Qədim Gəncənin yerləşdiyi ərazilərdə arxeoloji qazıntılara başlanıldı

 

Gəncənin antik erkən orta əsrlər dövrünün öyrənilməsi istiqamətində, qədim Gəncə şəhərinin yerləşdiyi, Samux rayon ərazisində olan "Şəhər burnu" adlanan ərazilərdə arxeoloji qazıntılara başlanılıb. Artıq Gəncə şəhərinin antik erkən orta əsrlərdə mövcud olmasını təsdiqləyən materiallar üzə çıxarılıb.

Qazıntı işlərinə rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Gəncə arxeoloji Ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan materiallarda Gəncənin 9-cu əsrə qədərki dövrü haqqında yəni antik və erkən orta əsrlər dövründəki şəhər haqqında geniş məlumatlar verilir: "İsaq Cəfərzadə 1938-1940-cı illərdə Gəncədə arxeoloji qazıntılar aparanda Gəncə ətrafında daş çömçə və isgənənin tapılması haqda məlumat vermişdi. Bu əlbəttə ki, hələ neolit dövründən başlayaraq, Gəncədə yaşayış məskəninin olmasını göstərirdi. Son illərdə Gəncədə aparılan arxeoloji tədqiqatlar daha böyük uğurlar əldə etməyə imkan verdi. Belə ki, bu vaxta qədər istər yazılı mənbələrdə, istərsə arxeoloqların verdiyi məlumatlarda Gəncənin ancaq 9-cu əsrdə mövcud olması bildirilirdi. Bu əlbəttə ki, böyük şübhə doğururdu. Çünki orta əsrlərdə 300-350 min əhalisi olan bir şəhər birdən-birə formalaşmayıb yəni əvvəldən burda qədim zamanlardan daha möhkəm bir şəhər olub ki, bu tədricən inkişaf edərək Azərbaycanın böyük bir şəhərinə çevrilib".

A.Məmmədov Kür çayının sağ sahilində Mingəçevir Su Anbarına tökülən hissəsinə yaxın yerləşən "Şəhər burnu" adlanan ərazidə aparılan arxeoloji tədqiqatların bu fikri təsdiqləməyə imkan verdiyini bildirib: "Burda aparılan tədqiqatlar antik dövrdə və erkən orta əsrlərdə Gəncənin indiki ərazidə olduğunu sübut etməyə əsas verdi. İmamzadə kompleksi onun ətraf ərazilərində aparılan qazıntılar Gəncənin orta əsrlər dövrü haqqında məlumat verir. Ancaq bu ərazi Gəncənin 9-cu əsrə qədərki dövrü haqqında yəni antik erkən orta əsrlər dövründə Gəncə haqqında geniş məlumatlar verir. Bu apardığımız arxeoloji qazıntılar zamanı ən maraqlı tapıntılarımızla əşyavi-dəlillərlə tam təsdiqlənir. Məsələn, antik dövr müəllifləri belə məlumat verirlər ki, Kür çayı gəmiçilik üçün yararlı idi. Hindistan malları Amudərya çayı vasitəsi ilə Xəzər dənizinə, ordan isə Kür çayı vasitəsi ilə Albaniyanın müxtəlif ərazilərinə aparılırdı. Bu haqda Strabonun, İlinin əsərlərində geniş məlumatlar var. Burda apardığımız arxeoloji qazıntılar zamanı aşkarlanan tapıntılar bu fikirləri təsdiqləyir.

Biz Kür çayı yaxınlığında buxta qalıqları tapmışıq. Bu buxtanın olması vaxtilə bura Kür çayı vasitəsilə gələn gəmilərin yan alması üçün istifadə olunurdu. Biz həmin buxtanın yaxınlığında kiçik hücrələr aşkara çıxarmışıq ki, bu hücrələr həm alış- veriş üçün, həm əlavə malların yığılması üçün istifadə edilirdi".

Alim deyib ki, aşkarlanan materiallarla tikinti qalıqları bir birilərini tamamlayır: "Belə ki, tapdığımız materialların əksəriyyəti eramızdan əvvəl 4-3-cü əsrlərə aiddir. Materiallar həm antik, həm erkən orta əsrlərdə Gəncədə gur insan yaşayış məskənlərinin olmasından xəbər verir. Gur insan yaşayış məskəninin olması isə Gəncənin iri ticarət mərkəzi olduğunu təsdiqləyir".

 

 

Ədalət.- 2010.- 7 dekabr.- S. 6.