Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" kitabı çapdan çıxıb

 

BƏXTİYAR VAHABZADƏ: "ŞİRMƏMMƏD HÜSEYNOVU TANIYAN HƏR KƏS BİLİR Kİ, ONUN QƏLƏMİNDƏN ÇIXAN BÜTÜN YAZILARIN ARXASINDAN ONUN SINMAZ, DÖNMƏZ, ƏYİLMƏZ ŞƏXSİYYƏTİ BOYLANIR"

 

Bu günlərdə "Elm" nəşriyyatında Azərbaycan jurnalistlərinin sevimli müəllimi, fədakar tədqiqatçı, BDU-nun professoru Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" kitabı işıq üzü görüb. 800-dən çox elmi-publisistik məqalə, 15-dən artıq kitab və monoqrafiya müəllifi olan professor Şirməmməd Hüseynov son 25 ildə mətbuat tədqiqatçılığının çox mühüm və maraqlı bir üsulunu yaradaraq, inkişaf etdirib. Mirzə Fətəli Axundovdan başlamış Məmməd Əmin Rəsulzadəyə qədər gedən bir yolun ən gizli publisist anları onun qələmində yenidən dirçələrək, müasirlik və aktuallıq keyfiyyətlərini üzə çıxarıb.

"Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" kitabına müəllifin 1988-1993-cü illərdə, həmçinin 2007-2009-cu illərdə yazılmış və ölkə mətbuatında dərc edilmiş yazılarının bir qismi daxil edilib. Kitabda həmçinin bir sıra tanınmış şəxslərin, jurnalistlərin Ş.Hüseynovla bağlı məqalələrinə də yer verilib. Bundan əlavə, kitabda Azərbaycanın keçdiyi məşəqqətli illərin bir sıra mühüm hadisələrinin yer alması da diqqət çəkən məqamlardandır.

Ş.Hüseynov Azərbaycanda sovet rejimi qurulana qədərki dövrü mətbuatı böyük səbr və həssaslıqla araşdırıb, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli kimi böyük qələm sahiblərinin dəyərli fikir və mülahizələrini üzə çıxararaq çağdaş Azərbaycan oxucusunun diqqətinə çatdırıb.

Kitaba ötən əsrin əvvəllərində mətbuat orqanlarında tanınmış simaların dərc edilmiş çoxsaylı məqalələri də daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətilə bağlı bir sıra mühüm sənədlərin kitabda əksini tapması mühüm amillərdən biridir. Məhz Ş.Hüseynov bir çoxlarına sirr olan bu məqamları üzə çıxararaq, xalqımızın başına gətirilən müsibətlərin hansı qaynaqdan həyata keçirildiyini incəliyinə qədər araşdıraraq, onları kitab vasitəsilə oxuculara təqdim edib. Diqqət çəkən məqamlardan biri də ondadır ki, həmin yazıların demək olar hər biri Ş,Hüseynovun toxunulan məsələlər barədə yazdığı ümumiləşdirici məqalələrlə müşayiət edilir. Kitabda yer alan bu yazıları oxuduqca xalqımızın, millətimizin başına gətirilən qanlı olayların eyni qaynaqdan həyata keçirildiyinin şahidi oluruq. Müəllif bütün bu məqamlara aydınlıq gətirmək, eləcə də ermənilərin bugünkü iddialarının əsas məqsədini açıqlamaq üçün tarixə nəzər yetirərək "Əkinçi", "İrşad", "Açıq söz", "Hümmət", "Tərəqqi" qəzetlərində bu səpgidə dərc edilmiş yazılara diqqət yetirib.

Kitabda Ş.Hüseynovun müxtəlif qəzetlərdə çap olunmuş müsahibələrinə də yer verilib. Kitabda yer alan məqalələrin bir qismi də milli məsələlərə, habelə Cümhuriyyət dövrünə aiddir. Ötən əsrin ilk yarsında mövcud olan mətbu orqanlarında Cümhuriyyətlə bağlı qələmə alınmış məqalələrin müəllif tərəfindən kitaba yerləşdirilməsi qaranlıq olan bir sıra məqamların üzərinə işıq salır. Bir sözlə, kitabda yer alan və son illərə qədər qadağan olunmuş, eləcə də açıqlanmamış tarixi sənədlərə, görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin, jurnalist və publisistlərin əsrin əvvəllərində mətbuat səhifələrində dərc edilmiş yazılarına istinadən müasir həyatımızla səsləşən, onların tarixi əlaqəsi və köklərini anlamağa yardım edən bu məqalələrin geniş oxucu kütləsi üçün faydalı olacağı şübhəsizdir. Kitabın ön sözünün müəllifi, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, "Şirməmməd Hüseynovu tanıyan hər kəs bilir ki, onun qələmindən çıxan bütün yazıların arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır. Bu isə qələm əhli üçün çox vacib şərtdir. O ətrafımızda cərəyan edən irili-xırdalı bütün hadisələrə yalnız öz gözlərilə baxır, öz ağlı ilə qiymətləndirir. Onun yaxınlarına, qohum-qardaşına, dostlarına və hətta övladlarına olan münasibəti də eyni güzəştsiz prinsip və eyni baxış əsasında qurulub. Ömrü boyu Vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən və bu əqidəsi uğrunda qələmilə çarpışan əsl vətəndaş jurnalistin, tarix aliminin qələmindən çıxan bu kitabın hər bir azərbaycanlının masaüstü kitabı olacağına inanıram".

Sonda belə bir dəyərli kitabı bizlərə bəxş etdiyinə görə sevimli müəllimimizə minnətdarlığımızı bildirir, ona yeni-yeni yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.   

 

 

AQİL

 

525-ci qəzet.- 2009.- 23 may.- S.8.