübarizənin çətinliyinin səbəbinin izah edərək yazır: "Çünki sufizm və ümumən təriqətçilik, xüsusən sənətdə, bədii yaradıcılıqda müəyyən müsbət keyfiyyətlərə də malik idi və yuxarıda dediyimiz kimi o vahid bir fikir cərəyanı da deyildi".

M.Cəfər monoqrafiya boyu sufizmi zahidlik səviyyəsində qəbul edir, "Rindü Zahid" əsərinə istinadən Füzulini zahidliyə qarşı qoyur. Halbuki, zahidlik sufizmin ilkin, ibtidai mərhələsi idi. "Müsəlman dünyasında zahidlik hərəkatı nizamı pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə qarşı müxalifət ovqatından yaranır. Zahidlik hərəkatının xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə bağlanmamaq üçün dünyadan ifrat dərəcədə ayrılmaq və Allahı unutmamaq üçün onun adlarını müntəzəm olaraq təkrarlamaq idi. Bu hərəkatı sufizm kimi xarakterizə etməyə imkan verməyən başlıca cəhət mistik yaşantının zəifliyidir. İslam sivilizasiyası daxilində zahidlikdən sufiliyə keçid VIII əsrin sonları IX əsrin əvvəllərində baş verir" (S.Xavəri).

M.Cəfəri də, digər tədqiqatçıları da Füzulinin eşqi və sufiliyi məsələsində tərddüd vəziyyətində qoyan şairin zahidliyi inkar etdiyi halda "Leyli və Məcnun" poemasının sonunda təsəvvüfə gəlib çıxmasıdır. Bu baxımdan M.Cəfər real gözəli - Leylini sevən Qeyslə, real Leylidən imtina edən Məcnunu bir-birindən ayırır: "Füzuli tədqiqatçılarının çoxu Məcnunun varlıq, gözəllik haqqında olan mistik, sufiyanə anlayışını, eynilə onun müəllifinə - Füzuliyə istinad edirlər. Hətta bu sufiyanə mistik eşqi şairin əsas fəlsəfəsi, dünyagörüşü adlandırmağa xüsusi səy göstərirlər. İşin həqiqəti isə bu müddəanı tamamilə şübhə altına alır". Füzuli nəinki Məcnundur, o heç Məcnunu bəyənmir, özünü ondan daha böyük aşiq, eşqi ilahi sahibi hesab edir:

 

   Məndə Məcnundan füzun aşiqlik istedadı var,

   Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

   Yaxud başqa bir qəzəlində şair yazır:

   Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,

   Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

 

Məsələ burasındadır ki, "Leyli və Məcnun"da Füzuli artıq zahidliklə mücadilə edən, yaxud ilahi eşqi haqqı bəsirət gözü ilə görənlərin kamillik dərəcəsi kimi tərənnüm edən sufi şair deyil, irfançı mütəfəkkir idi: "Sufilər dünyanı bir kölgə, etibarsız, dəyişkən sayırlarsa, irfançı mütəfəkkirlər onu həyat və bilik məktəbi, elm xəzinəsi, böyük sirlər aləmi bilirlər" (Ç.Sasani). Bu mərhələdə artıq əqllə eşqin münasibətləri dünyanı dərk edən iki güzgü, iki idrak müstəvisi kimi üz-üzə gəlir. Məhz "Leyli və Məcnun"da adi dünyanı dərk edən əql sahibi, ilahi aləmi içindən nur kimi keçirib insanlara səadət gətirən ziyalı, irfatçı aləmləri bəsirət gözü ilə görən eşq əhli rəmzləşərək üz-üzə dayanır.

"Füzuli düşünür" müəllifinin eşq və sufiliklə bağlı mülahizələrinə münasibət olaraq belə qənaətə gəlirik: biz demirik ki, Füzuli real eşqdən uzaq olub, biz deyirik ki, Füzuli real eşqi ilahiləşdirib, insana kamilliyə gedən nur yolunu - eşqi nişan verib. Bu, Qeysdən Məcnuna qədər gedən ən ülvi, ən çətin, ən ali və müqəddəs, pak bir yoldur.

Akademik Məmməd Cəfərin Füzuliyə münasibətinin guşə daşında onun ümumən klassik bədii irs haqqında estetik konsepsiyası dayanır. Alim bu fikirdə idi ki, "Zorakılığın məddahı olan bir ədəbiyyatla üz-üzə gələn, ona qarşı müxalifət təşkil edən ilk əvvəl məhəbbət lirikası olmuşdur". Elə bu nöqteyi-nəzərdən də füzulişünas alim şairin poeziyasında ictimai etiraz notlarına üstünlük verir, filosof-aşiqi, zahidə abidə qarşı qoyurdu. M.Cəfər bu cəhəti təkcə Füzuli yaradıcılığı üçün deyil, ümumən orta əsrlər poeziyası üçün səciyyəvi sayırdı. Məqalələrinin birində alim yazırdı: "bizim klassik şerimizin cismini, ruhunu təşkil edən, onu mənalandıran, zənginləşdirən və bu şerdə zahidə, abidə qarşı duran filosof-aşiq surətidir". M.Cəfər bu qarşıdurmanı "poeziyanın klassik konflikti kimi kəşf edir" (Y.Qarayev).

Sevən aşiq və düşünən filosof! - fikrimizcə, M.Cəfərin klassik qəhrəman konsepsiyası bu iki özül üzərində dayanır. Məmməd Cəfər Füzulinin qəhrəmanını romantik qəhrəman hesab edərək yazırdı: "Bu romantik qəhrəmanın daşıdığı eşq bir məslək, dünyaya xüsusi bir baxışdır və bu baxış hər şeydən əvvəl zahidliyə, mistikaya qarşıdır".

Çox güman ki, M.Cəfər 50-ci illərdə Füzulinin romantikasından yazmasaydı, 60-cı illərdə, əslində cəmi 4 il sonra (1959-1963) romantizmdən yazmazdı. Füzulidən Cavidə - romantikadan romantizmə! - M.Cəfərin yaradıcılığının əsas istiqamətlərindən biri belə idi. 1960-cı ildə çap olunan "H.Cavid" 1963-cü ildə işıq üzü görən"Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyaları əslində "Füzuli düşünür" əsərinin(1959)nəzəri-estetik davamı idi.

Məmməd Cəfər klassik poeziyamıza, o cümlədən orta əsrlərdə onun zirvəsini təşkil etmiş Füzuli irsinə münasibətdə cəsarətli fikirlər söyləyir. O, yazırdı: "Görəsən, Platon olmasaydı və qanadlı-qanadsız ruhlar haqqında mülahizələrini söyləməsəydi, Şərq şerinin ruhu, ideya istiqaməti nə ilə müəyyən olunacaqdı? Ümumiyyətlə, demək lazımdır ki, müasir Şərqin böyük bir hissəsində ədəbiyyat elmi elə bir səviyyəyə çatmışdır ki, indi artıq köhnə Qərb oriyentalistlərinin klassik Şərq şeri, Şərqin bədii dühası haqqında verdikləri köhnəlmiş, çeynənmiş formulalardan tamamilə və qətiyyətlə əl çəkmək lazımdır". Məmməd Cəfər özü ilk dəfə bu işi icra etdi, neoplatonizmin, avropamərkəzçilərin yanlış və köhnəlmiş mülahizələrinə qarşı Şərq poeziyasını dəyərləndirməyin yeni nəzəri-estetik meyarlarını irəli sürdü. Füzulinin fəlsəfəsinə hazır nəzəri qəliblərlə yox, Leylinin və Məcnunun məhəbbəti ilə daxil ola bildi. "Füzuli düşünür" kitabı bunun parlaq sübutu idi.

M.Cəfər dahi şair M.Füzulinin dünyagörüşü, fəlsəfi görüşlərini araşdıraraq belə nəticəyə gəlir ki, "Varlığa münasibətdə Füzuli realistdir; qeyri-maddi varlıq, allah problemi məsələsində isə o, skeptikdir. Böyük şairin kəskin mənəvi böhranlarına səbəb də bu skeptizmdir".

M.Cəfər M.Füzulinin böyüklüyünü, dünya əhəmiyyətini göstərmək istərkən onun görüşlərində şairin "insan konsepsiyası"nı ön plana çəkirdi. Çünki, bütün Şərq fəlsəfi təlimlərinin zirvə məqamı olan hümanizm bilavasitə insan amili ilə bağlı idi. Füzuli də öz böyük sələfi Nizamidən qəbul etdiyi "təbiətin tacı", "yaranmışların əşrəfi" olan insanı öz zirvə məqamında saxlamalı idi və saxladı da.

"Füzuli düşünür" düşünən Füzulini, Füzulinin insanı kamilləşdirən eşqini duyan M.Cəfərin - Azərbaycan füzulişünaslığının ən layiqli elmi əsərlərindən biridir. O, Azərbaycan ədəbiyyatşünaslığının, füzulişünaslığımızın səviyyəsini əks etdirir.

Dahi Füzuliyə məhəbbət, onu dərk və şərh etmək ehtirası, şairin eşq fəlsəfəsini açmaq inamı, klassik irsin taleyi üçün əsl alim və vətəndaş məsuliyyəti M.Cəfəri bir füzulişünas kimi səciyyələndirən əsas cəhətlərdir.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

filologiya elmləri namizədi, dosent

 

525-ci qəzet.- 2009.- 8 may.- S.7.