MİLLƏTƏ LAZIM OLAN FİLM

 

"Əsgər" filminin təqdimatı keçirildi

 

Öncə təqdimatdan başlayaq. İştirakçıların dediyinə görə "filmfondun" böyük konfrans zalında ilk dəfə idi ki, bu qədər qonaq toplanmışdı. Ayaq üstə duranlar, foyedə gəzişənlər də tələsmədən təqdimat mərasiminin açılışını gözləyirdilər.

Budur, videokameralı, mikrafonlu KİV nümayəndələri. Çoxlu sayda iştirakçılar arasında tanınmış simalar - millət vəkillərimiz Qənirə xanım Paşayeva, Həvva Məmmədova, Aydın Mirzəzadə, Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov və sairlər var. Təqdimatın hər kəs üçün maraqla qarşılandığı hiss olunur.

Bu da günün qəhrəmanı, səbəbkar. Buradakıların hamısı onu tanıyanlardır və onunla görüşə, onun barəsindəki sənədli filmin baxış mərasiminə sonsuz sevgi ilə gəliblər. Azərbaycan cəmiyyətinin bu günkü laqeydliyini, biganəliyini nəzərə alıb demək istəyirəm ki, qəhrəmanımız uşaqdan böyüyə hamının tanıması vacib olan Qarabağ qazisi, "Azərbaycan bayrağı" ordenli cəsur kəşfiyyatçı İbad Mövsüm oğlu Hüseynovdur.

Bu da açılış... Mikrafon önünə mərasimin aparıcısı jurnalist həmkarımız, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı gəlir . Həmişə daha çox bəlağətli, elmi dildə danışığa üstünlük verən Akif bəy indi çox sadə, səmimi şəkildə auditoriyaya üz tutdu:

- Hər birinizi salamlayıram və demək istəyirəm ki, ilk dəfədi ki, bu zalın bu qədər tamaşaçı ilə dolu olduğunu görürəm. Bu təsadüfi deyil. Ona görə ki, bizim qəhrəmanımız da aramızdadı. Adətən biz daha çox şəhid olmuş, dünyasını dəyişmiş qəhrəmanlar haqqında mərasimlər, təqdimatlar, anımlar keçiririk. Bu dəfə isə zalda əyləşənlərin hamısının tanıdığı hər birimizin qəhrəmanlığı ilə fəxr etdiyimiz gənc qardaşımız barədə çəkilmiş sənədli filmin təqdimatına toplaşmışıq. Düşünürəm ki, öncə qonaqlarımız və eləcə də arzu edənlər qəhrəmanımızın kimliyi barədə qısa fikirlərini söyləsinlər, sonra filmi seyr edib ona münasibətimizi bildirək. Akif bəyin fikirləri etirazsız qarşılandı və o ilk olaraq sözü Qarabağın Azərbaycan İcmasının rəhbəri Bayram Səfərova verdi.

- Hüseynovlar ailəsini 80-ci illərdən tanyıram. Evin ağsaqqalının da, ağbirçəyinin də kimliyindən, mənəvi dünyasından xəbərdaram. Zəhmətlə yaşayan, alın təri ilə dolanan bu ailə beş oğulun hər birini bir qəhrəman kimi tərbiyə edib, böyüdüb. Qarabağ müharibəsinin ilk günlərində ailənin böyük oğlu Eyvaz Hüseynova görə, o evə gediş-gəlişim bir az da artdı, münasibətlərimiz bir az da möhkəmləndi. Və mən onda gördüm ki, bu oğlulların hər biri düşmənə yerini tanıtmaq, onu yerində oturtmaq gücünə malikdir. Ailənin balaca oğlu İbad onda Sovet ordu sıralarından yenicə qayıtmışdı. Əynində əsgər geyimi, hərəkətlərində dəliqanlılıq, gözlərindən od tökülən bu gənc əsəbindən bir yedə qərar tuta bilmrdi. Bu həmin İbad idi ki, adı gələndə ermənilər narahat olur, yuxularını qaçırırdılar. Onu da deyim ki, Xocavənd rayonunda ilk özünümüdafiə dəstəsini də məhz Hüseynov qardaşları yaratmışdı. 10-15 nəfərlik dəsətnin iki-üç tüfəngi var idi. lakin onlar öz qeyrətləri, qəhrəmanlıqları ilə hər cür silahla silahlanan ermənilərin gözünün odunu almışdılar. Zaman keçdikcə müdafiə dəstəsi Xocavənd batalyonuna çevrildi. İbadın, eləcə də onun silahdaşlarının qəhrəmanlıqları təkcə Qarabağın dağlıq hissəsini deyil, bütün ətrafı bürümüşdü. Az bir qüvvə ilə onlar erməni silahlı birləşmələrinin daha çox toplandığı keçmiş Martuni rayonu ərazisində geniş miqyaslı əməliyyat aparmağa imkan verməmişdilər. Ordunun, silahın olmadığı bir vaxtda, hakimiyyətsizliyin hökm sürdüyü bir zamanda Xocavənd batalyonu, onun qəhrəman kəşfiyyatçısı İbadın dəstəsi ermənilərin Qaradağlı işğalı planını pozmuş, kəndin mühasirəsini yara bilmişdilər. Lakin xarici qüvvələrin, o cümlədən dünyanın məşhur terrorçularından biri olan "Avo" ləqəbli Monte Merkumyanın çoxsaylı döyüşçüləri Qaradağlını 1992-ci il fevral aynın 17-də işğal etdilər. Həmin anda İbad özünə söz verdi ki, mütləq bu terrorçu ilə hesablaşacaq, insanlığı bir vəhşinin azğınlıqlarından xilas edəcək. Xocalı da işğal olunandan sonra o öz qərarını daha da qətiləşdirdi. Hər gün iştirak etdiyi əməliyyata getməzdən öncə o şəhidlik zirvəsini göz önünə gətirib təmiz paltar geyinir, dostları ilə vidalaşıb ön xəttə yollanırdı. Qaradağlı və Xocalı faciəsindən sonra o, öz şəklini şəhidlərin şəkilləri arasına asmışdı. O bununla vətən, torpaq uğrunda şəhid olmağa hər an əvvəlcədən hazır olduğunu bildirirdi. İbad dediyini etdi, məqsədini gerçəkləşdirdi. Ermənilərin fəxr etdikləri Milli qəhrəmanları Melkumyanı 20 yaşlı kəşfiyyatçımız məhv etməklə, Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi.. O,ı Qarabağ müharibəsində yaşına görə çox böyük qəhrəmanlıqlara imza atdı. Mən bu cür oğullarla fəxr edirəm və ürəkdən istəyirəm ki, mənim övladlarım da, doğmalarım da İbadın keçdiyi yolu keçə bilsin, onlar da İbad kimi layiqli, qeyrətli oğullar olsunlar.

Qarabağın Azərbaycan icmasının rəhbəri çıxışı boyu həmin illərin müxtəlif məqamlarını xatırladı. 20-21 yaşlı İbadın qəhrəmanlıqlarından nümunələr göstərməklə onu da vurğuladı ki, bu gün Azərbaycanın, işğal altında olan torpaqlarını azad etməyə qadir olan ordusu, İlham Əliyev kimi Ali Baş komandanı və İbad kimi cəsur oğulları var. Əgər düşmən torpaqları sülh yolu ilə boşaltmasa, onda bizim hər birimiz Ali Baş komandanın əmri ilə İbad kimi oğulların qəhrəmanlığını səngərlərdə təkrarlayacaq, torpaqlarımızı azad edəcəyik. İndi bizim bir vəzifəmiz də İbad kimi oğulları gəncliyə, oğullarımıza tanıtmaqdır.

"Şərq" qəzetinin baş redaktoru mikrafona millət vəkili Qənirə xanım Paşayevanı dəvət edir və xüsusi olaraq vurğulayır ki, döyüşən oğullarımız, milli qəhrəmanlarımız, şəhidlərimiz barəsində xeyli kitabların, fotoalbomların, eləcə də bir neçə sanballı sənədli filmlərin gerçəkləşməsində hörmətli Qənirə xanımın maddi və mənəvi baxımdan böyük dəstəyi olmuşdur. Elə bu filmin araya-ərsəyə gəlməsində də millət vəkili Aqil Abbasla birlikdə Qənirə xanımın da xüsusi əməyi var. Q.Paşayeva:

- Hörmətli qardşlarım, həmkarlarım, əziz qonaqlar. Bizim bugünkü mərasimə həvəs və maraqla qoşulmağınız məni sevindirdi. Biz sevinirik ki, nümunə göstərəcəyimiz qəhrəman aramızda, yanımızdadı. O, elə bir təvazökar insandı ki, özünü heç kimə təqdim etmir, tanıtmır, göz önündə dayanmır, xidmətləri ilə öyünmür. Ən yaxşı halda o deyir ki, mən üzərimə düşəni yerinə yetirmişəm. O bu qəhrəmanlıqları 20-21 yaşında edib. O yaşda kı, risk etmək təhlükəli ola bilərdi. Sovet hökuməti insanı bir anda məhv edə bilirdi. Amma İbad bunların heç birindən çəkinmədi. Müəyyən yaş həddində insan nəyisə götür-qoy edə bilir, gələcəyi nəzərə alır, amma bu gənc oğlan vətəndən, onun qisasını almaqdan başqa heç nəyi düşünməyib, şəhidliyi şərəf bilib. Ona görə də məqsədinə çatıb. Təəssüf ki, biz bu cür qəhrəmanları görmürük, ictimaiyyətə təqdim etmirik. Telekanallarımız canlı qəhrəmanları təqdim etmək əvəzinə, şou proqramlarla uşaqların, gənclərin tərbiyəsinə mənfi təsir göstərir. İndiki gənclik şou qəhrəmanlarına bənzəməyə çalışır. Bu bizim faciəmizdi. Axı bu gün Azərbaycan torpaqlarının 20 faizini itirib. Nə qədər əsirlərimiz, girovluqda olanlarımız var. Belə olan halda canlı qəhrəmanların tanıdılması xüsusilə vacibdi. Mən İbadın döyüş yolu ilə tanış olandan sonra onun qarşısında baş əyir və deyirəm kim, sən bizə, bu filmi hazırlayanlara deyil, biz sizə təşəkkür etməliyik. Çünki sən və sənin kimilər igidliyi ilə, özünü güllə qabağına verməklə bizləri qorumusunuz. Ona görə də ümummilli liderimiz səni "Azərbaycan ordeni" kimi yüksək mükafatla təltif edib. Sənin kimi oğulun, əsgərin toy gününü şəxsən təbrik edib və səni Azərbaycanın qəhrəmanı kimi tanıyıb. Mən əminəm ki, Ulu Önədrimizin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev də həmişə olduğu kimi, hər bir kəsin haqqını qoruyacaq, qəhrəmanlıqları rəsmiləşdirəcək. Bu gün Azərbaycanın imkanları da böyükdür, siyasi, hərbi gücü də yetərincədir. Sizin kimi oğulların sayəsində biz bu gün Xocavəndin kiçik bir hissəsində dalğalanan bayrağımızı Ağdama, Füzuliyə, Şuşaya, Xankəndinə, işğal olunmuş bütün rayonlara sancacağıq. Mən əminəm ki, o bayrağı aparan oğlanların ön cərgəsində İbad da olacaq.

Millət vəkili Aydın Mirzəzadə:

- Bu zalda səslənən fikirlərin hər biri Azərbaycan oğlullarının rəşadətindən, mərdliyindən, qəhrəmanlığından kiçik nümunələrdir. Statistikaya fikir versək, bizim Milli qəhrəmanlarımız ermənilərinikndən bir neçə dəfə çoxdur. Çünki biz torpaqlarımızı müdafiə etmişik, ermənilər isə işğalçıdırlar. Başqasının torpağını işğal edən qəhrəman ola bilməz. İbad kimi oğullar məhz torpağı qoruyan, torpağın namusunu çəkən oğullardır. Onlar döyüşə hansısa titul, ad, mükafat üçün atılmayıblar. Vətəni, ana-bacılarımızı qorumaq üçün döyüşüblər. Bu gün də hərbi hissələrdə olanda mən həmin əhval-ruhiyəni görürəm, duyuram. Gənc əsgərlərin yeganə arzusu torpaqlarımızı işğaldan azad etməkdir. Düşmən anlamalıdır ki, İbad kimi oğulları olan xalq öz torpaqlarını əsarətdə qoymayacaq. Danışıqlar bir nəticə verməsə, Azərbaycan əsgəri İbadın sinəsində gəzdirdiyi Azərbaycan bayrağı qarşısında düşməni diz çökməyə məcbur edəcək.

Millət vəkili Həvva Məmmədova:

- Mən İbad barəsində fikirlərimi filmdə demişəm. İndi də təkrar edirəm ki, İbad kimi oğullar anadan vətənpərvər, qəhrəman doğulurlar. Mən o bölgəni yaxşı tanıdığımdan Hüsenyovların, Xocavənd batalyonunun, o cümlədən İbadın qəhrəmanlıqlarından xəbərdaram. Təəssüf edirəm ki, biz bu cür oğulları xalqımıza, dünyaya tanıtmaqda gecikirik. Həmkarlarım Aqil Abbasa və Qənirə xanıma, eləcə də filmin yaradıcı heyətinə gördükləri xeyirxah işə görə, təşəkkürümü bildirirəm.

Mərasimin aparıcısı Akif Aşırlı filmin nümayişini təklif etdi. Zalı bürüyən sükut içərisində hər kəs gözünü ekrana zillədi. Hadisələr tarixi xronologiya üzrə lentə alınmışdı. Müəllif mətni ilə müşahidə olunan film boyu ermənilər törətdikləri faicələr, vəhşilkilər zaldakıları sarsıdırdı.

Bu da hadisələrin 1988-ci il mərhələsİ, İbadın döyüş yolu... Sovet ordusunda xidmət edən İbad Hüseynov 20 Yanvar faciəsindən xəbər tutan kimi hərbi hissədəki azərbaycanlı əsgərləri başına yığıb oturaq aclıq aksiyasına başlayır. Onu yolundan çəkindirməyə çalışan sovet zabitləri aclıq edənləri müxtəlif hissələrə göndərir, İbadı isə vaxıtndan əvvəl ordudan tərxis edirlər. O doğulduğu Muğanlı kəndinə dönəndə burada artıq əməlli-başlı müharibə gedirdi...

Filmin kadrlarında millət vəkili A.Abbas deyir: "Şəhidliklə qazilik eynidir. İbad kimi oğullar həm şəhiddirlər, həm də qazi. Onlar ölümdən qorxmur, torpaqlarımız uğrunda, namusları uğrunda döyüşürlər. Təəssüf ki, bu qəhrəmanlıqların tanıdılması həmişə ləngiyir".

... Kadrlar bir-birini əvəz edir. Dünyanın ən dəhşətli terrorçularından biri Monte Merkumyan iyrənc sifəti və hərəkətləri ilə sanki ətrafa meydan oxuyur. Onun qardaşının yazdığı "Mənim qardaşımın yolu" kitabından gətirilən sitatda Qaradağlıda, Xocalıda "Avo"nun törətdiyi vəhşiliklər öz əksini tapır. Erməni özü öz dili ilə cinayətlərini etiraf edir. Bu etiraf anında tamaşaçıya təqdim edilən kadrda Serj Sərkisyan, Zori Balayan və Monte Merkumyan Xocalı "qələbəsini" qeyd edirlər...

Sənədli film "Əsgər" adlanır. O təkcə bir əsgərin, bir kəşfiyyatçının, bir batalyonun, bir bölgənin döyüş yoludur. Bu döyüşdə birlik var idi. Bu birlik İbadın timsalında düşmənə qalib gəldi, xalqımız və dünya qatı bir terrorçudan xilas oldu.

Filmin yaradıcı heyəti, o cümlədən Etibar Məmmədov və Büllur Cavadqızı həyacanla izlədiyimz bu kadrları inam, qələbə və qəhrəmanlıq notları üzərində qurmuşdur. Elə ona görə də baxışdan sonra çıxış edənlər, ilk öncə isə İbadın komandirləri, əsgər yoldaşları bildirdilər ki, lentə köçürülənlər İbadın yalnız bir döyüş yolunun fraqmentidir. Döyüşçü Sahib Şirinov vurğuladı ki, bu filmin nümayişindən sonra hər kəs biləcək ki, qəhrəmanlar nağıllarda deyildiyi kimi həmişə enlikürək, ucuboy, zəhimli olmurlar. Biz nə qədər Koroğlunu, Babəki və sairləri nümunə göstərəcyik. Əsl qəhrəmanlar bu torpaq uğrunda döyüşənlər, şəhid olanlardır. Bu qəhrəmanlardan biri İbaddır ki, onu görmür, yanından etinasız keçirik. Ehtiyyatda olan hərbiçilər Məmməd Rəhimov, Məmməd Qədirov filimin məziyyətlərindən, İbadın qəhrəmanlıqlarından danışaraq həmin illəri xatırladılar. Sonra Xocavənd rayon icra hakimiyyətinin rəhbəri, Xocavənd batalyonunun komandirlərindən biri olmuş, keçmiş döyüşçü Eyvaz Hüseynov iştirakçılara, qonaqlara öz təşəkkürünü bildirdi, yaradıcı heyətə, millət vəkilləri Aqil Abbasa, Qənirə Paşayevaya Xocavənd rayon ictimaiyyətinə minnətdarlığını çatdırdı. Eyvaz Hüseynov onu da vurğuladı ki, bizim torpaqlarımız o zamanki, hakimiyyətsizliyin, sahibsizliyin, Bakının bölgələri unutmasının sayəsində işğal edildi. Biz 1992-ci ilin noyabrına qədər öz kəndlərimizi qoruyub saxlaya bildik. Yalnız Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra bölgələrimiz yada düşdü. Heydər Əliyev cənablarının hərbi hissəyə gəlişindən sonra böyük bir ərazini, kiçik bir qüvvə ilə qoruyan Xocavənd batalyonunun şücaəti, onun xidmətləri Müdafiə Nazirliyinin diqqətini çəkdi. Bircə faktı xatırladım ki, bu bataloyon hər bir döyüşü, hər bir əməliyyatı ilə düşməni həmişə çaş-baş salıb, onun irəliləməsinə imkan verməyib. İbadın hər döyüşü böyük bir filmin ssenarisidi. Mən onun bütün döyüşlərinin iştirakçısıyam. O mənim gözümün önündə, 5 addımlığımda minaya düşdü. Həkimlər İbaddan əllərini üzmüşdülər. Mənim təkidlərim və İbadın iradəsi ölümə qalib gəldi. O ayağa qalxanda həkimlər şoka düşmüşdülər... Bunları xatırlatmaqla demək istəyirəm ki, bizim iradə və gücümüz düşmənə qalib gəlməyə yetəcək!

... Bu filmin təqdimat mərasimi başa çatdıqdan sonra diqqətimi iki məqam çəkdi. Birincisi, Qənirə Paşayevanın dediyi sözlər idi: "Bu film bir qəhrəmanlıq tarixidi. Əslində bu film İbada deyil, millətə, Azərbaycana lazımdı".

İkinci məqam isə məndə təəssüf doğurdu. Çünki tədbirdə iştirak edən və İbad barəsində hamıdan çox-çox əvvəl saysız məqalələr yazan və "Qəhrəman İbad" povestinin müəllifi, həmkarım Əbülfət Mədətoğlunun adı nədənsə xatırlanmadı. Görünür, İbadın həyat yolunu az qala özü qədər bilən bir qələm adamının yada düşməməsi bu günümüzün sadə bir gerçəkliyidi...

 

 

Fəridə RƏHİMLİ

 

Ədalət.- 2010.- 19 iyun.- S. 12.