SEVGİDƏN YUXARI NƏ VAR?..

 

Yeni ilin ilk günlərində bir törənə qatılmışdım. Tədbir "Vektor" Nəşrlər evinin təşəbbüsü ilə keçirilirdi. Professor, şair Elçin İsgəndərzadənin rəhbərlik etdiyi qurum ötən ilə yekun vururqaydaya müvafiq olaraq "Vektor"un təsis etdiyi mükafatların qaliblərini elan edirdi. Qaliblər sırasında 2008-ci ildə "Şahmar Əkbərzadə" adına beynləxalq ədəbiyyat mükafatına layiq görülmüş Sevinc Mürvətqızının da adı var idi.

Öncə onu xatrladım ki, mən Sevinc xanımın imzasını "525-ci qəzet"in səhifələrindən tanımışam. Ədəbi-bədii məqalələr, reportajlar, publisist yazılar müəllifi kimi yadımda qalıb. Sonra onun "Ulduz" jurnalında, eləcə də "525-ci qəzet"in əlavəsi olan xanım yazarlara həsr edilmiş kitabçada şeirlərini oxudum və bu şeirlər məni öz aurasına aldı. Eləcə də mükafatlandırma mərasimində əldə etdiyim "Sən sevgidən yuxarısan" kitabına qədər Sevinc Mürvətqızını toplum halında yazıları ilə qarşılaşmamışdım. Mən bu kitabla baş-başa qalandan sonra şeirimizin, ədəbiyyatımızın bugünkü imzaları arasında onun da yerini gördüm.

Sevinc Mürvətqızının şeirləri mənimlə rahatca danışa bilir. Yəni mən bu şeirlərin dilini çox asanca anlayıram. Oxuduqca elə bilirəm ki, bu şeirlər hardasa ən azı iki gün öncə mənimlə bir süfrə ətrafında, bir məclisdə olubdu. Bu da şeirlərin səmimiyyətdən, müəllifin qələminin kövrəkliyindən və ən vacibi isə mövzuların mənə doğmalığından irəli gəlir. Bilmirəm, Sevil xanım mənimlə razılaşar, yoxsa yox, amma sözün həqiqi mənasında onun lirik qəhrəmanı müasir olduğu qədər də klassikdir.

"Sən sevgidən yuxarısan" kitabı bir neçə bölümdən ibarətdir. Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Mən Sevincə inanıram" ön sözü ilə oxucuya təqdim olunan kitab müəllifn şeirləri ilə başlayır. Şeirlər özü də iki bölümə ayrılıb. Birinci bölümdə daha çox siyasi motivli, günün reallığını, problemlərini əks etdirən, həyat gerçəkliyinə söykənmiş şeirlər toplanıbdır. Həmin şeirlərin birində Sevinc xanım yazır:

 

Bir olan-qalan qeyrəti satır,

Biri qazandığı hörməti satır,

Bir "kişi" elindən sərvəti satır,

Bir kişi sazını satırdı yolda.

 

yaxud

 

Mən xoşbəxt doğulmadım,

Ona görə dünyanın ən asan cığırı,

ən böyük uğuru məni bəxtəvər eləmədi...

İnsanla birgə doğulur,

Doğuluşdan olur xoşbəxtlik...

 

Hər iki şeir parçasında obrazlar bu günün gerçəkliyini yaşayan insanlardı. Onlardan biri yaşamaq üçün sazını satır, o biri isə xoşbəxtliyini axtara-axtara dünyanın bütün cığırlarını ələk-vələk etməyə hazırdı. Amma bilir ki, onu tapmayacaq. Çünki xoşbəxtlik doğuluşdan olmalıdır.

Sevinc Mürvətqızının sevgi şeirlərində də özünəməxsusluq diqqəti çəkir. Əvvəldə xatırlatdığım kimi, onun lirik qəhrəmanı bəlkə də elə özüdür. Çünki bu şeirlər yaşamın, duyğuların bəhrəsidir, adicə misra düzümü deyil.

 

Nə olsun göydə deyilsən,

Mələksən, bəndə deyilsən,

Sən mənsən, məndə deyilsən,

Mən səni sevə bilmərəm.

 

Və yaxud

 

Sən məni yeddinci qatına

qaldırdığın göylərdən endirdin.

Dilimin hiddət,

könlümün nifrət notunu

dindirdin.

Titrəyə-titrəyə yanan

şam idim,

İkrahla əlini yelləyib söndürdün.

 

Bəli, böyük sevginin böyük uğursuzluğu... Bu şeirlərdə onları görmək, onları yaşamaq həm asandı, həm də düşündürücüdü. Hər iki halda bir təsəlli yeri var. O da sevginin ölməzliyidi. Şairə oxucusuna bütün məqamlarda bir varlıq kimi ucalmağı, enməyi, sevib-sevilməyi pıçıldadığı qədər onun dözümlü olmasını, sevgini uca tutmasını da unutmamağı da söyləyir. Bu paralellik əslində Sevinc Mürvətqızı şeirlərinin bir oxucu kimi, bir söz adamı kimi mənim daha çox diqqətimi çəkir. mən inanıram ki, müəllif, indiki məqamda isə Sevinc Mürvətqızı öz sevgisi önündə yalnız ürəyini süfrə kimi aça bilər. Çünki o, ürək hökm eləyəndə daha ürəkli olur.

"Sən sevgidən yuxarısan" kitabındakı hekayələr bölümü, eləcə Sevinc xanım barəsində tanınmış söz, qələm adamlarının fikirlərini əhatə edən yazılar onun istedadlı bir qələm sahibi olmasından xəbər verməklə yanaşı, həm Rəşad Məcidin dediyi kimi, ümidli sabahlarından da ürəklə danışmağa imkan verir. mənə elə gəlir ki, Sevinc Mürvətqızının axtardığı sevgidən yuxarıda olanlar təkcə onun özünə aid olan duyğular deyil, pıçıltılar deyil, o həm dəyərli oxucuların axtardığı səmimiyyətin böyük sözün ünvanıdı. Böyük söz isə göyün yeddinci qatında özünə yer tutub. Uğur olsun.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 18 mart.- S. 7.