Cəlal müəllimlə fəxr etməyə dəyər

 

(Mərhum professor Cəlal Abdullayevin anadan olmasının 80 illiyinə həsr olunur)

 

Dünya əbədi, insan isə müvəqqətidir. O, həyatda alın yazısı qədər qonaqdır. " ömrə, yaşa acıyan, bir yandan boşalıb, bir yandan dolan" dünyaya üzünü tutub" ölüm haqdır, çıxmaq olmaz əmrdən" deyənlərə Allah rəhmət eləsin. Tale, bəxt, ömür Tanrı qismətidir, ölümdən sonra ikinci ömür qazanmaq, yaşamaq isə insanın özündən asılıdır. Ruh Tanrının, bədən torpağın, əməl isə əbədiyyətindir. Yaddaşı qoruyan, itməyə, sönməyə, qoymayan, əbədi sərvət kimi saxlayan işıqlı əməllər, saf arzular, pak, nəcib duyğular, unudulmaz xatirələr, həyatın sabahı, insanlığın gələcəyi üçün vacib olan niyyətlərdir. Övliyalar, ənbiyalar, nəbilər, ulu, müqəddəs bəndələr, mömin babalar, insanlığa mənəvi əxlaqi kamillik bəxş edən peyğəmbərlər, dünyalarını dəyişsələr ölmürlər, nəcib əməllərdə, paklığın, ülviyyətin məna məzmununda əbədi yaşayırlar.

 

1950-ci ildə ADU-ya (indiki BDU-ya) qəbul olundum. Filologiya fakültəsinin əyani şöbəsində oxuyurdum. O zaman təhsil müddəti 5 il idi. Oxuduğum kursda, xüsusən öz qrupumuzdan Ağamusa Axundov, Bəşir Əhmədov, Əbdülhüseyn Hüseynov kimi etibarlı, ağayana dostlarımla yanaşı, başqa fakültələrdən sədaqətli yoldaşlarım, dostlarım var idi. Cahid Quliyev, Şamil İnciyev, Akif Qurbanəliyev, Murad Vəkilov, Bağban Rəhimov s. İkinci kursdan başlayaraq dostluq, yoldaşlıq mühitimiz ilbəil genişlənməyə başladı. Səmimiyyət, vəfa, etibar, sədaqət dolu sıralarımıza fakültə tələbələrindən Cəlal Abdullayev, Xalid Əlimirzəyev, Təhsin Mütəllimov kimi yeni, dəyərli, tanınan seçilən qüdrətli tələbələr əlavə olundu. Aspirantlıq dövründə daha üç nəfərin Firidun Hüseynov, İnayət Bəktaşi Kərim Həsənovun simasında mənəvi-əxlaqi kamillik mühitimiz daha da zənginləşdi. Belə pak insanlar zaman keçdikcə, indinin özündə mənim xatirələr aləmimin, yaddaş dünyamın ziynət bəzəyidir. Onlardan biri yarım əsrdən artıq, 1951-ci ildən 2010-cu ilə qədər yoldaşlıq etdiyim, müəllimlik həyatımı, əmək fəaliyyətimi birgə keçirdiyim Cəlal Mehdi oğlu Abdullayev idi. Sözün əsl mənasında tipik Azərbaycan türk kəndli balası olan Cəlal son dərəcə adi, sadə, geyimində, danışığında, söz-söhbətlərində təbii bir insan idi. Yaxşı oxuyurdu, nümunəvi tələbələrdən idi. Müasir ədəbiyyatın, xüsusilə poeziyanın vurğunu idi. S.Vurğunu ayrıca bir məhəbbətlə sevirdi. Möhkəm hafizəsi, yaddaşı vardı. Əzbərdən şeir deməsinə, hər bir əsəri, hətta ayrıca misra beytləri yerli-yataqlı təhlil təbliğ etməsinə söz ola bilməzdi. Müasir ədəbi proseslərlə ciddi maraqlanar, nəinki S.Vurğunun, bütünlükdə müasir Azərbaycan ədəbiyyatına, klassiklərin ruhuna toxunan bir söz eşidəndə ürəyi ağrıyardı. Boş, əsassız danışan, sovet ədəbiyyatı adı ilə bağlı hər şeyi inkar edən, bu ədəbiyyatın yetmiş illik səmərəli fəaliyyətini, silsilə nəsillər yetişdirən uğurlu xidmətlərini heçə endirən, yaşadığımız yetmiş illik bir tarixi dilə-dişə salan səviyyəsiz, şərəfsiz, hay-küyçü insanlara nifrət edirdi. Odur ki, Cəlal müəllimin vəfatı yalnız BDU-nun, filologiya fakültəsinin, xüsusilə Müasir Azərbaycan ədəbiyyatı kafedrasının itkisi yox, bütünlükdə müasir tənqid ədəbiyyatşünaslığın, şərəfli müəllimlik sənətinin itkisi deməkdir.

Cəlal Abdullayev mənim gözümün qabağında, addım-addım ucaldı, elmlər namizədi, elmlər doktoru oldu, nümunəvi əsərlər, monoqrafiyalar ortaya qoydu, samballı dərsliklərin, proqram və dərs vəsaitlərinin yaradıcısı, müəllifi kimi şöhrət qazandı. Gözəl müəllimliyi, pedaqoji ustalığı, alimlik səliqə-sahmanı ilə tələbə və həmkarlarının dərin məhəbbətini qazandı. Bir sıra ictimai vəzifələrdə çalışdı, fakültə partiya komitəsinin katibi oldu, fədakarlığı, obyektivliyi, prinsipiallığı, məsuliyyətli iş üsulu ilə məharətli təşkilatçılıq nümunəsi göstərdi. Bütün bu dediklərim mənim kimi çoxlarının gözü qabağında olub. Hamı Cəlal Abdullayevi xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan savayı, həm də ciddi, tələbkar, prinsipial bir işçi, səviyyəli müəllim kimi tanıyırdı.

Cəlal Abdullayev otuz ildən artıq mənim kafedra müdirim oldu. Müasir Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etdi, fakültə və kafedra ilə bağlı ümumi söhbətlərimizdən başqa, fərdi söhbətlərimiz, dərdləşdiyimiz vaxtlar çox olurdu. Kafedranı ikinci evi hesab edirdi. Necə deyərlər, üstündə əsirdi. İlk sözü bu olardı ki, biz o rəhmətliklərin bizə əmanət verdiyi o nəcib, ülvi ənənələri, nəinki qorumalı, həm də yaradıcı şəkildə davam və inkişaf etdirməliyik. O, rəhmətliklər deyəndə, böyük Mir Cəlal müəllimi, Cəfər Xəndanı nəzərdə tuturdu. Tez-tez onların iş üsulundan, diqqət və qayğısından danışardı, çoxlu misallar, nümunələr gətirərdi.

Cəlal Abdullayev təəssübkeş, diqqətcil, qayğıkeş kafedra müdiri idi. Kafedranın hər bir üzvünün işi, fəaliyyəti ilə maraqlanardı. Hamımız onun səmimiyyətinə inanırdıq. Kafedrada nümunəvi nizam-intizam, səliqə-sahman, möhkəm birlik, işgüzarlıq yaratmışdı. Sanki kafedranın mövcudluğuna, elminəzəri səviyyəsinə, tədris həyatına cavabdeh idi. İşgüzarlığı ilə hamıya nümunə göstərirdi, köməkliyini əsirgəmirdi. Deyərdi ki, kafedra bizim ümumi evimizdi, elə eləməliyik ki, buradan ətrafa, dedi-qoduya səbəb olan bir söz belə çıxmasın. Bütün ... problemləri özümüz, birlikdə həll etməliyik. Belə də olurdu. Filologiya fakültəsi kafedramıza yaxşı mənada həsəd aparırdı: Kafedramızın bütün kollektivi işgüzar, əliqələmli, yaradıcı insanları, səviyyəli, səriştəli müəllimləri ona inanır, etibar edirdik. Cəlal müəllim həmişə deyərdi ki, uğurlar hamımızın olduğu kimi, nöqsan və səhvlər də hamımızın ayağına yazılır, odur ki, nöqsan və əyintilərin yaranmasına yol verməməliyik. Ona görə də, bu otuz ildə belə bir sağlam kafedraya pis niyyətlər, bəd əməllər yol tapa bilmədi. Üzvlər arasında olan səmimi əlaqələr, bir-birlərini başa düşmələri, qarşılıqlı hörmət ildən-ilə artır, güclənirdi. Bu sahədə Cəlal müəllimin xüsusi rolu vardı.

Cəlal Abdullayevin səliqəli, nümunəvi iclas aparmağı vardı. İstər elmi, istər tədris isləri olsun, nəzərdə tutulan məsələlər müzakirə olunur, əməli təkliflər irəli sürülür, hər kafedra üzvünün vəzifə borcu ilə bağlı elmi fəaliyyəti ümumi kafedranın işi kimi dəyərləndirilirdi. Bütün kafedra tədrisə, dərs yüklərinin yerinə yetirilməsinə məsul olduğu kimi, həm də cavabdeh idi.

Elmi-tədqiqat işləri kafedranın mühüm yaradıcılıq sahəsi kimi daim diqqət mərkəzində idi. Kəmiyyət və keyfiyyət göstəricilərinə görə kafedramız nəinki fakültədə, bütün BDU-da ilk sıralarda dayanırdı. Müntəzəm olaraq kafedra üzvlərinin müasir və klassik ədəbiyyat məsələlərinə həsr olunmuş maraqlı monoqrafiyaları, çoxsaylı məqalələri çap olunurdu. Yubiley, ad günlərindən başqa, hər il bir neçə dəfə respublikanın qabaqcıl sənətkarları ilə görüşlər keçirilir, Cəlal müəllimin bilavasitə rəhbərliyi və nəzarəti ilə maraqlı məruzələr dinlənilirdi.

Cəlal müəllim səmimi, ürəyiyumşaq adam idi. Şaqraq gülüşü vardı. Hələm-hələm gülməzdi, güləndə də ürəkdən gülərdi. Tələbələrinə ata, övlad münasibəti bəslərdi. Dəfələrlə şahidi olmuşam ki, tapılmayan və yaxud az tapılan kitabları evindən gətirib, istifadə olunmaq üçün tələbələrə verirdi. Bəzən onlardan hansınısa geri ala bilməyəndə çox məyus olardı. O qədər də fəxri adları, mükafatları yox idi. Yeganə mükafatı böyük hərflə yazılan "Müəllim" adı idi. Hamı ona "Cəlal müəllim" deyə müraciət edirdi. Cəlal da bu adı şərəflə daşıyır, bütün kafedra üzvlərinə də bu ada layiq və sadiq olmağı məsləhət görürdü. Sakit, aram və təmkinlə öz işi ilə məşğul olardı. Heç kimi özündən incik salmazdı. İşdən kənar vaxtlarda çox təbii, səmimi, zarafatcıl, iş zamanı, kafedra iclaslarında, fakültə tədbirlərində, dərsdə çox ciddi, məsuliyyətli və prinsipial idi. Tələbələrin biliyini düzgün qiymətləndirməkdə son dərəcə obyektiv idi. Ona görə də, heç bir tələbə ondan incimirdi. Gözəl iclas aparmağı vardı. Kafedrada nümunəvi səliqə-sahman yaratmışdı. İstər dissertasiya, yoxlama, kurs işləri olsun, istərsə də buraxılış və magistr işləri, hər bir sahədə müzakirələrdə ciddilik, obyektivlik, prinsipiallıq nümayiş etdirirdi. Dərs yüklərinin, elmi işlərin yerinə yetirilməsinə ciddi nəzarət edir, çalışırdı ki, heç bir nöqsan, əyinti baş verməsin. Bakalavr və magistr proqramlarının, iki cildlik "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyinin hazırlanıb çap olunması bilavasitə Cəlal müəllimin təşəbbüsü və rəhbərliyi ilə mümkün oldu. Çox işgüzar və zəhmətkeş adam idi. Bakıda olduğu 1951-ci ildən vəfatına qədər halal zəhməti ilə yaşadı. Heç kimdən minnət götürmədi, böyük alim, ustad müəllim adını özü qazandı. Gözəl ailə qurdu, üç övlad böyütdü, hər üçünə yüksək savad verdi, evli-eşikli elədi, müdrik, zəhmətkeş baba kimi dünyasını dəyişsə də, ikinci ömür qazandı. Onu sevənlərin ailəsinin, balaları və nəvələrinin, kafedrası və filologiya fakültəsinin, BDU-nun hafizə və yaddaşında əbədi yaşadı.

Cəlal səviyyəli, sevimli ustad müəllim olduğu qədər də, gözəl tədqiqatçı, filoloq-alim idi. Müasir Azərbaycan ədəbiyyatının elə bir sahəsi yox idi ki, Cəlal müəllim ona bələd olmasın, münasibət bildirməsin. Müasir filoloji fikir tarixi, tənqid və ədəbiyyatşünaslıqla bağlı çap etdirdiyi çoxsaylı məqalələri, dəyərli monoqrafiyaları onun zəhmətkeşliyi, alim səviyyəsi, tədqiqatçılıq bacarığı, müasir sənət və ədəbiyyatı sevdirmək, qorumaq, təbliğ etmək cəsarəti haqda çox söz deyir. Bunu XX əsrin böyük sənətkarları; H.Cavid, S.Vurğunla bağlı olan araşdırmaları, tədqiqat əsərləri; "Lirika və zaman", "Şairin sənət dünyası", "Hüseyn Cavid", "S.Vurğunun poetikası" və digər əsərləri bir daha təsdiq edir. Bu faktı göstərmək kifayətdir ki, XX əsrin 30-cu illərindən başlayaraq S.Vurğun haqqında yazılmış çoxsaylı elmi əsərlərin, deyilmiş küllü miqdarda tutarlı nəzəri fikirlərin qabağında yeni söz demək, heç kimi təkrar etmədən təzə tədqiqat əsərləri yazmaq, ciddi və məsul axtarışlar aparmaq, güclü elmi dəqiqliyə və üslub əlvanlığına malik olmaq, hər şeydən əvvəl də S.Vurğun irsini otuz illik (1926-1956) ədəbi proseslərin əhatəsində öyrənmək, dərindən saf-çürük etmək, xüsusi zəhmət, tədqiqatçılıq bacarığı tələb edən bir iş idi. Professor Cəlal Abdullayev çətin və şərəfli olan bu işin öhdəsindən ləyaqətlə gəldi, xalq şairinin sənətkar portretini yaratmağa müvəffəq oldu.

Belə ki, "S.Vurğunun poetikası", "Şairin sənət dünyası" kitablarının hər sərlövhəsində müəllifin gərgin əməyi, böyük zəhməti, bu qüdrətli sənətkara olan dərin məhəbbəti, müasir ədəbiyyatşünaslıq elminə dəyərli xidmətlər göstərmək cəhdi açıq hiss olunur. Bu monoqrafiyalardan aydın görünür ki, müəllif, S.Vurğunun hadisə, vəziyyət, əhvalat yaratmaq kimi poetik məşqlərinin sirrini açmaq üçün çətin və şərəfli yaradıcılıq yolu tutmuş, tədqiqata həm də S.Vurğun və ədəbi mühit, poetika, yaradıcılıq prosesi məsələlərini daxil etmiş, "S.Vurğun poeziyasının ideya və poetika qaynaqlarından, "Poetik dilin məna və emosiya zənginliyi"nə qədər olan bütün sənət məsələlərini eyni səviyyədə təhlil süzgəcindən keçirmişdir. Tədqiqatçı bu işin icrasına şairin və şair haqqında ədəbi tənqidin düzgün və dəqiq əsaslandırdığı "S.Vurğun əlinə qələm aldığı gündən kağız korlamamışdır" tezisi ilə başladığı üçün bu kitablar ilk səhifələrindən oxucunu özünə cəlb etmişdir. Müəllif düzgün olaraq S.Vurğun haqqında olan tədqiqatı üç dövrə ayırır və hər dövrün özünəməxsus xarakter cəhətlərinə toxunur. Onlara zamanın sosial mənzərəsi, ədəbi mühitin tələb və ehtiyacları baxımından yanaşır. S.Vurğun haqqında ədəbi tənqidin özünə qədərki xidmətlərini, uğurlarını obyektiv mülahizələrini alqışlamaqla, bəzən o qədər də əsaslı olmayan, müəyyən münasibətlərlə yazıları, sənətkarı narazı salan, qərəzli tənqid haqqında öz sözünü deyir.

Monoqrafiyaların sənətkarlıq məsələlərindən, ideya və poetika qaynaqlarından bəhs edən hissələr, Cəlal müəllimin filoloq-alim kimi elmi-nəzəri səviyyəsini, poetika məsələlərinə dərindən bələd olmasını, S.Vurğun sənətinə bağlılığını və vurğunluğunu aydın nümayiş etdirir. Cəlal müəllimin digər elmi araşdırmaları da bu qəbildəndir.

 

Cəlal müəllim həm bir təşkilatçı, həm alim, həm də müəllim kimi həmişə nümunə göstərmiş, öz işgüzarlığı ilə fərqlənən ədəbiyyatşünaslardan olmuşdur. Onu da bilirəm ki, bu işıqlı insanın həyatı və yaradıcılığı ayrıca araşdırmaların, tədqiqatların mövzusudur. Cəlal müəllimin özündən sonra yadigar qoyub getdiyi əsərləri uzun illər yaşayacaq, nəcib əməlləri əbədi olaraq yad ediləcəkdir. Allah ona rəhmət eləsin!

Abdulla ABBASOV

 

Ədalət.- 2010.- 28 dekabr.- S. 5.