Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
(əvvəli ötən
şənbə sayımızda)
Hörmətli oxucular,
ötən məqalədə özəl ali təhsil müəssisələrinin
yaranması mərhələləri, bu sahədə çətinliklər,
onların aradan qaldırılması istiqamətində Təhsil
Nazirliyi tərəfindən atılan addımlar, o cümlədən
1999-2003-cü illərdə özəl ali təhsil müəssisələrinə
tələbə qəbulu sahəsində mövcud olan problemlər
barədə fikirlərimi bildirmişdim. Vəziyyətin təhlili
göstərir ki, son 5 ildə bu sahədə müəyyən
müsbət meyllər müşahidə olunsa da fəaliyyət
hələ də ürəkaçan deyildir. Faktları nəzərdən
keçirək. Belə ki, özəl ali təhsil müəssisələrinə
qəbul planı 2004-cü ildə 1751 nəfər, 2005-ci ildə
294 nəfər, 2006-cı ildə 437 nəfər, 2007-ci ildə
680 nəfər, 2008-ci ildə 299 nəfər kəsirlə
yerinə yetirilmişdir. Ümumilikdə 2004-cü ildə qəbul
planı 69, 2005-ci ildə 95, 2006-cı ildə 86, 2007-ci ildə
82, 2008-ci ildə 92 faiz yerinə yetirilmişdir. Belə vəziyyət
özəl ali təhsil müəssisələrinə qəbul
planları hazırlanarkən tərəddüdlərə, yəni
artma və azalma tendensiyalarına səbəb olmuşdur.
Məlumdur ki, ali təhsil
müəssisələrində təhsilin keyfiyyəti və
rəqabətqabiliyyətli kadr hazırlığı bir
sıra amillərdən asılıdır. Həmin amillər
içərisində müasir tələblərə cavab verən
maddi-texniki baza və infrastruktur, o cümlədən
kitabxanalar və laboratoriyalar, cəmiyyətin inkişaf tələblərinə
uyğun məzmun, həmin məzmunu özündə əks
etdirən dərslik və dərs vəsaitləri, çevik
idarəetmə və ən başlıcısı isə
yüksək peşəkarlığa malik professor-müəllim
heyəti daha əhəmiyyətli yer tutur.
Özəl ali təhsil
müəssisələrinin maddi-texniki bazasının vəziyyəti
və mövcud problemlər barədə ötən məqalədə
məlumat vermişdik. Müasir tələblər səviyyəsində
təchiz edilmiş kitabxana və laboratoriyalar sahəsində
isə özəl ali məktəblərimizdə vəziyyət
heç də ürəkaçan deyil, bu istiqamətdə
ciddi addımlar atılmalıdır. Dərslik və dərs
vəsaitləri ilə təminat məsələsi yalnız
özəl ali təhsil müəssisələrində deyil,
dövlət təhsil müəssisələri
üçün də həll edilməmiş problem olaraq
qalır.
Sadalanan əsas amillər
içərisində, şübhəsiz, ali məktəblərin
peşəkar və səriştəli elmi-pedaqoji kadrlarla təminatı
xüsusi yer tutur. Sübut etməyə ehtiyac yoxdur ki, məhz
bu amil keyfiyyətin əsas qarantı kimi
çıxış edir. Etiraf edək ki, hələlik əksər
özəl ali təhsil müəssisələrinin
elmi-pedaqoji kadrlarla təminatı istənilən səviyyədə
deyildir və keyfiyyətin aşağı olmasının əsas
səbəblərindən biri də məhz bununla
bağlıdır.
Cədvəldən
göründüyü kimi, özəl ali məktəblərdə
0,5 ştatla və saathesabı işləyən müəllimlər
üstünlük təşkil edirlər. Belə ki, Azərbaycan
İctimai Siyasi Universitetində professor-müəllim heyətinin
yalnız 3 nəfəri (3,0%), Bakı Asiya Universitetində 9 nəfəri
(16,6%), Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında 15 nəfəri (24,1%), Azərbaycan Beynəlxalq
Universitetində 229 nəfəri (40,0%) tam ştatda işləyir.
Professor-müəllim heyətinin Azərbaycan İctimai Siyasi
Universitetində 93,8, Bakı Asiya Universitetində 59,2, Azərbaycan
Universitetində 47,5, Azərbaycan Beynəlxalq Universitetində
51,6 faizi 0,5 ştatla fəaliyyət göstərir.
Acınacaqlı haldır ki, hazırda bütün özəl
ali təhsil müəssisələrində
çalışan müəllimlərin yalnız 50 faizi tam
ştatda olan müəllimlərdir.
Təhlil göstərir
ki, özəl ali təhsil müəssisələrində
kadr siyasətinin düzgün aparılmaması səbəbindən
müəllim-tələbə nisbəti beynəlxalq
standartlardan xeyli aşağıdır. Belə ki, bu nisbət
Bakı Avrasiya Universitetində 5,2, Azərbaycan İctimai
Siyasi Universitetində 5,8, Azərbaycan Universitetində 6,2, Qərb
Universitetində 7,4, Xəzər və Azərbaycan Beynəlxalq
Universitetlərində 7,8, Odlar Yurdu Universitetində 8,2,
Bakı Qızlar Universitetində 8,6 təşkil edir.
Maraqlıdır, düşünmək olardı ki, dövlət
ali məktəblərində bu nisbətin aşağı
olması universitetlərin rəhbərliyini o qədər də
narahat etmir, ona görə ki, müəllimlərin əmək
haqqı büdcə vəsaiti hesabına ödənilir. Bəs
özəl təhsil müəssisələri hansı səbəbdən
müəllim-tələbə nisbətinin
optimallaşdırılmasına səy göstərmir və
onsuz da məhdud olan maliyyə vəsaitlərindən səmərəli
istifadə etmirlər. Fikrimcə, özəl ali məktəblərin
rəhbərləri kadr siyasətini formalaşdırarkən
bu barədə də düşünməlidirlər.
Ümid edirəm ki,
özəl ali təhsil müəssisələrinin rəhbərləri
təhsilin təşkilinin əsas komponenti olan sabit
elmi-pedaqoji kadr potensialının
formalaşdırılması və inkişafı, müasir təlim
texnologiyalarına bələd olan və onları tətbiq edə
bilən yüksək ixtisaslı kadrların
hazırlanması istiqamətində ciddi addımlar atacaq, əsaslı
dönüşə nail olacaqlar.
Məlumdur ki, ali məktəblərdə
tədris prosesinin təşkilində kafedralar aparıcı
yer tutur. Çünki ali məktəbin elmi-pedaqoji kadr
potensialı ayrı-ayrı kafedralarda cəmləşir ki,
bunun köməyi ilə təhsil müəssisəsində tədrisin
təşkili təmin olunur. Bu mənada özəl ali məktəblərdə
ən ağrılı problemlərdən biri də
kafedraların təşkili ilə bağlıdır. Təhlil
göstərir ki, kafedraların əksəriyyətinin
professor-müəllim heyəti ilə komplektləşdirilməsi
və onlar üçün normal iş şəraitinin
yaradılması vəziyyəti qənaətbəxş
deyildir. Belə ki, kafedralarda müdir də daxil olmaqla elmi dərəcəlilərin
və ştatda olanların sayı çox azdır. Bir
çox hallarda kafedra müdirinin ixtisası kafedranın
profilinə uyğun gəlmir, elmi seminarlar keçirilmir,
magistrlərın elmi rəhbərlərinin təyin
olunması, bakalavr buraxılış işi və magistr
dissertasiyalarının mövzularının müzakirəsi
və təsdiqi, onların müdafiəyə
buraxılması ilə bağlı müzakirələr təşkil
edilmir, elmi, elmi-pedaqoji araşdırmalar aparılmır, tələbələr
elmi-tədqiqat işlərinə fəal cəlb edilmir.
Özəl ali təhsil
müəssisələrində magistr hazırlığı
sahəsində də ciddi problemlər müşahidə
olunur. Hazırda 4 təhsil müəssisəsində (Azərbaycan
İctimai Siyasi, Bakı Asiya, Bakı Qızlar universitetləri
və Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyası) müvafiq baza və şərait
olmadığından ümumiyyətlə magistratura təhsili
həyata keçirilmir. Azərbaycan Kooperasiya Universitetində
3, Naxçıvan özəl Universitetində 7, Təfəkkür
Universitetində 14, Azərbaycan və Bakı Avrasiya
universitetlərində 17 nəfər magistrant təhsil
alır. Ümumilikdə isə ölkəmizin bütün
özəl ali məktəblərinin magistratura pilləsində
təhsil alanların sayı cəmi 633 nəfərdir.
Dünya səviyyəli universitetlərin reytinqinin müəyyənləşdirilməsində
magistrlərin sayının əsas parametrlərdən biri
olduğunu nəzərə alsaq, bizim özəl ali təhsil
müəssisələrimizdə bu sahədə vəziyyətin
nə qədər acınacaqlı olduğunun bir daha
şahidi olarıq.
Bu gün özəl təhsil
müəssisələrində narahatlıq doğuran əsas
problemlərdən biri də tələbələrin yekun
dövlət attestasiyasına buraxılmasında ciddi
nöqsanlara yol verilməsidir. Təhsil Nazirliyi tərəfindən
aparılmış monitorinqlər göstərmişdir ki,
mövcud qanunvericiliyin tələbləri pozularaq şəxsi
işlərində zəruri sənədlər olmadan, akademik
borclar ləğv olunmadan, başqa təhsil müəssisələrindən
köçürülərkən akademik fərqlər
düzgün hesablanmadan, xarici ölkə təhsil müəssisələrindən
köçürmələr aparılarkən təlimati sənədlərin
tələblərinə əməl olunmadan, müvafiq
ixtisaslar üzrə tədris planlarında nəzərdə
tutulmuş fənlər tam tədris edilmədən tələbələr
yekun dövlət attestasiyasına buraxılırlar. Ona
görə də Nazirliyin Kollegiyası qərar qəbul
etmişdir ki, yalnız sənədlər Nazirlikdə
araşdırıldıqdan və müvafiq razılıq
verildikdən sonra tələbələr yekun dövlət
attestasiyasına buraxıla bilərlər.
Cari tədris ilində
özəl ali təhsil müəssisələrində yekun
dövlət attestasiya İmtahanlarına buraxılması nəzərdə
tutulan tələbələrin sənədləri
araşdırılarkən onların əksəriyyətinin
ümumiyyətlə istehsalat təcrübəsi keçmədikləri
və ya keçdikləri təcrübənin ixtisaslarına
uyğun olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan,
Asiya, Qərb, Avrasiya, Qafqaz universitetlərində "beynəlxalq
hüquq", "beynəlxalq iqtisadi münasibətlər"
və "politologiya" ixtisasları üzrə təcrübə
tələbələrin ixtisaslarına uyğun
olmamış, "hüquqşünaslıq", "beynəlxalq
hüquq" və "beynəlxalq münasibətlər"
ixtisasları üzrə nə təcrübə rəhbərləri,
nə də tələbələr təcrübə
keçdikləri ünvan barədə heç bir məlumat
verə bilməmişlər. Azərbaycan Kooperasiya
Universitetində isə qiyabi şöbədə təhsil
alan tələbələrə ümumiyyətlə təcrübə
keçirilmir. Nazirlər Kabinetinin 19.09.2008-ci il tarixli, 221
saylı qərarına zidd olaraq Asiya, Bakı Qızlar, Qərb,
Azərbaycan, Azərbaycan Beynəlxalq universitetlərin pedaqoji
fakültələrinin qiyabi şöbələrində təhsil
alan tələbələri hər hansı bir orta məktəbdə
işlədikləri barədə arayış təqdim etməklə
təcrübədən yayınırlar. Halbuki, mövcud
qaydalara əsasən onların diplom təqdim etmədən
işləmək ixtiyarları yoxdur. Bu vəziyyət təhsil
müəssisələrində birbaşa bu işə cavabdeh
olan şəxslərin öz vəzifələrinin öhdəsindən
gələ bilmədiklərinin, müəssisə rəhbərlərinin
isə belə bir ciddi işə məsuliyyətsiz
yanaşmasının göstəricisidir. Hesab edirəm ki, ali
məktəb rəhbərləri qanunvericiliyin tələblərinə
ciddi əməl etməli, belə hallara son
qoymalıdırlar.
Əksər özəl
ali təhsil müəssisələrini bitirən məzunların
işlə təminatında da ciddi problemlər vardır.
Çünki, bəzi istisnalar olmaqla, həmin məzunların
ixtisas üzrə hazırlıq səviyyəsi qaneedici olmur,
rəqabətdə asanlıqla uduzurlar. Məlumdur ki, özəl
ali təhsil müəssisələrinin bir çoxu pedaqoji
kadr hazırlığı ilə də məşğul olur.
Müşahidələr, rayon təhsil şöbələri
və ümumtəhsil məktəbləri rəhbərlərinin
rəyləri göstərir ki, həmin ali təhsil müəssisələrini
bitirmiş və müəllim ixtisasına yiyələnmiş
məzunlar nəinki öz ixtisası üzrə, hətta
elementar pedaqoji, psixoloji və metodik hazırlığa belə
malik olmurlar. Ümumilikdə belə bir təsəvvür
yaranır ki, onlar ixtisasları üzrə təhsil
almamışlar. Təxmin etmək olar ki, digər sahələr
üzrə hazırlanan kadrların əksəriyyəti də
bu səviyyədədir.
Azərbaycanın
Boloniya prosesinə qoşulması ilə əlaqədar bir
neçə özəl ali təhsil müəssisəsi
istisna olmaqla, ümumilikdə bu istiqamətdə aparılan
işləri qənaətbəxş hesab etmək olmaz. Əslində,
özəl təhsil müəssisələri bu prosesdə
daha fəal iştirak etməli, Avropa məkanına inteqrasiya,
rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində
səylərini artırmalıydılar. Özəl təhsil
müəssisələrinin Nazirliyə təqdim etdikləri məlumata
əsasən Boloniya Bəyannaməsinin əsas tələblərindən
olan tədrisin kredit sistemi ilə təşkili bütün
kurslar üzrə 7487 tələbəni əhatə
etmişdir ki, bu da ümumi tələbə kontingentinin 39,2
faizini təşkil edir. Azərbaycan İctimai Siyasi, Təfəkkür
universitetlərində və Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasında ümumiyyətlə
kredit sisteminin tətbiqinə
başlanılmamışdır.
Əlbəttə,
özəl təhsil müəssisələrində kredit
sisteminin tətbiqi ilə bağlı vəziyyət məlumatda
olduğu kimi olsaydı, bu sahədə müəyyən
uğurdan danışmaq olardı. Lakin Təhsil Nazirliyi tərəfindən
özəl təhsil müəssisələrində
aparılan sorğuların nəticələri bu sahədə
vəziyyətin ürəkaçan olmadığını
göstərmişdir.
Belə ki,
"Oxuduğunuz ali məktəbdə kredit sisteminin tətbiqi
sizi qane edirmi" sualına Odlar Yurdu Universitetində
respondentlərin 59, Qərb Universitetində 77 faizi
"yox" cavabı vermişlər. "Kredit sistemi ilə
bağlı normativ sənədlərlə
tanışsınızmı" sualına verilən
cavablardan aydın olmuşdur ki, respondentlərin Odlar Yurdu
Universitetində 49,1, Qərb Universitetində 54,1, Azərbaycan
Universitetində 54,5, Bakı Qızlar Universitetində 76,4
faizi bu sahədə müvafiq normativ sənədlərlə
tanış olmadıqlarını qeyd etmişlər.
"Müəllim
seçimində sizə müstəqillik verilirmi"
sualını cavablandıran respondentlərin Odlar Yurdu
Universitetində 74,3, Xəzər Universitetində 59, Qərb
Universitetində 96,2, Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında 73, Asiya Universitetində
46, Bakı Biznes Universitetində 53,4, Azərbaycan Universitetində
100, Bakı Qızlar Universitetində 88,2, Bakı Avrasiya
Universitetində 63,8 faizi "yox" cavabı vermişlər.
"Fərdi
planların tutulmasında iştirak etmisinizmi" sualına
cavablar zamanı da respondentlərin rəyi əsasən mənfi
olmuşdur. Belə ki, onların Odlar Yurdu Universitetində
87,1, Xəzər Universitetində 64, Qərb Universitetində
66,6, Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında 47,6, Asiya Universitetində 53.4, Bakı Biznes
Universitetində 46,5, Azərbaycan Universitetində 81,8, Bakı
Qızlar Universitetində 91 faizi həmin prosesdə iştirak
etmədiklərini bildirmişlər. "Növbəti dərs
ilinə fərdi plan tərtib edilərkən sizin fənn
seçiminiz nəzərə alınırmı"
sualına da demək olar ki, əksər universitetlərdə
respondentlərin böyük hissəsi inkar cavabı
vermişlər.
"Təhsil
aldığınız tədris müəssisəsində
akademik borcu olan tələbələr tərəfindən fənni
təkrar dinləmədən kreditlərin qazanılması
hallarına rast gəlmisinizmi" sualına respondentlərin
Odlar Yurdu Universitetində 30,1, Xəzər Universitetində 27,
Qərb Universitetində 14,8, Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasında 10,7, Asiya
Universitetində 23,2, Bakı Biznes Universitetində 81,3, Azərbaycan
Universitetində 11,3, Bakı Qızlar Universitetində 11,7,
Bakı Avrasiya Universitetində 13,8 faizi fənni təkrar dinləmədən
kreditlərin qazanılması hallarına rast gəldiklərini
bildirmişlər ki, bu da Boloniya prosesinin təməl prinsiplərinə
tam ziddir.
"Kredit sisteminin tətbiqi
biliyinizin obyektiv qiymətləndirilməsinə necə təsir
göstərib" sualını cavablandırarkən
respondentlərin Odlar Yurdu Universitetində 37,9, Xəzər
Universitetində 17,2, Qərb Universitetində 18,5, Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasında
12, Asiya Universitetində 16,2, Bakı Biznes Universitetində
27,9, Azərbaycan Universitetində 15,9, Bakı Qızlar
Universitetində 32,3, Bakı Avrasiya Universitetində 19,4 faizi
yeni sistemin onların biliyinin qiymətləndirilməsinə
heç bir təsir etmədiyini bildirmişdir. Eyni zamanda
respondentlərin Odlar Yurdu Universitetində 27,9, Qərb
Universitetində 59,2, Bakı Biznes Universitetində 37,2, Azərbaycan
Universitetində 15,9, Bakı Qızlar Universitetində 14,7
faizi hətta yeni sistemin qiymətləndirməyə mənfi
təsir etdiyi qənaətində olmuşdur.
"Tədris olunan fənlər
üzrə metodik təminatınız varmı" sualına
respondentlərin Odlar Yurdu Universitetində 41,8, Xəzər
Universitetində 24,7, Qərb Universitetində 48,1, Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasında
53, Asiya Universitetində 41, Bakı Biznes Universitetində 37,2,
Azərbaycan Universitetində 68, Bakı Qızlar Universitetində
47, Bakı Avrasiya Universitetində 30,5 faizi təminatın
kifayət qədər olmadığını qeyd etmişlər.
"Fikrinizcə, kredit
sisteminin tətbiqi təhsildə olan neqativ halların aradan
qaldırılmasına xidmət edirmi" sualını
cavablandırarkən respondentlərin Odlar Yurdu Universitetində
37,4 faizi, Xəzər Universitetində 80, Qərb Universitetində
22,2, Azərbaycan Əmək və Sosial Müdafiə
Akademiyasında 86, Asiya Universitetində 65, Bakı Biznes
Universitetində 50, Azərbaycan Universitetində 63,6, Bakı
Qızlar Universitetində 38,2, Bakı Avrasiya Universitetində
75 faizi müsbət cavablar vermişlər. Lakin bununla
yanaşı, respondentlərin təxminən
yarısının bu suala mənfi cavab verməsi narahatedici
amildir.
Ali təhsil müəssisəsində
keyfiyyəti təmin edən əsas amillərdən biri də
daha çox sayda abituriyentin həmin təhsil müəssisəsini
seçməsi, ciddi rəqabət şəraitində qəbul
imtahanlarında yüksək bal toplayan çoxlu sayda
abituriyentlərin həmin təhsil müəssisəsinə qəbul
olunmasıdır. Təhlil göstərir ki, dövlət təhsil
müəssisələri ilə müqayisədə, özəl
ali məktəblərə yüksək balla qəbul olunan tələbələrin
sayı kifayət qədər azdır. Belə ki, 2008-ci ildə
600-dən çox bal toplayanların ali məktəblər
üzrə paylanması da bunu sübut edir və heç də
özəl ali təhsil müəssisələrinin xeyrinə
deyildir. Qafqaz, Xəzər və Qərb universitetləri
istisna olmaqla digər özəl məktəblərin heç
birinə 600-dən çox bal toplayan bir nəfər
abituriyent belə qəbul olunmamışlar.
Qəbulun nəticələrinə
əsasən 400-dən çox bal toplayanlar arasında ali məktəblərin
seçiminin təhlili göstərir ki, Qafqaz və Xəzər
universitetləri istisna olmaqla, digər özəl ali təhsil
müəssisələri belə abituriyentlər tərəfindən,
demək olar ki, seçilmir. Müsabiqə vəziyyətinin ən
yüksək həddi 3.565 olduğu halda, özəl ali məktəblər
üzrə bu göstərici 0.006-0.092 təşkil
etmişdir. Abituriyent ərizələrində ali məktəblərin
ixtisaslarının birinci yerdə rast gəlmə tezlikləri
təhlil edilərkən məlum olmuşdur ki, Qafqaz
Universiteti istisna olmaqla, burada da üstünlük dövlət
ali məktəblərinə məxsusdur.
Daha bir narahatlıq
doğuran hal ondan ibarətdir ki, ali məktəblərə qəbul
olunan abituriyentlərin imtahan fənləri üzrə
ortastatistik göstəriciləri bütün fənlər
üzrə özəl ali təhsil müəssisələrində
dövlət müəssisələrinə nisbətən
xeyli aşağıdır.
Əlbəttə,
bütün bunlar son nəticədə özəl ali təhsil
müəssisələrində keyfiyyətə mənfi təsir
edən amillər kimi çıxış edir. Özəl
ali təhsil müəssisəsi cəmiyyətdə elə
nüfuz qazanmalıdır ki, abituriyentlər ixtisas seçərkən
həmin təhsil müəssisələrini ilk olaraq qeyd
etsinlər. Sual olunur, əgər özəl təhsil müəssisəsində
hər hansı ixtisas üzrə kadr
hazırlığının keyfiyyəti dövlət təhsil
müəssisəsindən aşağıdırsa, onda onun fəaliyyətinə
ehtiyac varmı? Cavab birmənalıdır, əlbəttə
ki, yox.
Təcrübə
göstərir ki, ali məktəbin formalaşması,
inkişaf etməsi, ictimaiyyət arasında nüfuz
qazanması birbaşa rəhbərlikdən, onun idarəetmə
səriştəsindən, liderlik keyfiyyətlərindən və
nüfuzundan asılıdır. Düşünmək
olardı ki, dövlət ali təhsil müəssisələrinin
fəaliyyətinə müəyyən müdaxilələr
edilir, səlahiyyətlərin müstəqil həyata
keçirilməsi və qərarların qəbulunda bir
çox təsirlər mümkün ola bilir. Bəs özəl
ali təhsil müəssisələrində idarəetmə
sahəsində problemlərin mövcud olması nə ilə
bağlıdır. Axı onlar daha sərbəstdirlər, fəaliyyətlərinə
müdaxilələr, demək olar ki, yoxdur. Niyə özəl
ali məktəblərimiz dünya səviyyəli universitetlərlə
rəqabət aparmağa səy göstərmirlər. Təhlil
göstərir ki, həm "Tayms", həm də Şanxay
Universitetinin reytinq cədvəllərində ilk yerləri
tutan dünya səviyyəli universitetlər məhz özəl
ali təhsil müəssisələridir.
İdarəetmənin səmərəli
təşkil edilməməsi və kadr seçiminin
düzgün aparılmamasının nəticəsidir ki, əksər
təhsil müəssisələrinin beynəlxalq əlaqələri,
beynəlxalq proqram və layihələrdə iştirakı qənaətbəxş
deyildir. Niyə özəl universitetlər
qazanılmış qrantlar hesabına müəssisəyə
vəsaitlər cəlb edə bilmirlər, ali məktəbin
büdcəsini yalnız tələbələrin ödədikləri
təhsil haqqı hesabına formalaşdırırlar. Əlavə
maliyyə mənbələrinin, investisiyaların cəlbi sahəsində
səmərəli iş aparmırlar. Nəticədə isə
universitetlərin inkişafına, innovasiyaların tətbiqinə,
professor-müəllim heyətinin bacarıqlarının
artırılmasına, müəllim və tələbə
mübadiləsinə vəsait tapa bilmirlər. Hesab edirəm
ki, özəl ali təhsil müəssisələrimiz bundan nəticə
çıxarmalı, beynəlxalq əlaqələrini
inkişaf etdirməlidirlər.
Hörmətli oxucular,
özəl təhsil müəssisələrinin fəaliyyətindən
bəhs edərkən daha çox problemlərdən danışırıq.
Bu da təbiidir, çünki cəmiyyətin ali məktəblərdən,
o cümlədən özəl ali təhsil müəssisələrindən
gözləntiləri yalnız yüksək keyfiyyətlə
bağlıdır. Bütün sadalanan və sadalanmayan
problemlərin fonunda bir uğurlu məqamı da diqqətinizə
çatdırmaq istəyirəm. TQDK-nın tərtib etdiyi cədvələ
nəzər salsaq, 1999 və 2008-ci illərdə özəl
ali məktəblərə qəbul olan abituriyentlərin orta
bal göstəricilərinin hissolunacaq dərəcədə
yaxşılaşmasını müşahidə edərik.
Demək olar ki, bütün özəl ali təhsil müəssisələrində
orta bal göstəriciləri yüksəlmişdir ki, bu da həmin
təhsil müəssisələrinin uğuru sayıla bilər.
Onu da qeyd etməliyəm ki, ölkəmizdə fəaliyyət
göstərən özəl təhsil müəssisələri
arasında uğurlu nəticələri ilə fərqlənən,
dövlət ali məktəbləri ilə rəqabət apara
bilənləri də vardır. Qafqaz, Xəzər, Qərb,
Odlar Yurdu universitetləri, son iki ildə isə Azərbaycan
Universiteti məhz belələrindəndir.
Qafqaz Universiteti özəl
ali təhsil müəssisələri arasında ən
yüksək reytinqə malik universitetdir. Təsadüfi
deyildir ki, hər il qəbul imtahanlarından yüksək bal
toplamış abituriyentlər məhz bu Universiteti seçirlər,
hətta bir sıra dövlət universitetlərindən təhsil
almaq üçün tələbələr bu Universitetə
köçürülməklə bağlı müraciətlər
edirlər. 2008-ci ildə ali məktəblərə qəbul
zamanı 600-dən çox bal toplayan 120 abituriyent məhz
Qafqaz Universitetini seçmişdir. Tələbə qəbulunun
yekunlarına əsasən TQDK-nın hazırladığı
reytinq cədvəlində 37 dövlət və özəl
ali təhsil müəssisəsi arasında bu Universitet 12-ci
yerdədir. Həmin Universitetin məzunları yüksək
peşəkarlığı, rəqabətqabiliyyətliliyi ilə
fərqlənirlər və işəgötürənlər
tərəfindən həvəslə qəbul olunurlar ki, bu
da, ilk növbədə, Universitetdə təhsilin keyfiyyəti,
idarəetmənin çevikliyi və peşəkar kadr
potensialının olması ilə bağlıdır.
Azərbaycanın ilk
özəl ali təhsil müəssisəsi olan Xəzər
Universiteti beynəlxalq əlaqələrin qurulması, beynəlxalq
layihə və proqramlarda iştirak, dünyanın
aparıcı universitetləri ilə müəllim və tələbə
mübadiləsi, Boloniya Bəyannaməsinin tələblərinə
uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya və digər
sahələrdə təsirli tədbirlər görməklə
kadr hazırlığı sahəsində əsaslı nailiyyətlər
əldə etmiş, böyük nüfuz
qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu
Universitet qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri
cəlb etməklə təhsildə müasir
texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə
təhsilin inkişafına zəmin yaratmışdır. Ali məktəblərə
tələbə qəbulunun yekunlarına əsasən reytinq
və abituriyent ərizələrində ali məktəblərin
ixtisaslarının birinci yerdə rast gəlmə tezliyi cədvəllərində
Xəzər Universiteti dövlət ali təhsil müəssisələri
ilə rəqabət apara bilir.
Qərb Universiteti beynəlxalq
təcrübədən səmərəli istifadə etməklə
Universitetdə idarəetmənin təkmilləşdirilməsi,
tədris prosesinin səmərə və keyfiyyətinin
yüksəldilməsi, professor-müəllim heyətinin
peşəkarlığının artırılması, tələbə
mübadiləsi, MBA proqramı üzrə kadr
hazırlığı sahəsində müsbət
addımlar atmışdır.
Odlar Yurdu Universiteti
dünyanın bir sıra aparıcı universitetləri ilə
səmərəli əməkdaşlıq əlaqələri
yaratmış, tədris prosesində müasir metodların tətbiqi,
müəllim və tələbə mübadiləsi, təhsil
mərkəzinin yaradılması və digər sahələrdə
uğurlar əldə etmişdir.
Son iki ildə Azərbaycan
Universitetinin fəaliyyətində ciddi dönüş
yaranmış, bir sıra keyfiyyət dəyişiklikləri
baş vermişdir. Mühüm dəyişikliklərdən
biri beynəlxalq mübadilə proqramlarında tələbələrin
iştirakıdır ki, bu da Universitet tələbələri
üçün yeni imkanlar açmışdır. Bu
Universitetdə Karyera Mərkəzinin yaradılması da təqdirəlayiq
hesab edilməlidir. Düşünürəm ki, belə Mərkəzin
yaradılması işəgötürənlərlə
Universitet arasında səmərəli əməkdaşlığın
yaranmasına və məzunların işlə təminatı
məsələlərinin həllinə gətirib
çıxaracaq. Universitet Boloniya prosesi çərçivəsində
nəzərdə tutulan tədbirlərə də fəal
qoşulmuşdur.
Onu da qeyd etmək istərdim
ki, müstəqil Azərbaycanda yeni sahə olan özəl təhsil
müəssisələrində keyfiyyətin yüksəldilməsini
milli mənafe tələb edir. İnanıram ki, ölkədə
fəaliyyət göstərən özəl ali təhsil
müəssisələrinin rəhbərləri qeyd olunan
iradları və təklifləri səmimi qəbul edəcək,
mövcud problemlərin tezliklə aradan qaldırılması
istiqamətində əllərindən gələni əsirgəməyəcək,
milli mənafe naminə təhsilin keyfiyyətinin yüksəldilməsində
əsaslı dönüşə nail olacaqlar.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 23 may.- S.10-13.