Ağsəs Qulu...

 

Qulu Ağsəsin "Nabran novellası" kitabına ön söz

 

Ağsəs soyadının bu mənada alınması da taleyin bir uğurudu, fikrimin daha aydın olması üçün sadəcə belə deyim: bu da Tanrının işidi ki, düz Qulunun üstünə biçilib... Ağsəs....

Eynəksiz təsəvvürümə gəlmir; inana bilmirəm ki, gözlüyü də zəif gördüyünə görə taxır; ağlım kəsmir, deyirəm, yəqin, ona görə taxır ki, şüşələrin arxasından ətrafa özü istədiyi kimi diqqət edə bilsin. Baxışlarının da həmişə biliklə- məlumatlarla, ən əsası sualla dolu olmağı ona görədi...

Çox danışan deyil, amma birdən danışandı, yəni gözlənilmədən. Ona görə də danışmağa başlamağı hücum etməyə bənzəyir. Bu həm də dediyi çox fikirlərin dəqiq olmağındandı. Bu fikirlərin çoxu tapıntı səviyyəsindədi, özünün kəşfinə oxşayır.

Görün barmaqlar haqda yazdığı adsız şeirdə nə deyir.

 

   Barmaqlarım yaman şeydi,

   Hara gəldi uzanır.

   Çıxarmağa göz axtarır,

   Mənə düşmən qazanır.

   Bir ucu hey tətikdədi,

   Hədəf elə özüməm.

   Bu barmağın şıltağına

   Vallah mənəm dözürəm.

   Üstündə say döydürmüşəm,

   Sıfırdan doqquzacan.

   Tutanda qız əlindən,

   Buraxmır doqqazacan...

 

...dediklərinin ağıllı və bənzərsiz olduğunu özü də bilir, həmişə də qarşılığını gözləyir...

Özünü lazım olmadığı qədərində sadə aparır, amma çox bilmiş, çox ayıq olduğuna görədir ki, sadəliyi əskiklik gətirmir. Bir sözlə, sadə görükür, amma sadə deyil. Yazdığına baxın:

 

   Ara qarışmışkən öləydim gərək,

   Bir də doğulardım baş açılanda.

   Allah varmı-yoxmu, biləydim gərək,

   Nağıl da yalanmış, yalançılar da...

 

O, öz sözünün yiyəsidi, sözüylə onu tanımaq mümkündü. Dost arası münasibətlərində üzə vurmadığı çox şeylər var, yanlışı-səhvi bilər, hiss edər, amma çox vaxt üzə vurmaz, deməz; ağrısını təkbaşına çəkə-çəkə yaşayar...

Deyir:

 

   Yorulub oturdum,

   varağın bir küncündə.

   Ürəyim it kimi ulayır,

   it kimi...

   at gücündə.

 

...beləcə, özü özü haqda hər şeyi deyir...

Mənə zəng edib bu yazını yazmağımı istəyəndə, hə, deyə-deyə bu detalların hamısını fikrimdən keçirtdim. Bir daha əmin oldum ki, mən onu yalnız şair kimi, yazıçı-publisist kimi yox, maraqlı bir Adam kimi də yaxşı tanıyıram; buna sevindim. İndi bu cür, tanıdığım kimi də qələmə almağım ona görədi...

Şairlik, yazıçılıq sonra gələndi, baxmayaraq insanla bir doğulur, duyğularının hansı səmtə cücərməyisə mühitlə, tərbiyəylə bağlıdı.

Radionun "Gənclik və İdman" baş redaksiyasına da ona görə, yəni, şair olsa da şairə oxşamadığına görə işə götürmüşdüm. Sən deyən elə bir yazısını oxumamışdım. Şairə oxşayanlardan da qaçmaq, uzaq gəzmək məsləhət idi, indi də məsləhətdi. O vaxtlar onun şair olduğunu bilirdim, amma yaxşıydı ki, şair olduğunu özü bilmirdi; yəni qafiyəli görünmürdü, (sığallı, səliqəli, qabaqcadan münasibət hazırlığını yapmış deyildi) görünüşü, geyimi-gecimi vəzifəli adama, yəni mənə münasibəti qafiyəli deyildi, təbii, necə vardı eləydi, dostyana idi, hətta ədəbi mühitimizə abırlı atmacalarından da qalmırdı.

İşə götürdük, çox keçmədi baş redaktorun müavini oldu. Çünki hamı onu tez bir zaman içində çox istədi, yalnız iş yoldaşları yox, dinləyiciləri də. Ağsəs Radiomuzun efirinə sözün əsl mənasında özünə məxsus yeni düşüncə tərzi gətirmişdi. Fikirləri gec qavranan, dolayı deyildi, birbaşaydı, yəni dediyi söz, verdiyi sual uzaqdan gəlmirdi, öz aramızdan kimi görünürdü. Radio jurnalistliyində bu əsas şərtlərdəndi; dinləyicilərlə səmimi olmaq, auditoriyada onlarla üz-üzə, diz-dizə oturmaq üçün bundan başqa yol yoxdu. Efirdə fikirlərin aydın, saf olması üçün yalandan uzaq, ağıl kəsən sözlərlə mənanın ifadəsi vacib şərtlərdəndi...

Ağsəs indi də efirdədi, "Çağdaş qələmlər" adlı verilişiylə ayda bir dəfə efirə çıxır. Amma çox istədim, çox dilə tutdum ki, ayda bir dəfə yox, tez-tez çıxsın, razı olmadı. -Vaxtın məni qovmasını istəmirəm,- dedi,- belə rahatam...

Yeri gəldi-gəlmədi şeirdən istifadə eləyən deyil, çünki Ağsəs bilir ki, şair olmaq üçün şairlik eləmək lazım deyil. Onun Radiomuzda apardığı verilişdə də belə şeylər yoxdu, yəni "məhləmizə dəllək gəlib, kəkili yannan qoyur", belə şeylər olmur onun verilişlərində.

Bir sözlə Qulu Ağsəs yaranışla bağlı olan hər nə var, irili-xırdalı, dərinli-dayazlı problemlər haqda öz qənaəti olan ziyalılarımızdandı. Ah-uff eləyən deyil. Ruhu oyaq, ayıq və döyüşkəndi, gözü- könlü toxdu...

Publisistikasına da çox hörmət bəsləyirəm, baxmayaraq ki, hələ bilmirəm ön söz yazdığım bu kitabda hansı materiallar gedəcək. Telefonda da elə beləcə dedim,- yazılarını təzədən oxumaq elə də vacib deyil, sənə yazılarınla bir yerdə təkrar-təkrar oxumuş olduğum qədər bələdəm...-dedim.

Bütün bunlarla yanaşı demək istədiyim, daha doğrusu, qeydlərim də var...

Nədən ibarətdi bu qeydlərim?

Vaxtını boş keçirməyəydi, Vaxtdan muğayat olmağı bacaraydı...

Gücünün əslində çox böyük olduğunu hiss edib, anlayaydı...

Çünki bizim hamımızın bir yerdə qələmimizin hay-küyü utanc-xəcalət gətirəcək dərəcədə çoxdu, daşımalı olduğunuz yüklərsə nə qədər istəyirsən...

Bu mənada ətrafdakı yalançı yazıçılara fikir verib bənd olmayaydı...

Özünün daxili aləmindəki ənginliklərə yol alaydı...

Ən böyük müəllimsə əslində insanın özüdü...

Dərin hörmətlə, uğurlar diləyərəkdən:

 

 

Mövlud Süleymanlı,

xalq yazıçısı

 

525-ci qəzet.- 2009.- 23 may.- S.19.