DƏRDİN DAĞLARA...

 

İndiki kitab bolluğunda oxucunu təəccübləndirmək o qədər də asan deyil. Ən azından ona görə ki, bu gün istənilən qədər məmləkətimizdə şair var və onların da nə qədər desən kitabları işıq üzü görüb. Kitab çap eləmək olar, kitab çıxarmaq olar, hətta onların sayını nə qədər istəsən artırmaq da mümkündür, amma bugünkü oxucu hər kitabı oxumur. Oxucu o kitabı axtarır ki, həmin kitabdakı şeirlər onu ürəyinin "sarı siminə" toxunur.

Şair Sərvər Məsumun Bakı "Nərgiz" nəşriyyatı tərəfindən çapdan çıxan "Yolum millət yoludur..." şeirlər kitabı da bu mənada mənim içimə bir işıq, bir nur gətirdi. Çünki sözün açığı əksər şairlərin şeirlərində sevgidən, məhəbbətdən, nə bilim tay nədən bol-bol danışıldığı halda, vətənin dərdi-qəmi və kədəri unudulub yaddan çıxır. Bir şairin şeirini oxuyursan orda vətənlə, torpaqla bağlı yadda qalan bir misraya rast gəlmirsən. Amma Sərvər Məsumun bütün şeirlərində milli ruh, türkçülük və vətənpərvərlik bir qırmızı xətt təşkil edir. Sanki onun şeirləri Azərbaycanın və türk dünyasının torpağından yoğrulub. Bu misralarda Təbrizin səsi eşidilir, böyük Türküyənin ürəyi döyünür, Azərbaycanın hər qarış torpağı poetik dildə vəsf edilir. Onun "Bu yol millət yoludur", "Türk oğlu", "Türkün savaş zamanı", "Vətən harayı", "Azərbaycan", "Ruhum o taydadır", "Təbrizim", "Həsrətəm", "Qarabağım", "Tanı", "Hardasan" və başqa şeirlərində vətən məhəbbəti, vətən sevgisi çox poetik və obrazlı bir dillə vəsf edilir. "Təbrizim" şeirində deyilir:

 

Ayaq qoydum ellərinə,

Heyran oldum yerlərinə,

Qurban oldum dillərinə,

Döndüm bahar, qışına mən.

 

Belə poetik misralar şairin yaradıcılığında istinəlin qədərdir. Qürbətlə bağlı yazdığı "Qürbət" şeirində hər hansı insanın ürəyini tərpədən o poetik deyimlər vulkan kimi püskürür:

 

Qürbət dərdin çəkən bilir,

Bağrın başın sökən bilir,

Göz yaşını tökən bilir

Könül, gedək bu qürbətdən.

 

Şair qürbətdən canını qurtarıb bir vüsala qovuşmaq istəyir. Həmin şeirdə bir fikir səslənir ki, qürbət cənnət olsa da, vətən ondan min qat yaxşıdır.

Şairin "Fəda olmaq zamanıdı", "Yola çıxdım", "Çırpınırdı qara dəniz", "Getdi", "Tanrı dağı", "Vətən oğlu", "Yuxularımda" şeirləri də milli ruhu, poetik düşüncə tərzi və fikrin orjinal ifadə forması ilə adamı özünə çəkir. Bu şeirlərdə, bu sətirlərdə hiss edirsən ki, böyük bir ürək çırpınır. Bu ürək elə şairin öz ürəyidir. Bir balaca ürəkdə nə qədər gözəl arzular, niyyətlər və xoş düşüncələr özünə yer tapar.

Sərvər Məsumu başqa şairlərdən fərqləndirin bir cəhəti onunla bağlıdır ki, o, şeirlərində olduğu kimi, həyatda da başdan ayağa səmimidir. Yəni necə görünürsə, elə də ömür sürür. Bax, onda şairin yazdığı misraların səmimiliyinə oxucu inanır və bu misraların işığında özünün "mənini" axtarır. Hansı şeirdəki oxucu özünü tapır, o cığırla gedir və o işığa qovuşur. Deməli, hər hansı bir odlu misra, hər hansı bir poetik deyim heç vaxt oxucunun fikrindən və yaddaşından yayınmır.

"Dərdin dağlara" deyən şair hər bir insana nikbin, ümidli və sabaha inamlı addımlarla yeriməyi arzulayır:

 

Uca dağı aşan qardaş,

Düz yolunu çaşan qardaş,

Dərd əlindən coşan qardaş

Dərdin dağlara-dağlara.

 

Beləcə, bir işıq selində şair heç kimi dərdli-qəmli və kədərli görmək istəmir və onları həmişə sabaha daha böyük ümidlə baxmağa çağırır. Bizcə bundan gözəl nə ola bilər. Qoy hamının sabahı xeyirə açılsın.

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2010.- 6 avqust.- S. 4.