Darıxmayan üçlük "Ay saçlı qız"

 

"Cavad xan"la ən böyük arzularımdan birini reallaşdırdım"

 

RÖVŞƏN ALMURADLI: "YAŞA DOLDUQCA HƏR GÜN BİR AN KİMİ KEÇİB GEDİR - İNDİ ƏN ÇOX TƏƏSSÜFLƏNDİYİM CƏHƏT DƏ ELƏ BUDUR"

 

Tanınmış rejissor Rövşən Almuradlı 1971-76-cı illərdə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. Müxtəlif illərdə Şəki, Sumqayıt, Mingəçevir, Gəncə Dövlət Dram Teatrlarında əvvəlcə aktyor, sonralar rejissor kimi çalışıb. Həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, C.Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbişli, Ə.Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb. Müxtəlif əyalət və paytaxt teatrlarında Ə.Əylislinin "Vəzifə", M.Salimoviçin "Dərviş və ölüm", N.Hikmətin "Bayramın birinci günü", M.Süleymanlının "Dəyirman", "Zirzəmi", Dostoyevskinin "Şıltaq qız", Qoqolun "Dəlinin qeydləri", Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Y.Səmədoğlunun "Qətl günü", V.Sergeyevin "Bağlı qapı arxasında iki nəfər", İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin səhnə həllinə quruluş verib. 1989-cu ildə "Azərbaycanfilm"də - "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan "İstiqlal" teatrının bədii rəhbəri olub. 1993-95-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminə quruluş verib.

R.Almuradlı həmçinin Azərbaycan Televiziyasının (AzTV) "Sabah" yaradıcılıq birliyində hazırlanmış C.Məmmədquluzadənin "Anamın kitabı", N.Hacızadənin "Qayalarda qalan səs", "Yaz yuxusunun işığı", "Şəkilçi və şəkilçi", Şekspirin "Kleopatra" film-tamaşalarının, 7 seriyalı "Abbas və Gülgəz", "Koroğlu" film-dastanlarının quruluşçu rejissoru, "Bəsdir ağlama", "Ümid" bədii filmlərinin, həmçinin "Etnoqrafik etüdlər", "Qobustan", "Qax abidələri", "Padarçöl", "Molla Cümə", "Şıx ocağının işığı", "Qudyalçay" kimi sənədli filmlərin rejissoru kimi çalışıb. Bugünlərdə R.Almuradlı ilə görüşüb, onun keçdiyi həyat və yaradıcılıq yolu, "Cavad xan" filmi, eləcə də rejissorun həyata, sənətə baxışı ilə bağlı söhbətləşdik.

- İlk öncə aktyorluqdan rejissorluğa gəlişinizin tarixi barədə danışmağınızı istərdik.

- Dünyanın hər yerində rejissorluq ikinci bir sənət kimi seçilir. Hansısa sənətin sahibi və "mədəni baqaj"ı olan, artıq düşüncə tərzi, xarakteri formalaşmış insanlar rejissorluğa gəlirlər. Kimi ədəbiyyatdan, kimi aktyorluqdan, kimi teatrşünaslıqdan, yaxud da tamam başqa sahələrdən bu sənətə üz tutur. Məsələn, məşhur rejissor Tarkovski şərqşünaslıqdan bu sənətə gəlib. Sumqayıt teatrında işləyərkən 1983-cü ildə Moskva Ali Rejissorluq Məktəbinə daxil oldum. Onda 31 yaşım vardı. Həmin dövrdə Moskva Dövlət Akademik Satira Teatrında ikiillik təcrübə mübadiləsində oldum. Həmin vaxt çox böyük sənətkarlar mənə dərs deyiblər. 1987-ci ildə Moskvadan qayıtdıqdan sonra Sumqayıt teatrında rejissor kimi işləməyə başladım. Mənim rejissorluq yolum bu teatrdan başladı. Bundan sonra Azərbaycanın bir sıra teatrlarında rejissor kimi fəaliyyət göstərdim.

-Bu sənətdə kimi özünüzə ustad bilirsiniz?

- İnsan kimisə görmədən də, heç ünsiyyətdə olmadan da onu özünə müəllim hesab edə bilər. Görkəmli rejissor Ədil İsgəndərovu özümə ustad bilmişəm. O, çox böyük şəxsiyyət idi. Milli teatrımıza onun qədər yeni ab-hava gətirən ikinci bir rejissor tanımıram. Düzdü, bizim çoxlu istedadlı, professional rejissorlarımız olub və var. Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlar səhnəmizə ölməz tamaşalar bəxş ediblər. Amma 1939-61-ci illərdə Akademik Milli Dram Teatrının bədii rəhbəri olduğu müddətdə Ədil İsgəndərov Azərbaycan teatrını rus teatrının şinelindən dartıb çıxardı. Teatra millilik, milli sima gətirdi.

- Necə oldu ki, kino sizi özünə cəlb etdi?

-Teatr tamaşası belədir ki, bu gün var, sabah isə əsasən yaddaşlarda yaşayır, yəni oynanılır və xatirələrə köçür. Teatrın, teatr rejissorunun əsas işi bu gün üçün döyüşməkdir. Rejissorun əsas işi yaxşının daha yaxşı olması üçün apardığı mübarizədir. Amma bu mübarizə aqressivliyə söykənməməlidir, inkişafa xidmət edən bir mübarizə olmalıdır. Bunlar həmişə mənim daxilimdə olan hisslərdir. Təbii ki, mən bütün yaradıcı adamlar kimi daxili təbəddülatlar yaşamışam. Belə bir vaxtda məni "Debüt" studiyasına "Hücum" filminə rejissor kimi dəvət etdilər. Film 1989-cu ildə ekranlaşdırılıb. Onda bədnam ermənilərlə konflikt hələ təzəcə alovlanırdı. Çox hörmət etdiyim yazıçı Mövlud Süleymanlının ssenarisi əsasında çəkilən bu filmin çox maraqlı süjet xətti var: Kəndə ermənilərin hücum xəbəri yayılıb. Camaatda cəmi üç tüfəng var. Silah sahiblərinin biri deyir ki, mən özümü qoruyacam. Tüfəngin biri yalnız qundağını yerə vuranda güllə atır, sonuncusu isə ümumiyyətlə işləmir, sadəcə adam qorxutmaqdan ötrüdür. Ermənilər isə hücum etməmişdən qabaq xəbər göndərirlər ki, davamız öz yerində, amma indi kəndə it boğuşdurmağa gəlirik. İtlər isə boğuşmaq əvəzinə daha da mehribanlaşırlar. Bu filmin taleyi çox uğurlu oldu. Bir sıra kinofestivallarda mükafat qazandı. Sonralar bir çox sənədli bədii filmlərin quruluşçu rejissoru oldum. Yaradıcı taleyimdə bəzən büdrəmələr olub. Təəssüfləndiyim məqamlardan biri budur ki, indiyədək 10-a qədər nüfuzlu beynəlxalq kinofestivala dəvət almışam, amma maddi çətinlik ucbatından gedə bilməmişəm. Azərbaycanda kinoprokat olmadığından çəkilən filmlərimiz əksər hallarda tamaşaçıya həsrət qalır.

- Söz düşmüşkən, Azərbaycan kinosunun bugünkü durumu sizi bir rejissor kimi qane edirmi?

- İncəsənətin bütün sahələrində olduğu kimi kinonun inkişafında da tarixən enmələr, qalxmalar olur. Amma son dövrlər prezident İlham Əliyevin kino sahəsinə aid sərəncamlarının həyata keçirilməsi ilə məşğul olan Mədəniyyət Turizm Nazirliyi bu sahənin inkişafı üçün əhəmiyyətli işlər görür. Kinodakı müəyyən durğunluqlar, geriləmələr bu istiqamətdə aparılan işlər nəticəsində aradan qalxacaq. Bu baxımdan mən millətimizin genetik yaddaşına, istedadına da güvənirəm. İnanıram ki, son yüz ildə bir çox sahələrdə dahilər yetirmiş bu xalq yenə dünyaya görkəmli şəxsiyyətlər bəxş edəcək. Əminəm ki, kinomuz bir neçə onil bundan əvvəl olduğu o zirvəyə yenə çatacaq.

- "Cavad xan" filmi üzərinə gələk. İstərdik ki, bu mövzuya müraciət etməyinizin səbəbini oxucularımız üçün də açıqlayasınız.

- Bu millətə aid olan hər şey mənə doğma və əzizdir. Xalqıma xas dəyərləri çox yüksək tuturam. Fəxr edirəm ki, türk doğulmuşam. Mən on altı imperiya yaratmış böyük bir türk sivilizasiyasının oğluyam bundan hədsiz dərəcədə qürur duyuram. Bu sivilizasiya yer kürəsinin ekvator xəttini - bel kəmərini üç dəfə böyük köçlə dolaşaraq, dünyaya zəngin mədəniyyət bəxş edib, bəşəri dəyərlər aşılayıb. Türklər insanlara idarəçilik bacarığı öyrədiblər. Bu tarixin yetişdirdiyi insanlara, həmvətənlərimə olan məhəbbətim məni "Cavad xan"ı ekranlaşdırmağa sövq edib. Azərbaycan tarixinin xanlıqlar dövründə Cavad xan kimi ikinci bir şəxsiyyət yoxdur. Çünki o bütövlükdə işğala qarşı mübarizə aparıb, konkret şəxslərə qarşı yox. 30 min əhalisi olan Gəncə şəhəri o dövrdə 10 min şəhid verib. Onların 1200 nəfəri uşaq qadınlar idi. Cavad xan da özünün, övladlarının öləcəyini bilə-bilə döyüşlərə atılıb. Belə sərkərdəni kinoda əbədiləşdirməməyə haqqımız yoxdur. Mənim təkcə Cavad xana deyil, onun sələfləri olan digər sərkərdələrimizə böyük ehtiramım sevgim var. Cavad xanla yanaşı, Şəmsəddin Eldəgiz, Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai bizim söykənc yerimizdi. Biz bu şanlı keçmişə güvənərək başqa milllətlərin gözünün içinə dik baxa bilərik. Filmin ssenari müəllifi olan millət vəkili Sabir Rüstəmxanlı ilə çoxdan yaradıcı münasibətlər qurmuşuq. Onun "Cavad xan" adlı poeması var. Bir dəfə Sabir bəy təklif etdi ki, bunu bir televiziya tamaşası kimi hazırlayaq. Mövzunun genişliyini nəzərə alaraq bu əsər əsasında film çəkmək arzumu bildirdim. Sabir bəylə birgə Mədəniyyət Turizm Nazirliyinə müraciətimiz müsbət qarşılandı. Sabir bəy film üçün ssenari yazdı. Elə ssenari yazılarkən artıq özüm üçün müəyyənləşdirdim ki, Cavad xan rolunu Nurəddin Mehdixanlı ifa edəcək. Filmin çəkiliş prosesi haqqında mediada geniş məlumat verildiyindən təkrara ehtiyac duymuram. Amma onu qeyd edim ki, peşəkar aktyor kollektivi ilə birgə böyük bir ortaya qoymağı bacardıq. Filmə Lənkəran, Şəki, Gəncə, Sumqayıt bir çox paytaxt teatrlarından aktyor ansamblı cəlb etmişik. Çəkilişlər Mədəniyyət Turizm Nazirliyinin xüsusi diqqətində idi, çünki tarixi film idi bununla bağlı səhv etmək olmazdı. Ona görə bu filmə xüsusi diqqət kömək göstərilirdi. Ola bilər ki, kimsə hansısa qüsurları tapsın, amma görülən işi qiymətləndirməməyə heç kəsin haqqı yoxdur. Əminəm ki, bu film yaşayacaq, çünki "Cavad xan" Azərbaycan dövlətçiliyinə xidmət edən bir ekran əsəridir. Bu filmlə qəlbimdəki ən böyük arzulardan birini reallaşdırdım. Ümid edirəm ki, tamaşaçılar bunu layiqincə qiymətləndirəcəklər. Film artıq hazırdır. İranda bir sıra texniki işləri başa çatan etalon nüsxəni gətirəcəyik.

- Gələcəkdə daha hansı əsərləri ekranlaşdırmaq ürəyinizdən keçir?

- Bir neçə əsər var ki, onların ekran həllini vermək ən böyük arzularımdandır. Xüsusilə İsmayıl Şıxlının "Ölən dünyam" əsərini ekranlaşdırmağı çox istərdim. Belə hesab edirəm ki, bu roman son yüz ildə yaranan Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindəndir. Artıq ssenari kimi işlənib, hazırdır. Yəqin ki, vaxtsa bu əsərə ekran həllini verə biləcəyik.

- Ömrünüzün indiyə qədər olan mərhələsi Sizi qane edirmi? İstədiklərinizə umduqlarınıza nail ola bilmisinizmi? Hansı məqamlara sevinmisiniz, nələr sizi təəssüfləndirib?

- Mən heç kəsdən heç ummuram. Düzdür, insan müəyyən mərhələlərdə təmənnalarla yaşayır, təmənnalardan keçə-keçə böyüyür, yaşa dolur. Uşaqkən valideynlərindən, gəncliyində dostlarından təmənnası olur. Müəyyən bir dövrdə yaradıcı adamların hər halda dövlətdən umduğu nələrsə olmamış deyil. Ola bilər ki, yaşımın hansısa çağında artıq mənim dövlətdən umduqlarım vardı. İnsan yaşlaşdıqca təəssüfləndiyi məqamlar da olur, sevindiyi məqamlar da. İstədiyim əsərləri ekranlaşdıranda, onlara səhnə ömrü bəxş edəndə çox sevinmişəm. Ancaq yaş ötdükcə adamın təmənna hissi zəifləyir nəhayət, yoxa çıxır. Hər halda mən belə fikirləşirəm. İndi daha çox vaxtın sürətlə keçdiyinə təəssüflənirəm. Adam cavan olanda elə bil bunu hiss etmir. Amma yaşa dolduqca hər gün bir an kimi keçib gedir - indi ən çox təəssüfləndiyim cəhət elə budur. İndi Allahdan yeganə təmənnam budur ki, mənə möhlət, vaxt versin ki, ürəyimdə tutduğum niyyətləri, görmək istədiyim işləri həyata keçirim, arzuladığım tamaşa filmləri hazırlaya bilim.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 9 may.- S.22.