Ekoloji tarazlıq necə qorunur

 

Canlı təbiət mövcud olduğu gündən daim cansız təbiətin, müxtəlif proseslərin, anomal hadisələrin təsir dairəsində olub indiki zamanda da bu öz axarı ilə davam etməkdədir. Müasir dünyamızda canlı təbiətin - bizi əhatə edən, bizi daimi enerji mənbəyi ilə təmin edən meşələrin, müxtəlif növ bitki örtüyü ilə zəngin olan çəmənliklərin sıradan çıxmasında, tükənməsində, nadir bitki növlərinin nəslinin kəsilməsində "homo sapiens" adlandırdığımız insanın rolu az deyil.

Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənliklər, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir ki, burada da insan "əməyini" qeyd etməmək mümkün deyil. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, erroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılarla, fəlakətlərlə nəticələnir.

Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır. Bu, heç də insanların təbiət hadisələrinin yarada biləcəyi fəsadları önləmək təşəbbüsü kimi yox, artıq çıxış yolunun qalmadığı kimi başa düşülməlidir. Artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. "Qırmızı xətt"i keçmək daha ağır fəlakətlərə yol aça bilər. Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların erroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılıb.

Lakin bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləyib. Bəzi qiymətli ağac və kol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalıb. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə erroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olub. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Qeyd olunan problemlərin sistemli həllini təmin etmək məqsədi ilə vaxtilə ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqram" qəbul edilib.

Azərbaycan zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün ölkəmizin ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

Beynəlxalq təşkilatlar və ekoloji problemlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaq. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul edilib. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması təmin olunmalıdır.

Rio konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində keçirilmiş dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanıb.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Bugün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb.

Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyaya qoşulub, müvafiq protokolları imzalayıb.

Dövlət proqramları ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən dövlət başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanıb.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən son illər ümumi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan milli parklar yaradılıb, qoruqların ərazisi genişləndirilib və regionlarda müasir sutəmizləyici qurğuların tikintisi davam etdirilir. Azərbaycan prezidenti İlham Əliyev Yeni il müraciətində ekoloji problemə bir daha toxunaraq, ölkə vətəndaşlarını əmin edib ki, "nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın əhalisini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq içməli su ilə təmin etməyə imkan verəcək".

Xəzər dənizinin ekologiyasına da xüsusi diqqət yetirilir. Abşeron yarımadasının sahil qəsəbələrində təmizləyici modul qurğular inşa edilib və onların hər biri gündə 4070 kub metr çirkabı təmizləmək gücünə malikdir.

Ötən ilin payız aylarından başlayaraq ölkəmizdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirilir. Neftlə çirklənmiş torpaqların rekultivasiyası, neft yataqlarının işlənilməsi zamanı əmələ gələn lay sularının axıdıldığı ərazilərin qurudulması sahəsində fəal iş aparılır. Lakin hələ görüləsi işlər çoxdur. Ötən ilin payızında Azərbaycan Prezidentinin iştirakı ilə bərk məişət tullantılarının təkrar emalı zavodunun təməli qoyulub. Yeni müəssisə ölkə paytaxtının ekologiyasına böyük ziyan vuran Balaxanı zibilxanası ərazisində inşa ediləcək.

"Ekologiya İli" gələcək nəsillər üçün sağlam mühitin qorunması istiqamətində Azərbaycanın hər bir vətəndaşının öz məsuliyyətini dərk etməsinə dair dönüş ili olmalıdır. "Ekologiya, insanların sağlamlığı, təmiz su, təmiz hava - bütün bunlar ölkənin inkişafını fərqləndirən əlamətlərdir". Azərbaycan prezidenti İlham Əliyevin Balaxanıda yeni zavodun bünövrəsinin qoyulması mərasimində dediyi bu sözlər ölkənin gələcəyinə biganə qalmayanların hamısı üçün dəqiq meyarları müəyyənləşdirir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Siyasi arenada və dövlətçilik fəaliyyətində təkrarsızlığı ilə şöhrətlənən ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə biganəlik və utilitar münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilib. Dövlət başçısı, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır. İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib, bu sahədə iri layihələr uğurla həyata keçirilib və hazırda da davam etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik. Biz bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik. Təsadüfi deyil ki, fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə giriş sözü ilə çıxış edən prezident İlham Əliyev 2010-cu ilin "Ekologiya ili" elan olunduğunu, ölkədə ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb.

Dövlət başçısı həmin proqramın müxtəlif sahələri əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin də əksini tapdığını bildirib.

 

Dövlət başçısı Bakı və Abşeron yarımadasında 3 milyondan çox ağacın əkilməsi ilə əlaqədar yaşıllaşdırma tədbirlərində əhalinin yaxından iştirakının əhəmiyyətini vurğulayıb.

  

  

Ömər ƏMİROV

 

Ədalət.- 2010.- 29 dekabr.- S. 7.