Mirzə Cəlil sevdası

 

Bu yaxınlarda Naxçıvan universiteti tərəfindən əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibçiliyi ön sözü ilə çap olunmuş Qulam Məmmədlinin Molla Nəsrəddin salnaməsi Mirzə Cəlil Məmmədquluzadənin ədəbi-bədii fəaliyyətinin, "Molla Nəsrəddin" jurnalının mətbuat tariximizdəki rolunun aydınlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müəllif salnamənin adından bəhs edərək yazır: "Kitab sadəcə olaraq dırnaq arasına alınmadan - Molla Nəsrəddin adlandırılmışdır. Burada biz onu əsas götürmüşük ki, ədib yazılarında, ifadələrində, çıxış söhbətlərində özünü çox vaxt Molla Nəsrəddin adlandırdığı kimi onun dostları, məsləkdaşları, hətta rəsmi dairələrdə belə onu Molla Nəsrəddin deyə çağırmışlar."( Məmmədli Q. Giriş // Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 13.)

Salnamənin tərtibçisi ilk dəfə olaraq bir sıra gizli imzaların və materialların Mirzə Cəlil Məmmədquluzadəyə aid olduğunu irəli sürmüş və bunu salnamənin giriş hissəsində qeyd etdiyi arqumentlərlə əsaslandırmışdır. Salnamənin Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin, eləcə də "Molla Nəsrəddin" jurnalının tarixinin öyrənilməsində mühüm rolunu, onun bu qəbildən olan əsərlərdən əsas fərqini salnamə janrının tələblərinə uyğun olaraq hadisələrin baş verdiyi il, ay və günlərin ardıcıl sadalanması kimi anlamaq düzgün deyil. Tədqiqatçı salnamədə yalnız faktları sadalamır, yeri gəldikcə həmin faktlara şərh verir, onları izah edir. Məsələn, Molla Nəsrəddin jurnalının yaranması haqqında danışılarkən çox zaman Cəlil Məmmədquluzadənin "Xatiratım" əsərinə əsaslanaraq onun Tiflisdə çıxan "Kukureku" jurnalından təsirləndiyi danılmaz fakt kimi qeyd olunur. Qulam Məmmədli isə salnamədə bunu doğru olmadığını söyləyir və fikrini faktlarla əsaslandırır: "1906-cı ilin əvvəllərində "Vozrojdenye", "Baku", "Həyat", "Novoye obozreniye", "Kavkazskoye utro", "Tərcüman", "İrşad" və digər qəzetlərin Naxçıvan ziyalılarından Cəlil Məmmədquluzadənin Tiflisdə "Molla Nəsrəddin" adlı şəkilli yumorostik-satirik jurnal çıxaracağını xəbər verdikləri zaman "Kukureku" jurnalı hələ yox idi və Mirzə Cəlil olmayan jurnalı görüb, onu nümunə kimi götürə bilməzdi." (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 68.)

Q. Məmmədli yalnız "Molla Nəsrəddin" jurnalı barədə materialları və Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında faktları toplamaqla kifayətlənməmiş, həmin dövrdə ədəbi-mədəni mühitdə baş verən hadisələr və onların əks-sədası haqqında digər mətbuat orqanlarında dərc olunan xəbərləri və məlumatları da araşdırmışdır:

 

1905, 22 iyul.

 

"Baku" qəzeti yazır: " "Novoye obozreniye" qəzetinin dediyinə görə, Tiflisdə yaşayan müsəlmanlar müsəlman klubu açmaq qərarına gəlmişlər. Bu klubun məqsədi əsas etibarı ilə maarif işlərinə xidmət etməkdir. Quranın qədəğən etdiyi qumar oynamaq və içki kimi işlər klubda olmayacaqdır. Klub üçün seçilmiş komissiya heyətinə mollalar da daxil edilmişdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 54.)

 

1906, 2 iyul.

 

"İrşad", N 155. Bakıda zəbt edilmiş satirik jurnalların polis məmurları tərəfindən qəzet satan uşaqlara ucuz qiymətə satılıb, pulu polislər tərəfindən mənimsənildiyini xəbər verir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 82.)

Salnaməçi "Molla Nəsrəddin" jurnalına istinad edən jurnallardakı materialların dəqiqliyini də yoxlamışdır:

 

1906, 9 noyabr

 

"İrşad", N 260. "İrəvandan məqaləsinin müəllifi "Qəmli" dövlət dumasına seçkilərə ciddi hazırlaşmaqdan danışaraq sözlərini kinayə ilə qurtarıb yazır: "Molla əminin məcmuəsinin 16 may tarixli 11-ci nömrəsini oxuyub, əməl edib, Dumada bir kəlmə də danışmasın."

Qeyd: Müəllif səhv edir. Bu məsələ 16 iyun tarixli jurnaldadır. (Q.M.) (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 91.)

Qulam Məmmədli Molla Nəsrəddin jurnalının dövri mətbuata təsiri, onun ardıcılları və hətta piratları haqqında da maraqlı faktlar aşkara çıxarmışdır:

 

1907, 16 noyabr

 

"Tərcüman", N 74. "Molla Nəsrəddindən alınmış Qazancımız felyetonu eynilə çap edilmişdir.(Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 134

 

1909, 23 may

 

"Vəqt" qəzeti jurnalın növbəti nömrəsində Kazan, Orenburq və Səmərqəndə aid xəbərləri eynilə çap etmişdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 172)

 

1914, 22 fevral

 

İrəvanda "Ləklək" adlı satirik jurnalın birinci nömrəsi çıxmşdır. Bu jurnal "Molla Nəsrəddin" yolu ilə gedəcəyini baş məqaləsində qeyd etmişdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 272)

 

1914, 20 sentyabr

 

İstambulda "Nəsrəddin xoca" adlı həftədə iki dəfə olmaqla satirik jurnal nəşrə başlayır. Bu, "Molla Nəsrəddinə oxşadılaraq səkkiz səhifəlikdir. Redaktoru Ə. Heydərdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 283)

 

1916, 22 aprel

 

"Tərcüman", N 90. "Bəsirət" qəzetinin 16 aprel tarixli nömrəsində "Molla Nəsrəddin"ə məqaləsi eynilə çap edilmiş, lakin mənbə göstərilməmişdir. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 298)

 

1916, 16 oktyabr

 

"Dijiqit", N 27. 8-ci səhifədəki karikatura "Molla Nəsrəddin " jurnalının keçmiş nömrələrindən götürülmüşdür. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 316.)

 

1916, 6 noyabr

 

"Dijiqit", N 30. 8-ci səhifənin aşağısındakı şəkil məxəz göstərilmədən "Molla Nəsrəddin" jurnalından götürülmüşdür. (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 316)

Salnaməçi zərgər dəqiqliyi ilə işləyərək kiçik bir faktı belə gözdən qaçırmamağa çalışmışdır. O, M. T. Sidqiyə yazılan məktublarda Mirzə Cəlilə kimlər tərəfindən salam göndərildiyini də salnaməyə daxil etmişdir. Həqiqətən də bu faktlar ilk baxışdan kiçik görünsə də bunlar ədibin kimlərlə yoldaşlıq və dostluq etdiyi haqqında mühüm məlumatlardır:

 

1900, 2 sentyabr

 

Qurbanəli Şərifov Məhəmməd Tağı Sidqiyə yazır: "...mənim yeganə dostum olan Cəlilin qulluğuna mənim salamımı yetir. Amma bir-birinizin qədrini bilin. Allah eləməsin ki, aranıza ayrılıq düşsün..."

 

4 oktyabr

 

Kərbəlayı Cabbar Əsgərov Naxçıvana Məhəmməd Tağı Sidqiyə yazır: " Böyük qardaşım Mirzə Cəlil ağaya mənim salamımı yetir. Deyin ki, qardaşlarımın işləri haqqında ondan çox razıyam..."

 

8 dekabr

 

Kərbəlayı Cabbar Əsgərov və Ağalar Qədimov Şuşadan Naxçıvana Məhəmməd Tağı Sidqiyə yazırlar: "... Mirzə Ələkbər Ağanın qulluğuna, xüsusilə Mirzə Cəlil ağanın qulluğuna salamım var..." (Məmmədli Q. Molla Nəsrəddin (salnamə). "Əcəmi", Naxçıvan, 2009. səh. 38. )

Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar Qulam Məmmədlinin Molla Nəsrəddin salnaməsinin ədəbiyyatımız, tariximiz və ümumən mədəni irsimizin öyrənilməsində əhəmiyyətli mövqeyə malik olduğunu və bu sahədə "ana kitab"lardan biri hesab oluna biləcəyini bariz şəkildə sübut edir.

 

 

Elnarə Qaragözova

 

Ədalət.- 2010.- 10 aprel.- S. 23.