Bir dib otaq

 

Jalənin Ruqiyyənin hekayələri: süjet kompozisiya

 

"...Gözləmək lazımdır, - hamı bu nəticəyə gəlmişdi, - belə vəziyyətin ilə qurtaracağını heç kəs deyə bilməz, yeganə əlac gözləməyədi, doktor Raymondi elə bunu deyir, - Meçinanın yaşında bundan da betər hallarla rastlaşırsan, cənab Botto, gözləməkdən başqa ümidimiz yoxdu ki... ancaq axı o, iki həftədir ki, yatır, oyanmaq bilmir, doktor, axı o, düz iki həftədir ki, yatağında ölü kimi uzanıb. - Bilirəm, senyora Luisa, bu, komanın klassik halıdır, ancaq... edə bilərik, gözləmək, yenə gözləmək..." Bu sətirlər Xulio Kortasarın "Qorxulu yuxular" hekayəsindəndir. Vaxtilə tərcümə elədiyim bu hekayəni tez-tez xatırlayıram. Sonuncu dəfə təbrizli Ruqiyyə Səfərinin imzası oxuculara yaxşı tanış olan Jalənin hekayələrini oxuyanda xatırlamışam. Ancaq oxşatmaq, paralellər qurmaq, keçid salmaq mənasında yox, yada düşmə sövq-təbii alınıb. Yuxu kimi, elə bil haçansa bu həyatı yuxumda görmüşəm. Bax, bu vəziyyət onun - yuxu, təlaş, həyəcan adlı təlaşın, bu uçurumun dibində nələrsə var insanların qızdırmalı xəyalı bu nələrinsə hesabına, yaxud təsirindəndir. Ruqiyyənin hekayələrində, xüsusən oxuculara bir neçə saytdan bəlli olan "Sarı düş" "Sözün Sözündə" yayımlanan "Yazıçı" hekayələrində bir kompozisiya elementi kimi təhkiyə əslində hadisə "qurtarandan" sonra daxildən gələn səsə bənzəyir.?

"...Bu gələn səs Suçubabanın səsidir.

- Su gətirmişəm, bala. Gəlin alın.

- Sanki isti təndirin içindəyəm. Bədənimin hər tərəfindən tər sel kimi axır. Ağzımı açıb su istəyəndə dilim damağıma yapışdı, bir söz deyə bilmədim."

Olay keçmişdən indiyə, ancaq ilkin vəziyyəti, onun bətnindəki həyəcan bir az da qatılaşdırılaraq verilir. Beləcə, yuxuda, ya aşkarda sayıqlamalar bir-bir "aydınlaşdıqca", aydın şəkildə "tələffüz edildikcə" təhkiyənin özü ilə gətirdiyi işarələr cərgələnir, müəyyənlik qazanır, indiyə kimi ömrümüzdən keçən, heç birini tutub saxlaya bilmədiyimiz hadisə qatarları dayanır, işarələrdən süzülən mənalar, onların göstərdiyi mətləblər fəallaşır.

"...Əlini bir daha alnıma qoydu. Nədənsə başını buladı və ondan sonra baxışları daha qayğılı göründü mənə.

Yaşar beli dəstə ilə vurub atan kimi arxasıyca qaçdım. Mən hamıdan hızlı qaçardım. Nəfəsim kəsilmədən neçə dəqiqə uluyaraq qaçardım. Mərziyə yolumun qırağında olsaydı, bir iş görüb məni yıxacağını bilərdim. Qıçı axsadığına görə onu oynatmazdıq. Bu üzdən biz qaçan kimi yolumuzda dayanıb yaxınlığından keçəndə ayağımızın altına bir daş atar, ayağını uzadar və başqa bir oyun çıxarıb oyunçuları yıxardı. Mən də işimi yaxşı bilirdim. Onu uzaqdan görən kimi yolumu dəyişib ondan aralı açardım. Suçubabanı məhəllədə görən kimi susuzluğum yadıma düşdü".

Bu aləmdə hamı yuxunun içindədir, hamı Suçubabanın kasasını gözləyir, hamıya elə gəlir ki, bu kasa dodaqlarına toxunsa, başqa bir aləmə düşəcək, yaxud yuxuyla həyatın arasındakı qızdırmalı vəziyyətdən qurtulacaq. Bu, əslində keçmişin, keçmişdə verilən işarələrin indiki zamana axışması, orda özünə məkan axtarmasıdır.

Jalənin "Ödəmə" hekayəsində isə təhkiyə tam fərqli plana malikdir.??Burda heç bir sehrli əşya, bu anlamda gözlənti stixiyası yoxdur.??Bu plan quruluşu etibarı ilə bir istiqamətliliyi, hadisələrin, mənalandırmaların düz bir istiqamətə yönləndirməsini qəti şəkildə istisna edir.

"...Bizim Gülü ayrı aləm idi! Adı Gülnar idi. Amma Gülnar deyən kim idi??

Adətən kişilər haqqında "baməzə" deyirlər. İcazənizlə bu sözü indi Gülüyə də aid edim - bizim Gülü çox baməzə qız idi. Fizika fakültəsində oxuyurdu. Yox, belə çox quru çıxır. Fizfakda oxuyurdu. Belə yaxşıdı. Amma lap dəqiqi "fizfakda çürüyürdü" olmalıdı. Hə, bizim Gülü fizfakda çürüyürdü. Əslində çürüdürdülər onu. Gülü savadlı qız idi, çalışıb-vuruşub qiymətlərini özü alardı, gecə-gündüz oxuyardı. Amma yenə də fizfak fizfak idi də. Tələbənin sıxıb suyunu çıxarır, sonra da bu suyu tələbənin özünə içirdirdilər. Artıq o zamandan mənə aydın olmuşdu ki, niyə məktəbdə fizika, riyaziyyat, kimya müəllimləri zalım olur. Bu cür "əhliləşdirmə"dən sonra başqa cür olmaq mümkün deyilmiş. Heyif deyil filfakın hal əhli professorları, gözünü bir gözəl qıza zilləyib Nəsiminin "Divan"ını əzbər deyən müəllimləri!". Amma hekayədə sadəcə tələbədən, rastlaşdığı çətinliklərdən və Gülünün baməzəliyindən söz getmir. Bu hekayənin mühüm işarələrindən olan "baməzə" sözü (...adətən kişilər haqqında deyilən-!) həyatla, ömürlə tən tutulur, təhkiyə boyu təbii şəkildə haçalanır, nəqletmənin "düz bir istiqamətlilik" perspektivi öz-özlüyündə yoxa çıxır. Beləliklə, bir hadisə, eyni mətləb ən müxtəlif istiqamətlərdə və oxşar vəziyyətlərdə təkrarlanır, Gülü hər məqamda eyni cür çaşır, bu təkrarlardan qurtulmaq ağlına belə gəlmir. İki hekayənin kompozisiya planı müqayisə edildikdə ortaya maraqlı nəticələr çıxır. Gülü bəlkə də Rüqiyyənin hekayəsində Suçubabanı gözləyənin yuxudan ayılmış, "ödəmə" situasiyasına düşmüş şəklidir. Ancaq nə olur-olsun, müqayisə metaforikdir, yəni hər iki hekayədə təhkiyənin tipi və təşkili istiqamətləri etibarı ilə bir şəxsin içəridən haçlanmasını, həyatda, ömür yolunda fərqli istiqamətlər seçməsini göstərir.

 

Kiyan Xiyav.

 

Bir dib otaq

 

"Sözün sözü" saytında Kiyan Xiyavın "Bir dib otaq" şeirini oxudum. Onun digər şeirləri ilə də tanış oldum. Onun şeirində bir rahatlıq var, insanı ovudur, oxu prosesində müəyyən kadrlar daxilində "azdırır" və özünə tanıdır. Kiyan Xiyav, fikrimcə, təsadüfi imza sayıla bilməz, hələ illər öncə Bakıda təsadüfən Süleymanoğluyla rastlaşmış və dostlaşmışdıq. O, şübhəsiz ki, orijinal şairlərimizdəndir, Bakıda musiqisiz-filansız bir yer axtarırdıq ki, nə dediyimizi anlayaq. Bədbəxtçilikdən vur-çatlasın vaxtlarıydı, ağız deyəni qulaq eşitmirdi, ancaq bu səsi ürəyimizin qulağıyla eşitməliydik və indi Kiyan Xiyavın üzünü görməsəm də, Hadinin, Hümmətin sifəti yadımdan çıxsa da məncə ürəklərimizdəki sözə, səsə həsrət yer sağ-salamatdı. Süleymanoğlu Avropada sənətin ultra müasir incəliklərini öyrənmiş, üstəlik mənə də Fransadan bir neçə arzuladığım kitab gətirmişdi. Mən onu istədiyi adamlarla, qələm əhli ilə görüşdürdüm, Süleymanoğlu bu görüşlərin heç birindən razı qalmadı, yəni, bizim şeirin o zaman (bəs indi-?) hardasa XVIII əsrdə dolaşdığını hiss edirdim. İndi məmləkətimizin güney hissəsində (suqovuşan) mənim kimi, sənin kimi insanların yazdıqlarına baxıram, əlimi ürəyimin üstünə qoyub bir az rahat nəfəs almaq olur. Kiyan Xiyavın şeirləri çox orijinal səslərdir, ancaq həm də bizim söz sənətimizin ən qədim və özümlü qatlarından süzülüb gələn nəsnələrdir. Adətən Şəhriyarın "Heydərbabaya salam" dastanından çox danışırlar, bütün "təsadüflərdə" "Səhəndiyyə" araşdırma obyektindən kənarda qalır, - fikrimizcə, bunlar bir səsin iki əks-sədasıdır. Onların qovuşduğu yerlərdə milli şüurun və milli ədəbi təfəkkürün çox incə məqamları yaşayır, Kiyan Xiyav və digər şairlərimiz də bu "suqovuşanın" uşaqlarıdır. Bu uşaqların, o sıradan Kiyan Xiyavın şeirdəki sözlərinin yuxarıda dediyim kimi, insanı ovudan aurası var. Elə bil bu sözləri son dəfə kim deyibsə, ürəyinin ağrısını, əcdadlarının həsrətini də onların içində "yaddan çıxarıb", indi bizim "unutduğumuz" sözləri görəndə əlimizi göz yandırır. Mən sözün bu şəkildə sirayət etməsinə həm sevinirəm, həm də qorxuram, çünki bizdə sözə "kimya" kimi baxanlar çoxdu və istəməzdim ki, mənaların bəhsləşməsi insanları çaşdırsın. Kiyan Xiyavın şeirlərində bir sıra nümunələrdə olduğu kimi qaçılmaz mənbələr "açıq qalmır", sözün, mətnin cövhərinə hörülür, insanı harasa aparan ünvana çevrilir, bəzi "böyük" adlandırdığımız şairlərdə isə bu mənbələr açıq olduğundan əlbəəl plagiat təsiri bağışlayır. Bi yaradıcılığın içində nə qədər "üstüaçıq" mənbə, çıxış-giriş... ola bilər?! Baxırsan Rumidən tutmuş, sovet dönəminin ən son aşığına qədər hər şey var. Ancaq müəllif özü yoxdu. Ümidimiz bu qüsurların olmadığı mətnlərədir.?

 

Hümmət Şahbazinin şeirləri, yaxud dişimdə boğulan haray

 

Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir.

Zövqlərin müxtəlifliyi, baş alıb gedən proseslərin xarakteri, incələnməsi və ən əsası ədəbiyyatımızın bu qolunun zaman-zaman elmi araşdırmadan kənarda qalması... elə bir mənzərə yaradıb ki, bu prosesin içində ədəbiyyatımızın inkişafı üçün önəmli və ikinci dərəcəli hadisələri bir-birindən ayırmaq müşkülə çevrilmişdir.

İndi Güney Azərbaycan problemi ilə çoxsaylı qurumlar məşğul olsa da (məncə, daha çox şüar şəklində), dünyanın müxtəlif yerlərinə səpələnmiş soydaşlarımızın son dərəcə maraqlı ədəbi nümunələri, bir qayda olaraq bizim ədəbi icmalların dairəsinə daxil olmur, onlardan daha çox fərqli, ayrıca bir hadisə kimi bəhs edilir. Halbuki, fikrimcə, bütün fərqli aspektlərinə və fərqli durumuna baxmayaraq, söhbət eyni bir prosesdən getməlidir və bu iki qolun vahid məcrada araşdırılması perspektiv üçün gözlədiyimizdən də maraqlı ola bilər. Adətən mahiyyətcə eyni olan hadisələr özlərini fərqli bəlirtiləri ilə sərgiləyir, eyni kökdən gələn bu qabarıq fərqlər diqqətli incələmə tələb edir.

Bu mənada Hümmətin indiyə kimi oxuduğum şeirləri və Azərbaycan ədəbiyyatının müxtəlif elmi problemlərinə yönəlik məqalələri (o həm də "Müasir Azərbaycan (Güney Azərbaycan nəzərdə tutulur - C.Y.) şeirinin tənqidi" adlı monoqrafiyanın müəllifidir) yaxşı mənada bildiyimiz, beynimizdə kök salmış təsəvvürlər baxımından xarakterik deyil və kultaz-ın oxucuları üçün maraq doğura bilər.

Şeirləri təqdim etməzdən öncə onların mənim üçün nəyə görə çox maraqlı görünməsini açıqlamaq istərdim. Bu şeirlərdə əvvəla, mənim həmişə axtardığım vahid plan var - bənzətmələr, məcazlar, epitetlər... bu vahid tikilinin adi elementləridir, hansısısa görünür, hansısa görünmür, yəni onların sabit yerlərindən "durub, səfər etməsinə ", özbaşına hərəkətlər edərək bədii mətnin içində xaos yaratmasına... ehtiyac duyulmur. Bəzən bütün bu hərəkətləri (dalğavarı hərəkətləri) biz özümüz yaradırıq, elə nöqtələrə toxunuruq ki, oradan şeir şəklini, formasını, mahiyyətini itirməyə üz qoyur. Yəni, forma ilə elə oyunlar qururuq ki, yazacağımız şeir sadəcə ürəyimizdə qalır, vərəqin üstündə isə tamam başqa hüceyrələr görünür, nə qədər özümüzü aldatsaq da onlar birləşmir, vahid orqanizm yaratmır və ən acınacaqlısı yaxşı, parlaq müqayisələrin mənbəyi, boğçası, heybəsi... kimi yerindəcə durur. Bədii filmlərimizdə də belədir, kino unudulur, içindəki ayrı-ayrı sözlər, cümlələr yaşayır - mətndən ayrı!

Hümmətin şeirləri bu gün ədəbi prosesdə mövcud olan bir çox qüsurları anlamaq baxımından da önəmlidir. Hümmət şeirlə nəyəsə tərif vermir, onun bədii boyalarla konturlarını aydınlaşdırmır, sözün, mətləbin bətninə nüfuz etməyə çalışır və tapdığını ürəyində min illərdi susan DİLİN içində gizlədir. Bu hal bizi şeiri dəfələrlə oxumağı tələb edir, ona görə yox ki, anlaşılmır, ona görə ki, bunu HÜMMƏT yazıb və onun daxilində dilimizin yalnız yuxumuza gələ bilən pıçıltıları var. Bu ona görə belədir ki, Hümmətin sözlərində mənanın, bədii məntiqin öyrəşmədiyimiz aspektləri mövcuddur. Diqqət yetirin, bu sözlərə baxış, yaxud, belə deyək, sözlərin içindən dünyaya baxış zəif nüans şəklində olsa da elə bil ki, ayrıdır, elə vəziyyətdədir ki, düşünməyə sövq edir, ancaq oxuya-oxuya deyil, oxuyub qurtardıqdan sonra! Bu cüzi fərq düşüncəndə təbəddülat oyadır, belə deyək, şeirdən - mətndən ayrılıb "çayın qıvrımını" təsəvvür etmək istəyirsən. Yeri gəlmişkən eyni prinsip Rəsul Rzanın "Ərk Qalası " şeirində də izlənilir - kiçik bir məkanın içinə bütün dünyanın daşınması, balaca bir məkanda bütün dünyanın, ona aid edilən mənaların ələk-vələk edilməsi, birdən, qəfildən pəncərə açılır və hər şey çölə sovrulur - bu "qəza" nəticəsində dünyaya gələn hadisələr, ştrixlər, nüanslar özlərini tam fərqli formada göstərirlər.

Hər şey birdən başlayır və anidən min il qabaq dünyada gedən proseslərə qoşulur, nəyin qədim, nəyin indi baş verməsini heç kəs kəsdirə bilmir...

 

   Barmaqlar

   Barmaqların

   odda cilalanmış

   qılıncdır sanki.

   Parçalayır

   Parça-parça

   Güvəndiyim ərliyimi.

   Didir

   Didim-didim

   Tərpəndiyim yerin də üzünü

   Ötdüyüm yolları da qazır

   Bu barmaqlar.    

 

 

Cavanşir YUSİFLİ

 

525-ci qəzet.- 2009.- 16 may.- S.25.