Sadə aydın - Qəyyur Yunus

 

Tanınmış rəssamın fərdi sərgisindən görünənlər yazılanlar

 

Rəssamlar İttifaqının Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonuna dəvətlilər orada olduqları qısa müddətdə xoş anlar yaşadılar. Əməkdar rəssam, "Humay" mükafatı laureatı Qəyyur Yunusun sayca 10-cu fərdi sərgisində iştirak etdilər, istedadlı fırça ustasının yeni işləri ilə tanış oldular, klassik musiqi dinlədilər, dostlarla ünsiyyət qurdular, ağızlarını şirin elədilər.

Bütün bunlar barədə bir qədər sonra...

 

Bəxtinə yazılanlar

 

Yazının əvvəlində dahi rəssam Səttar Bəhlulzadənin adını artıq bir dəfə qeyd eləmişəm. Sözsüz ki, yazıda bu sonuncu olmayacaq. Səbəbi məlumdu- Qəyyur Yunus bu böyük sənətkarın dünyaya gəldiyi Əmircanda doğulub. Bu olub ötən əsrdə- 1948-ci il martın26- da. Təkcə Əmircanın deyil, bütün məmləkətin fəxr etdiyi Səttar Bəhlulzadə ilə qohumluq isə Qəyyurun bəxtinə yazılıb. Məşhur fırça ustasından çox məsləhətlər alıb. Sonra da fırçasını götürüb Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Səttarın ustad dərslərini, rəssamlıq məktəbində öyrəndiklərini toplayıb düzəlib yola. Düz gəlib çıxıb Tiflis Rəssamlıq Akademiyasına.

Yaxın-uzaq səfərlərə çox çıxıb, daha doğrusu, fırçası Qəyyur Yunusu müxtəlif ölkələrə, tanıdığı- tanımadığı şəhərlərə aparıb.

 

Yol vərəqəsinə yazılanlar

 

Qəyyur Yunus Amerikada, Fransada, İngiltərədə, Almaniyada, Rusiyada, Türkiyədə, Suriyada, İranda və daha neçə-neçə ölkədə təşkil olunan sərgilərə qatılıb. Londonda, Alma-Atada fərdi sərgiləri açılıb.

Əsərləri "ayaq tutub" muzeylər, şəxsi kolleksiyalar gəzib. Moskvadakı Dövlət Tretyakov Qalereyasında və Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində, Berlin Etnoqrafiya Muzeyində, D.Rokfellerin Nyu-Yorkdakı şəxsi kolleksiyasında bu istedadlı Azərbaycan rəssamının əsərlərinə rast gəlmək olar.

 

Haqqında yazılanlar

 

Bu yerdə səhifədəki meydanı tanınmış sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevə verirəm. Ziyadxan bəyin Qəyyur Yunus yaradıcılığına dərindən bələdçiliyi var: "Qəyyur Yunusun qəhrəmanları kimlərdir? Bu ağlı-qaralı, daha çox da günahlı dünyamızda rəssam özünə kimləri həmdəm-yaxın hesab edir? Əgər onları sıralamalı olsaq, onda bu mənəviyyat daşıyıcıları ensiklopediyasında Heyran xanımla yanaşı, Adəm və Həvvanın, Nəsrəddin Tusinin, Ağabəyim Ağa Ağabacının, Cahan şahın, Mümtaz Mahalın, Səttar Bəhlulzadənin və digər neçə-neçə işıqlı əməlləri ilə tarixləşən şəxsiyyətlərin adlarına rast gəlirik.

... İncə müşahidə istedadına malik olanlar təbiətdə adi görünəni qeyri-adiyə çevirə bildikləri kimi, o da çox vaxt müvəqqəti "həyat qatarı"nın sərnişinləri olduqlarını unudan insan selinin arasından öz əxlaqına yaxın olanları tapıb təsvirə çevirməyi bacarır, desək, yanılmarıq. Əslində bu gün həyat tərzində imanlı olduğunu sərgiləyən rəssamın təqdimatında çöhrələri Allahın nuruna bələnmiş real obrazlarının ancaq xeyirxah əməl sahibi olduqlarına heç kəsdə şübhə yeri qalmır. O, bizi inandırır ki, uzaq keçmişdə tariximizin parlaq səhifələrini rövnəqləndirənlərin , elə bizim zəmanənin çeşidli insanları arasında cənnətliklər az deyil. Sadəcə, başqa bir şairin təbirincə desək, onlara bütün mənalarda həm vaxtında, sağlığında qiymət vermək lazımdır. Onun bir çox əsərlərinə ("Həqiqət yolu"), ("Bismillah"), ("Zikr"), (Qədr gecəsi"), (Çərşənbə axşamı" s.) hakim kəsilən ilahi ruhun həm mövzudan qaynaqlandığı birmənalı olsa da, eyni zamanda müəllifin yaradıcılıq təxəyyülünü tamamlayan Tanrıya sonsuz məhəbbət inamdan qaynaqlandığı danılmazdır...

Onun mövzu baxımından kasad görünməyən yaradıcılığında yaşadığımız gerçəkliyin problemlərinə, tuş gəldiyimiz ağrılı hadisələrə münasibətinə rast gəlinməsini ilk növbAədə vətən daşı olmağının ifadəsi hesab etmək olar. Rəssamın 20 Yanvar fasiəsinə həsr olunmuş "Bakı" tablosunu, Qarabağ dərdinə işıq salan "Şuşa qalası haqqında əfsanə", "Qarabağın ümid yeri" "Qarabağ göyərçinləri" lövhələrini əski yeni psixoloji yaşantılara obrazlı münasibət hesab etmək olar..."

 

Haqqında deyilənlər

 

Qayıdaq Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun girişnə. Daha doğrusu yazının əvvəlinə.

Mədəniyyət və Turizm Nazirliyi Rəssamlar İttifaqının bu gözəl məkanında sənətsevərləri Qəyyur Yunusun özü və əsərləri ilə yenidən görüşdürdü. Sayca 10-cu sərgi də əvvəlkilər kimi qonaq-qaralı idi. Ev sahibi missiyasını mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev həyata keçirdi. Qəyyur Yunusun yaradıcılığını 20 ildən çox bir müddətdə izlədiyini deyən nazir müavini həmişə olduğu kimi yenə də heyrətləndiyini dilə gətirdi, rəssama arzularını yetirdi: "Arzum budur ki, Səttar Bəhlulzadə bulağından su içən Qəyyur sənətsevərləri bundan sonra da heyrətləndirsin. Ən yaxşı qiyməti zaman özü verir. Qəyyur Yunus ən halal qiymətini alıb, bundan sonra da alacaq".

Qəyyur Yunusun fırça yoldaşı, Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da səbəbkar barədə səmimi sözlər dedilər.

Növbə Qəyyur Yunusun özünə çatanda... Dedi ki, rəssamlar çox danışmırlar. Və çox da danışmadı. Sərgilədiyi əsərləri göstərdi.

 

Qəyyur Yunusun ürəyi və əli

 

"Bismillah", "Məscidə gedən yol", "Zikr", "Həqiqət düşüncələri", "Təbrizlilər", "Qurban bayramı", "Muradına çatanlar", "Leyli və Məcnun", "Şərq qadınları", "Qəbul olunmamış çiçəklər" müəllifin əvəzinə danışdı. Özü də çox maraqla, hamının başa düşəcəyi dildə.

 

Sadə və aydın...

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2010.- 9 iyun.- S. 8.