Şər böhtan yolu tutanlar

 

1994-2000-ci illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi vəzifəsində işləmiş Turqut Ərin Türkiyədə "Azadlıqdan tiranlığa" adlı cızmaqarası kitab şəklində çap olunan kimi düşmən dəyirmanına su tökən "Azadlıq" qəzeti də həmin "kitab"dan müəyyən parçaları dərc edib. Məqsədi Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurmaq olan Turqut Ər Türkiyə səfirliyinin cızmaqaraçısı kimi öz fəaliyyətində vaxtı ilə ciddi nöqsanlara görə işdən uzaqlaşdırılmışdı. Məhz elə buna görə də içində olan dərin nifrəti, qəzəbi vulkan kimi püskürmüş, qərəzli fikirlərini əsrlər boyu dost, qardaş kimi yaşayan Türkiyə - Azərbaycan dostluğuna yönəltmişdir.

 

Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının üzləşdiyi çətinliklər, sıxıntılar hər bir insana gün kimi aydındır. Həmin dövrdə yenicə müstəqillik qazanmış gənc respublikanı bəlalar girdabından ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi, müdrik zəkası, güclü dövlətçilik siyasəti, təcrübəsi xilas etdi. Təəssüflər olsun ki, Turqut Ər kimi yarımçıq diplomatlara Heydər Əliyev uzaqgörənliyi, təmkini, müdrikliyi əl verməyib. Ona görə də Azərbaycanda baş verən hadisələrə heç nəyə yaramayan dayaz ağlı ilə qiymət verməyə çalışan Turqut Ər türk övladı kimi deyil, daşnak ermənilərə xas olan azğınlıqla Azərbaycana böhtanlar, iftiralar yağdırmaq yolunu tutmuşdur.

Turqut Ər xəstə təxəyyülün məhsulu olan "əsəri" ilə ancaq özü kimi savadsız, əqidəsiz, naşı insanların dünyagörüşünə təsir göstərə bilər. O, özü yaxşı bilir ki, müdrik, ağıllı, ağı qaradan seçməyi bacaran insanlar onun sərsəm fikirləri ilə heç vaxt razılaşmazlar.

Turqut Ərin Azərbaycanda "fəaliyyətə" başladığı illər xalqımızın böyük fəlakətlərlə üz - üzə dayandığı, müstəqilliyini qoruyub saxlamaq üçün ölüm - dürüm mübarizəsinə qalxdığı illər idi. Türkiyəli "diplomat" ağılda olan "dövlət rəhbərlərinin" səriştəsizliyi ucbatından 20 faiz torpaqlarımız işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqına, köçkünə dönmüşdü. "Sapı özümüzdən olan baltalar" isə Azəbaycanı vətəndaş müharibəsinə sürükləyərək xalqın övladlarını üz- üzə qoymuşdu.

1994-cü ilin may ayında Heydər Əliyev Ermənistanla atəşkəs barədə saziş imzalamasaydı həmin dövrdə Azərbaycan uçuruma yuvarlanmış olardı. Turqut Ər də Azərbaycan müxalifətinin yalançı hay - küyünə cır səsini qataraq bunu Azərbaycanın məğlubiyyəti hesab edir. Görəsən yalançı "diplomat" Azərbaycanın 1994-cü ildəki vəziyyətini aydın dərk edə bilirmi? Burnundan uzağı görə bilməyən bu başabəla "diplomat" bir dəfə papağını qarşısına qoyub böyük siyasi xadim Heydər Əliyevin bu siyasi addımını düzgün qiymətləndirə bilərdimi? Yox! Ona görə ki, Turqut Ərin öz düşüncəsi, öz fikri yoxdur. O, bir tutuquşu kimi həmişə özgələrin fikrini təkrarlayıb.

Ümummilli liderimiz Heydər Əliyev atəşkəsdən təxminən beş ay sonra bütün dünyanı heyrətdə qoyan "Əsrin müqaviləsini" imzaladı. Bakı - Tbilisi - Ceyhan neft kəməri Azərbaycanın işıqlı sabahlarına, parlaq gələcəyinə açılan nurlu, işıqlı qapı idi. Xalqın gələcək xoşbəxtliyi bu kəmərin reallaşmasından asılı idi. Müdrik Heydər Əliyev bu kəmərin başa çatması üçün on il vaxt müəyyən etdi. 2004-cü ildə xalqımız ulu öndərin bu uzaqgörən arzusunun reallaşdığının şahidi oldu.

Turqut Ər və onun kimi əqidəsiz insanlar özlərinə hər cür soyadlar qoşa bilərlər. Ancaq ərlik, mərdlik, cəsurluq, türkçülük, millətsevərlik insanın qanında olmalıdır. Əfsus ki, Turqut Ərlər bu düşüncədən uzaqdırlar. Xalqa xəyanət yolunu tutanların nəsibi isə el qınağı, el nifrətidir.

Əgər doğrudan da Turqut Ərin uzaqgörən düşüncəsi olsa idi atəşkəs sazişinin imzalandığı həmin ildən bu günə kimi Azərbaycan əsgərinin gücündən, Azərbaycanın müdafiə qüdrətindən də söz açardı.

Turqut Ər yazır: "Başda dövlət televiziyası və radiosu olmaqla bütün qəzetlər prezident sarayından idarə olunurdu." Burada da yalançı "diplomat" şər, böhtan yolunu tutub. Azərbaycan mətbuatına az- çox bələd olan ayıq oxucu bu ağ yalanla heç vaxt barışmaz. Bu gün Azərbaycanda 600- dən artıq qəzet və jurnal fəaliyyət göstərir. Bu qəzetlərdə ölkə başçısının ünvanına yönələn yazılar belə çap olunurdu. Mətbuat işçiləri ilə bağlı görüşlərin birində ümummilli lider Heydər Əliyev gülə-gülə dedi ki, "mənim də haqqımda qəzetlər çox şey yazır". Amma buna baxmayaraq ulu öndər Heydər Əliyev o qəzetlərin bağlanmasına yox, nəşrini dayandırmamasına maliyyə köməkliyi göstərdi, qəzetlərin, xüsusən də müxalifət qəzetlərinin "Azərbaycan " nəşriyyatına olan borclarını ləğv etdi. Bəlkə Turqut Ər bu yaxşılıqları, bu diqqəti unudub. "Ölkədə dəhşətli senzura var idi" deyən yalançı diplomat görəsən yadına salırmı ki, elə 1998-ci ildə prezidentin sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu, "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul olundu.

Turqut Ərin qərəzli, cəfəngiyyatla dolu "kitabı" özünə bəraət qazandırmaq istəyindən başqa bir şey deyil. O, vaxtı ilə Azərbaycandan "arzuolunmaz şəxs"kimi çıxarılmışdır. Belə olan məqamda özünü Azərbaycana "canıyanan" bir adam kimi göstərmək istəyən Turqut Ər özü də yaxşı bilir ki, onun boş və sabun köpüyünə bənzəyən fikirlərinə ölkəmizdə özü ağılda olan züy tutanlarından savayı heç kəs inanmaz.

Ancaq bu gün Azərbaycanda hər bir sadə vətəndaşı, ziyalını dərindən düşündürən bir sual ortaya çıxır. Türkiyə - Azərbaycan münasibətlərinə soyuqluq gətirmək istəyən yalançı cızmaqaraçının kitabından parçaları "Azadlıq" qəzetinin səhifələrinə çıxaranlar hansı əqidəyə qulluq edirlər? Axı, Turqut Ər kimi insanların Azərbaycana ürəyi yanmır. Əksinə, belə insanlar Azərbaycanın sürətli inkişafını görəndə həsəd və paxıllıqdan yanıb-yaxılırlar. Çünki Turqut Ər kimi bayquşlara 90-cı illərin dağılmış, viranə qoyulmuş Azərbaycanı gərək idi. Turqut Ər xarabalıq sevən bayquşdur. Müasir Azərbaycanın Türkiyə ilə dostluğu, qardaşlığı onun gözünə ox kimi sancılır. Turqut Ər və onun kimilər unutmasınlar ki, onların gördükləri Azərbaycan ulu öndər Heydər Əliyevin inkişaf, tərəqqi strategiyası ilə daima inkişafdadır. "Bir millət, iki dövlət" prinsipi ilə yaşayan Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bu gün iki milyard dollara çatmışdır. Bu isə özlüyündə onu göstərir ki, dili, dini, tarixi bir olan Türkiyə ilə Azərbaycanı - bu qan qardaşlarını, can qardaşlarını heç bir qüvvə bir - birindən ayrı sala bilməz.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusu Kılıc jurnalistlərə verdiyi açıqlamada Turqut Ərin cəfəngiyyatla dolu "kitabçası" barədə demişdir: "Ölkəmizdə 73 milyon insan var, o da həmin insanlardan biridir. Turqut Ərin fikir, söz azadlığından faydalanaraq yazdığı kitab heç bir formada 73 milyon insanın mövqeyini, həmçinin, Türkiyə dövlətinin mövqeyini ifadə edə bilməz. Türkiyə ictimaiyyəti yaxşını pisdən ayırmağı bacarır. Ölkəmizdə hər kəs ulu öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi naminə gördüyü əvəzsiz işlərdən xəbərdardır. Onun Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında göstərdiyi xidmətləri də heç kim unutmayıb."

Eldə gözəl bir məsəl var "Yel qayadan nə aparar". Həqiqətən də Turqut Ərin boş, mənasız kitabı əslində heç nəyə yaramır. "Milçək özü bir şey deyil, amma könül bulandırır" - müdrik kəlamı sanki Turqut Ər kimi insanlara deyilib. Belə insanlar könül bulandırmağı özlərinin amalına, məqsədinə çeviriblər.

Təəssüf ki, belə insanlar öz çirkin əməllərini türk dünyasında daha böyük məna kəsb edən ƏR adı altında həyata keçirmək istəyirlər. Ər sözü isə hər kişiyə yaraşmaz. Vətən, millət təəssübü çəkməyən insanlara isə heç yaraşmaz. Turqut Ərə yaraşmadığı kimi...

Turqut Ər yazdıqlarının yalan və böhtan olduğunu özü də çox gözəl anlayır. Şər və böhtan yolu tutanlar unutmasınlar ki, şər, böhtan, yalan heç vaxt ayaq tutub yeriyə bilməz.

 

Tarixin sınaqlarından şərəflə çıxmış Türkiyə - Azərbaycan dostluğunu isə heç bir qüvvə sarsıda bilməz.

 

 

Asim Yadigar,

 

Vaqif Məmmədov,

 

Elbəyi Maqsudov,

 

Həsənəli Eyvazlı

 

 

Ədalət. - 2010.- 10 dekabr.- S. 7.