IX Bakı Kitab Bayramına hazırlıq yekunlaşır

 

AYDIN XAN: "KİTABSEVƏRLƏRİ, ƏDƏBİYYATA BAĞLI İNSANLARI MARAQLI PROQRAM GÖZLƏYİR"

 

Mövcud ənənəyə uyğun olaraq, bu il də mayın 26-da Bakı Kitab Bayramı keçiriləcək. IX Bakı Kitab Bayramı, bu bayramın tarixi haqqında daha ətraflı məlumat almaq üçün tədbirin əsas təşkilatçısı olan Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri Aydın Xanla söhbətləşdik.

 

- Bakı Kitab Bayramını təşkil etmək ideyası nə zaman yaranıb və ilk dəfə bu bayram nə vaxt gerçəkləşib?

- Kulturoloji layihəmiz ilk dəfə olaraq 1999-cu ildə baş tutub. Hələ Sovetlər dönəmində də hərdən kitab bayramları keçirilərdi. Amma biz bu ənənəni, artıq unudulandan sonra, yenidən bərpa etmək qərarına gəldik. Doqquzuncu dəfə həyata keçiriləcək bu tədbirə Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana təşkilati, Gənclər və İdman Nazirliyi isə maddi dəstək verir. Builki layihəyə martın 15-dən start verilib. IX Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 91, Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 illiyi, "Bakı - İslam Mədəniyyətinin paytaxtı" və Uşaq ili münasibətilə təşkil olunub. Bu dəfə də ötən ilin ən yaxşı kitablarının, ədəbiyyat və mədəniyyət hadisələrinin dəyərləndirilməsilə bağlı sənət müsabiqəsi elan etmişik.
   Son zamanlar ölkədə daha çox dini kitablar, dərsliklər və monoqrafiyalar daha çox çap olunur. Sonrakı yerdə poeziya, bədii nəsr nümunələri və estetik kitablar gəlir. Maraqlı cəhət kimi qeyd etmək istərdik ki, son vaxtlar bizdə uşaq nəşrlərinin dünya standartlarına uyğun çapı diqqəti çəkir. "Af Poliqraf", "Təhsil", "Tuti", "Beşik" nəşriyyatları bu sahədə xüsusən sistematik çalışırlar. Fikrimcə, bu da uşaq ədəbiyyatı sahəsindəki boşluğu doldurmağa xidmət edir. Biz çox istərdik ki, elmi-intellektual, bədii kitabların sayı daha çox olsun. Builki kitab bayramında Misir, Türkiyə, Rusiya ilə bağlı ayrıca stendlər təqdim ediləcək. Bundan başqa Azərbaycanda yaşayan xalqların ədəbiyyatı, ulu öndər Heydər Əliyevlə bağlı, ictimai-siyasi məzmunlu, uşaq ədəbiyyatına aid stendlər də olacaq. Qarabağla bağlı ayrıca stendimiz olmasa da, mövzu ilə bağlı xeyli sayda kitab tədbirdə yer alacaq.

- Nəşrləri qiymətləndirmə prosesi yekunlaşıbmı? Bu il qaliblər sırasında əsasən hansı sahələri işıqlandıran müəlliflərin adlarına rast gələcəyik?

- Artıq münsiflər heyəti qiymətləndirməni başa çatdırıb. Keçən il nəşr olunmuş ilin nəsr və şeir kitabları nəşriyyatların seçimindən sonra bizə təqdim edilib. Onların içərisindən ən yaxşılarını fərqləndirməyə çalışmışıq. Builki kitab bayramında qonaqlar bir qədər kölgədə qalmış, layiqli, amma geniş tanınmayan müəlliflərinin kitablarının mükafat almasının şahidi olacaqlar. Builki qaliblər sırasında aşıq ədəbiyyatı, yetmişinci illərdə ədəbiyyata gəlmiş bir şairin toplusu, tarixi romanlar, ensiklopedik lüğətlər və başqa sürpriz hesab oluna biləcək kitablar var. Onu da qeyd edim ki, builki nominasiyalar arasında uşaq ədəbiyyatı ilə bağlı kitablar xüsusi fərqləndirilib. Oxucuları yaxşı mənada təəccübləndirəcəyimizə ümid bəsləyirik. Ümumiyyətlə, biz hər dəfə çalışırıq ki, yeni imzaları cəmiyyətə təqdim edək. Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada keçirəcəyimiz əsas tədbirimizdə illik milli kulturoloji mükafatın builki qaliblərini elan edəcəyik. Hər il olduğu kimi, bu dəfə də kitabsevərləri, ədəbiyyata bağlı insanları maraqlı proqram gözləyir. Tədbirimiz səhər saat 11-dən axşama qədər davam edəcək. Bu müddətdə yeni kitablardan ibarət sərgiyə ictimai milli kulturoloji baxış, illik kulturoloji mükafatın təqdimatı, innovativ dəyirmi masa, bir çox müəlliflərin yeni kitablarının təqdim olunması, imzalanma mərasimləri, yığcam və rəngarəng oyunlar, oyun qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Ədəbiyyatsevərlərə kitablar hədiyyə edəcəyik.

- Ümumilikdə layihə çərçivəsində hansı tədbirləri keçirməyi planlaşdırırsınız?

- Mart ayından başladığımız bu layihə sentyabradək davam edəcək. Bu bayramda qalib gələn kitabları bir çox beynəlxalq yarışmaya, o cümlədən sentyabrda keçiriləcək MDB ölkələri Beynəlxalq Kitab Yarışmasına göndəririk. Bakıda keçirilən kitab bayramında qalib gələn nəşrləri Mədəniyyət və Turizm Nazirliyinə veririk, Nazirlik isə diplomatik poçt vasitəsilə onları həmin müsabiqəyə təqdim edir. Bu müsabiqə artıq yeddinci dəfədir ki, keçirilir. Bizim göndərdiyimiz kitablar indiyədək müxtəlif nominasiyalarda qalib seçilib. Onlardan "Təhsil" nəşriyyatının təqdim etdiyi "Qarabağ ensiklopediyası", "Qədim Şuşa", "Heydər Əliyev", "Şəki xanlığı" kimi kitablar sözügedən müsabiqədə fərqli nominasiyalar üzrə mükafatlandırılıblar. Bu bayramın davamı kimi sentyabrda Moskvada keçiriləcək XXII Beynəlxalq Moskva Kitab Sərgisində iştirak etməyi də düşünürük. Orada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kitablarından ibarət stendin yaradılmasına çalışacağıq. Qurumumuz hər il hərbi hissələrin birinə, "Ümid yeri" uşaq evinə, Heydər Əliyev adına Ali Hərbi Məktəbə kitablar hədiyyə edir, bu ənənəni qorumaq niyyətindəyik.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 may.- S.22.