Biz niyə xəstələnirikyaxud xəstəliklər nədən yaranır?

 

Elnarə Əliyeva hesab edir ki, hər bir insan gün ərzində yediyi yeməklərə kənardan baxsa, o zaman belə bir formada qidanın mədə-bağırsaqları üçün nə qədər ziyanlı olduğunu görər

 

İnsan orqanizmində xəstəliklərin baş qaldırmasının əsas səbəbini qidalanmada görən həkimlərin passientlərə yalnız bir tövsiyyəsi olur: sağlam qidalanma rejiminə əməl etmək, onu həyat amalına çevirmək. Əgər belə olarsa, o zaman xəstəliklərin səviyyəsi də gün-gündən artmaz və insanlar onu vaxtsız yaxalayan arzuolunmaz azar-bezardan uzaq olar. Amma nə fayda ki, həkimlərin məsləhətinə əməl olunmur. Son nəticədə ağır bəlaya düçar olub, həkimlərdən çarə diləyənlərin sayı durmadan artır.

Sağlamlığın birinci şərtini düzgün qida rejiminə əməl etməkdə görən təbiblər həm də orqanizmi həddən artıq acdırmağın da tərəfdarı deyillər. Çünki həddən ziyadə acmış orqanizmə qidanın daxil olunmasında da insanlar böyük yanlışdıqlara yol verirlər. Böyük əksəriyyət acdığı zaman yalnız mədəsini doydurmaq haqqında düşünür ki, bu da nəticədə orqanizmidə bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Hətta ən ağır xəstəliyə məruz qalan şəxslər belə bir çox hallarda nə yediyinin, necə yediyinin fərqinə varmır. Bununla xəstəliyinin bir qədər də şiddətlənməsinə yardımçı olur.

Son illər əksər mütəxəssislər insan orqanizmində xəstəliklərin artmasının digər bir yaradıcısının da parazitlər olduğunu xüsusilə qeyd edirlər. Bir sıra xəstəliklərin baş qaldırmasında əsas rol oynayan parazitlərin fəaliyyəti səbəbindən həm də insanın yaşamasında başlıca faktor olan qanın qidalandırma prosesi də öz funksiyasını itirmiş olur. Qan çatışmamazlığının qarşısının alınması məqsədilə tətbiq olunan müxtəlif vasitələrin də hansısa səmərəsi olmur. İnsan orqanizmində özünə dərin kök salan parazitlər tərəfindən qanın sorulması onun fəaliyyətini iflic edir.

Məsələyə aydınlıq gətirən Medi-Lux tibb mərkəzinin həkim-qastroentoloqu Elnarə Əliyeva da həmkarlarının qənaətini bölüşür. Onun sözlərinə görə həddən artıq acmış mədəyə yemək verilərkən insanlar bir çox şeyləri diqqətə almalıdır: "Bizim dəfələrlə rast gəldiyimiz bir hal var. Hər birimiz ac olarkən hiss etmişik ki, bir qədər sonra mədəmiz bizdən ciddi şəkildə yemək tələb edir. Belə olan halda insan orqanizminin qidaya o dərəcədə ehtiyacı olur ki, o artıq nə yediyini düşünmür. Yalnız o, mədəsini doydurmağı düşünür ki, bu da olduqca yanlışdır. Hətta dində də göstərilir ki, mədəni qurd kimi ac saxlamaq lazım deyil. Orqanizm qidalanmaya ehtiyac duyduğu zaman qidalanmaq lazımdır. Vaxtın yoxluğunu bəhanə edib nə yeyim deyil, necə yeyim ki, tez mədəm dolsun düşüncəsi ilə yaşamaq olmaz. Digər bir tərəfdən də hamımız su, meyvə qəbul etmədən əksər hallarda birbaşa qidalanmaya başlanıldığının şahidi oluruq. Bu halda çox ac olan mədənin doldurulması prosesi gedir ki, o da artıq xəstəliklərin baş verməsinə şərait yaradır".

Qidalanmadan dərhal sonra və yaxud da qidalanərkən su, mineral içkilərin qəbulunun məqbul sayılmadığını vurğulayan həkimin fikrincə, bu zaman da insan özünün xəstələnməsinə yol açır: "Əksəriyyət yemək yedikdən dərhal sonra "suya tələbatım var",- deyib üstündən soyuq su, çay, qəhvə içir. Həmçinin şokalad və bir çox digər qidalar qəbul edir. Bir məqama diqqət yetirim ki, ərəblər ümumiyyətlə, soyuq yeməklərlə isti, isti yeməklərlə soyuq içkilərin qəbulunun yolverilməz olduğunu bildirirlər. Amma biz buna da riayət etmirik. Biz isti yeməklərin ardınca mütləq bir soyuq içki qəbul edirik. Hər bir insan gün ərzində yediyi yeməkləri bir qabın içərisinə doldurub, sonra kənardan ona baxsa, o zaman nə qədər iyrənc bir şeyin alındığını görər. Eyni zamanda da belə bir formada qidanın mədə-bağırsaqları üçün nə qədər ziyanlı olduğunu görər. Bir-birinə əks yeməklər mədəyə verilir ki, onların da hər biri mədədən ixrac olunduğu zaman özünə yol axtarır, biri, digərin itələyir. Su sovrulmaq, mədədə əlavə bir tıxac yaradan şirniyyat isə keçmək istəyir, ancaq onlar üçün şərait yoxdur. İkinci bir məqam da qidalanma zamanı düzgün çeynənməmiş şəkildə möhtəviyyatın mədəyə verilməsi, mədənin yükünü birə-beş artırır, daha da ağırlaşdırır. Təsəvvür edin ki, mədədə bir daş parçası sağa-sola hərəkət edir. Mədəmiz isə sadəcə bir ət parçasıdır. Həmin ağır çeynənməmiş qidalar hər dəfə mədəyə veriləndə mədənin əzələ qatını, selikli qişasını sürtməyə başlayır. Nəticədə qızartılar, həzmsizlik əmələ gəlir". Onu da qeyd edək ki, həkimlər sağlam orqanizmə malik olma yollarından birinin də vaxtında yemək və axşam saatlarında yeməkdən imtana etməkdə görürlər. "Belə bir termin var ki, qaraciyər axşam saat 11-dən sonra yemək qəbul edilməsini istəmir. Qaraciyərimiz bizim laboratoriyamızdır və demək olar ki, bütün proseslər də oradan keçir"-deyən E.Əliyeva bildirir ki, ən gec axşam saat 11-də qida qəbul etmək olar: "Axşam saat 11-dən sonra qida qəbul edən insanlar səhər yuxudan ayıla bilmirlər və tənbəllikdən, durduqları halda isə halsız olmalarından şikayət edirlər. Bu da təsadüfi deyil. Fizikanın qanunu var ki, bir şey işləyəndə digəri dayanır. Amma biz orqanizmimizi daim oyaq vəziyyətdə saxlayırıq, onu dincəltməklə aramız yoxdur. Üçüncü şərtimiz mütləq orqanizmimizi dincəlmək üçün ona şərait yaratmaqdır. Allah axşamları ona görə yaradıb ki, orqanizmimizin hər biri normal dincəlsin. Biz ona görə də axşamlar orqanizmimizə əlavə qida göndərməməliyik. Hər bir insan düzgün qidalanmaya niyə əməl etmədiyi sualını özünə versə və ona riayət etməyə başlasa, o zaman nə xəstələnəcək, nə də nədənsə şikayət edəcək. Həkimlərin də əksəriyyəti yalnız məsləhət verməklə kifayətlənirlər, özləri ona əməl etmirlər. Amma bizim klinikada hər birimiz ona əməl edirik və onun nəticəsini gördüyümüzdən də passientlərə məsləhət veririk".

Həkim onu da məsləhət bilir ki, hər bir şeyi yeməmişdən öncə onu niyə yediyimiz haqqında düşünməliyik. Bu halda qidalar zərərli deyil, daha xeyirli vasitə olaraq orqanizmdə sovrulmağa başlayır. Nəticəsi də müsbət olur.

  

  

Gültəkin

 

Ədalət.- 2010.- 27 vaqust.- S. 3.